Cəmiyyətin həyatı üçün əhəmiyyətli olan hər bir ictimai hadisə fikir, bilik, fəzilət mərhələlərindən keçərək formalaşır. Öncə fikirideya yaranır. Sonra bu ideyanın bilik sayəsində nəzəri və əməli əsasları müəyyənləşdirilir. Nəzəri fikrin əməli işə çevrilməsi üçünsə fəzilət, yəni öncə milli məfkurə, onunla birlikdə mənəvi təmizlik, sağlam ictimai əxlaq tələb olunur. Bütün bunların mövcudluğu şəraitində ideyanın həyata keçirilməsi üçün ilk addım əməli təşəbbüsdür. Təşəbbüslər mahiyyətcə xoşməramlı və bədxassəli ola bilər. Miqyasından asılı olaraq xoşməramlı təşəbbüslərdən cəmiyyət üçün xeyirli nəticələr hasil olur. Milli İrsi Mədəni Tarixi Araşdırmalar Fondunun təşəbbüsü ilə 1906–1907-ci illərdə görkəmli ideoloq, turançılıq məfkurəsinin banisi, türk xalqlarının birliyi ideyasının müəllifi Əli bəy Hüseynzadənin baş redaktorluğu və milli qeyrəti, xeyirxah vətəndaşlıq duyğusu zəngin sərvəti kimi aşıb-daşan Hacı Zeynalabdin Tağıyevin maddi vəsaiti ilə nəşr edilən “Füyuzat” jurnalının yenidən nəşrə başlaması müasir mətbuatımızda və ümumiyyətlə, mədəni həyatımızda mühüm hadisə olmuşdur.

Milli İrsi Mədəni Tarixi Araşdırmalar Fondu 2005-ci ildə təsis edilmişdir. Fondun əsas məqsədi milli irsimizin, tarixi-mədəni dəyərlərimizin araşdırılması, onların qorunması, təbliği və daha da inkişaf etdirilməsindən ibarətdir. Klassik “Füyuzat”ın davamı kimi yeni “Füyuzat”ın nəşrə başlaması bu məqsədin əyani göstəricisidir. Bu təşəbbüs millətə, cəmiyyətə, vətənə xidmətin yaxşı nümunəsidir. Burada görkəmli türk şairi Ziya Paşanın

Ayinəsi işdir Kişinin, lafa baxılmaz,

Şəxsin görünür surəti-əqli əsərində…

 

misralarını xatırlamaq yerinə düşərdi. Yəni hər bir insanın dəyər ölçüsü onun boş sözləri deyil, gördüyü işlərdir. Bu baxımdan deyə bilərik ki, jurnalın bütün yaradıcı heyəti nümunəvi, vətənpərvər gənclərdən ibarətdir. Onlarla təmasda olmaq insanı mənən zənginləşdirir. Cəmiyyət üçün faydalı olmaq bu vətənpərvər gənclərin həyat idealıdır. Şübhəsiz ki, həm fondun yaradıcı heyətinin potensial imkanlarından daha səmərəli istifadə edilməsində, həm də jurnalın ilk nömrələrindən başlayaraq ictimaiyyət tərəfindən rəğbətlə qarşılanmasında ağsaqqal elm xadimlərindən biri, görkəmli jurnalist, publisist, bir neçə mətbuat orqanının yaradıcısı və baş redaktoru olmuş professor Teymur Əhmədovun rolu xüsusi qeyd edilməlidir. Onu da qeyd edək ki, T.Əhmədov hazırda “Respublika” qəzetinin baş redaktoru vəzifəsində çalışır.

Bir cəhəti xüsusi olaraq vurğulamaq lazımdır ki, klassik “Füyuzat”ın milli məfkurə, sosial-ictimai kəsərlilik səviyyəsinin yeni məcmuədə davam etdirilməsi asan iş deyildi. Əli bəy və onun məfkurə dostlarının siyasi, ideoloji düşüncələrindən qidalanan klassik “Füyuzat”ın davamçısı olan yeni “Füyuzat” yüz il sonrakı yeni şəraitdə, yeni sosial, mədəni, ictimai-siyasi mühitdə öz sələfinin ciddiyyətini, məfkurə aydınlığını, siyasi kəsərini saxlaya biləcəkdimi?

