Qafqaz münaqişələri

SSRİ-dən Azərbaycana və Gürcüstana 3 milli münaqişə ocağı miras qalıb.

 Klassik alman fəlsəfəsinin banisi olan Emanuel Kant qonşu dövlətlər arasındakı münasibətlərdə müharibəni təbii hal adlandırıb. Bu fikri oxuduqca  elə düşünmək olar ki, məşhur filosof sanki Qafqazın bugünkü durumunu hələ o zaman görüb. Belə ki, Soyuq müharibədən sonrakı dövrdə Avrasiyada ən mürəkkəb etnoərazi konfliktlər məhz Qafqazda baş verib. Hal-hazırda Yaxın

Şərq və İraqdan sonra Qafqaz dünyanın ən mürəkkəb, ən gərgin regionlarındandır. Postsovet məkanında baş vermiş səkkiz münaqişədən beşi məhz Qafqazda baş verib, konfliktlər nəticəsində yüz minlərlə insan həlak olub, iki milyondan çox insan öz torpaqlarından didərgin düşüb. Bunları nəzərə alaraq demək olar ki, həqiqətən də Qafqazın etnosiyasi durumunun  öyrənilməsi bu gün üçün öz aktuallığı ilə seçilməkdədir. Cənubi Qafqazdakı mövcud münaqişələr, etnosiyasi konfliktlər (Dağlıq Qarabağ, Abxaziya,  Cənubi Osetiya) bir daha sübut edir ki, Qafqazda regional təhlükəsizliyin  təmin olunması nə qədər çətindir.

 

Dağlıq Qarabağ münaqişəsi

 

Dağlıq Qarabağ münaqişəsi bir sıra əlamətlərinə görə, istər müasir dövrün beynəlxalq, istərsə də 1991-ci ildə rəsmən dağılan SSRİ məkanında milli etnik zəminində baş verən konfliktlər sırasında xüsusi yer tutur. Deməli,  Dağlıq Qarabağ münaqişəsi özünün bütün səviyyələrində əhatə dairəsinə   görə, həlak olanların və məcburi köçkünlərin sayına görə, tarixi köklərinə  görə və bu gün həllinin mürəkkəbliyinə görə postsovet məkanında etnosiyasi konfliktlərin ən mürəkkəbidir. Bu münaqişə həm tarixi kökləri və inkişaf  xüsusiyyətləri, o cümlədən konfliktoloji statusunun formalaşması, həm də  həlli yollarının axtarılması, onun vasitə və üsulları baxımından diqqəti cəlb  edir.

DQ münaqişəsi Cənubi Qafqaz regionu ilə yanaşı, bütövlükdə SSRİ-nin  və onunla birlikdə dünya sosialist düşərgəsinin taleyinə təsiri baxımından da çox ciddi hadisədir.

Formal olaraq bu münaqişə Azərbaycan Sovet Sosialist  Respublikası tərkibində hələ 1921-ci ildən mövcud olan Dağlıq Qarabağ Muxtar Vilayətinin bu respublikanın tərkibindən çıxaraq, Ermənistan Sovet Sosialist Respublikasına daxil olmaq istəyi formasında meydana gəlib. Sovet  respublikalarından biri olan, SSRİ dağıldıqdan sonra isə müstəqil dövlətə  çevrilən Ermənistanın Azərbaycana qarşı ərazi iddiası, müasir sərhədlərin  təftişi istər keçmiş SSRİ-nin, istərsə də müasir beynəlxalq münasibətlər sisteminin siyasi normalarına, o cümlədən fundamental qanunlarına zidd  mahiyyət daşıyır.

Əvvəlcə SSRİ daxilində 1988-ci ilin fevralından başlayan bu konflikt dörd ilə yaxın bir dövr ərzində, yəni 1991-ci ilin sonunadək  ümumi dövlət daxilində siyasi konflikt kimi meydana gəlib cərəyan etdi. Yalnız konfliktin sonrakı inkişafını təhlil etməklə onun qəsdən törədildiyini dərk etmək mümkündür. 1991-ci ilin sonunda SSRİ-nin rəsmən süqutu və 15 müttəfiq respublikanın hər birinin müstəqil dövlətə çevrilməsi ilə DQ münaqişəsinin konfliktoloji statusu dəyişdi. Əgər ilk dörd ilə yaxın bir dövr ərzində onu SSRİ-nin daxili konflikti kimi səciyyələndirmək mümkün idisə, Azərbaycan və Ermənistanın müstəqil dövlətlərə çevrilməsi ilə bu münaqişə  beynəlxalq konflikt əhəmiyyəti daşımağa başladı.

