“HAQQ NURU” – QADIN…

 

Allah insanı yaratdı, onu Özünə xəlifə elan elədi: “Sənin Rəbbin mələklərə: “Mən yer üzündə bir xəlifə yaradacağam” (Qurani-Kərim, 2/30), “…yalnız Özünün bildiyi adları İnsana da öyrətdi” (Qurani-Kərim, 2/31). Bununla onu digər varlıqlar arasından seçdi, ucaltdı və bütün yaradılmışları onun səcdəsinə endirdi: “Biz mələklərə: “Adəmə səcdə edin!” – dedikdə İblisdən başqa (hamısı) səcdə etdi” (Qurani-Kərim, 2/34). Sonra yaradılışa daha bir rəng gətirdi – qadını yaratdı və insanları cinslərə ayırdı: “Sizi tək bir şəxsdən (Adəmdən) xəlq edən, ondan zövcəsini (Həvvanı) yaradan Rəbbinizə qarşı gəlməkdən çəkinin” (Qurani-Kərim, 4/1).

İnsanı digər varlıqlardan fərləndirən xüsus yalnız Allahın bildiyi adlardan agah olması deyildi, həm də Onun əmanətinə sahib çıxan tək varlıq olması idi: “Biz əmanəti göylərə, yerə və dağlara təklif etdik. Onlar onu daşımaqdan imtina etdilər. Lakin insan onu boynuna götürdü” (Qurani-Kərim, 33/72). Ancaq Yaradanın başqa əmanətləri də vardı, qadın onları da götürdü. Bu əmanətlər qadının yaranışı ilə bağlı olduğuna görə onu özündən başqası yüklənə bilməzdi. Ən vacibi isə – qadın sadəcə o əmanətlərə sahib durmadı, onları sevdi, bütün varlığı ilə onların keşikçisinə çevrildi. Beləcə, qadın Yaradanın insana verdiyi bir çox keyfiyyətin canlı nümunəsi, maddi mücəssəməsi oldu. Onlardan sadəcə bir neçəsini xatırladaq.

Qadın Yaradanın yer üzündəki missiyasının davamçısıdır. Allah öz qatından üfürdüyü ruhu (Qurani-Kərim, 32/9) qadının bətninə etibar elədi. Deyirlər, qadından peyğəmbər olmur, ancaq Uca Allah Məryəmə də öz Kəlamını – hikmətini nazil etdi, üstəlik, canlı bir İnsan – İsa Məsih timsalında. “Mələklər dedilər: “Ey Məryəm! Həqiqətən, Allah Öz tərəfindən bir kəlmə ilə sənə müjdə verir. Onun adı Məryəm oğlu İsa Məsihdir ki, dünyada və axirətdə şanı uca və Allaha yaxın olanlardandır (Qurani-Kərim, 3/45). Məgər hər yeni insan Yaradanın bəşəriyyətə bir kəlməsi, hikməti deyilmi?!

Qadın səbirdir. O, bütün varlığı ilə bir səbir daşına dönüb, Yaradanla daxili bir ünsiyyət qurub səbir kasasının ən dərininə, ən genişinə sahib ola bilir. Doqquz ay canından can ayrılmasını gözləyən hər ananın, ömrünün 20 ilini haqsız həbsdə oturub şeir divanları bağlayan moğol şahzadəsi Zibun-Nisənin, övlad dərdini gözəl misralara çevirən Xurşidbanu Natəvanın səbri kimi. Bu, sadə bir səbir deyil. Bu, qoynunda kiçik qum dənəsindən mirvari incisi yetişdirən, qara tut yarpağından ağappaq ipək toxuyan səbirdir…

Qadın Yaradanla bəndə arasında ilk vasitəçidir – Allah məhz onun vasitəsilə öz yeni insanını qoruyur, böyüdür, maddi dünyaya gətirir, ilk bilikləri verir. Bu səbəbdən qadını insanın ilk və kamil ustadı da hesab etmək olar. O hələ bətnində ikən gələcək insanı öyrətməyə başlayır. Daha sonra laylaları, uzun yuxusuz gecələrində beşiyin başındakı həzin pıçıltıları ilə öz biliklərini körpənin şüuraltına yerləşdirir. Məhz qadının qoyduğu təməl üzərində gələcəyin vətəndaşı yetişir, İnsan adlı abidə qurulmağa başlayır…

