ATA DEYİNCƏ!

 

Ata deyincə ağıla ilk gələn əzəmətdir, gücdür, qüvvətdir, etibardır, lakin ata elə bir varlıqdır ki, bu güclü keyfiyyətlərlə birgə ən zərif, ən incə, ən kövrək duyğuların vəhdət yeridir.

Ata ilkdir, ailənin təməlidir. O, nəslin həm kökü, həm davamıdır…

Ata ucadır, zirvədir, dağdır – amma qarlı-buzlu yox, oğlu üçün sevgisi ilə onu saracaq isti havalı, kürəyini güvənclə söykəyəcəyi, qızı üçün isə güllü-çiçəkli, aydın günəşli bir dağ…

Ata Uca Yaradanın övlada böyük bir lütfüdür. Zamanında bu lütfün qədrini, dəyərini bilmək hər kəsə nəsib deyildir. Dəyər verməyən nə keçmişinin, nə də gələcəyinin qədrini bilməz, böyük dəyərlərimizə, milli varlığımıza, mənəviyyatımıza sahib çıxmaz. Bəli, qədir bilməyənin qədri bilinməz, dəyəri olmaz.

“Ana vətən”, “ana laylası”, “ana qucağı”, “ana ürəyi” deyirlər. Həqiqətən, ana tayı-bərabəri olmayan bir sevgi ocağıdır. Lakin övladına olan bu məhəbbətinin şiddətindən bəzən gözü pərdələnən, doğruya qəlbi susandır. Ata isə qəlbi sevgi ilə dolub-daşsa da, könlü ədalətsizliyə yol verməyən, düzgünlüyün tərəfdarı, həqiqətin təmsilçisidir!

Ata – nə dərin bir söz, nə əngin bir məna!

Ata – uca varlıq, nemətdir övlada!

Ata – övladın dirəyi, güvənc yeri,

Ata – övladın nəvaziş, şəfqət yeri.

Ata sığalı: bircə dəfə olsa belə, bütün ömrə yetəcək qədər bir sığal! Ata qucağı: həyatın bütün burulğanlarının, tufanlarının unudulduğu bir yer!

Ata, nə gözəldir sənin varlığın, nə şirindir səsin, nə istidir nəfəsin, nə doğmadır baxışın! O baxışa dünyalar qurbandır, ata!

Övlad qəlbinin işıq yeri, sərinliyi, istiliyi. Bir sözü, bir baxışı, bir havası ilə nələr edər?! Qaranlıqları aydınladar, çətinlikləri asanlaşdırar, sıxıntıları uzaqlaşdırar…

Nədir bu sirli söz – Ata?!. Bu üç hərfdə neçə məna, neçə hikmət gizlidir?! Ömür yetməz bu sirləri açmağa…

Övladları üçün – gülləri üçün həyatın min bir ağrısına, acısına dözəndir ata!

Bir sütundur ata, elə bir sütun ki, göylərə varacaq qədər əzəmətli… Duasının yerdən ərşə qədər ucalan bu möhkəm sütununa sarılan, sözündən çıxmayan, varlığından, mənəviyyatından bəhrələnən övlad nə xoşbəxtdir!..

Mənəvi güc, böyük dayaqdır ata!

Səsinə, nəfəsinə, baxışına vurğunam, ata…

O ağır yerişin düşür yadıma. Sanki çiyinlərindəki illərin ağırlığı ilə, əsrlərin yükü ilə basırsan ayağını torpağa. Kaş ayağını torpağa yox, sinəmə basaydın, ata! Kaş sənin yükündən mənə də pay düşəydi, kaş ağrılarını mən çəkəydim, ata!..

Ata zirvədir, ata ucalıqdır, ata rəhmətdir…

Ata fədakarlıq təcəssümüdür. Sevdiklərinin telinə belə zərər dəyməsin deyə, varlığını fəda edəndir. Gülləri solmasın deyə, onları göz yaşları ilə sulayandır!..

Ata, ata… Kəlmələr yetməz Səni ifadə etməyə. Sözlər aciz qalar yanında. Nə desəm azdır, nə söyləsəm bihudə. Bir tək bunu deyirəm sənə:

Səni sevirəm, ata!..


Nərgiz Ələkbərqızı