“ŞEİRİN İŞIĞI – İŞIĞIN ŞEİRİ”
Milli İrsi Mədəni Tarixi Araşdırmalar Fondunun təşkilati dəstəyi ilə keçirilən, “İşıq” jurnalının və Bakı Dövlət Universiteti Jurnalistika fakültəsinin birgə layihəsi olan şeir müsabiqəsidir. BDU Jurnalistika fakültəsinin tələbələri arasında keçirilən “Şeirin işığı – İşığın şeiri” müsabiqəsi gənc nəsildə ədəbiyyata maraq artırmaq, ülvi dəyərlər aşılamaq məqsədi ilə təşkil edilmişdir.
“KÖNLÜM KEÇİR QARABAĞDAN”
Milli İrsi Mədəni Tarixi Araşdırmalar Fondu təsis etdiyi “Füyuzat” jurnalının “Füyuzat” jurnalının 110 illik, yenidən nəşrinin isə 10 illik yubileyi münasibətilə təşkil edilmiş layihədir. “Könlüm keçir Qarabağdan” adlı bu yazı müsabiqəsi qaçqın və məcburi köçkün övladlarının təhsil aldığı Ağdam rayon 33 nömrəli orta məktəbi, Cəbrayıl rayon Akademik Mehdi Mehdizadə adına şəhər tam orta məktəbi, Füzuli rayon 50 saylı tam orta məktəbi və Xocavənd rayonu Nərimanlı kənd tam orta məktəbləri arasında keçirilmişdir. Müsabiqənin təşkil edilməsində əsas məqsəd şagirdlər arasında vətənpərvərlik hissinin yüksəldilməsi, onlara vətən və millət sevgisini aşılamaqdır.
“FÜYUZAT MƏRKƏZİ”
Milli İrsi Mədəni Tarixi Araşdırmalar Fondunun Bakı Dövlət Universiteti Jurnalistika fakültəsində qurduğu mərkəzdir. Tələbələrin yazıçı, şair, alim və ictimai xadimlərlə görüşlərini, seminarlar və dəyirmi masalar təşkil etməklə elmi-mədəni inkişafına dəstək vermək, beləliklə onları cəmiyyətə daha da faydalı vətəndaşlar kimi hazırlamaq məqsədilə təşkil edilmişdir. Bundan əlavə, “Füyuzat mərkəzi” MİMTA Fondu tərəfindən təmin edilmiş müasir kompüter avadanlıqları vasitəsilə tələbələrin jurnalistik fəaliyyətlərinə dəstək vermək məqsədi də daşıyır.
“VƏTƏNİN VƏTƏNDAŞI, BİR İŞIQ DA SƏN YANDIR”
Milli İrsi Mədəni Tarixi Araşdırmalar Fondu və Bakı Dövlət Universiteti Jurnalistika və Filologiya fakültələrinin birgə təşkilatçılığı ilə “Füyuzat” jurnalının 110 illik, yenidən nəşrinin isə 10 illik yubileyi münasibətilə yaradılmış bu layihə adıçəkilən fakültələrin tələbələri arasında keçirməsi nəzərdə tutulan esse müsabiqəsidir. “Vətənin vətəndaşı, bir işıq da sən yandır” adlanan bu müsabiqə tələbələr arasından yaradıcılıq qabiliyyəti olanları önə çəkmək, onları layiqli vətəndaş kimi yetişməsinə və gələcək fəaliyyətlərinə dəstək olmaq məqsədi ilə təşkil edilmişdir.
“CÜMHURİYYƏTƏ İŞIQ SAÇAN QADINLAR”
“İşıq” jurnalının layihəsi əsasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Yeni Azərbaycan Partiyasının Qadınlar Şurası, Milli İrsi Mədəni Tarixi Araşdırmalar Fondunun birgə təşkil etdiyi araşdırma-yazı müsabiqəsidir. Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə təşkil edilən “Cümhuriyyətə işıq saçan qadınlar” müsabiqəsi cümhuriyyətin quruluşunda rolu olan qadınların həyat və fəaliyyətini işıqlandırmaq, eyni zamanda, hələ də araşdırılmamış arxiv materialları əsasında onları ictimaiyyətə tanıtmaq məqsədi daşıyır.
Müsabiqəyə təqdim ediləcək yazılar aşağıdakı mövzuları əhatə etməlidir:
- Cümhuriyyətə qədərki yaxın dövrdə Azərbaycan qadınlarının fəaliyyəti:
– Qız məktəbləri
– Qadın xeyriyyə cəmiyyətləri
– Qadın mətbuatı (“İşıq” qəzeti və qəzetin ətrafındakı ziyalı qadınlar).
- Cümhuriyyət dövrü:
- Konkret faktlar əsasında ictimai fəaliyyətdə, dövlət müəssisələrində, siyasət, təhsil, ədəbiyyat, mədəniyyət və incəsənət sahələrində aktiv qadınlar.
- Cümhuriyyətin süqutundan sonra:
- Repressiya dövründə təqiblərə, həbslərə, sürgünlərə məruz qalan Azərbaycan qadınlarının həyat və fəaliyyəti.