CÜMHURİYYƏT SEVDALI REPRESSİYA QURBANI

 

1900-cü ilin yayında Bakının Novxanı kəndinin sayılıb-seçilən sakinlərindən, savadlı ruhanilərindən olan Əbdüləziz kişinin ailəsində bir qız dünyaya göz açdı. Adını Ümgülsüm qoydular. Yaşıdları içərisində dərin zəkası, həssaslığı, ətraf aləmdə baş verənlərə fərqli münasibəti ilə seçilən bu qızcığaz ilk şeirini 9 yaşında yazdı və atasının xeyir-duasını qazandı…

Zaman keçdikcə dövrün müxtəlif mətbuat orqanları – “İqbal”, “Yeni İqbal”, “Açıq söz”, “Azərbaycan” qəzetlərində, “Dirilik”, “Qurtuluş”, “Məktəb” və s. jurnallarda göründü Ümgülsümün imzası. 1915-ci ildə “Qurtuluş” jurnalının elan etdiyi müsabiqədə “Solğun çiçək” hekayəsi ilə iştirak edən 15 yaşlı Ümgülsüm  qalib oldu və M.Ə.Sabirin “Hophopnamə”si ilə yanaşı, jurnalın birillik abunəsi ilə mükafatlandırıldı.

Dövrün tanınmış yazıçı və tənqidçilərindən olan Seyid Hüseyn Sadıqzadə ilə tanışlığı Ümgülsümün də həyat və  yaradıcılığına, dünyagörüşünə təsirsiz qalmadı. Onlar 1917-ci ildə nişanlansalar da, Ümgülsümün anasının dünyasını dəyişməsi, dövrün ictimai-siyasi hadisələri – mart soyqırımı, inqilablar gənclərin nikahlarının gecikməsinə səbəb oldu. Nəhayət, 1920-ci ildə ailə quran bu yaradıcı insanlara tale 4 övlad  –  3 oğlan, 1 qız bəxş edir. Lakin qayğıkeş bir valideyn kimi bu uşaqları böyüdüb boya-başa çatdırmaq, övladlarının xoşbəxt günlərini görmək onlara nəsib olmadı; 1937-ci ilin sərt rüzgarı, siyasi tufanı bir çox vətən övladları kimi Sadıqzadələr ailəsini də amansız, acımasız ağuşuna alıb vətənlərindən və övladlarından ayırdı. İyunun 15-də xalq düşməni kimi Seyid Hüseyn, ondan beş ay sonra isə həyat yoldaşı Ümgülsüm  həbs edildi…

Bir qadın taleyinə, bir ana ömrünə kəsilən 8 il müddətdə azadlıqdan məhrumetmə cəzası ölüm hökmü qədər ağırdır. Lakin bu ağır yükü zərif çiyinlərində, həsrət və sevgi duyğusunu şair qəlbində yaşadan Ümgülsüm  ruhunu qorumağı, onu ölməyə qoymamağı bacardı. Altı ay Bayıl həbsxanasında, 1944-cü ilin ortalarına qədər Temlaq həbs düşərgəsində cəza çəkərkən fiziki cəhətdən əlil olsa da, vətəninə və sevimli balalarına qovuşmaq ümidi onu yaşatdı. Cismən ciyərparələrindən uzaqda qalsa da, ruhən onları köksündə yaşadan, daim əzizləyən, qəlbinin yükünü ondan başqa “yükləməyə”  həmdəm tapmayan Ümgülsüm  həmişə kağız qıtlığı çəkirdi. Övladlarına yazdığı məktublarında da onlardan ən böyük xahişi  “məktubun içərisinə ağ kağız qoyun”  olurdu.

Rəngarəng yaradıcılığa malik olan Ümgülsümün əsərlərinin ana xəttini vətənpərvərlik, mübarizəyə çağırış, əzmkarlıq, türk, Turan dünyasının birliyi, istiqbalı arzusu, əzəli və əbədi vətən sevgisi təşkil edir. Bir türk övladı olmasından qürur duyan şairə millətimizin istiqlala və parlaq  istiqbala ehtiyacı olduğunu və bu ehtiyac uğrunda qorxmadan, çəkinmədən mübarizəyə səsləyir vətən övladlarını:

 

Türklük deyil, biz türklüyün özüyük,

Millətimiz bizim ilə canlanır.

Qazanların, Fateh xanın qızıyıq,

Türklük adı fütuhatla şanlanır.

