NARGİN – SARALMIŞ KƏDƏR

Əməkdar jurnalist Yunis Orucovun “NARGİN – saralmış kədər” romanında Birinci Dünya Müharibəsinin gedişində Nargin Adasında əsir tutulan minlərlə türk həbçisinin taleyindən, onların işgəncələrlə dolu ağır həyatından, Azərbaycan xalqının, ziyalılarımızın və milyonçuların əsirlərin adadan qaçırılaraq xilas edilməsi yolunda göstərdiyi fədakarlıqlardan bəhs edilir. Roman tarixi faktlar əsasında qələmə alınıb və Azərbaycan-Türkiyə qardaşlığının tərənnümü baxımından olduqca əhəmiyyətlidir.

CAVAD XAN OĞLU UĞURLU XANIN HEKAYƏTİ

Kitabda Azərbaycan tarixinin ən mübariz hökmdarlarından olmuş, öz mücadiləsi uğrunda şəhadətə ucalmış Gəncə xanı Cavad xanın oğlu Uğurlu xanın həyat və mübarizə yolundan bəhs olunur. Müəllif öz əsərini arxiv materialları əsasında ərsəyə gətirmiş, 23 ildən artıq uzun müddət ərzində nəhəng Çar imperiyasına qarşı mübarizə aparan Uğurlu xanın bədii obrazını mənbələr işığında yarada bilmişdir. Xüsusən gənc nəsildə vətənpərlik və mübarizlik ruhunun formalaşması baxımından əsərin böyük əhəmiyyəti vardır.

XƏMSƏDƏN HEKAYƏLƏR

Azərbaycan ədəbiyyatının təkrarolunmaz nümayəndəsi Şeyx Nizami Gəncəvi dünyaya öz adına layiq bir xəzinə – “Xəmsə” toplusunu miras qoymuşdur. Nizami “Xəmsə”də yer verdiyi hekayə və əhvalatlarla cəsarəti, hünəri, mərdliyi, doğruluğu tərif etməklə yanaşı, xəyanəti, yalanı, zülmü, acgözlüyü, ədalətsizliyi tənqid edir, hər kəsə ibrət dərsi verəcək gücdə bir-birindən parlaq nümunələr sərgiləyir. Daim haqqa, ədalətə, doğruluğa səsləyən mütəfəkkir-şair bu hekayələrində insanları qəflət yuxusundan oyanmağa, mənəviyyata, şəfqətə və sevgiyə çağırır. Daha geniş oxucu kütləsinə xitab etməsi üçün, kitabımızda yer alan hekayələrin dili sadələşdirilərək nəsrə çevrilmişdir.

İNSANI YAŞADAN NƏDİR?

Yazıçı, filosof və mütəfəkkir şəxsiyyəti ilə cəmiyyətin aynasına çevrilən, dövrünün ən böyük qələm ustadlarından olan L. N. Tolstoyun bu kitabda 5 hekayəsi yer alır. Bu hekayələr insanın həyatdakı qayə və vəzifələrinə, qarşısıalınmaz güc olan sevgiyə, fitrətindəki işığa, eyni zamanda tamah və gözütoxluq, qəzəb və şəfqət kimi ziddiyyətli xüsusiyyətlərə yenidən nəzər salmağımızı təmin edir…

KÖNÜL DÜNYASI

Kitabda AMEA-nın müxbir üzvü Könül Bünyadzadənin “Füyuzat” jurnalında dərc olunan silsilə məqalələri təqdim olunur. Müəllif ədəbi-fəlsəfi və aktual mövzulara həsr edilən məqalələrində insan, kainat, yaradılış, özünüdərk, milli ruh və digər mühüm məsələlər haqqında təəssüratlarını oxucularla bölüşür. Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

TƏMSİLLƏR, HEKAYƏLƏR

XIX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Qasım bəy Zakir Şərq ədəbiyyatının ən gözəl nümunələrini yaradan söz ustalarından biri kimi şöhrət qazanmışdır. Ədib şifahi xalq yaradıcılığının zəngin mənbələrindən istifadə etməklə Azərbaycan xalq təmsillərini və hekayələrini özünəməxsus şəkildə yenidən qələmə almışdır. Q.Zakirin kiçikyaşlı uşaqlar üçün yazdığı təmsilləri əxlaqi-tərbiyəvi xarakter daşıyır. Onlarda yoldaşlıqda vəfalı olmaq, ağıllı nəsihətlərə qulaq vermək, zəhmətkeşlik kimi gözəl insani xislətlər təbliğ, yaltaqlıq, yalançılıq, xəyanət isə tənqid olunur. Bütün insanlararası münasibətlərdə səbirli, sadiq, tədbirli olmaq isə kitabımızda yer alan, daha böyükyaşlı uşaqlar üçün nəzərdə tutulan hekayələrin əsas qayəsini təşkil edir.

