Milli İrsi Mədəni Tarixi Araşdırmalar (MİMTA) Fondunun 2018-ci il üçün HESABATI
Məqsədi milli irsimizi, mədəni, tarixi dəyərlərimizi qorumaq, təbliğ etmək və inkişaf etdirməkdən ibarət olan Milli İrsi Mədəni Tarixi Araşdırmalar (MİMTA) Fondu artıq 14 ildir ki uğurla fəaliyyət göstərir. Cəsarətlə deyə bilərik ki, bu illər ərzində fondumuz öz qüvvəsi nisbətində Azərbaycan xalqının milli-mədəni, tarixi dəyərlərini tədqiq edib, istər ölkəmizdə, istərsə də ölkəmizin sərhədlərindən kənarda tanıtmaq məramını müəyyən qədər gerçəkləşdirə bilmişdir. Bu istiqamətdə ənənəyə sadiq qalaraq milli-irsimizi, mədəniyyətimizi, şanlı tariximizi tanıtmaq, təbliğ etmək yönündə təhsil, mədəniyyət, səhiyyə və sosial sahələrdə tədbirlərin, seminar və müsabiqələrin təşkilini ötən il ərzində də davam etdirdik.
Yola saldığımız 2018-ci ildə fondumuzun təsis etdiyi mətbu orqanlardan 12 ildir fəaliyyət göstərən “Füyuzat” dərgisinin illik 6 nömrəsi işıq üzü görmüşdür. Eyni zamanda MİMTA fondunun digər mətbu orqanı olan və 7 ildir ki, nəşri uğurla davam etdirilən “İşıq” jurnalının da müvafiq illik sayları nəşr olunaraq oxucuların istifadəsinə verildi. Hər il olduğu kimi, keçən 2018-ci ildə də istər “Füyuzat”, istərsə də “İşıq” jurnalı cəmiyyətimizin taleyüklü məsələlərinə, xalqımızın əbədiyaşar dəyərlərinə bir daha işıq tutmağa çalışdı və bu yolda fondumuzun məramını ifadə etdi. Onu da qeyd edək ki, həm “Füyuzat”, həm də “İşıq” jurnalının hər yeni nömrəsi fondumuzda təqdim edilmiş, hər iki jurnalın toxunduğu mövzular geniş şəkildə müzakirə olunmuşdur.
Bundan başqa, MİMTA fondunda neçə ildir keçirilməsi ənənə halını almış müxtəlif mövzulu seminarlar ötən il ərzində də müntəzəm şəkildə təşkil edilmişdir. Əsasən milli irsimizlə, mədəniyyətimiz, ədəbiyyatımız və tariximizlə bağlı mövzuları əhatə edən bu seminarlara ölkənin müxtəlif ali təhsil ocaqlarından qonaqlar, dinləyicilər dəvət edilmiş, bəhs olunan mövzular ətrafında maraqlı müzakirələr aparılmışdır.
Bundan başqa, “Füyuzat” və “İşıq” jurnalının əməkdaşları BDU-nun Jurnalistika və Filologiya fakültəsinin tələbələri ilə ənənəvi görüşlər keçirmiş, müxtəlif mövzularda seminarlar vermişlər.
Keçən ildə təşkil etdiyimiz tədbirlər arasında ən yaddaqalanı “Cümhuriyyətə işıq saçan qadınlar” müsabiqəsi oldu desək, yəqin ki, yanılmarıq. Ölkə prezidenti cənab İlham Əliyevin 2018-ci ili “Cümhuriyyət ili” elan etməsindən sonra MİMTA fondu olaraq biz də bu işə öz töhfəmizi vermək məqsədilə belə bir böyük müsabiqə təşkil etməyi məqsədəuyğun gördük. Cümhuriyyətin 100 illiyi və ulu öndər Heydər Əliyevin 95 illiyi münasibətilə təşkil edilən bu müsabiqəyə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Yeni Azərbaycan Partiyası Qadınlar Şurası da qatıldı və beləcə, ölkə səviyyəsində böyük bir müsabiqənin keçirilməsinə nail olduq.
Adından da göründüyü kimi, müsabiqə Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasında xidmətləri olan xanımların həyat və yaradıcılıq yollarının işıqlandırılması məqsədi daşıyırdı və bu sahədə bir ilk idi. Bu baxımdan müsabiqəyə maraq böyük oldu. Respublikamızın əksər bölgələrindən müxtəlif ixtisas sahibi olan araşdırmaçıların həvəslə müsabiqəyə qatılması nəticəsində 98 araşdırma yazısı qəbul edildi. Ölkəmizin sayılan ziyalılarından ibarət münsiflər heyəti tərəfindən (şəffaflığı qorumaq məqsədi ilə anonim şəkildə) qiymətləndirilən araşdırma yazılar arasından qaliblər seçildi. 50 balı keçən 67 araşdırma isə kitab şəklində nəşr olundu. 6 may 2018-ci il tarixində Beynəlxalq Muğam Mərkəzində müsabiqənin təntənəli mükafatlandırma mərasimi keçirildi. Mərasimdə çıxış edən millət vəkilləri, hökumət nümayəndələri, ictimai-siyasi xadimlər müsabiqəni yüksək qiymətləndirərək bildirdilər ki, bu araşdırma yazılarının toplu şəkildə nəşri Azərbaycan dövlətçilik və qadın hərəkatı tarixinə böyük töhfədir.
