Müsahibimiz Milli İrsi, Mədəni, Tarixi Araşdırmalar Fondunun icraçı direktoru Pərviz Əmirovdur

– Respublikamızda təsis olunan hər bir QHT, xalqının və dövlətinin inkişafına köməklik göstərmək üçün öz nizamnaməsində üzərinə müəyyən öhdəlik götürür. Bu öhdəliyin həyata keçirilməsi üçün dövlət tərəfindən onlara müəyyən dərəcədə diqqət və qayğı göstərilir. Xalqına və millətinə faydalı olmaq kimi müqəddəs bir vəzifə ilə vəzifələnmiş QHT-lərdən biri də Milli İrsi, Mədəni, Tarixi Araşdırmalar (MİMTA) Fondudur. Nizamnamənizdə də qeyd olunduğu kimi, 2005-ci ildə təsis olunan fondun əsas məqsədi milli irsi, mədəni, tarixi dəyərlərin qorunub-saxlanmasına, inkişafına köməklik göstərmək və xeyriyyə tədbirlərinin təşkilindən ibarətdir.

Pərviz müəllim, fəaliyyətə başladığı gündən bəri MİMTA Fondu hansı yolu keçmiş və nə kimi əlamətdar hadisələrlə yadda qalmışdır?

– Əvvəla, fondumuzun 5 illik yubileyi münasibətilə bütün əməkdaşlarımızı səmimi-qəlbdən təbrik edirəm. Mənim üçün fondumuzun hər bir günü əlamətdardır. Çünki fondumuz ən ülvi və səmimi duyğulara söykənərək, əsas qayəsi xalqımıza və dövlətimizə faydalı olmaq kimi xoş bir məramla təsis olunmuş və fəaliyyətə başlamışdır. Fondumuz ədəbi tariximizin böyük abidələrindən biri olan “Füyuzat” jurnalının nəşrini 2007-ci ildən  yenidən bərpa etdi və həmin ildən də bizim rəsmi fəaliyyətimiz başladı. YUNESKO 2007-ci ili Mövlana Cəlaləddin Rumi ili elan etmişdi. Biz də bu böyük layihəyə bir dəstək olmaq ümidiylə Mövlanadan seçmələr olan “Eşq pərvanəsi” adlı kitabı nəşr etdirdik. Fondumuz əlamətdar hadisələrlə bağlı bir çox tədbirlər də həyata keçirmişdir. Ədəbiyyat, tarix, mədəniyyət, səhiyyə, milli musiqi, kitabxanalar və gənclər mövzusunda bir çox elmi seminarlar təşkil etmişdir. Əli bəy Hüseynzadə, Həsən bəy Zərdabi, Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Nəriman Nərimanov, Heydər Əliyev, Bəxtiyar Vahabzadə, Qılman İlkin kimi dahilərin həyat və yaradıcılığı ilə bağlı, tarix mövzusunda isə Qarabağda itirdiklərimiz, qədim Azərbaycan abidələri, Qərbi Azərbaycan tarixi və deportasiyalar, Borçalıdakı mədəniyyət abidələrimiz və s. ilə bağlı görkəmli alimlərimizin də qatıldığı “dəyirmi masa”lar təşkil edilmişdir. Gələcək planlarımız daha zəngin və dinamikdir. Bir neçə yeni layihə üzərində işləyirik. Yaxın müddətdə oxucularımıza bir neçə kitab töhfəmiz olacaq. Azərbaycan şairi Şəhriyarın yaradıcılığı ilə bağlı kitabın və Füzulinin “Rind və Zahid” əsərinin üzərində işləyirik. Həmçinin vətənpərvərlik, Azərbaycan ailəsi, Şeyx Nigari Qarabağinin həyatı, Yunus Əmrənin həyat və yaradıcılığından bəhs edən kitablar da işıq üzü görəcək.     

– Suala verdiyiniz cavabınızdan da aydın olur ki, fond müəyyən tədbirlər, konfranslar keçirmiş və fəaliyyət göstərmişdir. Sizcə, ilk illər üçün nəzərdə tutduğunuz planların həyata keçməsinə nail oldunuzmu?

– Bu günə qədər gördüyümüz işlər fondun nizamnaməsinə əsaslanaraq həyata keçirilmişdir. Buna görə də hər bir işimizdə hədəfimiz kəmiyyət deyil,  keyfiyyət olmuş və layihələrimiz uğurla həyata keçirilmişdir.

– 100 ildən sonra milli fəxrimiz, tariximizin “qızıl siyahı”sına düşmüş “Füyuzat” jurnalını yenidən nəşr etdirdiniz. Buna MİMTA Fondunun payına düşmüş milli qürurverəcək böyük nəsib deyərdik. “Füyuzat”ın yenidən nəşri ilə bağlı hislərinizi bizimlə bölüşməyinizi xahiş edərdik.

– “Füyuzat”ın nəşrinin yenidən bərpa edilməsi dövlətimiz qarşısında vətəndaşlıq,  milli irsimiz qarşısında soydaşlıq, Əli bəyin ruhu qarşısında həmvətənlik borcumuzdur. Əgər bu tarixi və ədəbi abidənin həyata qayıtmasında və  yaşamasında azacıq da olsa fəaliyyətimiz olubsa, özümüzü dünyanın ən xoşbəxt insanlarından sayırıq. Bu böyük işdə, əvvəla, çox hörmətli professor Teymur Əhmədovun və “Füyuzat”ın bütün kollektivinin əməyini xüsusilə qeyd etmək istəyirəm. Onlara göstərdikləri fədakarlığa görə dərin minnətdarlığımı bildirirəm.

      

– Verdiyiniz cavablardan aydın olur ki, görülən işlər həqiqətən təqdirəlayiqdir. Bu vətən sevgisi ilə yoğrulmuş niyyətlərinizdə və işinizdə sizə uğurlar arzulayırıq; sonda rəsmi suallardan kənar vurğulamaq istədiyiniz bir məqam varmı?

– “Füyuzat”ın 33-cü nömrəsində çox sevdiyim bir yazı dərc olunmuşdu. O yazıda uzaq səfərə çıxmış bir gəmidən danışılırdı. “Biz azərbaycanlılar olaraq xalqımızın unudulmuş mədəni dəyərlərini, uzaqlara aparılmış irsini, qəsb olunmuş sərvətini qaytarmaq üçün yola çıxmış möhkəm bir gəminin yolçularıyıq” deyilirdi. Bu arzuların gerçəkləşdirilməsində Uca Yaradandan yardım istəyir və bu gəmimizi heç zaman nəzərindən kənarda qoymamasını diləyirik.

Bəli, biz Azərbaycan adlanan güclü və daha da güclənməkdə olan bir ölkənin vətəndaşıyıq. Təməli möhkəm dövlətçiliyə söykənən bu ölkə qətiyyətli addımlarıyla daha da inkişaf edib əbədi bir yol gedəcəkdir.

Müsahibəni hazırladı:

Mübariz YUNUSOV