– Əvvəlcə Pərviz Əmirovun dilindən Milli İrsi Mədəni Tarixi Araşdırmalar Fondu haqqında eşitmək istərdik…
– Milli İrsi Mədəni Tarixi Araşdırmalar (MİMTA) Fondu dövlətimizə və millətimizə faydalı olmaq amalı ilə 2005-ci ildə təsis edilib, əsas məqsədi milli, irsi, mədəni, tarixi dəyərlərin qorunub saxlanmasına, inkişafına kömək etməkdir. Bu məqsədlərə nail olmaq üçün bu günədək bir sıra layihələr həyata keçirmişik. “Füyuzat” və “İşıq” jurnallarının bərpa edilərək yenidən nəşr olunması, müxtəlif mövzulara həsr olunmuş 10-dan çox kitabın nəşri, keçirdiyimiz seminarlar və tədbirlər buna misal ola bilər.
– 2007-ci ildən “Füyuzat” jurnalının yenidən nəşrinə başlanıldı. Siz bu uğuru necə əsaslandırırsınız?
– Nəzərinizə çatdırmaq istərdim ki, elə 2007-ci ildən də biz Fond olaraq rəsmi fəaliyyətə başlamışıq. “Füyuzat” jurnalının yenidən bərpa edilməsi Fondumuzun ilk elmi araşdırmasıdır. Bildiyimiz kimi, bu dərgi XX əsr milli mətbuat orqanları içərisində sayılıb-seçilmiş, nəinki mətbuatda, eləcə də ictimai fikir tariximizdə özunəməxsus bir iz buraxmışdır. 100 il əvvəl nəşr olunmuş və 32 sayı çap edildikdən sonra milli ideologiyaya xidmət etməsi səbəbi ilə müstəbid çar hökuməti tərəfindən fəaliyyətini dayandırmış jurnal 100 il sonra MİMTA Fondunun təşəbbüsü və “Respublika” qəzetinin baş redaktoru, dəyərli ziyalımız professor Teymur Əhmədovun rəhbərliyi ilə yenidən işıq üzü görmüşdür. Bu jurnal xalqımızın və o dövrün digər müsəlman xalqlarının əsrlərdir davam edən adət-ənənəsini, milli-mənəvi dəyərlərini, yaşayışını, həyatlarındakı çətinlik və problemləri özündə təcəssüm etdirmişdir. Müasir dövrümüzdə mətbuat və informasiya azadlığı şəraitində mətbuatımızın incilərindən olan bu dərgini yenidən bərpa etmək və onu azərbaycançılıq, müasirlik ruhunda nəşr etdirmək doğrudan da çətin və məsuliyyətli bir addım idi. Ancaq Fondumuzun məqsəd və məramına uyğun gəldiyi üçün heç bir çətinliyə baxmadan qərara gəldik ki, belə bir dərgini bərpa edək və bu gün biz qürur duyuruq ki, “Füyuzat”a yenidən həyat verməyə müvəffəq olmuşuq.
– “Füyuzat”la yanaşı Fondunuz “İşıq” jurnalını da bərpa edib. Niyə məhz “İşıq”? Tarixi “İşıq” qəzeti bugünkü “İşıq” jurnalından nə ilə fərqlənir? Bugünkü “İşıq” hansı mövzuları əhatə edir?
– Sizin də bildiyiniz kimi, “İşıq” milli mətbuatımızın ilk qadın mətbu orqanı kimi mədəni irs tariximizdə önəmli bir mövqeyə malikdir. Hələ 1 əsr əvvəl – 1911-ci ildə maarifpərvər ziyalılarımız Xədicə Əlibəyovanın redaktorluğu və həyat yoldaşı Mustafa bəy Əlibəyovun naşirliyi ilə nəşr olunan “İşıq” qəzeti dövrün ədəbi-ictimai mühitində böyük marağa səbəb olmuşdu. O dövrdə Azərbaycan qadınının hüquqsuzluğunu, təhsildən uzaq qalmasını xatırlasaq, bu marağın səbəbini daha yaxşı anlayarıq. “İşıq”ı nəşr edənlər ilk öncə qadınların təhsilə yiyələnmələri, öz hüquqlarını bilib cəmiyyətdə layiqli yerlərini tutmaları üçün fədakarlıqla çalışırdılar. Cəmi iki il nəşr olunsa da, qəzet ictimaiyyətdə önəmli rol oynaya bildi. Bunu qəzetin transliterasiya edilərək indiki “İşıq-qadın” jurnalında zaman-zaman dərc edilən məqalələrindən də görə bilərsiniz.