 

O, köksündə böyük sevgilər yaşadan, vətənini, ailəsini, övladlarını qarşılıqsız məhəbbətlə sevən və bu sevgidən güc alaraq yaşayan elə bir ana, elə bir qadın, elə bir vətən övladıdır ki, qarşısındakı qorxunc tufanlardan belə qorxub-çəkinmir.

Xalqımızın çar Rusiyasına qarşı apardığı azadlıq mübarizəsinin nəticəsində Şimali Azərbaycanda yaranmış müstəqil dövlət və müsəlman Şərqində ilk parlament respublikası olan Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından Məhəmməd Əmin Rəsulzadənin doğmaca əmisi qızı idi Ümgülsüm. Onun cümhuriyyətə sevgisindən yaranan şeirləri cümhuriyyətin süqutundan sonra İstanbulda məskunlaşmaq məcburiyyətində qalan mühacir ziyalılar – M.Ə.Rəsulzadə, M.B.Məhəmmədzadə, Mustafa Vəkilli və b. tərəfindən nəşr olunan mühacirət mətbu orqanlarında, habelə hazırlayıb çap etdirdikləri toplularda yer almağa başladı.

M.Ə.Rəsulzadənin şüara çevrilən “Bir kərə yüksələn bayraq bir daha enməz!” deyimini “Bən” adlı şeirinə epiqraf seçən Ümgülsüm sanki qəsbkarlara xitabən onlara təkidlə deyirdi:

 

Səndə “oraq” varsa, bənim “ay”ım var,

“Oğuzdan” aldığım altun yayım var,

Milliyyət denilən bir sarayım var,

Yaşıl diyarın göy pasibanı bənəm…   

 

Vətəninə, dövlətinə, millətinə məxsus bayrağını, elmi mənbələrdə də göstərildiyi kimi, “SSRİ-nin bayrağında olan “oraq”la Azərbaycan Xalq Cümhuriyyətinin bayrağındakı  “ay”ı qarşılaşdıran şairə xalqımızın “oğuz”dan miras qalan altun yaya – türkün döyüş və qəhrəmanlıq dolu tarixi ənənələrinə, İslamlığın yaşıl əmniyyətinin, müslimliyinin, türklüyün səma rəngli mavi, qüdrətli göy pasibanı, himayədarlarına dayandığını, güc aldığını bildirir”.

Türk soyundakı mübarizə əzmini, vətən sevgisini hər şeydən üstün tutan şairə zaman-zaman torpaqlarımızın yadellilər tərəfindən işğal edilməsinə baxmayaraq türk oğlunun qüdrəti, qüvvəti ilə onların yenidən geri qaytarılacağına inamla yazırdı:

 

Yenəməz xalqımın milli bayrağı,

Gavurda qalamaz türkün torpağı.

 

Vaxtilə deyilmiş bu sözlər bu gün üçün də aktualdır. Belə ki, cənnət Qarabağımızın uğrunda tökülən qanlar, verdiyimiz şəhidlər millətimizin mübarizlik əzminin qırılmazlığının, torpağa sahiblik hissinin hər zaman oyanıqlığının göstəricisidir.

1918-ci ilin mart ayında erməni daşnaklarının Bakıda və ölkəmizin müxtəlif bölgələrində (Quba, Şamaxı, Gəncə və s.) törətdikləri vəhşilikləri dayandırmaq, insanları, yeni qurulan Azərbaycan Cümhuriyyətini məkrli yağı hücumlarından qorumaq məqsədilə vətənimizə gələn Qafqaz İslam Ordusuna olan böyük ümid  və sevgi də Ümgülsümün könül dəftərində, poeziya çələngində özünəməxsus yer tutub. O, üzünü sanki “Ey Qafqaz İslam Ordusu” – deyə qan qardaşlarına  tutub minnətdarlıq duyğusu ilə yazırdı:

 

İştə gəldin, gözlərimin yaşlarını qurutdun,

Nəvazişin ovunmayan qərib ruhu oxşadı.

Heç ölçüyə sığınmayan dərdlərimi ovutdun,

Qara günüm hilalıyın işığıyla parladı.

 

Bu sətirlərdə Qafqaz İslam Ordusuna, onun timsalında türkün qüdrətinə  inam nə dərəcədə sarsılmazdırsa, torpaqlarımızın azad olacağına, xalqımızın istiqlalının əbədiliyinə güvənclik bir o qədər güclüdür. Bu da vətən övladının azadlıq ruhunun ölməzliyindən irəli gəlir.

