PAYİ ALTINDADIR BEHİŞT ANANIN
Ana! Dünyanın hansı yerində bir güllə açılsa, harada bir bomba partlasa, diksinirsən, rəngin üzündən götürülür, “deyəsən, yenə fağır-füqəranı qırırlar” deyib vaysınırsan; ömründə üzünü görmədiyin anaların balalarının qırılmasına yanırsan, ürəyin əsir, dodaqların titrəyir… Sən nə kövrəksən, nə qəlbi naziksən, ana! Məgər qəlbini poladdan da möhkəm eləyib, el diliylə desək, “bağrına daş bağlayıb” min naz-nemətdə böyütdüyün əziz balanı, adının rəmzi olan ana Vətəni qorumağa göndərdiyin günlər xatirindən çıxıbmı? Erməni faşizminə qarşı, Vətən, Qarabağ uğrunda döyüşlərə göndərdiyin şəhidlər, azəri-türk soyqırımı, Xocalı faciəsi sənin dərdin deyilmi? Öz dərdin, öz qayğıların sənə bəs eləmirmi? Milyonca qaçqına, köçkünə, fələkzədəyə ümid-pənah yeri olub qoyun açan sən deyilsənmi? Bunlardan daha öncə 1918–20-ci illərdəki soyqırımı, qara yelli 37-ci illər sənin başından keçməyibmi? Məgər 1940–45-ci illərdə oğulların faşist güllələrinə sinə gərib, dünya xalqlarının səadəti, faşist bəlasından xilası naminə döşəyi səngər, yorğanı qar olan günlərdə nəyin varsa, “hər şey cəbhə üçün” dediyin, cəbhəçilərə bağlamalar yolladığın, zavodlarda ər igidləri əvəz etdiyin o qəhrəmanlıq dolu günlər yadında deyilmi? Son nişan üzüyünü, döşəyinin yununu belə, “təki balam sağ olsun” deyə verdin. Düşmənə yönəlmiş qəzəb dolu baxışların yollara dikilmişdi, gözün poçtalyonların əlindəydi, o balaca, üçkünc əsgər məktublarını intizarla gözlərdin. Hər biri bir ana dərdinin tərcümanı olan bayatılarımızda sənin adınla bağlı bir bayatı var. Heç unuda bilmirəm:
Analar anar ağlar,
Gününü sanar ağlar,
Dönər göy göyərçinə,
Yollara qonar ağlar.
Bu bayatını sənin nənələrindən biri – bəlkə də oğul həsrətiylə qovrularaq Vətən uğrunda çarpışan, yağılara qan udduran bir igidin anası qoşmuşdu. Orada göyərçin kimi yollara qonan ana, nə üçün elə o zamanlar da, sülhün rəmzi olan göyərçinə bənzədilmişdi, nə üçün?.. Ana! Bətnindəkinin xırdaca təpiklərinə gülümsəyir, nələr tikir, toxuyurdun? O ağır ağrıları böyük Allahın köməyi ilə dəf edib dünyaya Muhəmməd ümməti gətirdin; bətnində qanınla, qoynunda südünlə bəsləyib həyat verdiyin oğullar uğrunda ölümə də gedərdin. Quşlar lap sənin kimi bəsləyir xırdacalarını – özü yemədən balasını yedirən ana! Özü gülmədən balaya təbəssüm öyrədən ana! Kədərini, qayğılarını, çətinliklərini ciyərparasından gizlədən, göz yaşlarını içərisinə – ürəyinə gilələdən ana!
Ananın əsas qəhrəmanlığı övlad doğub böyütməkdir. Övlad ana sözüylə dil açır: bu adı namus, vicdan, doğruluq, Vətən rəmzi kimi bütün həyatından keçirir, ağrıyanda “ana” çağırır; son sözü də “ana” olur. Ən qiymətli, müqəddəs məfhumları ana adıyla adlandırmışıq: “Ana torpaq”, “Ana vətən”, “Ana yurd”, “Ana dili” demişik.
Vətən öz övladlarını imdada çağıranda sən kənarda dura bilməzdin, bilmədin də. Sarmaşıq kimi balanın boynuna sarıldın; göz yaşların qəlbinin içinə gilələndi, “Get, oğlum, – dedin, – ana xeyir-duası səninlə olsun, düşmənlə mərd vuruş, ağ birçəyimi xəcalətli eləmə”.