“İşıq” qəzetini niyə jurnal şəklində bərpa etdiyimizə gəlincə, bunun əsasən iki səbəbi vardır. “İşıq”ın 1911–12-ci illərdə nəşr olunan saylarına baxdıqda onun poliqrafik cəhətdən o dövrdə nəşr edilən jurnalların formatına daha yaxın olduğunu görə bilərsiniz. Bunu Fondumuzda çalışan mütəxəssislər “İşıq”ı araşdırarkən təsbit ediblər. İkincisi, günümüzdə jurnalın mövzu baxımından daha əhatəli olduğunu nəzərə alıb bu addımı atdıq. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanovanın baş redaktorluğu altında çıxan bu günün “İşıq”ı ailə və övlad tərbiyəsi, Azərbaycan qadınının milli kimliyi, keçdiyi tarixi yolu, mənəvi-mədəni irsimiz və bu kimi önəmli mövzulardan bəhs etməklə öz sələfinin layiqli davamçısına çevrilib. Artıq 3-cü ildir ki, nəşri davam edən “İşıq-qadın” jurnalının oxucu sayının günü-gündən artması bunun bariz sübutudur.
– Fondunuzun keçirdiyi seminarlardan danışardınız. Belə tədbirlərin keçirilməsində məqsəd nədir?
– MİMTA Fondunun əsas vəzifələrindən biri də maariflənmək və maarifləndirməkdir. Bu məqsədlə vaxtaşırı müxtəlif mövzularda seminarlar təşkil olunur. Milli vətənpərvərlik, dilçilik, tarix, təhsil, mədəniyyət, mətbuat və s. mövzularda keçirilən seminarlar buna misal ola bilər. Seminarlarımıza tanınmış ziyalıları, mütəxəssisləri dəvət edirik. Auditoriyanı isə əsasən Fondumuzun əməkdaşları və müxtəlif universitetlərin tələbələri təşkil edir.
– Bu gün Azərbaycanda sizin Fondunuzla bərabər, çoxlu sayda QHT fəaliyyət göstərir. Sizcə, bu QHT-lərin fəaliyyət istiqaməti hansı yöndə olmalıdır?
– Bu gün ölkəmizdə III sektora ayrılan diqqət və qayğı həqiqətən də çox ürəkaçandır. Bu qayğı günü-gündən həm artır, həm də daha böyük auditoriyanı əhatə edir. Bu isə bizlərdən daha da çox çalışqanlıq və əzmkarlıq tələb edir. Vurğulamaq istərdim ki, fəaliyyət göstərdiyi sahədən asılı olmayaraq bütün QHT-lər öncə dövlətçiliyimizin inkişafına, müstəqilliyimizin qorunub saxlanmasına xidmət etməlidir. Bu gün Azərbaycanda müxtəlif istiqamətlərdə, müxtəlif profillərdə fəaliyyət göstərən QHT-lər var. III sektorun güclənməsi ölkəmizdə gedən demokratik inkişafın bariz nümunəsidir. Fikrimizcə, QHT-lərin əsas məqsədlərində Azərbaycanın inkişafına və tərəqqisinə töhfə vermək fikri üstünlük təşkil etməlidir.
– Sizin Fond “Füyuzat” və “İşıq”a yeni nəfəs verdi. Gələcək layihələriniz içərisində bərpasını düşündüyünüz milli-mənəvi dəyərləri özündə ehtiva edən daha bir mətbu orqan varmı?
