Uğurlu Varislik

Artıq 5 ildir ki, klassik “Füyuzat”ın davamı kimi fəaliyyətə başlayan yeni “Füyuzat” varislik missiyasını şərəflə davam etdirməkdədir. Bu müddət ərzində beynəlxalq oxucu auditoriyası qazanmış çağdaş “Füyuzat” başlanğıcda olduğu kimi, indi də oxucu ünsiyyəti və marağı ilə qoşa addımlayır.

Milli-mənəvi dəyərlərimizin təbliği türk dünyasının sosial-mədəni, ictimai-iqtisadi və ideoloji-dini məsələlərdə ortaqlığı sahəsindəki faydaları rolunu həyata keçirməkdədir. Jurnal Azərbaycan istiqlalının qorunması, möhkəmlənməsi, təbliği və inkişafı işində milli dövlətçiliyimizə xidmət etməklə yanaşı, bütövlükdə türk dünyası ilə bağlı Əli bəy Hüseynzadə ideyalarının təbliğinə geniş yer ayırmaqdadır. Sevindirici haldır ki, jurnalın ilk nömrəsindən başlayaraq Azərbaycan ictimaiyyətinin ona olan marağı əsla azalmamış, əksinə, get-gedə daha da artmaqdadır. Jurnalın bütün nüsxələrinin oxucu toplaması bunun əyani göstəricisidir. Vaxtilə, “Həyat” qəzetinin bağlanması və “Füyuzat”ın doğuşu ərəfəsində Həsən Səbri Eyvazovun yazdığı aşağıdakı sözlər o dövrün bütün vətənpərvər, maarifpərvər, azadlıq, müstəqillik aşiqlərinin “Füyuzat”a olan ümidini ifadə edirdi: “Füyuzat” doğur. Ah, bilsəydiniz bu tülu (doğuş) nə qədər ümidlər doğurur, nə qədər sevinclər bəxş edir… Maarif günəşi olan “Füyuzat”ın çıxmasında başqa bir ləzzət, başqa bir ülviyyət var. Zavallı “Həyat” qəzetinin batması nə qədər hüznlüdürsə, “Füyuzat”ın işıq üzü görməsi bir o qədər sevindiricidir”. 100 il sonra – 2007-ci ildə yeni “Füyuzat”ın nəşrinin başlaması ilə Azərbaycan ədəbi-ictimai mühitində eyni həyəcan yenidən yaşandı. Mərhum xalq şairi Bəxtiyar Vahabzadənin o zaman dediyi sözlər bütün Azərbaycan ictimaiyyətinin ürək sözləri kimi səslənmişdi: “Mən hesab edirəm ki, “Füyuzat”ın yenidən çap olunması millətimizin, ziyalılarımızın bayramıdır…”Füyuzat”ın yenidən işıq üzü görməsi xəbərini eşidəndə mən özümü saxlaya bilmədim, ağladım… Arzu edirəm ki, “Füyuzat”ın o müqəddəs yolu davam etsin…”.

Ruhun şad olsun, Bəxtiyar müəllim, o müqəddəs yolun davam etdiyini nə yaxşı ki siz gördünüz. Bu müqəddəs yol davam edir. “Füyuzat” yenə də duyğulara, könüllərə sevinc, düşüncələrə işıq bəxş edir. Yolu açıq olsun!