QU QUŞU

Dünya şöhrətli yazıçı L. N. Tolstoy daha çox romanları ilə tanınsa da, həm də gözəl hekayələr müəllifidir. Onun hekayə yaradıcılığının bir qismini balaca oxucular üçün qələmə aldığı uşaq hekayələri təşkil edir. “Qu quşu” toplusunda yer alan hekayələrin hər birinin mövzusu, ideyası tərbiyəvi, öyrədici əhəmiyyət daşıyır. Bu hekayələrdə dürüstlük, dostluq, sədaqət kimi müsbət keyfiyyətlərlə yalançılıq, acgözlük, hiyləgərlik kimi mənfi xarakterlər qarşılaşdırılır.

QOCA DƏNİZÇİNİN HEKAYƏTİ

İngilis ədəbiyyatının parlaq nümayəndəsi Samuel Teylor Koleric dünya şöhrətli yazıçı, filosof və ədəbi tənqidçidir. Onu dünya ədəbiyyatının zirvəsinə daşıyan “Qoca dənizçinin hekayəti” əsəri həyat və ölüm arasında qalmağa məhkum olmuş bir dənizçinin dramatik, eyni zamanda əsrarəngiz səyahətinin hekayəsidir. Ortayaşlı məktəblilər və böyüklər üçün nəzərdə tutulan bu əsərdə qeyri-adi fantastik ünsürlər yer alsa da, ideyası mənəvi-əxlaqi və öyrədici əhəmiyyət daşıyır.

ANAMIN NAĞILLARI

Yazıçı-mütəfəkkir Əzizə Cəfərzadənin qələmə aldığı “Anamın nağılları” kitabında müəllifin qələmə aldığı nağıllar əsasən onun anasının vaxtilə söylədiyi, xalq yaradıcılığına, milli  köklərə bağlı nağıl və əfsanələrdən ibarətdir. Məlumdur ki, nağılların əksəriyyəti, adətən, xoşbəxt sonluqla bitir. Ancaq sizə təqdim etdiyimiz bu nağılların heç də hamısının sonu gözlədiyimiz kimi deyil. Onların hər biri özünəməxsus şəkildə tamamlanır və burada hədəf xoşbəxt sonluqdan daha çox nağılların tərbiyəvi-əxlaqi məzmunudur. Oxucular bu nağıllardan ibrətamiz dərs, müsbət örnəklər almaqla yanaşı, eyni zamanda xalqımızın tarixindən, milli-mənəvi dəyərlərdən süzülüb gələn bir çox nümunələrlə də tanış olacaqlar. Nağıllar arasında yeri gəldikcə verilən bayatılar, ağılar, laylalar bu kitaba xüsusi rəng qatmaqla özünəməxsusluğunu ortaya qoyur. Kitab orta və böyükyaşlı uşaqlar üçün nəzərdə tutulmuşdur.

SİYASƏTNAMƏDƏN HEKAYƏLƏR

Bu kitabda Səlcuqlu dövrünün ən mötəbər ədəbi-tarixi abidələrindən olan “Siyasətnamə”dən seçmə hekayələr toplanıb. Böyük Səlcuqlu vəziri Xacə Nizamülmülkün bu ölməz əsərində türk-islam dövlətinin idarə sistemini, vergi qaydalarını, hərbi quruluşunu, təhsil, mədəniyyət və bir sıra başqa qayda-qanunlarını öyrənmək istəyənlərə zəngin məlumat verilir. Əsər ümumi oxucu kütləsi üçün nəzərdə tutulub.

CÜMHURİYYƏTƏ İŞIQ SAÇAN QADINLAR

Kitabda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə təşkil edilən “Cümhuriyyətə işıq saçan qadınlar” müsabiqəsinə qəbul olunan yazılar toplanıb. Bu yazılar Cünhuriyyətə qədərki yaxın dövrdə, Cümhuriyyət dövründə və Cümhuriyyətin süqutundan sonrakı repressiyalar zamanında öndə olan Azərbaycan qadınlarının həyat və fəaliyyətini işıqlandırır. Ümumilikdə 67 məqaləni əhatə edən bu toplu Azərbaycan qadın hərəkatının araşdırılması baxımından mühüm əhəmiyyət kəsb edir.

EŞQ PƏRVANƏSİ

Oxuculara təqdim olunan bu kitab Mövlana Cəlaləddin Ruminin “Divani-Kəbir”, Fihi Ma-fih”, “Məcalisi-Səbə”, “Məktubat” və “Məsnəvi” əsərlərindən seçmələrdir. Bu seçmələr fars, ərəb və türk dillərindən tərcümə olunmuşdur.

Mövlana təxəllüsü ilə tanınan Cəlaləddin Rumi orta əsrlər Şərqinin dahi mütəfəkkiri, şairi və Haqq aşiqidir. O, bütün peyğəmbərlərin insanlara çatdırdığı İlahi Kəlamın ən səlahiyyətli nümayəndələrindən biridir. Onun qayəsi insanları mənəvi paklığa çağıran, daxili təkamül yolu ilə sevgini, şəfqəti, qardaşlığı bütün insanlara tövsiyə edən və buna görə də yalnız İslam dinində deyil, bütün dinlər və millətlər tərəfindən təqdir edilən dahi şəxsiyyətdir.