Məhz məsələnin bu cəhətinin yaradıcı heyət tərəfindən nəzərə alınması nəticəsində jurnal ilk saylarından başlayaraq kütləvi oxucu marağı və sevgisi qazana bildi. Çox yenilər köhnəlib, varislik missiyasını yarıyolda qoyub. Amma 10 illik uğurlu fəaliyyəti dövründə məcmuəyə olan oxucu marağı nəinki azalmadı, əksinə, get-gedə daha da artdı və artmaqda davam edir. Bu o deməkdir ki, yeni “Füyuzat” həmişə yeni qalacaq, yeni-yeni uğurlara imza atacaq, öz sələfinin layiqli davamçısı olacaqdır.

Baş redaktor başda olmaqla məcmuənin bütün yaradıcı heyəti keçmişimizə,  irsimizə məhəbbət və qayğı, öz oxucularına vətənpərvərlik, vətənə xidmətdə fədakarlıq aşılamaq, düşmənlərlə mübarizədə qətiyyət, cəsarət göstərmək, vətənin maddi və mənəvi sərvətlərini ilahi nemət bilib qorumaq kimi ali məramla yola çıxmışdı. Onlar bu ali məramları klassik irsimizdən mənimsəyərək onların müasir həyatımızın tələblərinə xidmət etməsinə səy göstərirlər. Əli bəy Hüseynzadənin “Bizim zəmanəmizdə hər bir millət yalnız fiziki deyil, həm də mənəvi mənada qüvvətli olmağa can atır. Çünki xoşbəxtliyin, səadətin yeganə əsası qüvvətdir (yəni ittihaddır). Bu isə biliksiz, vəsaitsiz (yəni dilsiz), yüksək əxlaqi səviyyəsiz (dinsiz) və bir-birinə məhəbbətsiz mümkün deyildir” tövsiyəsinə əməl edən jurnal vətəndaşların mənəvi kamilliyinə, dünyada baş verən hadisələrdən xəbərdar olmasına, beynəlxalq siyasi proseslərə ayıq gözlə baxa bilməsinə xidmət göstərən yazılar dərc etməyə üstünlük verir. Tariximiz və müasir həyatımız arasında əlaqəni diqqət mərkəzində saxlayır. Jurnalın hər bir sayı bunun əyani sübutudur.

Əli bəy Hüseynzadə və onun “Füyuzat”ının ana mövzusu olan turançılıq sosial və mədəni tərəqqini, bu tərəqqinin əsası kimi ittihadı – türk xalqlarının birliyini ön plana çəkirdi.

Çünki Əli bəyə görə: “Türkdə, türklükdə, türk qövmünün fitrətində bir əsəri-düha, bir istedadi-fövqəladə vardır, meydan müsaid, məkan və zaman müvafiq olduqda o istedad elm və hünər aləmində ətrafa bədiələr saçar, xariqələr yaradar. O düha cahangirlik asimanında yıldırımlar kimi bərq vurar”. Buna görə də Əli bəy tarixi gedişatın uyğun zamanında yaranan şəraitdən istifadə edə bilmək üçün türklərin milli birliyini və yüksək intellektual səviyyəsini vacib sayır və bunu təbliğ edirdi. Elə bu səbəbdən də yeni “Füyuzat” öz sələfinin yolunu davam etdirir, mütəmadi olaraq milli yüksəlişi, mənəvi kamilliyi, türk xalqları arasında müxtəlif aspektli əməkdaşlığı təbliğ edən yazılara tez-tez müraciət eləyir. Türk xalqlarının tarixindəki qəhrəmanlıq səhifələrini, bütün bəşəriyyətə töhfə vermiş elmi nailiyyətləri vaxtaşırı olaraq öz oxucularına təqdim edir. Jurnal hər nömrəsində vətən sevgisiylə, yurd qayğısı ilə, tariximizin qürurverici şəxsiyyətləriylə, hadisələriylə, təbiət və insan gözəlliklərinin rayihəsiylə, müdriklərin əsrlərin arxasından işıq saçan hikmətli sözləriylə oxucuların görüşünə gəlir, öz adına layiq mənəvi-əxlaqi dəyərləri, fəlsəfi feyzlərlə yoğrulan duyğuları, düşüncələri oxucuları ilə paylaşır. Bununla da “Füyuzat” adını şərəflə qoruyur, onların duyğu və düşüncələrinə feyz rayihəsi çiləyir. Onları gözəl olanları qorumağa, gözəl olmayanları gözəlləşdirməyə çağırır. Bu  da yeni “Füyuzat”ın varislik missiyasının daha bir göstəricisidir.