Bəziləri münaqişədə dini amili qabardırlar. Ümumiyyətlə, ilk baxışdan da belə bir qənaətə gəlmək olar ki, münaqişə dini zəmində baş verib. Ermənilər xristian dünyasında özlərinin “xüsusi” yer tutduqlarını, daha doğrusu “ən qədim” xristianlar olduqlarını  bildirirlər. Kilsə ermənilər üçün, digər xalqlardan fərqli olaraq, təkcə dini institut funksiyasını yerinə yetirməyib, kilsə eyni zamanda dövlət  funksiyasını həyata keçirib. Tarixdə baş vermiş erməni-Azərbaycan toqquşmaları bəzən xalq arasında “erməni-müsəlman qırğını” kimi adlandırılıb. Göründüyü kimi, münaqişənin məzmununda dini amilin nə  qədər güclü olduğu nəzərə çarpır. Lakin bu amillər Dağlıq Qarabağ  münaqişəsinin dini formatda qiymətləndirilməsinə imkan verməyib. Ermənilər heç vaxt Azərbaycan ərazisində dini etiqadlarına görə təqiblərə məruz qalmayıblar və DQ münaqişəsi nadir “xristian-müsəlman” münaqişələrindəndir ki, müharibənin gedişində cihad elan olunmayıb.  Deməli, münaqişənin məzmununda dini-konfessional məqam yoxdur. Dağlıq Qarabağ münaqişəsi “iki suveren dövlət arasında etnoərazi münaqişəsi”nin  nümunəsidir. Ermənistan tərəfi konfliktin birbaşa iştirakçısı olduğunu nə qədər inkar etsə də, Azərbaycan tərəfinin təkidi ilə bu münaqişənin məhz Ermənistan-Azərbaycan konflikti olduğu beynəlxalq miqyasda etiraf edildi. Belə ki, Dağlıq Qarabağ münaqişəsi postsovet məkanında baş verən digər 7  konfliktdən fərqli olaraq iki dövlət arasındadır, münaqişə ətrafında bütün  danışıqlar Azərbaycan-Ermənistan formatında aparılır və beynəlxalq  səviyyədə də konflikt məhz Azərbaycan-Ermənistan münaqişəsi kimi tanınır. Bundan əlavə, DQ münaqişəsi etnosiyasi konfliktlərin bir növü olan etnoərazi münaqişəsidir, yəni konfliktin məzmununda etnik məqam inkaredilməzdir. Nəhayət, DQ münaqişəsi sırf ərazi konfliktidir: bir dövlət digərinin ərazi  bütövlüyünə təcavüz edərək onun ərazisinin 20%-ə qədərini işğal edib. Bu o deməkdir ki, DQ münaqişəsi iki dövlət arasında etnoərazi münaqişəsinin nümunəsidir. Deməli, DQ konflikti Ermənistan tərəfinin irəli sürdüyü kimi daxili etnik konflikt kimi də qiymətləndirilə bilməz. Çünki istər DQ ərazisində, istərsə də Azərbaycanın digər regionlarında ermənilər heç vaxt  diskriminasiyaya məruz qalmayıblar, hətta hər zaman xüsusi imtiyazlardan faydalanıblar. Dağlıq Qarabağ münaqişəsinin inkişaf tarixini konfliktoloji baxımdan 4 əsas mərhələyə bölmək olar:

1. Konfliktin gizli mərhələsi. 1988- ci ilin fevralına qədərki dövrü əhatə edir.

2. 1988-ci ilin fevralından, 1992-ci  ilə qədərki mərhələ: qarşıdurma və onun əsasən siyasi formalarda münaqişə şəklini almasıdır.

3. 1992-ci ilin əvvəllərindən, 1994-cü ilin mayına qədər Ermənistan və Azərbaycan arasında açıq müharibələr mərhələsidir.

4. 1994-cü  ilin mayın 12-dən davam edir.

Beləliklə, 1994-cü ilə qədər davam etmiş hərbi əməliyyatlar nəticəsində torpaqlarımızın 20%-ə yaxını işğal edilmiş, 30 mindən çox insan həlak olmuş, 1 milyondan artıq soydaşımız isə evsiz-eşiksiz qalaraq məcburi köçkün və qaçqın statusu qazanmışdır.

DQ konfliktinin həlli  yolları bütün digər konfliktlərdə olduğu kimi, onun öyrənilməsi, hansı inkişaf mərhələsində olduğunun müəyyənləşdirilməsindən sonra axtarılmalıdır. Bu məsələdə beynəlxalq hüquq da yardımçı ola bilmədi, əksinə, tərəflər Beynəlxalq hüququn 2 prinsipindən (millətlərin öz  müqəddəratını təyin etmək hüququ və dövlətin ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı) birinə əsaslanması nəticəsində ziddiyətlər daha da kəskinləşdi.

Konfliktoloji baxımdan yanaşıldıqda, Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsi, Azərbaycanın ərazi bütövlüyünün bərpa  edilməsi iki mümkün yoldan biri ilə həyata keçirilə bilər:

1. 1994-cü ilin  martından əsas götürülən sülh və ya dinc tənzimləmə yolu.