Jurnalın indiyədək çap olunmuş saylarını yenidən vərəqlədikcə özümdən asılı olmayaraq canımdan isti bir duyğu keçdiyini, həyəcanlandığımı hiss edirəm. Əli bəy Hüseynzadənin ciddi və düşüncəli siması gözlərimin önünə gəlir. Azərbaycanın və bütün türk dünyasının ən böyük mütəfəkkirlərindən biri olan bu dahi şəxsiyyətin arzuları, ideyaları yaddaşımda sıralanır. Dünyanın müxtəlif coğrafiyalarına səpələnmiş, müxtəlif milli adlar daşıyan, çarizmin əsarəti altında əzilən, milli mənlikdən məhrum edilən, iqtisadi, sosial və mədəni geriliyə məhkum olunan türk topluluqlarını bu acınacaqlı vəziyyətdən xilas etmək, onların birliyini, iqtisadi, sosial və mədəni yüksəlişini təmin etmək, onları vahid türk mədəniyyəti və türk dili ətrafında birləşdirmək, XX əsrin əvvəllərində irticanın qatı qaranlığında bütün türk ellərinin, o cümlədən də vətəni Azərbaycanın azadlıq və istiqlaliyyəti yolunda çalışan, milli oyanış, milli özünüdərk proqramının müəllifi, ideoloq, nəzəriyyəçi, filosof, ictimai xadim, mühərrir, alim, yazıçı, şair kimi Əli bəy Hüseynzadə yaddaşımda canlanır. Əsərlərindən, ideyalarından Ziya Göyalp, Mustafa Kamal Atatürk, Məmməd Əmin Rəsulzadə, Hüseyn Cavid, Məhəmməd Hadi, Əhməd Cavad və digər türk böyüklərinin bəhrələndiyi Əli bəy Hüseynzadəni – türklüyə düşmən ideologiyaların təsiri ilə təqiblərə, təhqirlərə məruz qalmış bu dahi şəxsiyyəti minnətdarlıq duyğuları ilə xatırlayıram. Belə bir əminlik yaranır ki, jurnaldakı materialları oxuduqca Əli bəy Hüseynzadəyə və onun baş redaktoru olduğu “Füyuzat” jurnalına istər yeni nəşrin baş redaktoru tərəfindən yazılan təqdimat yazılarında, istərsə də bütün digər materiallarda Əli bəyin və “Füyuzat”ın milli ideologiyamızda, ictimai-ədəbi fikrimizdə, bütövlükdə mədəniyyətimizdəki yeri obyektiv qiymətləndirilmiş, tarixi irsimizə yanaşmanın yeni uğurlu bir örnəyi göstərilmişdir. Buna görə həm jurnalın təsisçisi Milli İrsi, Mədəni, Tarixi Araşdırmalar Fonduna və jurnalın əməkdaşlarına, həm də jurnalın baş redaktorluğu missiyasını öz üzərinə götürmüş tanınmış ədəbiyyatşünas alim, mətbuat sahəsində uzun illər iş təcrübəsi olan, elmimizə və mətbuatımıza fədakarlıqla xidmət edən professor Teymur Əhmədova bu təşəbbüskarlığı üçün minnətdarlıq etməyi özümə borc bilirəm. İnanıram ki, jurnalla tanış olan hər oxucu belə bir minnətdarlıq hissini yaşayacaqdır.

Klassik “Füyuzat”ın məramı aydın idi. Bu məram “Türkdə, türklükdə, türk qövmünün fitrətində olan əsəri-dühanı və istedadi-fövqəladəni” yaşatmaq, inkişaf etdirmək və bu zəmində də “türkləşmək, islamlaşmaq, müasirləşmək”dən ibarət idi. Əli bəyə görə, bunlara nail olmaq üçün qüvvətli olmaq lazımdır, qüvvətli olmaqdan ötrü isə ittihad – birlik olmalıdır. Onun fikrincə, “İttihadın vacibliyini anlamayan, dərk etməyən, kor qalıb bunu görməyən millətlərin çıxılmaz girdablara düşəcəkləri gün kimi aşikardır… Zəmanəmizdə millətlərin səlamətinə, səadətinə yeganə vasitə budur”.