Vaxtilə Əli bəy özünün “Həyat və füyuzata meyil” adlı həcmcə kiçik, amma məna tutumu baxımından bütün cəmiyyət məsələlərini əhatə edən siyasi, ictimai mahiyyət daşıyan əsərində yazırdı: “Bir fərddə, bir cəmiyyətdə, bütün bəşəriyyətdə füyuzat şövqü yoxdursa, o fərd, o cəmiyyət, o millət, ümumiyyətlə bütün bəşəriyyət ölü sayılmalıdır. Hərəkət və fəaliyyət göstərsə belə, ölü sayılmalıdır… Həyatın kamillik dərəcəsi şövq və arzunun şiddətiylə, nailiyyəti isə arzu olunan vicdani feyzlərin ülviyyət, saflıq və davamlılığı ilə ölçülə bilər”. Böyük ideoloq haqlıdır. Çünki feyz insanların mənəvi və ictimai azadlığından, yüksək mədəni səviyyəsindən, bir-birinə qarşılıqlı hörmət və qayğısından, mənəvi kamilliyindən, millətlərin azadlıq və istiqlalından, cəmiyyətlərin ahəngdar nizamından, dövlətlərin ədalətli qanunlarla idarə olunmasından qidalanır. Belə olmasa, həyat gözəl, cəmiyyətlər ədalətli, insanlar xoşbəxt ola bilməzlər. Bütün bunları nəzərə alan Əli bəy Həsən bəy Zərdabinin və onun “Əkinçi”sinin ozamankı  Azərbaycan cəmiyyətindəki, eləcə də bütün İslam aləmindəki rolunu yüksək qiymətləndirərək yazırdı: “Aləmi-insan bir qaranlıq içərisində qaldığı zaman Həsən bəy Zərdabi əlinə məşəl alıb qaranlığı işıqlandırmağa çalışırdı. Bu  məşəl milli oyanışa, tərəqqiyə, istiqlala yol açan maarif işığı – “Əkinçi” idi”. Cəlil Məmmədquluzadəni və onun “Molla Nəsrəddin”ini Əli bəyə və onun “Füyuzat”ına qarşı qoyanlara sanki cavab kimi zamanı qabaqlayaraq yazırdı: “Molla Nəsrəddin”in ələ aldığı gülüş baltası istehza və rişxənddən, istehzalı yazı və şəkillərdən ibarətdir. İlk baxışdan bu qədər qəmli bir zamanda belə bir satirik jurnalın çıxması qəribə görünsə də, yaxşı diqqət edilib dərin bir nəzərlə baxılarsa, görünər ki, bu satira və gülüş ancaq zahiri olub, onun pərdəsi altında bol-bol axan göz yaşları gizlidir… bu, ürəyi kədər və qəmlə dolu Molla Nəsrəddin satirasıdır”.

Yeni “Füyuzat” istər Əli bəy Hüseynzadənin, istər Həsən bəy Zərdabinin, istərsə də Mirzə Cəlilin və onların nəşr etdiyi tarixi mətbuat orqanlarının  milli oyanış, milli özünüdərk, milli istiqlal düşüncəsinin oyanmasındakı tarixi rolunu davamlı olaraq şərh edir, təbliğ eləyir və bu vasitə ilə də müasir oxucunun milli ruh, milli düşüncə ilə silahlanmasına xidmət etmiş olur. İndiyə qədər jurnalda bu dahi şəxsiyyətlərin istər mətbuat tariximizdə, istərsə də milli ideologiyamızın formalaşmasındakı xidmətlərinin şərhinə silsilə yazılar həsr edilmişdir.

