– Zəlimxan müəllim, təmsil etdiyimiz “Füyuzat” jurnalı Milli İrsi Mədəni Tarixi Araşdırmalar Fondunun təsisçiliyi ilə çıxır və milli tariximizin yadigarlarından biri sayılır. Bildiyiniz kimi, “Füyuzat” vaxtilə H.Z.Tağıyevin maliyyə dəstəyi və Əli bəy Hüseynzadənin redaktorluğu ilə çıxmışdır. Bizə bizi var edən dünənimizdən, milli varlığımızdan nə deyərdiniz?

– Bizim milli tariximiz çox qədim və zəngindir. Hardan başlamaq, harda qurtarmaq qeyri-mümkündür. Amma bir halda ki “Füyuzat”la bağlı söhbət gedirsə, bu söhbəti ora gətirib bağlamaq olar ki, bizim milli tariximiz nə qədər milli olubsa, nə qədər güclü olubsa, o qədər də çoxlu təzyiqlər görüb, çoxlu qapazlar yeyib. Yad təfəkkürlü, yad düşüncəli insanların sərt təzyiqi ilə qarşılaşıb.

O dövrdə “Füyuzat” daha fəlsəfi, daha elmi, daha genişdiapazonlu olduğuna görə tərəqqipərvər oxucuların rəğbəti ilə qarşılanırdı. O, Avropaya ayaq açmağa qadir olan bir mətbuat orqanı idi. Onun başında Əli bəy Hüseynzadə dayanırdı. Milli mövqedə durduğu üçün təqib olunur, jurnal isə tənqidə məruz qalırdı.

İctimai fikir tariximizi “Füyuzat”sız düşünmək olmaz, onun milli təfəkkürümüzün formalaşmasında mühüm rolu olmuşdur. “Füyuzat”ın təbliğ etdiyi turançılığa, türk birliyinə, xüsusən azərbaycançılıq ideyasına düşmən olan şovinist rus hakim dairələri onun fəaliyyətinə imkan vermədi. Ona görə də “Füyuzat”ın nəşri 32 sayından sonra bağlandı. Lakin onun bütün türk dünyasına səpdiyi ideya toxumu öz bəhrəsini verdi.

Sizin 100 ildən sonra “Füyuzat”ı yaşatmağınız qədirbilənlik, həm də Əli bəy Hüseynzadə ideyasının ölməzliyi deməkdir.