Əli bəyin və “Füyuzat”ın əsas qayəsi türk birliyi məsələsi olmuşdur – dildə, fikirdə və əməldə birlik! Milli tərəqqinin, azadlıq və istiqlaliyyət yolunun ittihaddan keçdiyinə inanan Əli bəy Hüseynzadə və onun “Füyuzat”ı Azərbaycanın da xoşbəxt gələcəyini, istiqlaliyyətini bu birlikdə görmüşdür. “Füyuzat”a görə, tərəqqi və istiqlaliyyətin ilkin şərti maariflənməkdir. Yəni millət maariflənməlidir, dünyada nə baş verdiyini dərk etməlidir. Bunu dərk etdikdə o, ittihadın əhəmiyyətini də başa düşəcəkdir. Deməli, ittihad ikinci mərhələdir. İttihad isə qüvvət deməkdir. Hürriyyət yalnız qüvvətli olduqda mümkündür. Bu səbəblərdən də “Füyuzat” “Maarif, ittihad, hürriyyət” düsturunu qəbul və təbliğ etmişdir. Bəzən yanlış olaraq Mirzə Cəlilin və “Molla Nəsrəddin”in azərbaycançılıq konsepsiyasını Əli bəyin və “Füyuzat”ın türk birliyi konsepsiyasına qarşı qoyurlar. Əslində isə əgər milli əsarətə, geriliyə, cəhalətə qarşı mübarizə metodlarına, milli tərəqqiyə, istiqlaliyyətə nail olma yollarına “Molla Nəsrəddin” Azərbaycan pəncərəsindən baxırdısa, bu məsələlərə “Füyuzat” böyük türk birliyi pəncərəsindən baxırdı. Əslində, onların hər ikisi eyni ideala xidmət edirdi. Biri azad, tərəqqi etmiş, istiqlaliyyətinə qovuşmuş, öz milli mədəniyyəti və milli dili olan Azərbaycan istəyirdi, o biri isə böyük türk ailəsində, başqa türk diyarları kimi yenə də azad, tərəqqi etmiş, istiqlaliyyətinə qovuşmuş, milli mədəniyyəti və bütün türklər üçün ortaq ana dilinə sahib Azərbaycan görmək istəyirdi. Azərbaycançılıq Əli bəyin ideologiyasının əsas tərkib hissələrindən biri idi. Təsadüfi deyildir ki, görkəmli ədəbiyyatşünas alim Yaşar Qarayev yazırdı: “Əslində, Əli bəy bir yox, iki ideologiyanın banisidir: türkçülüyün və azərbaycançılığın!” (Əli bəy Hüseynzadə, seçilmiş əsərləri, I cild, Bakı, 2008, səh.68). “Füyuzat”ın azadlıq və tərəqqi kimi arzuladığı coğrafiya daha geniş idi. Bu coğrafiya dünyanın iqtisadi və siyasi xəritəsində daha böyük, daha güclü görünürdü. Bütün bu məsələlərə baxışda “Molla Nəsrəddin” realist, “Füyuzat” romantik idi. “Füyuzat”ın mövqeyindəki bəzi tərəddüdlər buradan qaynaqlanırdı.

Bu gün artıq “Molla Nəsrəddin”in arzuladığı azad, müstəqil, tərəqqi etmiş, dünya birliyində layiqli yeri olan Azərbaycan mövcuddur. Ancaq “Füyuzat”ın arzuladığı böyük türk birliyi, vahid türk ədəbi dili məsələsi hələ də aktualdır, gündəlikdədir. Müasir dünyanın geosiyasi mənzərəsi, dünya ölkələrinin siyasi, iqtisadi-siyasi, ideoloji-dini və coğrafi baxımdan qruplaşmaları assosiativ olaraq türk və İslam dünyasının həm ayrı-ayrılıqda, həm də öz aralarında müxtəlif aspektlərdə birlik və əməkdaşlığını tələb edir. Bu, tarixi zərurətin diktəsidir. Hələ də gündəlikdə olan Şərq – Qərb məsələsinin tərkib hissəsidir. Əli bəy və “Füyuzat” yalnız XX əsrin problemlərini deyil, XXI əsrin problemlərini də görmüşdür. Bu baxımdan Əli bəy ideyalarının təbliğatçısı olan “Füyuzat” bu gün də aktualdır, müasirdir. Çağdaş “Füyuzat”ın nəşrə başlaması bu cəhətdən çox aktualdır və jurnalın redaksiya heyətinin fəaliyyəti təqdirəlayiqdir. Bu yeni nəşrlə Əli bəy Hüseynzadənin və “Füyuzat”ın ölməz ideyaları ikinci həyatını yaşayır və dünya türklərinin birlik-bərabərlik ideyalarının inkişafına xidmət göstərir.