Milli kimlik məsələsi Ə.Hüseynzadənin milli-ideoloji düşüncələrinin ana xətlərindən biridir. Onun, demək olar ki, bütün əsərlərində milli mənsubiyyət məsələsi ön planda olmuşdur. Milli özünüdərk problemi ideoloji konsepsiya kimi  türk düşüncəsinə Əli bəy tərəfindən gətirilmişdir. Milli şüurun milli ideologiya səviyyəsinə yüksəlməsində Əli bəyin əsərlərinin və onun “Füyuzat”ının tarixi rolu əvəzsizdir. Milli özünüdərk şüuru Əli bəyin sayəsində konsepsiyaya çevrildi, sonra isə Məhəmməd Əmin Rəsulzadə, Üzeyir Hacıbəyli, Hacı Zeynalabdin Tağıyev, Məhəmməd Hadi, Hüseyn Cavid, Əhməd Cavad və digərlərinin fəaliyyətlərində sistemli şəkildə vüsət aldı. Əli bəy yazırdı: “O tayfa, o millət  təriqi-fəlah və nicatda olur ki, özünü tanıya, yəni hər qövm və millət öz qövmiyyətinə, lisanına, tarixinə, adət və əxlaqına, vəlhasil, özünün bütün əhvali-maziyə və hazirəsinə, hətta əhvali-atiyəsinə kəsbi-vüquf eyləmişdir”.

O dövrdə Əli bəy yeganə şəxs idi ki, türk xalqlarına öz mənşəyini, keçmişini, indisini bütün cəhətləri ilə, elmi-tarixi əsaslarla tanıtdırmağa çalışırdı. Yeni “Füyuzat” bu baxımdan da füyuzatçılıq ideyalarının layiqli davamçısıdır. Jurnal ardıcıl olaraq tariximizin dərin qatlarından başlayaraq həm orta əsrlərdə, həm də yeni dövrdəki şərəfli səhifələri ilə, bu dövrlərdə yaşayıb-yaratmış böyük tarixi şəxsiyyətlərin, alimlərin, şairlərin, dövlət xadimlərinin həyat və fəaliyyətləriylə bağlı yazılarla oxucuların həmsöhbəti olur. İnsanlıq tarixində iz qoyan keçmişimizin uğurlarını müasir oxucuya təqdim etməklə tarixi keçmişimizi bu günlə və bu günümüzü gələcəklə bağlamış olur. Jurnal xüsusilə XlX əsrin sonu – XX əsrin əvvəllərində yaşayıb-yaratmış Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu, Həsən Səbri Eyvazov, Həsən bəy Zərdabi, Məhəmməd Əmin Rəsulzadə, Üzeyir bəy Hacıbəyli kimi tarixi şəxsiyyətlərin həm mədəni, həm də ictimai-siyasi həyatımızdakı rolunu istər onların öz fikirləri, istərsə də onlar haqqındakı yazılar vasitəsilə oxuculara təqdim etməklə tarixi irsimizi bu gün də xidmət etməyə yönəltmiş olur.

Son iki yüz il ərzində maddi-mənəvi təcavüzlərə, talanlara, işğallara məruz qalan ölkəmizin fədakar, cəfakeş, qeyrətli övladları, milli əqidə sahibləri bu irtica dövründə də təqiblərə, qadağalara, sürgünlərə baxmayaraq milli azadlıq, milli tərəqqi yollarında ölümə belə meydan oxuyaraq susmamışlar. İşgəncələr, sürgünlər, edamlar bahasına olsa da, əqidələrindən dönməmişlər. Vətənin tərəqqisi naminə ömürboyu geriliyə, cəhalətə qarşı mübarizə aparan, millətin maariflənməsi yolunda can qoyan, lakin öz vətənində könül və düşüncə rahatlığının nə olduğunu bilməyən, “Vətəni sevməyən insan olmaz, olsa da, ol şəxsdə vicdan olmaz“, yaxud

 

Şişə çəksəz də diriykən ətimi,

Atmaram mən vətəni-millətimi…

 

deyən və 1918-ci il kütləvi mart qırğınlarından sarsılaraq dünyasını dəyişən Abbas Səhhət, o cümlədən 1937-ci il repressiyalarının qurbanları da belə şəxsiyyətlər olmuşdur. Buna görə də yuxarıda adlarını çəkdiyimiz və çəkmədiyimiz vətən övladlarının xatirəsinə həsr olunan yazılar jurnalın daimi mövzularındandır. Jurnalın yaradıcı kollektivi bunu özünün əxlaqi-vicdanı borcu hesab edir.

