“ŞEİRİN İŞIĞI – İŞIĞIN ŞEİRİ” MÜSABİQƏSİNİN QALİBLƏRİ MÜKAFATLANDIRILIB – TEHSİL-PRESS.AZ

 

BDU-nun Jurnalistika fakültəsi və “İşıq” jurnalinın birgə layihəsi, Milli İrsi Mədəni Tarixi Araşdırmalar fondunun təşkilati dəstəyi ilə “Şeirin işığı – İşığın şeiri” müsabiqəsinin mükafatlandırma mərasimi keçirilib.

Müsabiqədə Jurnalistika fakültəsinin 20-yə yaxın tələbəsi iştirak edib. Şair Baba Vəziroğlu, Filologiya fakültəsinin dekanı Elçin Məmmədov, Jurnalistika fakültəsinin professoru Nəsir Əhmədli, Kitabxanaçılıq-informasiya fakültəsinin dekan müavini Ələmdar Cabbarlı, Milli İrsi Mədəni Tarixi Araşdırmalar fondunun icraçı direktoru Pərviz Əmirov, “İşıq” jurnalın məsul katibi Əsəd Aslanoğlunun müxtəlif meyarlar üzrə verdiyi ballar ilə müəyyən olunan qaliblərin adı açıqlanıb. Jurnalistika fakültəsinin II kurs tələbəsi Günel Natiqqızı I yerin qalibi olub. Müsabiqə qalibləri sertifikat və pul mükafatı ilə təltif olunub, digər yaradıcı iştirakçılara hədiyyələr təqdim edilib.

Tədbirdə qonaq qismində iştirak edən “İşıq” jurnalının baş redaktoru Sədaqət Qəhrəmanova, tanınmış jurnalist Flora Xəlilzadə müsabiqənin əhəmiyyətindən danışıb, onu yüksək qiymətləndiriblər.

İştirakçı gənclər tədbirin təşkilatçılarına, o cümlədən Jurnalistika fakültəsi qəzet laboratoriyasının müdiri Afaq Sadıqovaya təşəkkürlərini bildiriblər.
Təşkilatçılar tələbələr tərəfindən irəli sürülən bu layihənin gələcəkdə jurnalist araşdırması, yazı müsaqibəsi şəkilində keçiriləcəyini qeyd ediblər.

Mətbuat və informasiya şöbəsi

Leave a comment