“Füyuzat”ın yeni nəşri varislik baxımından da böyük əhəmiyyət kəsb edir. Tarixi, milli-mənəvi dəyərlərin qorunması, keçmişlə bu günün, bu günlə isə gələcək arasında körpü varisliyin ən mühüm şərtidir. Bu ardıcıllıq pozulduqda cəmiyyətdə arasıkəsilməz, ahəngdar, dinamik inkişaf da mümkün olmur və belə vəziyyət acı nəticələr verir. Azərbaycan mədəniyyətinin tarixi mərhələlərində belə hallar olmuşdur. Vaxtilə latın əlifbasına keçid öz üstünlükləri ilə bərabər, əsrlər boyu ərəb əlifbası ilə yazılan ədəbiyyatımızın, elmimizin, mədəniyyətimizin mənimsənilməsində müəyyən çətinliklər yaratmış və bu çətinliklər hələ də tam olaraq aradan qalxmamışdır. Yaxud XIX əsrin sonu – XX əsrin əvvəllərində yaranmağa və formalaşmağa başlayan yeni ictimai-siyasi, elmi-ədəbi mühit və bu yeniliyin daşıyıcıları olan milli burjuaziya əvvəlcə çarizmin təzyiqləri, sonra da bolşevizmin və sosializmin qanlı repressiyaları üzündən normal inkişaf prosesindən məhrum edilmiş, varislik ənənələri qırılmışdır. Bunun acı nəticələrinin ağrılarını bu gün də hiss edirik. Əgər 30-cu illərin qırğınları olmasaydı, sovet ideologiyasının fəsadlarını yaşamasaydıq və Azərbaycan cəmiyyəti o illərin milli məfkurəsi istiqamətində öz təbii inkişafını davam etdirsəydi, milli maraqlarımız vaxtilə düşmən ideologiyaların təsiri ilə ciddi məhrumiyyətlərə, özgələşməyə məruz qalmazdı.

Yeni “Füyuzat” klassik “Füyuzat”ın və bütövlükdə Əli bəy ideyalarının müasir şəraitdə, müasir tələblər səviyyəsində davam etdirilməsi məqsədini daşıyır ki, bu da keçmişin dəyərlərindən bu günümüz və gələcəyimiz üçün faydalı istifadənin yaxşı nümunəsidir.

Jurnalın artıq 31 sayı çapdan çıxmışdır. Bu saylarda “Baş redaktordan” rubrikası altında çap edilən yazılar, eləcə də tariximizin və günümüzün müxtəlif aktual məsələlərinə həsr olunmuş materialların elmi, ictimai-siyasi, ədəbi-mədəni dəyəri nəşrin həqiqətən mətbuatımızda böyük hadisə olduğunu söyləməyə əsas verir.

Nəşr olunmuş saylarda ilk nəzərə çarpan təqdirəlayiq hal Əli bəy Hüseynzadənin və onun məsləkdaşlarının türkçülük və milli məfkurə ilə bağlı fikirlərinə, yazılarına geniş yer ayrılmasıdır. Xüsusilə ömrünü Əli bəyin əsərlərinin toplanması, nəşri, öyrənilməsi işinə həsr edən, eləcə də “Füyuzat” jurnalında çap olunan materialları min bir əziyyət hesabına top-layıb transliterasiya edərək kitab şəklində çap olunmasında böyük əməyi olan Ofelya xanım Bayramlının elmi araşdırmalarından nümunələrin çap olunması razılıq hissi doğurur və bunun davam etdirilməsini gözləyirik.

“Füyuzat”da hazırda türk dövlət və topluluqları arasında birlik, əməkdaşlıq məsələlərinə, ana dilimizlə bağlı problemlərə, vətənpərvərliyə, bu günün ehtiyacları baxımından uzaq və yaxın keçmişimizin maddi-mənəvi dəyərlərinə, Qarabağ mövzusu ilə bağlı ciddi məqalələrə, ölkəmizin sosial-iqtisadi inkişafına həsr olunan yazılara, mədəniyyətimizin müxtəlif məsələləri ilə bağlı aktual cəhətlərə üstünlük verilməsi jurnalın və redaksiya heyətinin müasirlik maraqlarından xəbər verir. Klassik “Füyuzat”ın qayəsi də bunu tələb edir.