Burada milli-tariximiz deyərkən mən bir dövrü xatırlatmaq istəyirəm. O zaman bir tərəfdə Əli bəy Hüseynzadə, o biri tərəfdə İsmayıl bəy Qaspirallı – “Tərcüman” qəzetinin redaktoru, digər tərəfdə isə Yusif Akçura var idi. Bunları çoxaltmaq da olar. Bunların hamısının bir istəyi var idi: ümumtürk mədəniyyətini çox yüksək səviyyədə Qərbə başa salmaq ki, bu, Şərqdir, sən Şərq mədəniyyətinə, Şərq musiqisinə, Şərq ədəbiyyatına səhv münasibət bəsləyirsən. Şərq Bağdad mədrəsələrindən dünyaya meydan oxuyanda yer üzündə Avropa deyilən bir şey yox idi, Qərb yox idi. Bunlar bunu həzm edə bilmirdilər. Buna görə bizim milli dəyərlərimizi məhv etmək istəyirdilər. Amma bacarmadılar. Çünki səhrada bitən ağac var, bir də dağda bitən ağac var. Səhrada bitən ağacı bir dəfə külək möhkəm əsəndə kökündən yıxır. Amma dağda bitən ağacı kökündən yıxa bilmir. Çünki dağda bitən ağac köklərini qayaların caynağına keçirə-keçirə, elə bil ki, daşlı-qayalı torpağın bir hissəsinə çevrilir və küləyin ona gücü çatmır. Şərq mədəniyyəti də, Şərq ədəbiyyatı da, bir az da konkretləşdirsək, milli mədəniyyətimiz də o qədər möhkəm idi ki, nə qədər təzyiqlərə, sürgünlərə, basqınlara məruz qaldısa, yıxılmadı, sarsılmadı. Bizdən başqa hansı millət olsaydı, buna davam gətirə bilməzdi. Baxın, I Türkoloji qurultay oldu 1926-cı ildə. Təsəvvür eləyin ki, o qurultayda iştirak edənlərin əksəriyyəti sağ qalmadı. Hamısını Stalin rejimi güllələtdirdi, demək olar, hamısını məhv elədilər ki, arada bir uçurum yaransın. Özü də o uçurum elə yaransın ki, o dərinliyi heç bir şeylə doldurmaq mümkün olmasın. Amma bizim milli mədəniyyətimiz, şifahi xalq ədəbiyyatımız, folklorumuz, sazımız, ağız ədəbiyyatımız o qədər dolu və zəngin idi ki, bu kök, bu ənənə qırılmadı. Bizim milli mədəniyyətimiz oğuz türklərindən qaynaqlanıb qopuzla mayalanan, Dədə Qorqudla bizə sarı gələn bir qüvvə idi. Təsəvvür eləyin ki, Dədə Qorqudu da qadağan eləmişdilər, “oxuma, tar” deyirdilər. Çünki bilirdilər ki, Dədə Qorqudun arxasında gizlənən mənəvi bir qüvvə var ki, o heç bir şeylə ölçüləsi deyil. Fuad Köprülünün belə bir fikri var ki, bütün türk ədəbiyyatını qoy tərəzinin bir gözünə, o biri gözünə də Dədə Qorqudu qoy, Dədə Qorqud daha ağır gələr. Yəni milli mədəniyyətimizin belə bir möhtəşəm abidəsini qadağan etmişdilər. Amma xalqımız bu çətinliklərin altından qalxdı və bu gün bizim sahib olduğumuz mədəniyyəti qoruyub saxladı. Sahib olduğumuz milli mədəniyyətin əgər bu gün çiçək­lənmə dövrü gedirsə, buna görə biz XX əsrin əvvəllərində, daha doğrusu, XIX əsrdə formalaşan, kamilləşən, ancaq bünövrəsi Dədə Qorquddan da o tərəfə gedib çıxan bir dövrə minnətdar olmalıyıq. Şükür Allaha ki, biz müstəqillik qazandıq və müstəqillik qazanana qədər ağzı qapalı, sirli, müəmmalı qalan bir qabın ağzını açdıq və hər şey aydın oldu. Məlum oldu ki, bizə deyiblər: “Atanı tanıma, Yaqublusansa, elə Yaqubov ol, “ov” yaxşıdır”; “ov”la bizi ovladılar. Brejnev, Yaqubov, Zərgərov − heç kəs bilmirdi ki, bu rusdur, yoxsa türk. Soyadlarını bizə elə yapışdırmışdılar ki, birinci onunla məhv edirdilər, sonra başqa şeylərlə. Amma şükür Allaha, mən burada Peyğəmbərimizin (səlləllahu əleyhi və alihi vəsəlləm) məşhur bir hədisini xatırladıram ki: “Mənim ümmətim əziləcək, amma üzülməyəcək”. Bizim milli mədəniyyətimizi formalaşdıran kişilərin də böyüklüyü orasında idi ki, onlar təkcə “mənim millətim” demirdi, həm də “mənim ümmətim” deyirdi. Burada həm din var idi, həm də millət. İkisi paralel gedirdi və bunlar dini ayrı, milləti ayrı təbliğ etmirdi. İkisini də qoşa qanad kimi özündə qüvvətləndirirdi. Bax bizim milli mədəniyyətimiz poeziyada da, musiqidə də, fəlsəfədə də, tarixdə də həmişə güclü olub. Çünki bizim kökümüz zəngin olub, bizim tarixi şəxsiyyətlərimiz böyük  olub, ona görə də bu gün bizim milli mədəniyyətimiz diridir, durudur, öz kök­lərinin üstündədir.

Siz hərtərəfli bir şairsiniz; bəzən Allahın yaratdığı gözəllikləri tərənnüm edirsiniz, gözəllərdən gözəl təbiətəcən yönəlirsiniz, bəzən yaranışın əsərləriilmədən naxışa, cəhrədən nehrəyə dönürsünüz elə gözəl anladırsınız ki…  Şeirlərinizdəki bu müxtəliflikdən danışaq bir az

