Təbriklər və məktublar

Qafqaz Müsəlmanları

İdarəsinin sədri,

tarix elmləri doktoru, professor

Şeyxülislam Allahşükür PAŞAZADƏ

 

Bismillahir-rəhmanir-rəhim!

Möhtərəm oxucular!

Sizləri Azərbaycanın ədəbi-ictimai həyatında önəmli hadisə – özünün nəcib və nəfis dəst-xətti ilə seçilən “Füyuzat” jurnalının işıq üzü görməsinin bir əsrlik tarixinin tamam olması və dərginin yenidən nəşrə başlaması münasibətilə səmimi qəlbdən təbrik edirəm.

“Füyuzat” – Azərbaycan içtimai fikir tarixində əsl hadisə olmuşdur. XX əsrin görkəmli şəxsiyyətlərindən biri, əlindəki qələmin müqəddəsliyinə ehtiramla yanaşan, ensiklopedik zəka sahibi, milli təfəkkürümüzün sadiq müdafiəçisi, eyni zamanda qlobal düşüncəyə malik vətənpərvər və ən əsası, İslam dininin zəngin dəyərlərinin ardıcıl təəssübkeşi Əli bəy Hüseynzadənin naşirliyi ilə işıq üzü görmüş dəyərli mətbu nümunəsi olmuşdur. Oxucuları ilə görüşə gəldiyi qısa zaman kəsiyində “Füyuzat” dərgisi qarşısına qoyduğu uca məram və niyyətlərə sadiqlik nümayiş etdirmiş, başqa nəşrlərin onilliklər ərzində öhdəsindən gələ bilmədiklərini cəmi bir il ərzində ərsəyə gətirmiş, millətinə xidmətdən fəxarət duymuşdur. “Füyuzat” dərgisi uzun müddət yaşamadısa da, daşıyıcısı olduğu ideyaları millətin beyninə həkk etmək iqtidarında oldu. Başımızın üzərində qürurla dalğalandırdığımız müstəqil Azərbaycanın üçrəngli bayrağı Əli bəy Hüseynzadə ideyalrının həmişəyaşar rəmzidir. Türkləşmək, islamlaşmaq, avropalaşmaq kimi ideyaların daşıyıcısı olan “Füyuzat” ın böyük uğurunu şərtləndirən və başqa mətbu orqanlarının qibtəsinə səbəb olacaq haldır ki, onun təlqin etdiyi, aşıladığı ideyalar isıq üzü görmədiyi dövrlərdə belə intişardan qalmamış, millətinin tərəqqisi və hüriyyətinə dəlalət etmişdir.

Məcmuəyi-islamiyyə mərami ilə çap olunan “Füyuzat” XX əsrin mürəkkəb içtimai-siyasi, ədəbi-mədəni həyatına yeni baxışı, fərqli mövqeyi və ideya istiqaməti ilə seçilən bir mətbu orqanı olaraq, Azərbaycanın bir çox dəyərli ziyalıları, şair və ədiblərini öz ətrafına toplamaqla öz möhtəşəmliyini artırmış, mötəbər fikir kürsüsünə çevrilmişdir. Milli dövlətçiliyin dərkində özəl mərhələ olmuş “Füyuzat” milli şüurun istiqbalımız üçün hazırlanması yolunda məramnamə rolunu oynadı. Milli özünüdərk, Qərb və Şərq mədəniyyətlərinin sintezi ilə bərabər islamlaşmağı -İslam intibahını yaşamağı tərəqqinin asas qayələrindən biri kimi təqdim edən Əli bəy Hüseynzadəyə görə, ittihad “aləmi-islamın sülh və insaniyyət dairəsində ittihadıdır”. İttihada doğru tərəqqi məramının gerçəkləşməsində Əli bəy Hüseynzadə “maarif, ittihad, hürriyyəti” ardıcıl mərhələlər kimi səciyyələndirir. Bu növ yanaşma, Əli bəy Hüseynzadənin İslam fəlsəfəsini gözəl dərk etmək, onun dərinliklərinə nüfuz etmək, dəyərlərinə vaqif olmaq fəzilətindən qaynaqlanırdı. Həqiqətən də, İslam dünyabaxışı, düşüncə tərzi, ilk növbədə, təfəkkürün müstəqilliyini nəzərdə tutur. İslamın və elmin aləmşümulluğu isə onları ümumbəşəri dəyərlər kimi birləşdirir və müsəlmanların şüurunda elm və din mənşəcə Allahın dərkində iki təməl kimi qəbul edilir. Digər tərəfdən, fövqəlmilli, ümumbəşəri mədəni məzmun daşıyan İslamda dini olan milli olana qarşı qoyulmamışdır və onlar arasında təmas dairəsi genişdir.