Sənin kimi bir ana olan, el içində “bayatıçı” kimi tanınmış Zeynəb analar arzusunu bayatıya düzdü:
Saçları gülləsənə,
Gül vurub gülləsənə.
Sən igidlər nəslisən,
Dəyməz heç güllə sənə.
Dəydi, amma nə dəydi! Məgər sinəsi ilə öz komandirini güllədən xilas edən Qafur Məmmədov, Gəray Əsədov, Baloğlan Abbasov, göylər şahini Hüseynbala Əliyev sənin oğlun deyildimi?
19 yaşında Sovet İttifaqı Qəhrəmanı adı almış, elə həmin yaşda da cavan canını vətənə qurban eləmiş Cəmil Əhmədov sənin oğlun deyildimi, Tavat ana? O vaxt axı vətən rəmzi dördhərfli SSRİ idi. Sən yüzlərlə xırda uşağa tərbiyə verirdin, tərbiyəçi idin. O yüzlərin içindən seçmə bir igid böyütmüşdün Cəmili. Müharibənin əvvəlində heç bığ yeri tərləməmiş, cavanlıq həddinə dolmamış, orta məktəbi təzəcə bitirmiş Cəmili yola salanda o da böyütdüyün uşaqlardan biri, bəlkə də ən sadə görkəmlisiydi. Müharibənin qurtarmasına bircə il qalmış rota komandiri Cəmil Əhmədov həlak olanda nə düşündün? Amma sən anaydın, qəhrəman anası – Cəmil anası, Tavat ana! Sənə eşq olsun!..
Uzaq ellərdə faşistlərə qan udduran, qəhrəmanlığı əfsanələrə dönmüş, adına romanlar, poemalar, şeirlər yazılmış, haqqında filmlər çəkilmiş Mehdi Hüseynzadə! Güllü xanım, səsinə-sədasına sevinə bildinmi Mehdinin? Qəhrəmanlıqla həlak olduğunu eşidəndə bağrınmı parçalandı, yoxsa?..
Bakıda görülməmiş bir matəm, görülməmiş bir təntənə ilə dəfn mərasimi keçirildi. Bütün keçmiş “Kommunist”, indi “İstiqlaliyyət” adlanan küçədən Dağüstü parkadək (indiki Şəhidlər xiyabanı) insan dənizi dalğalanırdı, ellər öz igid oğlunu – Həzi Aslanovu dəfn edirdi. Axı o, bir də Nuşu ananın balası idi, ciyərparası idi. Onu doğan, böyüdən, ona dil, yerimək öyrədən, döşlərindən süd verən Nuşu ana var. Sənə də eşq olsun, Nuşu ana! Halal olsun, igid oğul böyütmüşdün, Vətən belə oğulları ilə fəxr edirdi; indi də qəhrəmanlığı, ana vətən məhəbbətini, fədakarlığı onlardan öyrənir gənc nəslimiz.
Məlik Məhərrəmov kimi qəhrəman doğub böyütmüş Mədinə xanım, İsrafil Məmmədov kimi igid yetişdirmiş Gülsüm xanım! Sizə də eşq olsun, oğullarınız vətənin ağır günlərində öz hünərləri ilə sizə də ad qazandırdı, əməyinizi itirmədi. Azərbaycanın adını ucaltdılar, millətin dadına çatdılar.
Vətənimizdə yaşayan analar içində bir rus qadını da vardı, taleyini Azərbaycanla bağlamışdı. Onun ciyərparası Ziya Bünyadov da Sovet İttifaqı Qəhrəmanıydı. Raisa Mixaylovna fəxr edə bilərdi ki, onun Ziyası təkcə qəhrəman deyildi, o, vətənində elmin zirvələrini fəth etmiş bir ziyalıydı.