Jurnalın hər sayında “Baş redaktordan” rubrikası altında dərc olunan yazıların əhəmiyyətini xüsusi qeyd etmək istərdim. Ona görə ki, bu yazıların hər biri həm günün aktual məsələlərinə işıq tutur, həm də jurnalın hər bir sayının ana mövzusunu müəyyənləşdirmiş olur. Baş redaktor tərəfindən tezislər şəklində təqdim olunan fikirlər həmin nömrədə çap edilən yazılarda geniş şərhini tapır ki, bu da jurnala tematiklik səciyyəsi qazandırır, jurnalın ana dilimizin problemləri ilə bağlı məsələlərə, vətən mövzusuna üstünlük verməsinə imkan yaradır.

Jurnalın zövqlə düşünülmüş bədii tərtibatı, yüksək poliqrafik səviyyəsi göz oxşayır və oxucunu yormur.

Bütün bu deyilənlərlə yanaşı, müasir Azərbaycan cəmiyyətinin dinamik inkişafının tələbləri səviyyəsində tariximiz, mədəniyyətimiz, klassik ədəbi irsimiz və bugünkü həyatımızın gündəlik axışı ilə bağlı aktual məsələlərə jurnalın öz səhifələrində daha çox yer ayırması arzu olunur.

Məlumdur ki, tariximizin ağ və qara səhifələri hələ də mövcuddur, ədəbi irsimizin müəyyən məsələlərini yenidən dəyərləndirməyə ehtiyac var. Dünyanın müxtəlif muzeylərinə səpələnmiş elmi, ədəbi və sənət əsərlərimizin tam mənzərəsini hələ də yarada bilməmişik. Klassik və xalq musiqisi xəzinəmizlə müasir musiqimizin bəzi istiqamətləri arasında ciddi uyğunsuzluq ya-ranmış və bu vəziyyət getdikcə daha da dərinləşir. Dünya azərbaycanlılarının bir-biri ilə və eləcə də ana vətənlə sıx əlaqəsinin yaranması günün ən aktual məsələlərindəndir. Bunları nəzərə alaraq jurnalda daimi və vaxtaşırı rubrikaların artırılmasına ehtiyac hiss olunur. Bir oxucu olaraq, məsələn, jurnal səhifələrində “Tariximiz: həqiqətlər – uydurmalar”, “Ana dilimiz varlığımızdır”, “Dünya azərbaycanlıları pəncərəsi”, “Cənubdan səslər”, “Ədəbi-mədəni irsimiz”, “Deportasiya və soyqırımı: sənədlər, təhlillər”, “Xalq sənəti nümunələri xarici muzeylərdə”, “Gəncliyimiz və hərbi vətənpərvərlik”, “Mədəni-tarixi abidələrimiz necə qorunur”, “Təhsilimiz: problemlər – təkliflər” və s. rubrikalar jurnalı oxucular üçün daha maraqlı edərdi. Oxucu arzusu olaraq bir məsələyə də münasibət bildirmək istərdim. Məlumdur ki, klassik “Füyuzat” Hacı Zeynalabdin Tağıyevin mənəvi dəstəyi və maddi vəsaiti hesabına çap olunmuşdur. Ümumiyyətlə, Hacı Zeynalabdinin mədəniyyətimizin, təhsilimizin inkişafında, ziyalılarımızın yetişməsində böyük xidmətləri hamıya məlumdur. H.Z.Tağıyevin, eləcə də digər xeyriyyəçilərimizin bu sahədəki fəaliyyətlərinə jurnalda vaxtaşırı yer ayrılması həm ədalətli, həm də bu sahədəki boşluğu doldurmaq üçün bir çağırış olardı.

Sələfi kimi “Daim səadətə – füyuzata meyilli” olan yeni “Füyuzat” jurnalının indiyə qədərki fəaliyyətindən razılığımı bildirməklə yanaşı, jurnalın kollektivinə bundan sonra da səmərəli oxucu ünsiyyəti arzulayıram.

                     ALLAHŞÜKÜR QURBANOV,
FILOLOGIYA ÜZRƏ FƏLSƏFƏ DOKTORU