– Gözəl sualdır. Bax qəbiristanlığa gedirsən. Lap elə əziz bir adamını itiribsən. Orada adam yarım saatdan çox dura bilmir, niyə? Çünki hara baxırsan qəbirdir, qəbir daşıdır, eyniyyətdir. Eyniyyət olan yerdən adam qaçır, darıxır. Amma təbiətin qoynundasan, nə qədər qalırsan − qalmaq istəyirsən, nə qədər baxırsan − baxmaq istəyirsən. Çünki daşından quşuna, yerindən göyünə, çəmənindən çiçəyinə, bulağından dənizinə hər şeydə Allahın yaratdığı elə bir rəngarənglik var ki, gözəl olmayan heç nə yoxdur. Nəyisə gözəl hesab etmirsənsə, ona da gözəl gözlə baxanda onda da gözəl bir keyfiyyət aşkarlayırsan. Əslində, şair kimdir? Şair təbiətdə Allahın yaratdığı nəyi görürsə, onu öz yaradıcılığına gətirir. Gözü ilə görür, qəlbi ilə duyur, ağlı ilə dərk edir, əli ilə də imzalayır. Allah şairə coşub-daşmaq, qabarmaq, çəkilmək, yazmaq-yaratmaq, duymaq, dərk etmək üçün ilham verir və deyir ki, mən sənə eşq verəcəyəm, sən gördüklərini vəsf elə; məsələn: meşədəyəm, gözəl bir havadır. Birdən-birə ara qarışdı, buludlar çaxnaşdı, göy guruldadı, ildırım çaxdı, gəldi vurdu palıdı. Bu müşahidəyə Zəlimxan deyir ki:

 

Küləklər qovanda qaraldı qanı,

Bulud göy üzündə buluda dəydi.

Şimşək meşələrə saldı tufanı,

Xatası yenə palıda dəydi.

 

Məğrur bir ağacın aldığı zədə,

Budaqdan budağa gəzir, car olur.

Günəşin nurunu hamı içsə ,

Şimşəklə döyüşən palıdlar olur.

 

Yəni söhbət əsl şairdən gedirsə, o, bütöv bir təbiətdir. Cəmiyyət hadisələri, təbiət hadisələri, hamısı Allahın şairə verdiyi mövzulardır. Kim nə qədər götürür, kim nə qədər görür, kim nə yazır, bu, başqa söhbətdir. Bax yaradıcılığımda olan rəngarənglik Allahın yaratdığı həmin rəngarənglikdir ki, mənim ruhuma köçüb, ondan da gedir şeirlərə.

Sizin poeziya yaradıcılığınızda vətən, xüsusən alınmış torpaqlar məxsusi yer tutur. Açıq deyək, ağladır bizi. Qarabağ, Xocalı, Şuşayla bağlı şeirləriniz içə hüzn verir, eyni zamandaQoruya bilmədik məzarınızışeriniz var. Vətən Zəlimxan müəllim deyərdinizbir başqa nələri qoruya bilmədik?

– Çox gözəl, çox ağıllı sualdır, təşəkkür edirəm. Başqa nələri qoruya bilmədik? Əgər bu “başqa nələr”in içində olan şeyləri qoruya bilsəydik, bu torpaqları itirməyəcəkdik. Biz bir-birimizə olan səmimiyyətimizi qoruya bilmədik, can deyib-can eşitmək adət-ənənəsini qoruya bilmədik, qonşuyla mehriban ola bilmək müqəddəsliyini qoruya bilmədik, milli mənliyimizi qoruya bilmədik. Xarici təzyiqlərə getdik, parıltılara qaçdıq. Mənim müdrik atam-babam dura-dura, getdim Marksdan misal çəkdim, Lenindən misal çəkdim. Dədəmi tanımadım və dədəmi tanıyanda da məni xalq düşməni elədilər, dədəsini tanıyanları xalq düşməni elədilər. Yəni biz o şeyləri qoruya bilmədik ki, onları qoruya bilsəydik, torpaqlarımızla bağlı heç bir problemlə qarşılaşmayacaqdıq. Rəhmətlik Bəxtiyar müəllimin bir şeri var, deyir ki:

 

Əgər adamsansasev adamları,

Demə, bu, dostumdur, o, düşmənimdir;

Demə, əzizimdir ev adamları,

De, mən bu xalqınam, xalq da mənimdir.

Demə, daş yayınıb qardaşa dəydi,

Mən elə bildim ki, daş daşa dəydi.

Yurdun o başında yıxılan kəsin

Ağrısı qəlbində gərək göynəsin!

 