Ə.Hüseynzadənin İslam dininin özəlliklərinə belə dərindən bələd olması, əslində, qanunauyğundur. Mənim üçün, bir Şeyxülislam olaraq, xüsusilə önəmli və dəyərlidir ki, belə bir parlaq zəka sahibi tanınmış din xadimləri, Qafqazın Şeyxülislamları olmuş Axund Məhəmmədəli Hüseynzadə və Axund Əhməd Hüseynzadə kimi dəyərli şəxsiyyətlərin ailəsində dünyaya gəlmişdir. Qafqazın ilk Şeyxülislam Axund Məhəmmədəli Hüseynzadənin sevimli nəvəsi Əli bəy mənsub olduğu şəcərənin ən gözəl ənənələrini özündə ehtiva edən, ocağına, xalqına qürur yaşadan, fəxr gətirən övladlardandır. Bu mütəfəkkir insanın müqəddəs İslam dininə olan böyük sevgi ve ehtiramı, həmçinin, dərin məhəbbətlə qələmə aldığı “Bibiheybət məscidi” tablosundan da aydın sezilir; bu sənət əsəri əsrarəngiz dini-tarixi abidənin ilkin görkəmini gözlərimiz önündə canlandırmaqla qəlblərimizi riqqətə gətirir. “Füyuzat”dan danışarkən, millətimizin böyük oğlu, milli qeyrət təcəssümü olan Hacı Zeynalabdin Tağıyevi xatirlamamaq qeyrimümkündür. Bu böyük millət təəssübkeşi, uzaqgörən şəxsiyyətin maliyyə dəstəyi sayəsində ərsəyə gəlmiş “Füyuzat” məcmuəsi Hacının Azərbaycan xalqına çoxsaylı ərmağanları sırasında önəmli yer tutur. Allah ona qəni-qəni rəhmət eləsin! Ruhu şad, qəbri nura qərq olsun! Azərbaycan Respublikasının istiqlaliyyətinin bərpa edilməsi Qadir Allahın bəxş etdiyi ədalətin təntənəsidir. Allah-Taalanın iradəsi ilə xalqımız 1920-ci ildə qəsbkarların təzyiqi altında zor gücünə məhrum olduğu səadətini – dövlət istiqlaliyyətini, özünün əsl siyasi simasını yenidən kəsb etdi. Vaxtilə “Füyuzat”ın təşviq və təbliğ etdiyi ideyalar Ulu Öndər, ümummilli liderimiz Heydər Əliyev həzrətlərinin azərbaycançılıq məfkurəsində, milli, dini-mənəvi dəyərlərə qayıdış, dünyaya inteqrasiya etməyin vacibliyi haqqında dəyərli tövsiyyələri və əməli fəaliyyətində özünün məntiqi davam, intişar və intibahına qovuşdu. Bu gün müstəqillik qazandıqdan sonra “Füyuzat” kimi düşüncə nəhənginin, öz ənənələri ilə məhşur müfid bir məcmuənin çapının bərpasını dəyərli addım kimi səciyyələndirir və bu uğurlu təşəbbüsü ürəkdən dəstəkləyirəm. Bu xüsusda, jurnalın naşirləri və redaksiya heyətinə böyük uğurlar, yeni zirvələr fəth etməyi arzu edirəm. Allah köməyiniz olsun!