– Əslində, çalışırıq ki, qeyd etdiyiniz kimi, Fondun yeni nəfəs verdiyi mətbu orqanlara layiqincə sahib çıxaq. Bildiyimiz kimi, eyni zamanda iki mətbu orqanı ayaqda saxlamaq və yaşatmaq həm çətin, həm də məsuliyyətli bir işdir. Fond olaraq çalışırıq ki, jurnalların əməkdaşları sırasına həm bu gün ictimaiyyətdə öz sözünü demiş ziyalılarımız, həm də istedadlı gənclərimiz qatılsın. Biz kəmiyyətə deyil, keyfiyyətə üstünlük veririk. Eyni zamanda araşdırmalarımızı davam etdiririk. Gələcəkdə belə bir şərait yaranarsa, əlbəttə, bu imkanı dəyərləndirməyə çalışacağıq.
– Professor Teymur Əhmədov ölkədə tanınmış ziyalılardan biridir. Klassik Azərbaycan Ədəbiyyatı və yazıçıları onun əsas tədqiqat obyektləridir. Elə bu günlərdə Bakí Dövlət Universitetində onun böyük yazıçı Mir Cəlalla bağlı tərtib etdiyi möhtəşəm ikicildliyinin təqdimat mərasimində Teymur müəllimin əməyi mötəbər alimlər tərəfindən qiymətləndirildi. Belə bir alimin yanında olmaq sizə nə verir?
– Teymur Əhmədov həm “Füyuzat” jurnalının baş redaktoru, həm “İşıq-qadın” jurnalının qurucusu, həm də Fondumuzun təsisçilərindən biridir. Demək olar ki, Fondun bütün uğurlarında onun əməyi var. Elə bir layihəmiz yoxdur ki, biz onu Teymur müəllimlə məsləhətləşməmiş həyata keçirək. Azərbaycanın vətənpərvər ziyalılarından biri kimi ondan öyrəndiyimiz və hələ öyrənəcəyimiz çox şeylər vardır.
– Fondun nəşr etdirdiyi kitablar haqqında məlumat verərdiniz…
– İlk nəşr etdirdiyimiz kitab “Eşq pərvanəsi”dir. Bu kitabın birinci nəşri 2007-ci ildə oldu. Xatırlayırsınızsa, həmin il YUNESKO tərəfindən Mövlana Cəlaləddin Rumi ili elan edilmişdi. Biz də bu əlamətdar hadisəyə qatılmaq niyyəti ilə Mövlana Cəlaləddin Ruminin əsərlərindən seçmələr olan bu kitabı nəşr etdirdik. Artıq dördüncü nəşrinə hazırlaşdığımız bu əsər hələ də sevilərək oxunur. İkinci kitabımız Qərb-Şərq dahilərinin aforizmlərindən tərtib edilmiş “Ağıla və qəlbə işıq saçan sözlər” kitabıdır. Bu kitabın da yaxın günlərdə üçüncü nəşri işıq üzü görəcəkdir. Bunlardan başqa, böyük Azərbaycan şairi Məhəmmədhüseyn Şəhriyarın əsərlərinə tanınmış rəssam Fəxrəddin Əlinin çəkdiyi miniatür rəsmlərdən ibarət olan “Şəhriyar” adlı albom-kitab, “Dünya siyasəti” dərsliyi, böyük şairimiz Məhəmməd Füzulinin “Rind və Zahid” əsəri, mərhum publisist və əməkdar mədəniyyət işçisi, sənətşünas Elmira Qasımovanın müəllifi olduğu “Qəlbimin aynası”, Ağa Hacıbəylinin müəllifi olduğu, “Füyuzat” jurnalında dərc edilmiş silsilə məqalələrdən ibarət “Səadət ocağı – ailə” kitabı, ingilis dili dərsliyi, BDU-nun dosenti Atamoğlan Məmmədlinin müəllifi olduğu milli qəhrəmanımız Mübariz İbrahimova həsr olunmuş “Şəhidlərə kəfən lazım deyil” pyesi çap edilmişdir. Yaxın gələcəkdə də Fondumuzun yeni kitab layihələri ilə oxucuları sevindirəcəyik.
Füyuzat, №6 (80), 2014
Nurlan Səlim