Biz o şeyi unutduq ki, onunla hər şeyi unutduq. Birinci öz mənliyimizi unutduq, dilimizi unutduq. Başqa dildə danışmaqla fəxr elədik. Başqa dildə danışmaqla özümüzü başqasının gözünə soxduq, onu alim yerinə qoyduq, özümüzü çoban yerinə. Özümüzü əskiltməklə məşğul olduq və belə-belə şeylər yığıla-yığıla qaldı, şeytan da gəldi, bundan ustalıqla istifadə elədi. Bizi bir-birimizə düşmən eləyəndən sonra düşməni silahlandırdı. Əvvəlcə ideyalarla, sonra da silahla rus şovinizmini və erməni daşnaklarını silahlandırdı. Günün-günortanın, düz-dünyanın bu vaxtı – XX əsrdə bizim torpaqlarımız əlimizdən getdi. Yəni bu gün bizə hər şeydən əvvəl bütün zamanlarda və bu gün daha çox mənəvi birlik, hərbi səfərbərlik, əqidə saflığı, şəhid olmaq eşqi, şəhidlik əhvali-ruhiyyəsi lazımdır. Heç birinizə ölüm arzulamıram. Hamınız yaşayın, millətimizin gözəl balaları kimi. Amma nəzərə alın ki, bu dünyada, İslam tarixində İmam Hüseyn (ə) şəhidliyi olmasaydı, İslam bu gün bu səviyyədə dünyanı qucaqlaya bilməzdi. Əgər Çanaqqala şəhidliyi olmasaydı, bu gün dünyada Türkiyə adlı dövlət olmazdı. Mümkün deyil, şəhid verməsən, əvəzində sən nəyisə ala bilməzsən. Biz şəhid olmaqdan qorxduq. Vaxtında şəhid olmaq eşqi ilə tərbiyələnə bilmədik və burada rus şovinizmi, xristianlığın İslama, rusun türkə dəhşətli dərəcədə məkrli niyyətləri öz barını-bəhrəsini verdi. Biz bundan dərs almalıyıq. Daha çox birləşməliyik, daha çox yaxınlaşmalıyıq, daha çox can deyib can eşitməliyik. Bir-birimizə dillə dodaq kimi, başla papaq kimi, közlə ocaq kimi, köklə budaq kimi sarılmalıyıq ki, düşmən araya girə bilməsin.

 

Yeri gəlmişkən, şeirlərinizdə bir Borçalı yanğısı, nisgili var. Sizcə, etmək lazımdır ki, ikinciQoruya bilmədik məzarınızışeri yaranmasın?

– Yadınızdadırsa, təxminən 20 il bundan əvvələ qədər hamı “Təbriz”, “Təbriz” deyirdi. Çünki o bizim ən yaralı yerimiz idi. Amma birdən-birə başımıza elə bir oyun gətirdilər ki, Təbriz yadımızdan çıxdı elə bil. Təbriz dərdinin yerini Şuşa dərdi əvəz elədi, dərd yerini dəyişdi sanki, köhnə dərdimiz təzələndi. Onun üçün dövlətin aidiyyəti orqanları, nazirliklər, diaspora xarici ölkələrlə çox böyük işlər görməlidir. Bu saat, şükür Allaha, Gürcüstanda milli münasibətlər xeyli dərəcədə yumşalır. Bunun da əsas səbəbi, şübhəsiz, bizim hörmətli prezidentimiz İlham Əliyevin siyasəti, Saakaşvili ilə qurduğu münasibətlər, daha çox iqtisadi münasibətlərdir. Prezident bu gün Borçalıda iqtisadi münasibətləri gücləndirmək istəyir, çox gözəl. İqtisadi münasibətlərin arxası ilə mənəvi problemlər qoyulmalıdır. Hər gün burdan ora şair getməlidir, yazıçı getməlidir, alim getməlidir, tarixçi getməlidir, etnoqraf getməlidir, mətbuat nümayəndələri getməlidir və gürcü görməlidir ki, bu millətin sahibi var, yiyəsi var. Çoxlu qəzet, jurnal çıxartmalı, orada olan hadisələri burada gözəl işıqlandırmalıyıq. Borçalı bizim çox yaralı yerimizdir. Çünki Borçalı çox başıbəlalı, olduqca zəngin tarixi mədəniyyəti olan, böyük şəxsiyyətlər yetirən müqəddəs bir torpaqdır. Azərbaycandan kənardadır. Nadir şah dövründən bu günədək 300 ilə qədər zaman keçmişdir. Təsəvvür eləyin ki, 300 il səndən ayrı düşən sənin balaca bir məmləkətin sazını da, sözünü də, elmini də, təfəkkürünü də, dilini də daha gözəl qoruyub-saxlayıb. Bəlkə də Azərbaycandan kənarda yaşayanlar Azərbaycanı burada yaşayanlardan  daha çox sevir. Çünki biz Azərbaycanın içindəyik. İçində olduğumuz üçün bunu dərindən duymaya bilərik. Onlar isə qürbətdə olduqlarından bu sevgini duyur və onun həsrəti ilə yaşayırlar. Mən Heydər Əliyevlə bağlı çox böyük heyrətlə, məhəbbətlə danışanda burada bəzi ağzıgöyçəklər başqa yerlərə yozurlar. Amma mən Zəlimxan Yaqub onu görmüşəm ki, Əliyev hakimiyyətə gələndə gürcülər bizim başımıza pərvanə kimi fırlanırdılar. Heydər Əliyev vəzifədən gedəndə isə… Qamsaxurdia dövrü konkret misaldır. Əgər o dövrdə Əliyev kimi bir şəxsiyyət Azərbaycanda rəhbər olsaydı, borçalılılara qarşı o münasibət olardımı? Ola bilərdimi? Olmazdı. Buna görə biz bu gün bütün bu yaralara məlhəm etmək üçün Azərbaycan dövlətinin daha da güclənməsinə çalışmalıyıq. Onun həm maddi, həm də mənəvi əsasları çox güclü olmalıdır. Bu gün, şükür Allaha, Azərbaycan iqtisadi cəhətdən yaxşıdır. Amma bunu mənəvi cəhətdən daha möhkəm eləmək lazımdır. Ali məktəblərimizdə vətəndaşlıq mövzusunda seminarlar keçirilməlidir. Əsgərlərimizin yanında hər gün ziyalılar olmalıdır. Dünya tarixindən, Şərq tarixindən, türk tarixindən bilirik ki, qoşun getməmişdən qabaqca qoşunun dilini bilən ozanlar gedirdi, alimlər gedirdi, şairlər gedirdi. Onlar mənəvi ruh yüksəkliyi yaradırdı. Qoşun gedirdi, fəth eləyirdi. Buna görə birinci növbədə ruhumuzu silahlandırmalıyıq ki, belə şeylər bir də baş verməsin.