Qadın həyat yoldaşıdır – Cənnətdən başlayan, məşəqqətli günlərdən keçən, könül bağlılığı ilə müşayiət edilən və nəticəsi yenə də Allah tərəfindən mükafatlandırılan bir yoldaşlıq. Bəli, həyatın davamı üçün qadın və kişinin müqəddəs yoldaşlığı – evliliyi vacibdir. Bu yoldaşlığın hənirinin, istisinin qoruyucusu isə qadındır. Saçının birini ağ, birini qara hörüb döyüşə yola saldığı ərinin yolunu vəfadarlıqla gözləyən sədaqət timsalı analarımız təki… Əhməd Cavadın hər əzabını onunla bərabər yaşamaqla yanaşı, üstəlik, öz ləyaqətini, sədaqətini, paklığını qoruyan Şükriyyə xanım kimi… Bəli, qadının sonsuz sevgisi həyat yoldaşını izsiz itib-batmağa qoymur, ona doğru uzanan yolu qoruyub saxlayır ki, harada olmasından asılı olmayaraq bir gün ya özü, ya ruhu geri, doğma ocağına qayıda bilsin.

Qadın arxa-dayaqdır. Təsəvvür belə etmək mümkün deyil ki, görəsən, ölümə məhkum Həzrət Musanı xilas edən Sara, Həzrət Muhəmmədə (s) ilk iman gətirən Xədicə, Pifaqorun bütün irsini qoruyub gələcək nəslə çatdıran Teano, Sokrata fəlsəfənin ən incə sirlərini öyrədən Aspazia və Diotima, Nitsşeyə Zərdüştün dediklərini açan Lu Salome, Şellinqi fəlsəfənin zirvəsinə qaldıran Karolina və daha neçə görkəmli qadın olmasaydı, tarixin gedişatı necə olardı?!

Qadın bir İşıqdır… Yağı ilahidən verilən bir çırağın, mumu ilahi hökmlə tükənməyən bir şamın İşığı… Yanar, nur saçar və sevgisinin yolunda damla-damla əriyər qadın. Qismətinə tabe olsa da, səssiz üsyanı ilə sədaqətini qoruyan Leyli, daşları ram etsə də, istedadının ocağında özü gil kimi bişib daşlaşan Kamilla Klodel kimi…

Qadın anadır və deməli, cənnətin davamıdır. Cənnəti anaların ayaqları altında zənn edirlər. Əslində, həqiqi cənnət əvvəlcə onun bətni, daha sonra qucağıdır. Cənnət onun nəfəsi, sözüdür. Qadının müqəddəsliyini məhz onun Ana olmağında görüblər qədim insanlar… Bu düşüncənin təməlində məhz yaratmaq, yeni bir varlığa həyat vermək dayanırdı.

Qadın şərəfdir, namusdur. XVI əsr italyan şai­rəsi Moderata Fonte deyir: “Müdrik, dindar və xeyirxah xanımı olan kişinin özü cahil, rəzil və pis bir insan olsa da, bu həmin qa­dı­nın ehtiramına, şərəfinə bir ləkə gətirmir. Lakin bir qadın bədbəxtlikdən arxasınca düşmüş bir heyranı tərəfindən yoldan çıxarılarsa, qürurunu itirərsə, bu və­ziy­yət o dəqiqə ərə böyük bir alçaqlıq və xəcalət gətirir; o nə qədər müdrik və hörmətli bir şəxs olsa da, o, qadına bağlıdır, qadın ona deyil”. Deməli, qadın nadir bir cəvahirat kimi qorunmalı, dəyəri bilinməlidir ki, kişi də dəyərli, şərəfli olsun!

Qadın bir başlanğıcdır. Fəlsəfə tarixçisi Riçard Tarnas müasir dövrü təhlil edərkən “mahiyyətcə kişi böhranı” ifadəsindən istifadə edir və bununla təfəkkürlərin bir növ məhdudluğunu, birtərəfliliyini, naqisliyini vurğulamağa çalışır. O yazır: “Əsrimizin qarşısında boyaboy dayanan böyük məsələ budur: kişi başlanğıcı özünün birtərəfli planından əl çəkib, nəhayət ki, dərk olunmamış yarısını görmək və könüllü olaraq qadın başlanğıcı ilə onun bütün təzahürlərində tamamilə yeni, qarşılıqlı anlaşma və bərabərliyə əsaslanan münasibətdə olmaq”. Maraq­lı­dır ki, deyilənlərdə iki təklif səslənir: insanın tam və kamil olması üçün qadın və kişi təfəkkürləri bir-birini tamamlamalıdır. İkincisi isə özünü ar­tıq tükətmiş Qərb təfəkkürü yenidən qalxmaq üçün öz başlanğıc nöqtəsinə dönməlidir. Qadınsız isə öz kökünə, əslinə dönmək mümkün deyil. Bəli, qadın bəşəriyyətin hər yeni nəfəsi – insanı üçün təkcə başlanğıc yox, həm də yeni ideyası, düşüncə tarixinin yeni mərhələləri üçün başlanğıcdır.