Akademik Cəmil Quliyev:

Həyatın əsl mənası yaşamaq və yaratmaqdır, bu obyektiv bəşəri prosesin nüvə mərkəzində insan durur, o, cəmiyyətin rifahı, tərəqqi ölçüsüdür, daimə səadətə – füyuzata meyillidir”. Fəxr etməliyik ki, xalqımızın iki milyondan çox tarixinin XX yüzilliyinin başlanğıcında milli özünüdərk etməyə, istiqlala, azadlığa, yeni mənəviyyata çağıran, zamanına uyğun dəyərli siyasi füyuzatçılıq cərəyanı olmuşdur!

Arzu edirəm ki, yeni “Füyuzat” – XXI elm əsrində, cahana səs salmış müstəqil Azərbaycan dövlətinin, ümumbəşəri sivilizasiyanın ayrılmaz bir tərkibi olaraq, özünəməxsus fövqalədə tarixi yol keçməsinin, millətlər arasında telerantlığın, Şərq və Qərb qovuşuğunda iki mədəniyyətin sintezinin bənzəri olmayan təcəssümün mahir carçısı olsun.

Yeni “Füyuzat” jurnalı Azərbaycan xalqının, bütün əhalinin, ictimaiyyətin istəkli dostu və əsl “Füyuzat” həmkarı olacağına inanıram. İstərdim daimi tərəqqi, yüksək mənəviyyat meyli “Füyuzat” ın əbədi şüarı olsun.

Ümummilli liderimiz Heydər Əliyevin elmi və ictimai-fəlsəfi irsinin tədqiqi və tətbiqi, Prezident İlham Əliyevin “Azərbaycanı bütün dünyaya tanıtdırmalıyıq” tövsiyəsini həyata keçirmək jurnalın şərəfli vəzifəsi olmalıdır.

Əsl ülvi arzum öndərimiz Heydər Əliyevin – “Mən fəxr edirəm ki, Azərbaycanlıyam” kəlamının mənası, dərinliyi ilə millətini həqiqətən sevənlərin, müqəddəs borcu olsun – yeni “Füyuzat”ın başlığında yazılsın.

– Mən fəxr edirəm ki, Azərbaycanlıyam!

Tatarıstandan:

 “Qafqas qitəyi-mübarəkəsi heç mücahidsiz qalırmı? Cahanın ən qaranlıq, aləmi-bəşəriyyətin ən vəhşi zamanlarında belə Qafqas əqtari-ərzə nur saçıyordı. Millətimizin bugünkü günündə belə yüz dərəcə cahil bulunan bir zamanında Rusiya müsəlmanları arasında mətbəəyi-islamiyyə ilk Qafqasda açılmışdır. “Əkinçi”lər, “Kəşkülçü”lər Qafqas övladları, Qafqas qəhrəmanlarıdır. Tarixi-ümuminin türklər üçün müzlim nöqtələrini kəşf və tənvir edən və bunların ədəbiyyatına xeyli xidmətlər edən… yenə Qafqas qəhrəmanları deyilmidir? Bunun üçün Qafqas qitəsi boş qalmayacaqdır. Orası bir ictihadi-mədəniyyətpərvəranə meydanı olacaqdır…

…Qafqas qitəsi Rusiya müsəlmanlarına, bəlkə Osmanlı türklərinə belə hər kəsdən ziyadə xidmət etmişdir, etməkdədir və edəcəkdir. Qafqas hər xüsusda Rusiya türklərinə rəhbər və müəllim olmuşdur və olacaqdır”.