 

Şair bəzən yerdən mənəvi aləmə yüksəlir; şeri Allahdan, Onun Rəsulundan (səlləllahu əleyhi alihi vəsəlləm) ƏhliBeytindən danışır. İman, inanc Zəlimxan dünyasında

– Təkcə Zəlimxan yox, ümumiyyətlə, insan imanın və inancın hesabına kamilləşir. Əgər sənin inancın yoxdursa, ilahi səviyyədə arxalandığın bir qüdrət yoxdursa, inanc qüdrəti yoxdursa, sən gördüyün bütün işlərdə məğlubiyyətə uğrayacaqsan; məsələn, mən bunu çox böyük səmimiyyətlə deyirəm, çünki belə olub. Mən “Peyğəmbər” poemasını, “Yunus İmrə” dastanını, Aşıq Ələsgərlə bağlı poemanı yazanda əməlli-başlı yuyunmuşam, abdəst almışam, namaz qılmışam, Allaha yalvarmışam ki: “Allah, məni utandırma. Ey mənim inamım, dadıma çat, ey mənim inancım, məni tərk etmə”. İnam bir az dar çərçivədədir, inanc daha böyükdür, daha qədimdir, daha arxalıdır. İmanla inanc olanda sənin çox şeyə gücün çatacaq. Mən “Peyğəmbər” poemasını yazanda əvvəlcə bu mövzunu, bu fikri kiməsə açmağa cəsarət eləmirdim. Ancaq bir neçə nəfərlə məsləhətləşdim. Kimə dedim, dedi sən o əsəri yazacaqsan və yazdım. Girdim o mövzunun altına, aylarla özümlə danışa-danışa, içərimlə qaynaya-qaynaya, gah pıçıltı, gah nərə, gah şaqqıltı, gah göz yaşı… “Peyğəmbər” poemasında müxtəlif məqamlar var. Tutaq ki, Həmzənin şəhid olması var, Məkkənin fəthi var, merac məqamları var, təmizlənmə, durulma. Yəni bütün bunların hamısını mənə yazdıran Peyğəmbər (səlləllahu əleyhi və alihi vəsəlləm) sevgisi, Əhli-Beyt məhəbbəti, iman eşqi oldu. İmanın və inancın işığı oldu və indi mənim şeirlərimə dərindən baxsanız, bütün şeirlərimdə imanın işığı var, hamısında; məsələn:

 

Məni ömrün yolunda çox ölümlər haqladı,

əqidəm sarsıldı, inamım laxladı.

Çətin gündə qollarım torpağı qucaqladı,

Ayaqda sürünmədim, baş ömrü yaşamışam.

 

Bu hansı inamdır? Bu o inamdır ki, ata yox, ana yox, müəllim yox, məktəb-mədrəsə yox, bir gənc böyüdü, qırx yaşına çatdı, çıxdı bir dağın başına və ilk vəhyi aldı. Dedi: “Allah təkdir, mən Onun Rəsuluyam” və gəldi dünyanı arxasınca apardı… bu həmin o inamdı. Həmin inanc işığı ordan − o mağaradan gələn işıqdır ki, bu gün bizim hamımızın varlığımızda yaşayır və dünyanın yarısını Öz arxasınca aparır. İman varsa, inanc varsa, insan var; iman yoxdursa, inanc yoxdursa, bizim təsəvvür elədiyimiz “Məndə sığar iki cahan” deyən insan yoxdur.

