SEVGİ – RUHUN ƏTRİDİR…

 

 Sevmək hər şeyi sevdirə bilməkdir – yeri, göyü, dağı, daşı, dumanı, yolları, səkidəki ağacları da…

Həyat ona görə əzizləşir ki, dünyanın hər yeri sənin sevgindən danışır.

Dünyanın hər üzü sevgi saxlancıdır, çünki dünyanın harasına baxırsan, sevgini görürsən.

Sevmək – insanı dünyaya isinişdirmək, yovuşdurmaqdır, dünya ilə yadlığı aradan qaldırmaqdır…

Sevmək – bütün dünyanın yeni məna qazanmasıdır.

Sevmək – dünya ilə danışmaqdır, dünyanın üzünə baxışlarınla ürəyinin dərdlərini yazmaqdır.

Sevmək – bulud dilində göy üzünə çəkilməkdir.

Sevmək – daşla, ağacla da sədaqətli dost olmaqdır, sevdiyin ömrə hörülməkdir. O da bir cür səadətdir, bayramdır – hörülürsən ki, o, qayım-qədim olsun.

Sevmək – acılardan bayram düzəltmək mərasimidir.

Yollara daş kimi döşənməkdir, üstündən dünyanın gəlib keçməyidir – sevgi.

Ağaclar kimi cığırlara kölgə salmaqdır.

Mənim sevgim o ağacların gövdəsindəki cadarlar, kələ-kötürlər qədər ağrılı və dözümlüdür.

Mən o ağacların gövdəsindən baxıram dünyaya.

Dumanlı-çiskinli payız axşamlarında budaqların uclarından sallanan, qopub düşən, gövdə boyu ağacın kökünə doğru süzülüb axan damlaya dönməkdir – sevgi.

Bu, dumanın ağac sevgisidir, budaqlarla görüşən kimi “ağlayır”.

 

Hərdən insan kimi sevməkdən insan kimi yoruluram.

Hərdən insan kimi sevmək yetmir.

İçimdə bir ağac kimi sevincə kiriyəcək yerlər göynəyir.

Hərdən ağac kimi, yarpaq kimi sevməyim, budaq kimi ağlamağım gəlir. İnsan kimi sevməklə ağac kimi cücərmək olmur. Amma ağac kimi sevib insan kimi yaşamaq olur.

Hərdən divar kimi, qənbər döşəməli yollar kimi sevməsən, olmur.

İnsan kimi sevmək azdır.

Ağac kimi sevmək sevgi dilidir, sevgini yarpaq dilində, çiçək dilində oxumaqdır.

Sevməsən, çiçəkləmək olmur.

Sevməsən, xəzəlləmək olmur.

Haradasa hamının içində bir böyük sevgi havası çalınır. Ona görə də sevəndə adamın oxumağı gəlir – səsi olmasa da… Elə hamını kövrəldən də odur – sevginin səsi, çağırmağıdır.

 

Sevmək – bulud kimi dolmaq, yağış kimi yağmaq, səpilməkdir. Yağış torpağa hopan kimi kiməsə çəkilməkdir.

Sevmək – toxum kimi cücərməkdir. Torpaq kimi cadar-cadar olmaqdır. Dodaq kimi çatlamaqdır.

Sevmək – zillətdir, ilan kimi qabıqdan çıxmaqdır. Kirpiyinlə od götürməkdir. Günü göy əsgiyə bükülməkdir. İynə ilə gor qazmaqdır. Çarmıxa çəkilməkdir, ölmək və dirilməkdir. Yalnız bunca sevgi səadətdir. Amma həm də külək kimi əsmək, külək kimi çəkilib getməkdir, yox olmaqdır.

Sevgi qasırğa kimi gəlir, şimşək kimi çaxır, hər şey bir an içində baş verir.

Düşünməyə, qərar çıxarmağa macalın olmur. O bahar seli səni aparır…

 

Sevgi – azadlıqdır, bütün sevgiciklərdən qurtulub ilahi mükafat almaqdır. İlahi paya layiq olmaqdır. İlahi payı göz üstünə qoymaqdır. Böyük eşqə təslim olmaqda, könüllü əsir düşməkdə bənzərsiz azadlıq hökm sürür. Sevgi – azadlıqdan şirin əsarətdir.

 

Sevmək – gecə və gündüzdür, qovuşmaq və ayrılıqdır, bir-birini əvəz etməkdir, bir-birini tamamlamaqdır, biri tükənəndə o birinin başlamasıdır, bir-birinin ardınca getməkdir.

Sevmək – sənin olmaq deyil, sən olmaqdır, mən olmaqdır, sənə tən olmaqdır, beləcə, kimdəsə itməkdir, kiməsə hopmaqdır, kiməsə gömülməkdir. Kimdəsə yenidən bitməkdir. Kimdənsə həyat kimi üzə çıxmaqdır. Könlündə kimisə bitirməkdir.

Sevmək – sevdiyindən dünyaya boylanmaqdır. Dünyanı, sevdiyini sevdiyin kimi sevməkdir. Dünyaya sevgili gözü ilə baxmaqdır. Dünyanı sevgililəşdirməkdir. Sevdiyindən dünya qurmaqdır.

