MİMTA FONDU 2017-Cİ İLDƏ GÖRÜLƏN İŞLƏRİN HESABATINI VERDİ – XEZERNEWS.AZ

 

Məlumdur ki, bir xalqın tarixi köklərinin, mədəni zənginliyinin, qədimliyinin sübutu onun milli dəyərlərini, xüsusiyyətlərini özündə əks etdirən mədəni-tarixi irsinin tədqiqinə və düzgün şəkildə təbliğ edilməsinə bağlıdır. Bu məsuliyyət vətəndaşlıq şüurunu özündə daşıyan hər fərdin, xüsusən də milli dəyərlərinə bağlı hər bir ictimai qurumun üzərinə düşür. Artıq 13 ildir fəaliyyətini uğurla davam etdirən bir ictimai təşkilat kimi Milli İrsi, Mədəni, Tarixi Araşdırmalar (MİMTA) Fondunun da əsas məqsədi milli irsimizi, mədəni, tarixi dəyərlərimizi qorumaq, tədqiq və təbliğini həyata keçirmək, eyni zamanda bu dəyərləri inkişaf etdirməkdən ibarətdir. MİMTA fondu bu baxımdan Azərbaycan xalqının milli-mədəni, tarixi dəyərlərini tədqiq edib, istər ölkə daxilində, istərsə də ölkəmizin sərhədlərindən kənarda tanıtmaq məramı daşıyır. Bu ictimai fəaliyyət növlərinə milli-irsimizi, dərin köklərə bağlı mədəniyyətimizi, qədim tariximizi özündə əks etdirən sərgilərin, konfransların və s. tədbirlərin təşkili, təhsil, mədəniyyət, səhiyyə və sosial sahələrdə xeyriyyə tədbirlərinin, simpoziumların, seminarların, müsabiqələrin və s. keçirilməsi daxildir.

Fonddan XəzərNews.az-a verilən məlumata görə, öncəki illərdə olduğu kimi, yola saldığımız 2017-ci ili də fondumuzun fəaliyyəti baxımından uğurlu saymaq olaq. Belə ki, MİMTA Fondunun təsis etdiyi mətbu orqanlar – artıq fəaliyyətini 10 ildən artıqdır davam etdirən “Füyuzat” dərgisi və 5 ildən çoxdur nəşri uğurla davam etdirilən “İşıq-qadın” jurnalının müvafiq illik sayları işıq üzü görmüşdür. Hər il olduğu kimi, ötən 2017-ci ildə də istər “Füyuzat”, istərsə də “İşıq-qadın” dərgisi cəmiyyət həyatındakı önəmli məsələlərə, xalqımızın milli-mənəvi dəyərlərinə bir daha işıq tutmağa çalışmış və bu yolda fondun məram və məqsədini ifadə etmişdir. İstər “Füyuzat”, istərsə də “İşıq-qadın” jurnallarının hər yeni nömrəsi fondumuzda təqdim edilmiş, hər iki jurnalın toxunduğu mövzular ətrafında müəlliflərin və oxucuların iştirakı ilə geniş müzakirə aparılmış, fikir və təkliflər dinlənilmişdir.