Hər bir insan vətəninə, onun dəyərlərinə münasibətini, sevgisini özünəməxsus şəkildə ifadə edir. Ümgülsümün də qəlbindən qələminə süzülən sözlər tarixə döndü. Daim başının  üzərindəki  bayrağından, ayağının altındakı vətən torpağından güc, qüvvət alan şairə vətəninin üzərində əsən soyuq siyasi küləklərlə belə savaşa qalxdı, onları qəlbinin atəşi ilə yandırmaqla təhdid etdi:

 

Ey buzlu şimaldan qopan ruzigar!

Toxunma qəlbimə, atəşi parlar.

Saqın, gəlmə, səni nəfəsim boğar,

Dəf ol, vətənimdə görəməm səni…

 

Ümgülsüm vətənini, onun azadlıq və istiqlalını vətəndaş-şair kimi sevdi, alqışladı. Ona görə bu gün də onun yaradıcılığı aktualdır, diqqətçəkəndir. Çünki yurd  sevgisi, vətən məhəbbəti əbədidir. Ümgülsümün poeziyası da vətən məhəbbətlidir.

Hər bir inkişafın əsasında azadlıq dayanır. Vətəni azad olmayan insan azad ola bilməz. Azadlıq olmayan yerdə nə ailə inkişaf edər, nə də cəmiyyət. Ona görə də vətənin hər bir fərdi azadlıq üçün öz töhfəsini verməyi bacarmalıdır. Buna görə də Ümgülsüm  cinsindən, yaşından asılı olmayaraq bütün vətən övladlarını mübarizəyə səsləyir, milli-tarixi yaddaşlarını oyaq saxlamağa çalışırdı:

 

Səslənməli, varlığımız bilinsin,

Türk oğlunu yadlar öksüz sanmasın.

Güc verəlim, qüvvətimiz görünsün,

Qız-qadınlıq həyansız, tək qalmasın.

 

Bu misralara mübarizə əzmi, nikbin ruh, qadınlıq, analıq qüruru hakimdir. Ümgülsümün könül rübabı ən çətin anlarında belə nikbinliyini qorumuş, ümid və inamın güclü sədası ətrafa yayılmışdır:

 

Səfa ümidilə cəfa gələrsə,

Ağlama, hər cəfa səfa bəklədir.

Ümidini kəsmə, bəla gələrsə,

…İrəlidədir sənin aydın günlərin,

Vəslətini bəkləməkdə dilbərin!

 

Biz bu ümid və inamın onun məhbusluq həyatında ölmədiyinin şahidi oluruq. Bunu şairənin “Qala xatirələrim”in 21 aprel 1938-ci ilə aid olan yazılarında da görmək mümkündür: “…Ah, ürəyim, ürəyim… Elə çırpınır ki, elə bil yerindən çıxmaq istəyir. Burada indi mərdlik lazımdır. Ağlamaq qətiyyən olmaz. Uşaqlara özümü ağlar göstərə bilmərəm. Yazıqdırlar. Bəlkə uzun illər ayrı düşdüm, sonra onlar məni gözüyaşlı xatırlamasınlar”.

Burada  bir türk qadınının, bir məhbus ananın nə qədər ağır vəziyyətdə olsa belə, özündən əvvəl övladlarını düşünməsi, onların əhvali-ruhiyyəsini qorumaq üçün səy göstərməsi ana olmağın heç nə ilə müqayisə edilmədiyini göstərir.

Ancaq nə yazıq ki, Ümgülsümün həbs cəzasının bitməsinə bir qədər qalmış vətənə dönməsinə icazə verilsə də, ona doğulub böyüdüyü Bakı şəhərində yaşaması qadağan olunur, səs hüququndan məhrum edilərək Bakıdan kənara – Şamaxıya göndərilir. Ömrünün son günlərini azyaşlı qızı Qumralla Şamaxıda  yaşamaq məcburiyyətində qalan  şairə 1944-cü ildə burada da vəfat edir.

Özündən sonra nisgilli bir xatirə qoymuş Ümgülsümün həyat və yaradıcılığı bu gün də elmi düşüncənin tədqiqat obyektidir.

 

 

Sədaqət Məmmədova,

filologiya elmləri üzrə fəlsəfə doktoru, dosent