 

Zəlimxan Yaqub yaddaşına həkk olmuş böyüklər. Gördükləri görmədikləri  –  ictimaidən siyasiyə

– Demək, gördüyüm və görmədiyim böyüklər…

Yadınızdadırsa, mən 60 illiyimdə “Heydər Əliyev adına Saray”da çıxış eləyəndə belə bir fikir işlətdim ki, mənim çoxlu dostlarım var. Bəzi adamlar elə bildi ki, bu gün yaşayan kimlərinsə adını çəkəcəyəm. Amma mən Əhməd Yəsəvidən başladım düz bu günə qədər türk böyüklərini, Azərbaycan böyüklərini saydım. Əlbəttə, mənim böyüklərim, görmədiyim, üzünün nurunda işıqlanmadığım, amma sözünün və təfəkkürünün nurunda işıqlandığım “qarlı dağlar” silsiləsi var. Onların içində Əhməd Yəsəvi var, Yunus İmrə var, Hacı Bektaş Vəli var, Mövlana Cəlaləddin Rumi var, Füzuli var, Nəsimi var, Xətai var, Heydər Əliyev var, Cavid əfəndi var, Ələsgər var, Səməd Vurğun var – çoxdur, bunları saymaqla bitməz. Bunlar mənim böyüklərimdir və onların hamısından mən həmişə güc almışam. Onlarla səfərbər olmuşam. Görmədiyim böyüklər gördüyüm böyüklərdən qat-qat çoxdur və qat-qat əzəmətlidir. Həm də mənim xoşbəxtliyim nədə olub? Sizə adını çəkdiyim adamların hamısının məzarını ziyarət eləmişəm. Təsəvvür elə Türküstanda Əhməd Yəsəvini, Konyada Mövlananı, Bayqurtda Dədə Qorqudu, Ərdəbildə Şah İsmayılı, Təbrizdə Xaqanini, Şəhriyarı və bütün şairləri…

Mən çox oxuyuram, çox əziyyət çəkirəm, tarixlə çox əlləşirəm, çox… Çünki ömür həddindən çox azdır. Bu vaxta qədər qarşılaşmadığım bir sual verdiniz. Gördüyüm və görmədiyim böyüklər… çox gözəl ideyadır, saatlarla, günlərlə danışmaq olar. Onların hər biri ocaqdır, hər biri pirdir, hər biri müqəddəsdir, hər biri təmizlik və bakirəlik aləmidir. Bax elə bu saat fikirləşirəm, Mövlananın içində alışıb-yanıram. Bilirsiniz, üç sözü var onun: xam idim, bişdim, yandım. Hamı bu dünyaya xam gəlir, hamı. Elə adamlar var ki, xam gəlir, xam da gedir. Elə adamlar var ki, xamlıqdan bişmişliyə gəlir, bişəndən sonra başlayır yanmağa. Yəni bundan sonra da olursan Haqqın dərgahında dayanan bir şəxsiyyət.

Bütün bu böyüklərin içərisində insan özü bö­yüyür. Özü də, sən hansı mövzudan danışırsansa, sən osan. Böyüklərdən danışa-danışa adam böyüyür, kiçiklərdən danışa-danışa da adam kiçilir. Yəni sənin könül dostun böyüklük olmalıdır. Babam mənə deyirdi həmişə. Deyirdi: “40 nəvəm var, 3 şərtə görə hamısından çox Zəlimxanı istəyirəm: yeyəndə doymur, işləyəndə yorulmur, danışanda mızıldanmır”. Doğrudan da bunların hamısı ürəklə bağlı olan şeylərdir. Mən bir dəfə çıxış eləyəndə iki saat süst olub qalıram yerimdə, çünki saçımdan-dırnağıma qədər bütün varlığımı verirəm ona və hər dəfə çıxış eləyəndə gözümün qabağına iki şey gəlir. Deyirəm ki, bu çıxışdan sonra ya məni asacaqlar, ya da heykəl qoyacaqlar. Bu mənim sonuncu çıxışımdır. Bu əhvali-ruhiyyə ilə çıxıram. Ya Allah, Zəlimxan getdi. Böyüklərdən bizə bu qalıb.