Sevmək – ölümsüzlüklə müjdələnməkdir.

Sevmək – ölümün əlçatmaz uzaqlığına inanmaqdır. O uzaqlıq ömürdən uzaqdır. Aşiqin ölümü uzaqlığa qovuşmaqdır.

 

Sevmək – sənsən.

Sevdiyin – sənsən, amma sənin deyil.

Yağışlar buluddandır, amma buludun deyil. Ağaclar torpaqdan boy verir, amma torpağın deyil. Çiçəyin ətri çiçəkdəndir, amma çiçəyin deyil. Günəşin işığı, hərarəti günəşdən gəlir, özgə ömürlərə düşür. Sevgi də elədir: ürəkdə doğulur, amma başqasına həsr olunur. Sevmək – torpaqlaşmaq, çiçəkləşmək, günəşləşməkdir…

 

Sevmək – özündən böyük olmaqdır.

Sevmək – özündən böyük olanı tapmaqdır. Tapdığından doğulmaqdır.

Sevmək – hər gün yeni ömür yaşamaqdır.

 

Sevmək – birinə həsr olunmaqdır. Birindən ötrü çiçəkləməkdir, birindən ötrü açılmaqdır, birinin ömrünə yaz kimi gəlməkdir.

Sevmək – ömrün yazını ömrün boyuna biçməkdir. Bir sevgini bütün ömrə bölüb paylamaqdı. Onun ətrini ömrün hər anına yaymaqdı. Üzünü bir üzə tutmaqdı. Özünü bir üzdə görməkdir. Özünü özgədə tapmaq domalığıdır. Özünü özgədən sevməkdir. Bir sevgini tutiya kimi zərrə-zərrə, misqal-misqal yaşamaqdı.

Sevmək – ikinin bir olmağıdır. İkinin tamlığıdır, bitkinliyidir, cəmi deyil. Ləçəkdən çiçək düzələn kimidir. Çiçəkdən çələng düzələn kimidir. Yarı ilə kifayətlənməməkdir, yarımçıqla barışmamaqdır. Ömrü sevgi ilə ölçməkdir – bir sevgilik ömür kimi…

 

Kim daha çox sevirsə, o daha çox itirir – özünü itirir.

Kim daha çox sevirsə, o daha çox qazanır – özündə özünü qazanır.

İtirdikcə qazanmaqdır – sevgi.

Sevgi udmaq tanımır, uduzmaq tanımır. Burada qələbə sevinci də, məğlubiyyət acısı da sevgidir.

Sevgi – vaxtın dayandığı, durduğu məmləkətdir.

Sevgi elə bir ölkədir ki, onun yerli vaxtı yoxdur…

 

Sevgi bir nağıldır – hər anı anında dərk olunmayan nağıl. Gerçəkdən gerçək, realdan aşan nağıl. Gerçəyi ötən nağıl.

Sevmək – nağıldan gerçək düzəldib göyərçin kimi uçurtmaqdır. Ömrün sonuna kimi onun ardınca baxmaqdan doymamaqdır – ömrün sonuna kimi qayıdıb əllərinə qonmasa da…

Sevgi – sirdir, sehrdir. Qırxıncı otaqda özünlə təyin olunmamış görüşdür. İxtiyar yaşında gənclik yuxularıdır.

Sevmək – yağışdan sonrakı yarpaq fərəhidir. Nə qədər getsən də, altından keçə bilmədiyin göyqurşağıdır.

Sevmək həmişə səndən qabaqdadır.

Sevmək həmişə səndən ucadadır…

 

Sevgi – heyrətdir, gözün dörd açılmağıdır. Gözün görmədiyini görməkdir. İşıq üstündə yeriməkdir.

Sevgi ibadətdir – ülvi olana, müqəddəs olana, uca olana baş əyməkdir. Baş əydikcə ucalmaqdır.

Sevgi qədər insanı təsdiq edən ikinci əməl yoxdur. İnsanın aliliyi sevgisinin aliliyidir. İnsan sevdiyi qədərdir. İnsan sevgisi boydadır, sevgisi yaşdadır, sevgisi gözəllikdədir. İnsanın ünvanı, kimliyidir sevgisi. İnsan sevdiyi kimi yenidən doğulur.

 

Sevmək – içində çiçək bəsləməkdir, gül becərməkdir. Özgə, yad dərdləri də bağrına basmaq, saçlarına əl çəkmək, əzizləməkdir.

Sevmək – kədəri də oxşamaqdır. Qəmin də dibinə su tökməkdir.

Sevərək ölmək – son dəfə çiçəkləməkdir.

Sevə-sevə ölmək ən gözəl musiqi dinləməkdir.

Sevgidən ötrü harada ölsən, ora vətəndir…

 

Sevgi – ruhun ətridir. Ruhən doymaq yoxdur, ruhən fəth olunmaq, tutulmaq, tamlaşmaq var.

Sevgi – doyumluq deyil, doyumsuzluqdur. Tamarzılıqdır – dünyanın bütün sevgilərinə.

Doydunsa, sevgi qurtardı.

Qurtardısa, sevgi deyilmiş…

 

LOĞMAN