Yalnız Azərbaycanın deyil, bütün türk dünyasının maariflənməsində, milli kimlik şüurunun oyanmasında və təkamülündə, milli istiqlal mücadiləsi fikrinin yaranmasında, formalaşmasında və inkişafında tarixi rol oynayan “Füyuzat” jurnalının 110, onun davamı olan yeni “Füyuzat”ın isə 10 illik yubileyidir. Əslində, müxtəlif vaxtlarda, hətta ayrı-ayrı əsrlərdə nəşr olunan eyniadlı, eyni məfkurəli, eyni amallı bu məcmuələrin hər ikisinin 110 yaşı var. Çünki klassik “Füyuzat”ın idealları, arzuları, ruhu yeni “Füyuzat”da yaşayır, davam edir. Müasir “Füyuzat”ın kökləri, qaynaqları ideallarından, ruhu isə klassik “Füyuzat”dan gəlir. 110 yaşın mübarək, əziz “Füyuzat”!

Məcmuənin bu yubiley günlərində bir anlığa 1900-cü illərin, “Füyuzat”ın nəşrə başladığı və ömür sürdüyü 1906–1907-ci illərin sosial-mədəni, ictimai-siyasi mənzərəsi təsəvvürə gəlir: istibdad, istismar, cəhalət, düşüncə qadağaları, savadsızlıq, iqtisadi iflas, sosial möhtaclıq, düşmən qüvvələr, məkrli planlar, bütün müsəlman Şərqində, xüsusilə çar Rusiyasının əsarəti altında olan türk-müsəlman xalqlarının, ölkələrinin acınacaqlı vəziyyəti… Bir yandan çar Rusiyasının öz təbəəliyində olan türk-islam xalqlarını müstəmləkə vəziyyətində saxlama cəhdləri, o biri yandan yenə də Rusiyanın iştirakı ilə Avropa dövlətləri tərəfindən Osmanlı imperiyasının hakimiyyəti altında olan torpaqların bölüşdürülməsi və bu imperiyanın yox edilməsi barədə siyasi planlar, bu planların əməli nəticələri o dövrün ümumi mənzərəsini səciyyələndirirdi.

Bu qəsbkarlıq və irtica dövrünün başqa bir xüsusiyyəti də var idi. Bu dövr eyni zamanda bütövlükdə Avropa və inkişaf etmiş dünya ölkələrində reform hərəkatlarının, demokratik meyillərin, rasionalist düşüncənin gücləndiyi dövr idi. Əsarət altında olan və bu səbəbdən də geridə qalmış ölkələrdə, o cümlədən Azərbaycan və Türkiyədə millətlərin milli oyanış dövrü kimi də səciyyələnirdi.

Əli bəy Hüseynzadənin üzərinə məhz belə bir tarixi şəraitdə milli dirçəliş hərəkatının öncüllərindən biri olmaq missiyası düşmüşdü. Qeyri-adi istedad, türkçülük, vətənpərvərlik, dərin bilik, əzmkarlıq onun bu yolda dayağı olmuşdu. 1906–1907-ci illərdə Ə.Hüseynzadənin təşəbbüsü və redaktorluğu ilə nəşr edilən “Füyuzat” jurnalı həm Əli bəyin ideyalarının, həm də bütövlükdə “Füyuzat”ın təbliğat mərkəzi idi. Bütün fəaliyyəti dövründə jurnalın ana xətti olan füyuzatçılıq elmi-nəzəri əsasları Ə.Hüseynzadə tərəfindən işlənib-hazırlanmış bitkin ədəbi-mədəni, sosial-ictimai və siyasi-ideoloji bir konsepsiya idi. Konsepsiyanın əsas prinsipləri isə əsrin əvvəllərində türk-islam ölkələrində mövcud olan əsarətin, istismarın, geriliyin səbəblərini ictimaiyyətə izah etməkdən, xalqları milli dirçəlişə, ictimai azadlıqlara nail olmağa səsləməkdən ibarət olmuşdur. Jurnalda nəşr olunan bütün materiallar ya birbaşa, ya da dolayı yolla bu məqsədə xidmət edirdi.