 

Sizə canlı milli dil, milli folklor desək, yanılmarıq. Məlumdur ki, dilimizdəki bir çox deyimlər, ağılar, laylalar, bayatılar, sözlər itməkdədir. Onları sabaha daşımaq üçün nələr etməliyik?

– Əvvəla, çox şeylər itirmişik, çox şeylər yazıya alınmayıb. O sinədəftər kişilərin çoxu dünyadan gedəndən sonra texniki nailiyyət meydana gəlib. Səslər itirmişik, aşıq mahnıları itirmişik; məsələn, adam təsəvvür eləyir, görən, Aşıq Ələsgərin səsi necə olardı? İtirmişik, bu mənada bayatılardan da çox şey itirmişik. Amma qalanına şükür. Qalanları bu gün yaşatmaq üçün bizim əlimizdə gözəl imkan var. İmkan bizim bugünkü texniki nailiyyətlərimizdir. Amma təkcə texniki nailiyyətlə bizdən əvvəlki sərvəti yaşatmaq olmaz. Birinci növbədə onu ürəkdə yaşatmaq lazımdır; məsələn, təkcə bayatılarla bağlı bir mövzu qoy, gəl, beş gün danışaq. Fikirləşirəm öz-özümə: dörd misradır, bunu yaradanın nə diplomu var, nə də ali məktəb qurtarıb.

 

Sularda daşqına bax,

Sellərin məşqinə bax,

Dərdimdən oynayıram,

Deyirlər eşqinə bax.

 

Dünyaya yayaq gəldim,

Yatmadım, oyaq gəldim,

Ömür deyir yüz ildi,

Könül deyir bayaq gəldim.

 

Yeryemiş,

Bağda bitər yeryemiş.

Çoxmənəmdeyənləri,

Torpaq udub, yer, yemiş.

 

Yaradan var,

Yergöyü yaradan var.

Cəllad, yarama dəymə,

Məndə hər yaradan var.

 

Bax bu dil mənim xalqımın dilinin yaşamağına qarant olur. Qoymayıb bu dil ölməyə. Bayatı mənim dilimin şah damarıdır. Mənim dilimi bu gün belə gözəl, salamat saxlayan mənim bayatılarımdır, mənim sazımdır. Sazımın müqəddəs xallarıdır, o pərdələrdə gəzişmələrdir.

 

Oydun məni,

Soğantək soydun məni.

kölgəndə saxladın,

günə qoydun məni.

 

Bir yedəkləmə verirsən şerin arxasınca, bax bu yedəkləmələr sənin dilini 30-cu illərin faciələrindən salamat saxlayıb. İndi sizə maraqlı bir şey deyim. Bu evə az qala iki gündən bir Türkiyədən və Cənubi Azərbaycandan, daha çox Cənubi Azərbaycandan qonaqlar gəlir. O adamlar ki sazla bağlı zonalar üstündə yaşayır, onlar mənim  kimi danışır. Onlar ki bir az içəriyə sarı gedir, sazdan uzaq düşüb, onlar fars kimi danışır. Sazın gücünə bax. Ona görə bu gün dünəndən bizə əmanət qalan bayatılarımızı sağ-salamat sabaha çatdırmaq üçün musiqini yaxşı bilməliyik, yaddaşımızı tərbiyə etməliyik. “Bədən tərbiyəsi” sözü var. Mən deyirəm, “yaddaş tərbiyəsi” sözü də var. Hamı, bütün mətbuat Zəlimxanın yaddaşından yazır ki, bu nə möcüzədir? Mən deyirəm ki, burda heç bir möcüzə yoxdu. Möcüzə budur ki, şübhəsiz, birinci Allahın verdiyidir. Bir də, Allah çox adama çox şey verir. Bəs sən onu necə qoruyursan? Mən araqdan qoruyuram, içkidən qoruyuram, çirkli şeylərdən qoruyuram, boş söhbətlərdən qoruyuram. İçərimi ancaq işıqla doldururam. Orada, sizi inandırıram, bir azca qaranlıq olsa, bayatılar orda qalmaz. Elə yaddaş, bayatılar da işıq deməkdir. Yaddaşıma Osman Sarıvəllinin sözü gəlir. Mən cavanlığımda onu başa düşmürdüm. Sonra başa düşdüm ki, bu nə deyir, bunun iştahına bax. Bir dəfə dedi ki: “Allahın altında mənim şeirlərimin bir bayatı qədər ömrü olaydı”. İlk baxışdan adi səslənir. Amma sonra gördüm demək istəyir ki, Allahın altında mənim şeirlərim dünya durduqca yaşayaydı. Ona görə bayatılar mənim canımdır. Mənim istənilən şerimə baxsan, orada bayatı ruhu var; məsələn:

 

Bu çiçəyin qədrini bil,

Solub getsə, gec olacaq.