Yeni “Füyuzat” hər şeydən əvvəl müasirlik ruhunun, düşüncəsinin daşıyıcısıdır. Keçmişin dəyərləri və bu günün həqiqətləri məhz müasirlik şüuru ilə, müasir ölçülərlə oxuculara təqdim edilir.

Jurnalın yenidən nəşrə başlaması respublika ictimaiyyətində böyük əks-səda doğurdu. Elm, mədəniyyət xadimlərindən, sıravi vətəndaşlardan, xarici ölkələrdən minnətdarlıq məktubları, sevinc təbrikləri gəldi. “Füzuyat”ın ünvanına məcmuənin əhəmiyyətindən ürək dolusu inamla danışıldı. Xalq şairi, yeni dövr milli istiqlal mübarizəmizin önündə gələn Bəxtiyar Vahabzadə yazırdı: MənFüyuzatın yenidən işıq üzü görməsinə çox şadam. “Füyuzatın yenidən işıq üzü görməsi xəbərini eşidəndə özümü saxlaya bilmədim, ağladım. Çünki vaxtilə Əli bəyə, Əhməd bəy Ağayevə o qədər ləkə vurulub ki, düz yetmiş il Əli bəyi təhqir ediblərArzu edirəm  ki, “Füyuzatın o müqəddəs yolu davam etsin…”. Böyük şairimizin həm sevinc, həm də hüzn dolu bu sözlərini həyəcansız oxumaq mümkün deyildi. Bu sözlər yüz ildən artıq bir dövrdə füyuzatçılıq düşüncəsinin ürəklərdə, yaddaşlarda dipdiri yaşadığından xəbər verirdi. Jurnalın yeni nəşri ürəklərə fərəh, düşüncələrə aydınlıq, milli duyğulara yeni ritm, gözlərə sevinc yaşı gətirdi. Yeri gəlmişkən xatırladaq ki, Əli bəy Hüseynzadənin məfkurə dostlarından olan Həsən Səbri Eyvazov “Həyat” qəzetinin bağlanması xəbərini eşidəndə kədər göz yaşları, “Füyuzat” jurnalının fəaliyyətə başlaması xəbərini eşidəndə isə sevinc göz yaşları tökərək ağlamışdı…

Ağır zamanların istiqlal mücahidi B.Vahabzadənin arzusunu yeni “Füyuzat” on ildir ki dəyanətlə, məhəbbətlə yerinə yetirir. Öz sələfinin müqəddəs yolunu uğurla davam etdirir.

Jurnalın ilk sayının “Baş redaktordan” rubrikasında deyilirdi: Füyuzatməcmuəsinin 100 illik yubileyində onun davamı kimi 2007-ci ilin yanvar ayındaFüyuzatjurnalının oxuculara təqdimini iftixar hissi ilə qeyd edir və onun uzunömürlü olmasında əliqələmli, fikri işıqlı, qəlbi milli müstəqilliyimizin möhkəmləndirilməsi, xalqımızın məsud, vətənimizin gündəngünə çiçəklənməsi yolunda çalışan qeyrətli ziyalılara güvənirik“.

Bu çağırışa cavab gecikmədi. Jurnalla sıx əməkdaşlıq başladı. Ciddi məzmun, aydın milli məfkurə, müasir həyatın ciddi sosial-siyasi problemlərinə professional baxış, tarixi keçmişimizin dəyərlərini müasir baxışla oxuculara təqdim etmək bacarığı, yüksək poliqrafik dizayn jurnalın simasını müəyyənləşdirdi və onu həm müəlliflərə, həm də oxuculara sevdirdi. Mövzu rəngarəngliyi, cəmiyyətin bütün təbəqələri üçün maraqlı olan yazıların oxuculara təqdimi ona müasir jurnalistikada yaxşı nümunə səciyyəsi qazandırdı.