ŞƏHRİYAR

Milli İrsi, Mədəni, Tarixi  Araşdırmalar Fondunun (MİMTA) layihəsi əsasında nəşr  olunan “Şəhriyar” adlı kitabda XX əsr Azərbaycan poeziyasının korifeyi Məhəmmədhüseyn Şəhriyarın şeirləri və tanınmış miniatür ustası Fəxrəddin Əlinin bu şeirlərə çəkdiyi miniatürlər nəfis şəkildə çap edilmişdir. Kitabın audioversiyası kimi Şəhriyarın öz dilindən səsləndirdiyi Azərbaycan dilində şeirləri və müsahibələri də disk şəklində oxuculara təqdim olunur.

AĞILA VƏ QƏLBƏ İŞIQ SAÇAN SÖZLƏR

Oxuculara dəyərli ərməğan olan bu kitabda insanın mənəvi aləmini, düşüncələrini əhatə edən, qəti və düzgün bir yol seçməkdə yardımçı olan “sehrli” aforizmlər toplanmışdır. Tərtibatçılarının uzun illik axtarışlarının bəhrəsi olan bu fəlsəfi-didaktik fikir mücrüsü mədəniyyət, siyasət və elm aləmində tanınan, ictimai fikir tarixində öz misilsiz xidmətləri ilə seçilən görkəmli şəxsiyyətlərin zəngin irsindən qətrə-qətrə yığılan müdrik söz xəsinəsidir.

AZƏRBAYCAN ELM VƏ İRFAN SƏRDARLARI

Kitab müəllifin uzun zamandan bəri “Füyuzat” dərgisində dərc olunan silsilə məqalələrindən tərtib edilmişdir. Müəllif Muxtar Cəfərli bu araşdırmalarda əsərləri ilə dünya elm tarixində, mədəniyyət və ədəbiyyatında önəmli yer tutan, işıqlı fikirləri ilə insanlığın mənəvi tərəqqi yolunu aydınladan Azərbaycan böyüklərindən söz açır. Cənublu-şimallı böyük Azərbaycan torpağından çıxıb bütün İslam coğrafiyasına yayılmış bu şəxsiyyətlər yaşadıqları dövrün ən parlaq simalarından olmuşlar. Müəllif bu şəxsiyyətlərə mənəvi dəyərlər kontekstindən yaxınlaşdığı üçün kitab bu mövzudakı əvvəlki tədqiqatlardan ciddi şəkildə fərqlənir.

SƏADƏT OCAĞI – AİLƏ 

Həyat yoldaşı seçimindən ailə qurmağa, ailənin müxtəlif psixoloji, mənəvi məsələlərindən övlad tərbiyəsinə qədər mühüm mövzular kitabda xronoloji ardıcıllıqla verilmişdir. Müəllif münasibət bildirdiyi məsələlərə, müxtəlif ailə problemlərinin çözüm yollarına milli-mənəvi və çağdaş dəyərlər prizmasından yanaşmışdır.

DÜNYA SİYASƏTİ

Geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş bu dərslikdə dünya siyasətinin inkişaf istiqamətləri açıqlanır, dünyanın müxtəlif regionlarında cərəyan edən hadisə və proseslər müasirlik işığında təhlil edilir.

RİND və ZAHİD

Klassik ədəbiyyatımızın parlaq və təkrarolunmaz simalarından olan böyük Azərbaycan şairi Məhəmməd Füzulinin fars dilində qələmə aldığı “Rind və Zahid” müstəqil kitab şəklində ilk dəfədir işıq üzü görür. Hər cümləsində Füzuli zirvəsinin ucalığını, qüdsiyyətini əks etdirən bu əsər insanı bir daha öz həqiqəti haqqında düşünməyə vadar edir. Zahir-batin, ağıl-qəlb, nəfs-ruh qarşıdurmasını Rind və Zahidin dili ilə canlandıran dahi Füzuli bununla, əslində, insanı öz-özü ilə qarşılaşdırır.

ŞƏHİDLƏRƏ KƏFƏN LAZIM DEYİL

2 hissəli, 6 şəkilli bu dram əsərində Azərbaycanın Milli Qəhrəmanı, şəhid Mübariz İbrahimovun ömür yolu canlandırılmış, uşaqlıq, gənclik illəri, düşüncələri və cəbhə yolu yazıçı qələmi ilə işıqlandırılmışdır.

QƏLBİMİN AYNASI

Əsasən milli şüur, əxlaqi keyfiyyətlər, Qarabağ dərdi, vətən sevgisi və s. dəyərləri təbliğ edən bu qələm məhsulları oxucunu müəllifin zəngin daxili dünyası, incəsənət anlayışı ilə yaxından tanış edir.