MİMTA Fondunun ötənilki fəaliyyətləri arasında ən yaddaqalan hadisə “Füyuzat” jurnalının 110 illiyi, yenidən nəşrinin isə 10 illik yubileyi çərçivəsində təşkil edilən Bakı Dövlət Universiteti Jurnalistika və Filologiya fakültələri ilə birgə keçirdiyi “Vətənin vətəndaşı – bir işıq da sən yandır” adlı esse müsabiqəsi və bu müsabiqənin geniş və təntənəli mükafatlandırma mərasimi oldu. Bir çox nüfuzlu qonaqların, millət vəkillərinin, tanınmış ziyalıların, universitetin pedaqoji heyətinin, həmçinin media nümayəndələrinin iştirak etdiyi tədbirboyu tələbələrin ifasında “Füyuzat” jurnalından vətən sevgisi, milli dəyərlər və s. mövzularda müxtəlif bədii qiraət nümunələri dinlənildi, musiqili-şeirli çıxışlar, səhnəciklər təqdim edildi. Tədbirdə çıxış edən BDU-nun rektoru, akademik Abel Məhərrəmov “Füyuzat” jurnalının Azərbaycanın ictimai fikir tarixindəki önəmli roluna diqqət çəkdi, professor Teymur Əhmədovun baş redaktorluğu altında çıxan müasir “Füyuzat”ın bu ənənələri yaşatmaqla öz sələfinin layiqli davamçısı olduğunu vurğuladı. Çıxış edən digər qonaqlar – MİMTA Fondunun icraçı direktoru Pərviz Əmirov, Bakı şəhər İcra Hakimiyyəti Başçısının müavini Fidumə Hüseynova, əməkdar incəsənət xadimi Şəfəq Sultan Əlixanlı, “Füyuzat” jurnalının məsul katibi Mübariz Yunus və başqaları müsabiqənin əhəmiyyətindən danışaraq onu yüksək qiymətləndirdilər. Vurğulandı ki, belə tədbirlərin keçirilməsi gənc nəsildə vətənpərvərlik ruhunun yüksəlməsinə təkan verir, onların qəlbində vətən sevgisinin sönməz məşəlini alovlandırır.

“Füyuzat”ın yenidən nəşrinin 10 illik yubileyi çərçivəsində təşkil edilən silsilə tədbirlər sırasında “Könlüm keçir Qarabağdan” adlı şagirdlər arasında keçirilən inşa müsabiqəsi də yaddaqalan və əlamətdar oldu. Qaçqın və məcburi köçkün övladlarının təhsil aldığı Ağdam rayon 33 nömrəli orta məktəbi, Cəbrayıl rayon Akademik Mehdi Mehdizadə adına şəhər tam orta məktəbi, Füzuli rayon 50 saylı tam orta məktəbi və Xocavənd rayonu Nərimanlı kənd tam orta məktəbləri arasında keçirilən müsabiqənin mükafatlandırma mərasimində bir sıra ictimai xadimlər, millət vəkilləri, adıçəkilən rayonların səlahiyyətli nümayəndələri, təhsil şöbələrinin müdirləri, şair və yazıçılar iştirak etdi. Müsabiqəyə 4 məktəbdən 40-dan artıq şagird qatılmışdı. Qaliblər MİMTA Fondu tərəfindən fəxri diplomlarla, mükafatlarla təltif olundu, şagirdlərdən ibarət bütün yaradıcı iştirakçılara müxtəlif hədiyyələr təqdim edildi. Media nümayəndələrinin də iştirak etdiyi tədbirdə şagirdlərin ifasında “Füyuzat” jurnalından vətən sevgisi, milli həmrəylik, Qarabağ həsrəti və digər mövzularda müxtəlif bədii qiraət nümunələri dinlənilib, musiqili-şeirli çıxışlar, səhnəciklər təqdim olundu. Tədbirdə iştirak edən qonaqlar “Füyuzat” jurnalının Azərbaycanın ictimai fikir tarixindəki önəmli roluna diqqət çəkərək müasir “Füyuzat”ın müsbət ənənələri yaşatmaqla öz sələfinin layiqli davamçısı olduğunu vurğuladı. Çıxış edənlər – MİMTA Fondunun icraçı direktoru Pərviz Əmirov, Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Sədaqət Qəhrəmanova, millət vəkili Qənirə Paşayeva, professor Cahangir Məmmədli, əməkdar incəsənət xadimi Şəfəq Sultan Əlixanlı, Cəbrayıl rayon icra başçısının müavini Fəridə İbayeva, “Füyuzat” jurnalının məsul katibi Mübariz Yunus və başqaları müsabiqənin əhəmiyyətindən danışaraq onu yüksək qiymətləndirdilər. Bildirildi ki, bu tədbir illərdir doğma torpaqlarından ayrı düşən həmvətənlərimizin qəlbində bir daha ümid işığı yandırır, gənc nəsildə vətənpərvərlik şüurunun formalaşmasına təkan verir, onların könlündə vətən sevgisinin kök atmasına, millətə, bayrağa məhəbbətin, dövlətə olan bağlılığın canlı tutulmasına dəstək verir.
Qeyd olunan tədbirlərdən əlavə, artıq illərdir ki, MİMTA fondunda ənənə halını almış müxtəlif mövzulu seminarlar ötən 2017-ci il boyunca da müntəzəm şəkildə keçirilmişdir. Əsasən milli irsimizlə, mədəniyyət və tariximizlə bağlı mövzuları əhatə edən bu seminarlara ölkənin müxtəlif ali təhsil ocaqlarından elm adamları, icimai xadimlər, dinləyicilər dəvət edilmiş, toxunulan mövzular ətrafında geniş müzakirələr aparılmışdır.