Türkiyədən:

 “Füyuzat” meydani-intişara qonuldu. Bizə bu lazım idi. “Füyuzat” mənbəyi-feyz və kəmalatdır. “Füyuzat”ın tülu ilə Asiya qövmünün və Rusiya müsəlmanlarının məsud və bəxtiyar olmalarını təfaül edəriz. “Füyuzat”ın bu vəzifəyi icra buyuracağından əminəm. Zira, bu incə və həqiqi məsələ biçarə müsəlmanları əsir və səfil etmiş idi. Şu səfalət və əsarətdən təxlisi-giriban etmək üçün başqa bir vasitə bulunmaz. Əfəndim, “Füyuzat”ın davamı üçün sizin sağ olmağınız şərtdir”.

1906-cıil

Xalq şairi, akademik

Bəxtiyar Vahabzadə:

 Mən hesab edirəm ki, “Füyuzat”ın yenidən çap olunması millətimizin, ziyalılarımızın bayramıdır.

Ona görə ki, “Füyuzat”, “Molla Nəsrəddin”, “Tərcüman” və digərlərinin bu gün yenidən oxucularla görüşməsi çox böyük hadisədir. Buna görə də mən yalnız jurnalın əməkdaşlarını yox ümumiyyətlə Azərbaycan ziyalılarını təbrik edirəm. Mən əminəm ki, jurnalın yenidən nəşri ilə Əli bəy Hüseynzadənin ruhunu şad edəcəkdir.

Sizin vəzifəniz o ada layiq olmaq, o ənənəni davam etdirməkdir. Mənim üçün ən sevindirici hal odur ki, Əli bəy Hüseynzadənin adına yazılan o mənasız ləkə götürüləcək. Uzun müddət bizim ədəbiyyatşünaslarımız “Füyuzat”a qarşı “Molla Nəsrəddin”i qoyub. Axı bunlar ikisi də eyni əqidənin yolçularıdır. Burda ancaq fərq üslubdadır. “Molla Nəsrəddin” satirik üslubla xitab edib, “Füyuzat” isə romantik üslubda yazılıb, budur fərq, ideya eynidir, məqsəd eynidir. Milləti ayıltmaq, millətə faydalı olmaq, milləti maarifləndirmək, milləti müasir millət səviyyəsinə qaldırmaq hər ikisinin əqidə yolu olub.

Mən “Füyuzat”ın yenidən işıq üzü görməsinə çox şadam. “Füyuzat”ın yenidən işıq üzü görməsi xəbərini eşidəndə mən özümü saxlaya bilmədim, ağladım. Çünki vaxtilə Əli bəyə, Əhməd bəy Ağayevə o qədər ləkə vurulub ki, düz 70 il Əli bəyi təhqir ediblər.

Burada onu da demək istəyirəm ki, Əziz Mirəhmədov yeganə adam idi ki, öz günahını etiraf etdi: Yazdı ki, Əli bəy Hüseynzadə, sənin qarşında diz çökürəm, bağışla məni, mən səni təhqir etmişəm, sənə nalayiq sözlər demişəm, amma neyləyim əlacım yox idi o dövr beləydi. Mən sizin ruhunuzdan üzr istəyirəm. Bu özü də böyük mərdlik idi. Mən xahiş edirəm ki, onun etiraflarını, mütləq jurnalınızda nəşr edin.

Sizə uğurlar arzulayıram. Arzu edirəm ki, “Füyuzat”ın o müqəddəs yolu davam etsin. Biraz da müasirləşin, müasir dövrün tələblərinə cavab verin. İstərdim ki, Azərbaycançılığa xidmət edən “Füyuzat” jurnalının yenidən fəaliyyətə başlamasında xüsusi yeri olan dərginin baş redaktoru Teymur Əhmədova başladığı bu müqəddəs işdə uğurlar arzulayıram.