Sənsə… Səndən ayrıca danışmaq istəyirəm, Əzizə ana! Şəkinin, Zaqatalanın yalçın dağlarında balalar böyütmüşdün. Onlara rus dilini öyrətmişdin, riyaziyyat elmini təlim eləmiş, böyük vətəni ana məhəbbətiylə sevməyi aşılamışdın. Vətən imdad deyib çağıranda od-alov püskürən cəbhələrə iki oğul göndərdin. Qəlbin bayatılarımızdakı o göy göyərçinə döndü, yollara qondu. İncə ürəyin dözmədi, 1942-ci ildə cəmi 41 yaşında ikən həyata həsrət gözlərini yumdun. 1943-cü ildə rəşadətlə həlak olan oğlun Tuğrudun ölümünü görmədin. Həmin ildə döşünə qəhrəmanlıq ulduzu vurulmuş digər oğlun Səlahəddinin rəşadətindən də xəbər tutmadın. Məzarın nurla dolsun, rahat yat, ana! Sənin oğlun, general Səlahəddin Kazımov doğma xalqının rahatlığı keşiyində, mətin bir əsgər kimi dayandı – son nəfəsinə, dünyasını dəyişənəcən. Ana, sənin şərəf yolun təkcə bununla bitmir, sən dünya anaları içərisində başını daha uca tuta bilərsən. Axı vətənin ağır günlərində sən, təkcə oğullarını deyil, ismətli qızlarını da cəbhəyə göndərdin:
Gəl, ana yurdumun qızı, gəlini,
İndi namus vaxtı, qeyrət dəmidir,
Sən də əsirgəmə kömək əlini…
– deyən xalqın səsinə səs verdin. “Aslanın erkəyi-dişisi olmaz” dedin. Olmadı da! Gəlinlik duvağını, analıq səadətini, evlilik ocağını silah və səngərlə əvəz etmiş qızlarından Dürrə Məmmədova, Rəhimə Babayeva, Tamara Ələsgərova, Aliyə Rüstəmbəyova, Zəhra Səlimova, Adilə Məmmədova, Rəşidə Qasımzadə, Bikə Gözəlova və onlarca başqaları belə igid qızların idi. Onlar ata və qardaşları ilə birlikdə şərəfli döyüş yolu keçdilər, yüzlərlə yaralını odun-alovun içindən çıxardılar, xəstəxanalarda yaralılara şəfalı əlləri, məhəbbət dolu ürəkləri ilə şəfa və ümid verdilər. Vətənin orden və medalları ilə mükafatlandılar. Eşq olsun sənə, ana! Namusunu gözləyən qızlar böyütmüsən!
Ana, arxa cəbhəsi olmayan ordu məğlubiyyətə məhkumdur. Sən bunu bilirdin. Odur ki titrək əllərin, işığı azalmaqda olan gözlərinlə döyüşən ordunu hər bir şeylə təmin etmək üçün var qüvvənlə çalışırdın. Silah da düzəltdin, səngər də qazdın, corab da toxudun, paltar da tikdin. Ər kişiləri əvəz eləyib su suladın, taxıl becərdin, pambıq yetişdirdin. Sənin dinc günlər, sülh və səadət günləri üçün qoruyub böyütdüyün oğul və qızlar indi valideyn, ana-atadır…
Sən bu gün də öndəsən, Qara Yanvar şəhidlərinin anası… Qarabağ uğrunda oğullar, ana-bacı qeyrəti çəkən oğullar… Neçə qurban verdin? Fuadın anası, Etibar İsmayılovun anası Sürəyya ana “Azadlıq uğrunda qurbanıq, ana” deyən oğulları necə böyütmüşdünüz? Necə süd vermişdiniz? Boyunu oxşaya-oxşaya, toylarında süzdünüzmü nakam oğulların?..
Sən süzmüşdün, Firəngiz ana! Lefortovo yollarının yorğunuydun, necə qarşıladın Vətən oğlu Xəlil Rza Ulutürklə birgə qəhrəman Təbrizinin şəhadətini? Firəngiz ana, necə ovundurdun Sevinci, nəvələrini? Beşikdəki körpələr bomba səsindən qorxub ağlamasın deyə, “sülhə səs verirəm” deyib oxuyan və bu sülh səsini dünyanın bütün ölkələrində yayan şair, mühəndis, müəllim, həkim övladlar sənin balalarındır, ana! Ana dodağından qopan “sülh” sözünün özü qədər coşqun və müqəddəs söz eşitmədim dünyada. Sənin qarşında baş əyirəm. Sənə sonsuz səadətlər, ana bəxtiyarlığı arzulayıram. Qoy balaların heç bir zaman hərb sözü eşitməsin, güllə səslərindən diksinməsin.
