KÖNLÜM KEÇİR QARABAĞDAN – RESPUBLİCA-NEWS.AZ
“Füyuzat” jurnalı redaksiyası, dərginin nəşrinin10 illik yubileyi ilə bağlı məktəb şagirdləri arasında vətənpərvərlik hissinin yüksəldilməsi üçün “Könlüm keçir Qarabağdan” adlı inşa müsabiqəsi təşkil edib. Qaçqın və məcburi köçkün övladlarının təhsil aldıqları Ağdam rayon (33 nömrəli orta məktəbi), Cəbrayıl rayon (Akademik Mehdi Mehdizadə adına şəhər tam orta məktəbi), Füzuli rayon (50 saylı tam orta məktəbi) və Xocavənd rayon (Nərimanlı kənd tam orta məktəbi) məktəbləri arasında keçirilən müsabiqənin mükafatlandırma mərasimində bir sıra ictimai xadimlər, adıçəkilən rayonların səlahiyyətli nümayəndələri, millət vəkilləri, rayon təhsil şöbəsinin müdirləri, şair və yazıçılar iştirak etmişdir.
“Füyuzat” jurnalının təsisçisi olan Milli İrsi Mədəni Tarixi Araşdırmalar fondunun təşkilatçılığı ilə keçirilən müsabiqəyə 4 məktəbdən 40-dan artıq şagird qatılmışdı. Münsiflər heyətinin müxtəlif meyarlar üzrə verdiyi ballar əsasında müəyyən olunan qaliblər “Füyuzat” jurnalı tərəfindən fəxri diplomlarla, mükafatlarla təltif olunub, bütün yaradıcı iştirakçılara da müxtəlif hədiyyələr təqdim edildi. Media nümayəndələrinin də iştirak etdiyi tədbir boyu şagirdlərin ifasında “Füyuzat” jurnalından vətən sevgisi, milli həmrəylik, Qarabağ həsrəti və s. mövzularda müxtəlif bədii qiraət nümunələri dinlənilib, musiqili-şeirli çıxışlar, səhnəciklər təqdim edilib.
Tədbirdə iştirak edən qonaqlar “Füyuzat” jurnalının Azərbaycanın ictimai fikir tarixindəki önəmli roluna diqqət çəkib, professor Teymur Əhmədovun rəhbərliyi altında çıxan müasir “Füyuzat”ın bu ənənələri yaşatmaqla öz sələfinin layiqli davamçısı olduğunu vurğulayıb. Çıxış edən qonaqlar – MİMTA Fondunun icraçı direktoru Pərviz Əmirov, Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Sədaqət Qəhrəmanova, Millət vəkili Qənirə Paşayeva, professor Cahangir Məmmədli, Əməkdar incəsənət xadimi Şəfəq Sultan Əlixanlı, Cəbrayıl rayon icra başçısının müavini Fəridə İbayeva, “Füyuzat” jurnalının məsul katibi Mübariz Yunusov və başqaları müsabiqənin əhəmiyyətindən danışaraq onu yüksək qiymətləndiriblər. Bildirilib ki, bu tədbir illərdir doğma torpaqlarından ayrı düşən həmvətənlərimizin qəlbində bir daha ümid işığı yandırır, gənc nəsildə vətənpərvərlik ruhunun formalaşmasına təkan verir və onların qəlbində Azərbaycan, Qarabağ sevgisinin sönməz məşəlini alovlandırır.
Müsabiqənin nəticələrinə gəlincə, münsiflərin anonim şəkildə 10 ballıq qiymətləndirməsilə 2 mərhələ əsasında aparıldı. 5-7-ci siniflər arasından 1-ci yerə Kamil Hacıyev, eyni bal topladıqları üçün 2-ci yerlərə Fidan Mayılova və Nərmin Ocaqverdiyeva, yenə eyni bal topladıqları üçün 3-cü yerlərə Savalan Quliyev və Nərgiz Mirzəyeva layiq görüldülər.
Qiymətləndirmənin II mərhələsi isə 8-10-cu siniflər arasında aparıldı. Burada 1-ci yerə Səma İmanova, 2-ci yerə Nişanə Məmmədova, 3-cü yerlərə isə eyni bal topladıqları üçün Ramin Qarayev və Nərgiz Orucova layiq görüldülər.
Sonda çıxış edən müsiflər heyətinin rəhbəri bütün qalibləri təbrik etdi. Tədbiri yüksək səviyyədə təşkil edənlərə minnətdarlığını bildirdi.
Arzu ƏLİYEVA,
“Respublika”.