Türkləşmək, islamlaşmaq və müasirləşmək kimi tərkib hissələrdən ibarət olan füyuzatçılıq türk-islam xalqlarının xilasını ilk öncə təkamüldə görürdü. Təkamülün ilk pilləsi isə maarifçilik idi. Əli bəy belə hesab edirdi ki, yalnız maariflənmək siyasətində türklər öz milli kimliyini, tarixi keçmişini öyrənə bilər. Öz kimliyini bilməyən, öz tarixindən xəbərsiz olan millət azad, xoşbəxt ola bilməz. Türklərin birliyi ittihadla, özlərinin ortaq soy-kökə, ortaq tarixə, ortaq dilə və mədəniyyətə malik olduqlarını dərk etmələri ilə mümkündür. Elə buna görə də “Füyuzat” və füyuzatçılıq qatı irtica rejimini, türk-islam dünyasının qaranlığını yarıb bu qaranlıq mühiti aydınlatmağa çalışırdı. Doğrudur, yenilik axtarışları, yeni düşüncə tərzi öz ilk işartılarını Abbasqulu ağa Bakıxanovla göstərsə də, türkçülük və onun inkişafının son mərhələsi kimi turançılıq ideologiyasının banisi, şühbəsiz ki, Əli bəy Hüseynzadədir.

Əli bəyə görə, turançılıq böyük birlikdir, böyük güc olmağın böyük yolu bu birlikdən keçir. Vaxtilə amansız hücumlara, təhqirlərə, ittihamlara məruz qalan bu ideologiyanın yalnız o dövr üçün deyil, bu gün üçün də nə qədər aktual olduğunu, həyati əhəmiyyət kəsb etdiyini zaman təsdiqləmişdir. Füyuzatçılığa görə, ayrı-ayrı türk xalqları, türk dövlətləri böyük birliyin – turançılığın tərkib hissələridir. Vaxtilə M.Ə.Rəsulzadənin “Turançılıq türk xalqlarının öz müstəqilliyi uğrunda, milli müqəddəratının təyini və təsdiqi uğrunda mütərəqqi ideologiyadır” sözləri təsadüfən deyilməmişdir. Əli bəyin türkçülük görüşlərində türk xalqlarının və türk dövlətlərinin iqtisadi tərəqqiyə nail olmaları əsas yerlərdən birini tuturdu. Türk xalqlarının milli müstəqillik düşüncəsi “Biz qafqazlıyıq (azərbaycanlıyıq – A.Q.), Qafqaz əhlinin öz idarəsinə özü baxa bilmək üçün lazım gələn muxtariyyət tələb ediriz” sözləri ilə milli istiqlaliyyət anlayışını əks etdirən aydın siyasi dünyagörüşünün ifadəsi idi.

Mərhum Yaşar Qarayevin “Nəriman Nərimanov, M.Ə.Rəsulzadə, M.K.Atatürk, Ziya Gökalp Əli bəy Hüseynzadədən başlayır” sözləri Əli bəyin siyasi görüşlərinin və onların sonrakı nəticələrinin düzgün qiymətləndirilməsinə bariz sübutdur. Bu da təsadüfi deyildir ki, Atatürkün Əli bəyə böyük rəğbəti olmuş, onunla bir zaman əməkdaşlıq etmişdir. Hətta sonralar o, Əli bəyi türk parlamentində görmək istədiyini bildirmişsə də, Əli bəy razılıq verməmişdir. Yeri gəlmişkən qeyd etmək lazımdır ki, turançılıq məfkurəsini bəzən yanlış olaraq türk mütəfəkkiri, böyük türkçü Ziya Gökalpın adı ilə bağlayırlar. Amma unutmaq olmaz ki, Ziya Gökalpın məşhur “Vətən nə Türkiyədir türklərə, nə Türküstan, Vətən böyük və müəbbəd bir ölkədir – Turan” (1911) misralarından xeyli əvvəl Əli bəy 1906-cı ildə “Əcdadımızın müştərəkən mənşəyi Turan” deyərək turançılığın ilk bəyannaməsini elan etmişdi.