Qadın müdrikdir və bu müdriklik ona fitrətən verilir. Məhz müdrikliyə – Sofiyaya olan sevgi insanları filosof – müdrik edir. Bu nə ehtiraslı Eros, nə də ilahi sevgi Aqapedir. Bu Filiyadır – ana-övlad, doğmalıq sev­gi­sidir. Başqa sözlə desəm, burada artıq söhbət sənə doğma olan, sənə doğulmağa, özünü təsdiq etməyə, Həqiqəti dərk etməyə kömək edən sevgidən gedir. Bəli, qadına adi insanın yükləndiyi əmanətdən daha artığı verilib. Bəlkə də bu səbəbdən kişilər onun malik olduğu qeyri-ənənəvi məntiqi, 6-cı hissi, irrasional təfəkkürü anlamaqda çətinlik çəkirlər.

Qadın sirdir. Bu sirri açmaq isə az qala mümkünsüzdür. Bu sirr daim bir ümidlə nəsildən-nəslə, əsrlərdən əsrlərə keçir, möhtəşəm əsərlərə, tablolara köçür ki, bəlkə kimsə kəşf elədi?! Və hər kəs o sirrin bir zərrəsini açsa da, daha böyük hissəsi hələ də qalır. Bu sirr Məryəmin Müqəddəs Ruhla ünsiyyətində, Rabiə əl-Ədəviyyənin Uca Allaha ünvanladığı münacatlarında, Mona Lizanın təbəssümündə, Janna d`Arkın cəsarətində, moğol şahzadəsi Zibun-Nisə Məxfinin xiffət dolu şeirlərində gizlənib. Bu sirri araşdırıb axtaranlar bezmir, usanmır, çünki içində bir sevgi, bir cazibə var.

Qadın gözəllikdir. İstər qollarından məhrum qalmış Miloslu Venera olsun, istər qucağında körpəsini tutan Madonna olsun, istər heç bir rəsmi qalmayan fədakarlıq və iffət abidəsi Fatimeyi Zəhra (ə) olsun – qadın deyəndə ilk yada düşən zahiri və daxili gözəlliyi bir-birini tamamlayan varlıq olur. Bu tamlığa – kamilliyə xələl gətirən, xüsusilə ruhunun malik olduğu ilahi gözəlliyində bir əskikliyin, nöqsanın şahidi olanda isə böyük bir təəssüf hissi yaşanır – “heyif qadın adından”!

Qadın zəriflikdir. Su kimi sığal çəkə-çəkə daşı, qayanı  ovan, çiçək kimi incə-incə boylanıb asfaltı parçalayaraq özünə yol aça bilən, uzaq məsafələrə baxmadan durnalar kimi öz yuvasına sədaqətini qoruyan bir zəriflik. Bu zəriflik onu görənləri həm heyran edə bilir, həm də heyrətə salır.

Qadın cəmiyyətin siması olduğuna görə ən gizli proseslər belə ilk olaraq onun varlığında əks olunur. Məhz qadının simasında bir cəmiyyətin hansı əxlaqa, hansı mənəviyyata, hansı təfəkkürə sahib olmasını təyin etmək mümkündür. Bu səbəbdən çox vaxt cəhalətin ilk qurbanı da qadın olur. Qədim dövrlərdə yerin-göyün bərəkəti üçün qızları qurban verərdilər, cahiliyyə dövründə ərəblər qız uşaqlarını diri-diri torpağa gömərdilər. Xristianlıq Misirdə öz hökmünü bərqərar edəndə ilk qurbanı qadın oldu – İsgəndəriyyəli Hipatiya, inkvizisiya dövründə kilsənin qəzəbinə ən çox gələnlər, ifrat və kor düşüncənin ocaqlarında yandırılan da qadın oldu. Bəşəriyyət Müdriklikdən uzaq düşəndə onun bütün nişanələrini məhv edir – istər körpə qız olsun, istər gənc qız, istərsə də filosof qadın.

Qadın qüdrətdir. Rabiə əl-Ədəviyyənin dediyi kimi, heç bir qadın nə Firon kimi tanrılıq iddiasında olub, nə peyğəmbərlik, çünki o öz yerini, funksiyasını çox gözəl bilib, səssiz-səmirsiz öz missiyasını daşıyıb. Məhz onun qüdrəti ilə Hüseyn Cavid “Mənim Tanrım gözəllikdir, sevgidir” deyib. Mövlana isə belə buyurub:

Qadın Haqq nurudur, sevgili deyil…

Sanki yaradıcıdır, yaradılmış deyil…

Qadın bəşəriyyətin tam yarısıdır… Digər yarısının da qəlbinin sultanıdır!

Bəli, Qadın nümunədir – Allahın insana verdiyi əmanətin canlı nümunəsi.

 

 Könül Bünyadzadə

AMEA-nın müxbir üzvü