MİMTA Fondunda təşkil olunan seminar və digər görüşlər çərçivəsində “Füyuzat” və “İşıq-qadın” jurnallarının əməkdaşları universitet tələbələri ilə ənənəvi görüşlər keçirmiş, müxtəlif mövzulu seminarlar vermişlər.
Hər il olduğu kimi, ötən il ərzində də fondumuzun əməkdaşları müxtəlif yerlərdə keçirilən tədbir və görüşlərə qatılmış, bu tədbirlərdə çıxışlar edərək fondu layiqincə təmsil etmişlər. Bu görüşlərə misal olaraq, “Füyuzat” jurnalının məsul katibi Mubariz Yunus və “İşıq-qadın” jurnalının məsul katibi Afaq Sadiqovanın Professor Qulu Məhərrəmlinin GünazTV-dəki “Mətbuat Aynasında” proqramında qonaq olmasını, Fondumuzun və təsis etdiyi jurnalların nümayəndələrinin “Qobustan” jurnalında qonaq olaraq “Füyuzat” jurnalının 110 illik yubileyi mövzusu ətrafında söhbətlər aparmasını, o cümlədən Azərbaycan Xalça Muzeyində təşkil olunmuş tədbir və görüşləri, Bakı şəhərinin müxtəlif ali təhsil ocaqlarında, kitabxana və muzeylərində təşkil edilən tədbir və təqdimat mərasimlərini göstərə bilərik.
Yaşadığımız 2018-ci ildə də ölkə səviyyəsində bir çox əhəmiyyətli tədbirlər keçiriləcəkdir ki, bunların ən mühümlərindən biri, heç şübhəsiz, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə təşkil ediləcək silsilə tədbirlərdir. Bu tədbirlərə MİMTA Fondu olaraq qatqımız olsun deyə, 2017-ci ilin sonlarında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Fondumuzun təsis etdiyi “İşıq-qadın” jurnalı Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə “Cümhuriyyətə işıq saçan qadınlar” adlı araşdırma-yazı müsabiqəsi elan etdik. Azərbaycan Xalq Cümhuriyyətin 100 illik yubileyinin ölkə səviyyəsində keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamını əsas alaraq təşkil edilən bu müsabiqə Cümhuriyyətin quruluşunda rolu olan qadınların həyat və fəaliyyətini işıqlandırmaq, eyni zamanda hələ də araşdırılmamış arxiv materialları əsasında onları tanıtmaq məqsədi daşıyır. Qeyd edək ki, respublikanın müxtəlif bölgələrindən müsabiqəyə təqdim edilən 100-ə yaxın araşdırma yazının qiymətləndirmə prosesi artıq başa çatıb və yaxın zamanda müsabiqənin geniş mükafatlandırma mərasimi keçiriləcəkdir.

Leave a comment