Ziyalılarımızın qarşısında duran problemlərə toxunun, yazılarda yeni duyğular, yeni fikirlər olsun. Hər şeydən əvvəl burda bir məqama da diqqət yetirmək lazımdır, o böyük xadimlərimiz “Füyuzat”ı çıxaranda Azərbaycan müstəqil deyildi, müstəmləkə idi. İndi Allaha şükürlər olsun, Azərbaycan müstəqil dövlətdir, müstəqil bayrağımız, dövlətimiz, dövlət atributlarımız var. İndi onun möhkəmlənməsinə çalışmaq lazımdır və o böyüklərimizə o, dahilərimizə xitab etmək lazımdır ki, ruhunuz şad olsun. Siz arzuladığınız müstəqilliyi artıq əldə etmişik və sizin idealarınızın gerçəkləşməsinə hər zaman çalışacağıq, əlimizdən gələni edəcəyik…

Sağolun öz minnətdarlığımı bildirirəm.

Xoş gəldin!

 Yunus Xatəm,:

Bakı şəhəri

 Səninlə tanışlığımız soyuq bir qış günündə başladı, dünyaya gəldiyin gündən bir neçə gün sonra. Səni gördüyüm anda donub qaldım. O qədər doğma idin ki, sanki daha əvvəl səni görmüş kimi idim. Əvvəlcə adın içimi titrətdi. Sanki qəlbim illərcə sənin adına həsrət idi.

Çöhrən o qədər mütəvazi idi ki…

Amma bununla yanaşı qəribə bir dərinliyin, bir sirliliyin var idi…

Gözüm qapağının üzərindəki “100 il” sözünə rast gəldi, elə yanındaca “33-cü say” yazısını gördüm və anladım. Anladım ki, sən düz yüz il imiş bizdən ayrı qalmısan. Doğma Vətənindən, yurdundan, insanlarından qoparılmısan. Düz yüz il imiş qərib imişsən, öz yurdunda qərib.

Sənə iftiralar atıblar, sənə biganə qalıblar, səni yadlaşdırmaq istəyiblər…

Amma səni yadlaşdırmaq, səndən uzaqlaşmaq olmaz, çünki sənin qaynağın saflardan saf, təmizlərdən təmiz, paklardan pakdır.

Səni özününküləşdirmək olmaz. Çünki sən bütün insanlğın ehtiyacısan. Çünki sənin qaynağın nurdur. Çünki sən könülləri aydıladan bir feyz mənbəyindənsən. Səhifələrini vərəqlədikcə içim isindi, dayandım, səninlə bağlı olan yazılara, kitablara baxdım, oxudum, araşdırdım, sanki mən də yenidən dirildim.

Nə gözəl, nə şərəfli bir tarix. İllərcə bundan əvvəl milləti üçün, Vətəni üçün çırpınan qəlblər, nə müqəddəs könüllər …

Bir anlığına sənin ilk dönəminə yollandım. Sanki qarşımda Sahibi-imtiyaz,

xeyriyyəçimiz Hacı Zeynalabdini gördüm. Yanında da Əli bəy dayanıb sənin təkrar gəlişinə təbəssüm edirdilər.

Və belə deyirdilər: “Füyuzat” necə ki bizlərə əmanətdi, bizlər də bunu sizə əmanət etdik.

Ey feyizlərlə milləti, Vətəni üçün faydalı olmaqdan başqa bir yol olmadığına inanan ixtiyar baba və nənələr, ata və analar, gənclər və beşikdəki yavrular, FÜYUZATa sahib çıxın!”

Digər tərəfdən: “Yeganə amalımız insanlığın islahıdır, qurtuluşudur”,- deyən Muhəmməd Hadi və göz yaşları qurumayan Həsən Səbri “bu jurnal sizə əmanətdir!” – deyirdi.

Anladım!.. Anladım ki, sən nə Hacının, nə Əli bəyinsən, nə də bir başqasının. Sənin anlamın adın qədər dərin, bəlkə də daha da dərin…

Anladım ki, sən bizə səadət əsrindən əmanətsən!

Xoş gəldin evimizə, xoş gəldin obamıza, xoş gəldin ölkəmizə. Xoş gəldin!..