“Cümhuriyyət ili” ərəfəsində keçirdiyimiz tədbirlər arasında MİMTA fondunun təsis etdiyi “Füyuzat” jurnalının Bakı Atatürk Liseyinin şagirdləri arasında təşkil etdiyi “100 yaşlı Cümhuriyyətim” adlı inşa müsabiqəsi də əlamətdar oldu. Gənc nəsildə vətənpərvərlik hissinin yüksəldilməsi məqsədilə təşkil edilən bu müsabiqə 5–7 və 8–10-cu siniflər arasında olmaqla 2 kateqoriyada keçirilirdi ki, buraya ümumilikdə 45 inşa yazısı təqdim edildi. MİMTA fondunda təşkil edilən mükafatlandırma mərasimində qalib yerləri tutan tələbələrə, eləcə də bütün iştirakçılara fond tərəfindən hədiyyələr, müvafiq sertifikatlar təqdim olundu. Tədbirdə çıxış edən qonaqlar bildirdilər ki, “Füyuzat” jurnalının zaman-zaman təşkil etdiyi belə müsabiqələr gənc nəsildə vətən sevgisini, Azərbaycançılıq ideologiyasını formalaşdırır, onların qəlbində Cümhuriyyət qurucularına dərin ehtiram hissi yaradır.
Ötən il təşkil etdiyimiz tədbirlər arasında Qaradağlı faciəsinə həsr olunmuş tədbiri də qeyd edə bilərik. 1992-ci il Fevralın 17-də Xocavənd rayonunun Qaradağlı kəndində erməni işğalçılarının törətdiyi faciəyə həsr edilmiş tədbirdə bir kəndin sakinlərinin torpaq, vətən uğrunda düşmənə qarşı mübarizəsi faciə şahidlərinin dilindən təsvir edilib. Tədbirdə Qaradağlı kəndi uğrunda gedən döyüşlərdə böyük qəhrəmanlıq göstərmiş şəhid N.Zeynalovun həyat yoldaşı və müharibənin canlı şahidi, Xocəvənd rayon məktəbinin tarix müəllimi Xuraman Zeynalovanın xatirələri dinlənilib. O, kənd sakinlərinin – qoca, uşaq, qadın fərq etmədən kəndin mühafizəsindəki qəhrəmanlıqlarından, son ana qədər mübarizə aparmalarından danışıb. Şahid, ermənilərin əsir götürülmüş kənd sakinlərinə qarşı ağlasığmaz amansızlıqlarından söz açıb, bu mübarizədə qadınların fədakarlığını, onların kəndin müdafiəsində kişilərlə çiyin-çiyinə cəsurluğunu tədbir iştirakçılarının diqqətinə çatdıraraq 77 şəhid verdiyini qeyd edib. O həmçinin ermənilərin 1905-1907 və 1918-ci illərdə də kəndə hücum etdiklərini xatırladıb. Çıxış edən qonaqlar da belə tədbirlərin zaman-zaman keçirilməsinin önəmindən söz açaraq bildirdilər ki, bu hadisələrin xatırladılması insanlarımızda Qarabağ yarasının unudulmamasını, vətən sevgisinin canlı saxlamansını təmin edir.
Fondumuz baxımından ötən ilin mühüm hadisələrindən biri də Bakı Dövlət Universiteti ilə MİMTA fondu arasında “Füyuzat mərkəzi”nin yaradılması haqqında müqavilə bağlanması oldu. BDU-nun Jurnalistika fakültəsində açılacaq mərkəz tələbələrin yazıçı, şair, alim və ictimai xadimlərlə görüşlərini, seminarlar və dəyirmi masalar təşkil etməklə elmi-mədəni inkişafına dəstək vermək, beləliklə onları cəmiyyətə daha da faydalı vətəndaşlar kimi hazırlamaq məqsədilə təşkil edilmişdir. Bundan əlavə, “Füyuzat mərkəzi” MİMTA Fondu tərəfindən təmin edilmiş müasir kompüter avadanlıqları vasitəsilə tələbələrin jurnalistik fəaliyyətlərinə dəstək vermək məqsədi də daşıyır. Hazırda mərkəzin təmiri və avadanlıqla təminolunma işi tam başa çatdırılıb və yaxın vaxtlarda rəsmi açılışı nəzərdə tutulur.