“Füyuzat” jurnalı və onun təbliğ etdiyi ideyaların ciddiyyəti, qaldırdığı ictimai-siyasi məsələlərin kəskinliyi çar üsuli-idarəsini qorxuya salmışdı, jurnalın populyarlığı artıq ciddi narahatlıq doğururdu. Elə bu səbəbdən məcmuə qapadıldı. Türk və müsəlman xalqlarının varlığına, milli dirçəlişinə qəsd edildiyi indiki dövrdə, Şərq xalqları arasında təfriqə salaraq bu ölkələrdə vətəndaş müharibəsi yaratmaqla, məzhəb ayrı-seçkiliyi təfriqəsini körükləməklə ölkələrin dağıldığı, xərabəyə çevrildiyi, minlərlə günahsız insanların öldüyü bir zamanda türk-islam xalqlarının birliyi, o cümlədən Ə.Hüseynzadənin düşüncə irsi və füyuzatçılıq ideyalarının həm də nə qədər müasir olduğu ortaya çıxır.

2007-ci ildə əsas məqsədi milli-tarixi irsimizi araşdırmaq, qorumaq və təbliğ etməkdən ibarət olan Milli İrsi Mədəni Tarixi Araşdırmalar Fondunun təşəbbüsü və dəstəyi, görkəmli ictimai xadim, yarım əsrdən artıq bir dövrdə mətbuat sahəsində xidmətləri olan professor Teymur Əhmədovun baş redaktorluğu ilə klassik “Füyuzat”ın davamı kimi nəşrə başlayan yeni “Füyuzat” bütövlükdə respublikamızın mədəni həyatında mühüm hadisəyə çevrildi. Sovet hakimiyyətinin milli düşüncəyə qadağa qoyduğu illərdə “Gülüstan” poemasını yazmaqla füyuzatçılıq məfkurəsinin təmsilçisi olduğunu bəyan edən xalq şairi Bəxtiyar Vahabzadə jurnalın yenidən nəşri xəbərini eşitdikdə ağladığını yazmışdı. Bəxtiyar müəllimin bu sevinc göz yaşları, “Həyat” qəzeti bağlandıqdan sonra “Füyuzat”ın nəşrə başlaması zamanı görkəmli füyuzatçı Həsən Ayvazovun axıtdığı göz yaşları ilə eyni idi. Hər iki fakt jurnalın duyğulara, düşüncələrə necə təsir etdiyinin, onun milli məfkurəyə necə təsir göstərdiyinin ifadəsidir.

Beynəlxalq münasibətlərin daha mürəkkəb olduğu bir vaxtda, yeni sosial-mədəni, ictimai-siyasi şəraitdə Əli bəyin arzuladığı müstəqil Azərbaycanın milli maraqlarını qorumaq, sosial-iqtisadi tərəqqisini, beynəlxalq siyasi nüfuzunu təbliğ etmək yolunu tutan jurnal qısa bir zamanda geniş oxucu auditoriyası qazandı və digər ölkələrə də yayıldı. Bu işdə jurnalın ənənələrə sadiq qalmaqla bərabər, müasirlik mövqeyi, baş redaktorun material seçimindəki həssaslığı, məcmuənin yaradıcı kollektivinin peşəkarlığı, milli maraqlar yolunda fədakarlığı həlledici rol oynamaqdadır. Jurnalın müxtəlif oxucu marağına səbəb olan yazılara yer verməsi, yüksək poliqrafik-dizayn tərtibatı da bu işdə az rol oynamamışdır. Bütün bu xüsusiyyətlər mənim də ürəyimcə olduğuna görə jurnalla ta başlanğıcdan əməkdaşlıq etməyə başlamışam, mütəmadi olaraq jurnalda yazılarım dərc olunur və jurnalla qürur duyuram.

Jurnalın 110 illik yubileyini bir daha təbrik edir, onun kollektivinə bu şərəfli işdə yeni-yeni uğurlar arzulayıram.

 

Füyuzat, №4 (96), 2017

Allahşükür Qurbanov,

fəlsəfə doktoru