Zaman dəyişir… Oğul əlində gül-çiçək dəstəsi görmək səadətdirsə də – indi zaman çox dəyişib, ana! Qoy oğul əlində silah olsun. Öyrət, verdiyin süd kimi içirt oğullara, de ki: “Düşmənlə üz-üzə duranda təvazökarlıq, yumşaq qəlblik yalnız ziyan gətirə bilər, lazım deyil”. Qoy ər tinətində olsunlar. Yağıya ər-igid diliylə, zərbəsiylə cavab versinlər. Bir qarış belə ayaq geri qoymasınlar Ana torpaqdan, Ana vətəndən… Qoy ana-bacı namusu, vətən namusu qoruyanda kirpik çalmasınlar. Düşmənə arxa çevirməsinlər. Yağıyla üz-üzə, kəllə-kəlləyə gələndə mətin olsunlar. Deyirlər, elə balıqlar var ki, çayın axarının əksinə, üzüyuxarı üzə-üzə, özünü bıçaq kimi iti daşlara çırpa-çırpa təhlükəsiz yerə can atır, gələcək nəsli üçün kürü tökür, həyat verir və ölür. Görməmişəm! Amma ana tanıyıram ki, ilkinə hamilə ikən ərini cəbhələrdə itirib, bircə uşaqla qalıb: qapını kəsən elçiləri rədd edib, qara saçını ağ hörüb, bütün gəncliyini, həyat eşqini tək bircə övladına həsr edib, böyüdüb və onun həyatı ilə yaşayıb…
Ana tanıyıram ki, on-on iki övlad doğub bəsləyib. Bir zamanlar tarlalarda çalışa-çalışa həm əmək qəhrəmanı, həm də qəhrəman ana kimi şərəfli ada layiq olub!..
Ana tanıyıram ki, özünün övladı olmadığı halda, müharibənin yetim qoyduğu neçə “özgə uşağı”na, sözün əsl mənasında, ana olub, onların yetimlik acısını duymamalarına çalışıb, onları tərbiyələndirib, cəmiyyət üçün yararlı insanlar yetişmələri uğrunda heç bir cəfadan çəkinməyib.
Qadın – Ana tanıyıram ki, mərdanəliyi ilə kişilərdən geri qalmayıb, nur ələnmiş, babaların qızıl qanı çilənmiş torpaqlarımızı – Bakı qalasını, Dərbənd qalasını, Əlincə qalasını cahangirlərdən qoruyub… Çətin anda ağrılı göz yaşlarını daxilində, içərisində haradasa udub, döyüşə, bəlkə də ölümə göndərdiyi oğullarına xeyir-dua verib.
Yerlə göy arasında ananın mövqeyi ucadır. Böyütdüyün qızlar ana olanda, sən dünyanı dəyişəndə çaldığın laylaları ruhuna çalır:
Dağların çiçəyi, anam, laylay,
Güllərin göyçəyi, anam, laylay,
Vərəqləyəndə Quran yarpağı,
Son mənzil vətən torpağı, anam, laylay..
– deyir, qədrini-qiymətini bilir, uca tuturlar. Adını körpəcə “badam içi” nəvələrinə verir, sənin dilinlə “çörəkli, köynəkli olsun, gül daban olsun, ayağı sayalı olsun” deyirlər.
Biz dünyaya, bəşəriyyətə övlad – həyat gətirən analar sülhün nə demək olduğunu dərindən duyuruq. Elə buna görə də vətəndaşlarımızdan, soydaşlarımızdan tələb edirik: bu gün sülhü qorumaq üçün ölkəmizin – ordumuzun gücünü, qüdrətini artırmaq birinci, ön planda durmalıdır. Bu gün vətənpərvərlik – namusla çalışmaq, namusla yaşamaq deməkdir. Bu gün ordumuzun iqtidarını qüvvətləndirmək buna bağlıdır. İndi biz övladlarımızı yalnız və yalnız bu yöndə tərbiyələndirməliyik.
Yenidən bağrına daş bağla, ana! Yenidən qurşağını daha qayım çək, ana! Sənin gücün buna yetər! Sənə inanıram. Qarşında baş əyirəm. Uca Yaradanım ciyərparalarını yerin-göyün afətlərindən saxlasın…
Əzizə Cəfərzadə,
xalq yazıçısı, professor