Jurnal hər nömrəsində oxucu qəlbinin dərinliklərinə nüfüz edən, ondakı vətənpərvərlik duyğularını daha da gücləndirən, eyni zamanda yüksək bədii gözəlliyə malik sətirlərə yer ayırmaqla hər birimizin ürək ağrımız olan Qarabağ itkisini daim yaddaşlarda saxlamaqla bu itkiyə çarə qılmağa səsləyir. Belə yazılardan bir örnək: Etibarı tarixdən, nağıllardan keçən göyərçin, pərvaz et, süzYağılar əlində qalan, yağmalanmış Vətən üzərindən süzİntizarlı dağlardan, kəsilmiş meşələrdən, sökülmüş tikililərdən, dağıdılmış qəbirlərdən xəbər gətir. SüzQarabağımızda qanadlarını birbirinə bərk çırp. Vətən sənindir, çəkinmə, süzBütöv Vətəni süz…”. Ağ bir göyərçin fonunda verilmiş bu sözləri həyəcansız, kövrəlmədən, qəlbində intiqam hissi coşmadan oxumaq mümkün deyildir.

Vətən məhəbbətinə, qeyrətinə, kövrək, amma qeyrətli duyğularına alqış, hamımızın “Füyuzat”ı!Füyuzat” – keçmişimizin yadigarı, bu günümüzün həqiqətlərinin, ideyalarının carçısı, sabahımızın ümid, inam qanadlarıdır“. Bu sözləri ardıcıl olaraq jurnalı mütaliə edən hər bir oxucunun mövqeyi kimi, daha doğrusu, ictimai rəy kimi qiymətləndirmək doğru olar. “Füyuzat” müasir jurnalistikamızda “Füyuzat məktəbi” yaratmışdır desək, yanılmarıq.

Klassik “Füyuzat” cəmi bir il yaşadı. Ancaq o 1 illik ömrünü özündən 100 il sonrakı “Füyuzat”da birləşdirib yaşını 100-ə çatdırdı. 1 il ərzində təbliğ etdiyi fikirlərin, vətənpərvərlik duyğularının, füyuzatın – yəni gözəlliklər, feyzlər axtarışının şüası, nuru yeni bir yüzilliyə də işıq saçdı. Biryaşlı “Füyuzat” qısa ömründə tarixə əsrlərlə öz dəyərini itirməyəcək düşüncələr sistemi bəxş etdi. Millətinə, bütün Turana, bəşəriyyətə xidməti varlığının mənası bilən Əli bəy Hüseynzadənin və onun “Füyuzat”ının dəyəri, uzunömürlülüyünün səbəbi də məhz bundadır. Onyaşlı yeni “Füyuzat”ın da yolu bu yoldur, amalı bu amaldır. O da onillik ömrünü bir əsr bundan əvvəlki “Füyuzat”ın ömrü ilə birləşdirib öz yaşını yüz ona çatdırdı. Yüz il əvvəlki “Füyuzat”ın işığını bu günümüzə gətirdi. Bu işıqla gələcək yollarımızı aydınlatdı və aydınlatmağa da davam edir. Jurnalın hər bir sayının titul səhifəsində təkrarlanan sözlər onun ömür yolunun bəyannaməsidir: FüyuzatdanFüyuzata varislik gəldi. Milli irs, mədəni tarix gəldi: “Füyuzat”  “Füyuzatla birləşdi. Gələcəyə feyzlərlə, ətirlərlə, milli duyğu, milli hislə, milli təpər, milli güclə, milli birlik, həmrəyliklə yola düşdü“. Hər səhifəsindən vətənpərvərlik ətri gələn jurnalın bütün kollektivinə bu yolda yeni-yeni uğurlar diləyirik. Ucalığa könül verən ucalar!”.

On yaşın mübarək, əziz “Füyuzat”!

 

Füyuzat, №1 (93), 2017

Allahşükür Qurbanov,

fəlsəfə doktoru