Qara yellər gülləri

Yolub getsə, gec olacaq.

 

Tut bu dağlara üzünü,

De bu çəmənə sözünü,

Qoru bulağın gözünü,

Dolub getsə, gec olacaq.

 

Haqqı bir bil, biri saxla,

Ocağa dön, piri saxla,

Zəlimxanı diri saxla,

Ölüb getsə, gec olacaq.

 

Oturmuşuq. Məsələn: çay var, çərəz var, nə bilim, qənd var. Yoldaşım deyir ki, burda ayrı nə çatmır? Deyirəm, əşi, gətir filan şeyi də qoy, yağın aşa nə zərəri var. Olmuş şeydi bu. “Yağın aşa nə ziyanı var”, min dəfə eşitdiyiniz sözdü. Birdən tutdu damar, gəldi:

 

Ürəyini geniş elə, yağın aşa ziyanı?

Çək sürməni, xoşa gəlsin, gözəqaşa ziyanı?

Od var olsun, su var olsun, hər varsa, qoy var olsun,

Üstüstə qoy, divar olsun, daşın daşa ziyanı?

 

Bax budu sənin bayatın.

Zəlimxan müəllim, adından da görün­düyü kimi, fondumuz Milli İrsi Mədəni Tarixi Araşdırmalar adını daşıyır. Keçmişinə dəyər verib, sabahına aparmaq arzusuyla niyyətlənmişdir. Təsis etdiyiFüyuzatjurnalı da tariximizin yadigarıdır. 100 ildən sonra yenidən nəşr edilmişdir. Bizə sözünüz, arzunuz tövsiyələriniz

– Çox sağ olun. Mənim arzum sizin öz dilinizdən çıxdı. Arzu edərdim ki, bizim taleyimiz üçün, tarixi taleyimiz üçün, ictimai taleyimiz üçün əvəz­edilməz bir rol oynayan “Füyuzat” jurnalının 200 illiyini qeyd edəsiniz. Bizdən sonra gələn nəsil 300 illiyini, 500 illiyini qeyd eləsin. Getdikcə daha da zənginləşsin, daha da dolğun olsun, daha da İlahi ilə bağlansın. Torpağa daha çox güvənsin, meydanı daha çox genişlənsin. Orda işləyənlər daha dərin, daha məzmunlu, daha arxalı, böyük şəxsiyyətlər olsunlar. Əgər bayaq adını çəkdiyim tarixi şəxsiyyətlər var idisə, onlar mətbuat səhifələrində formalaşmışdılar. Mən arzu edərdim, bu gün sizin əməkdaşlar elə bir səviyyəyə yüksəlsin ki, gələcək 100 ildə sizin hər birinizlə bağlı tədqiqat əsəri yazılsın. Yəni bu gün imkan var. Mən “Füyuzat” jurnalının bütün əməkdaşlarına, hörmətli ağsaqqalımız, böyük alimimiz, mənim əziz dostum Teymur müəllim başda olmaqla bütün o kollektivə sağlam can, həyat eşqi, tükənməz yaradıcılıq həvəsi, yaradıcılıq enerjisi arzulayıram. Nə qədər dərinlərə getsən, o qədər yüksələcəksən. Dərinlik də “Füyuzat”ın getdiyi yoldadır. O yolu daha da dərinləşdirmək, daha da uzatmaq lazımdır. Bu mənada arzu edirəm ki, sizin “Füyuzat”a və “Füyuzat”ın öz ruhunda, varlığında yaşatdığı dünyaya sevginiz, məhəbbətiniz heç vaxt azalmasın. Bu “Füyuzat” ana olsun. Bundan sonra bunun səviyyəsində yeni-yeni övladlarımız – yeni mətbuat orqanları dünyaya gəlsin. Azərbaycan xalqının milli-mənəvi dəyərlərinə, əxlaqi sərvətlərinə, tarixi keçmişinə, böyük gələcəyinə, bu gününə layiq olan bir-birindən gözəl mətbuat orqanları bizim bu “Füyuzat”ımızı – ana “Füyuzat”ımızı daha da gözəlləşdirsin. Bir ananın dövrəsinə yığılan oğul-uşaq, nəvə-nəticə kimi bu mətbuat orqanları da qoy sizin bu jurnalı gözəlləşdirsin.

 

Füyuzat, 2 (58), 2011

Müsahibəni hazırlayanlar:

Samir Ramizoğlu

Əsəd Aslanoğlu

Leave a comment