2. Dinc  tənzimləmənin nəticəsiz qaldığı şəraitdə problemin məhz hərbi üsulla nizama  salınması.

Yuxarıda deyilənlərdən aydın görünür ki, Azərbaycanın mövqeyi  beynəlxalq hüququn prinsiplərinə tam söykənir, lakin Ermənistan tərəfi  bununla razılaşmayaraq kontrarqumentlər gətirir. Demək, bu, bir daha sübut  edir ki, münaqişənin həlli hüquqi deyil, sırf siyasi razılaşmadan asılıdır.

 

Abxaziya konflikti

 

Abxaziya konflikti Cənubi Qafqazda ən gərgin və mürəkkəb münaqişə ocaqlarından biridir. Hələ sovet dövründə belə Abxaziyanın siyasi elitası Gürcüstanın tərkibindəki statusdan narazı idi. Onlar belə hesab edirlər ki, mühüm siyasi və iqtisadi qərarlar Tiflisdən abxaz tərəfinin mövqeyi nəzərə alınmadan verilir. 80-ci illərin ortalarından etibarən fəallaşan abxaz separatizminin açıq şəkil almasına təkan verən ilk insident  1989-cu ildə Abxaziya Universiteti yerində Gürcüstan Dövlət Universitetinin Suxumi filialının açılması haqqında Tiflisin qərarı oldu. Belə bir şəraitdə Abxaziya Ali Şurasının sədri Vladislav Ardzinba Abxaziyanın de-fakto müstəqilliyini elan etdi. Bu o demək idi ki, Abxaziya ərazisində Gürcüstanın  qanunları öz qüvvəsini dayandırır. 1992-ci ilin iyulunda 1978-ci il konstitusiyası ləğv edildi və yeni konstitusiya qəbul edildi ki, bu da Abxaziyanın suverenliyini elan edirdi. 1992-ci ilin avqustun 14-də Gürcüstan Abxaziyaya qoşunlarını göndərməklə münaqişənin hərbi həllinə cəhd göstərdi. Rusiya yaranmış vəziyyətdən istifadə edərək Gürcüstanla MDB-yə daxil olmaq və rus qoşunlarının Gürcüstan ərazisində müvəqqəti saxlanılması  haqqında razılıq əldə etdi. Moskva tərəfləri danışıqlar masası arxasına  gətirməyi qərara aldı. Bu görüşdə hərbi əməliyyatların dayandırılması, hərbi  əsirlərin mübadiləsi, əhalinin və ərzağın sərbəst daşınması üçün şəraitin yaradılması və təhlükəsizliyin yaradılması üçün üçtərəfli komissiyanın yaradılması haqqında razılıq əldə olundu. Lakin Rusiyanın Abxaz separatizmini müdafiə etməsi danışıqların iflasına səbəb oldu. Gürcüstan Abxaziyanın separatçı qüvvələrini şimala sıxışdırdı, Suxumini tutdu. Vəziyyət daha da gərginləşdiyindən Moskva yenidən mediator rolunu öz  üzərinə götürdü. 1993-cü ilin iyulun 27- də Saçi müqaviləsi imzalandı. Müqavilə Gürcüstan-Abxaziya-Rusiya üçtərəfli komissiyanın yaradılmasını (atəşkəs və hərbi qüvvələr üzərində nəzarətin təminatı üçün), müşahidə zonasına beynəlxalq müşahidəçilərin göndərilməsini, Gürcüstan və Abxaziya hərbi qüvvələrinin münaqişə ocağından 10-15 günə çıxarılmasını nəzərdə tuturdu. Amma Gürcüstan məsələnin yeganə həlli yolunu Moskva ilə dil tapmaqda görürdü. Bunun üçün 1993-cü ilin dekabrında Gürcüstan MDB-yə daxil oldu, 1994-cü ilin fevralında isə BMT regionda olan rus qoşunlarına  beynəlxalq sülh qoruyucu qüvvəsi statusu verdi. l994-cü ilin noyabrın 26-da Abxaziya Ali Soveti ölkəni suveren respublika elan etdi. Atəşkəsə nail olundusa da, 9 il keçməsinə baxmayaraq, danışıqlarda irəliləyişə nail olunmayıb. Abxaziyada Rusiyanın sülhyaratma qüvvələrinin yerləşdirilməsi Gürcüstanla Rusiya arasında münasibətlərin kəskinləşməsində ciddi amil olaraq qalmaqdadır. \

 

Cənubi Osetiya konflikti

 

Gürcüstanda bir tərəfdən hakimiyyət uğrunda mübarizə, digər tərəfdən, Abxaziya və Cənubi Osetiyanın müstəqillik mübarizəsi son dərəcə gərgin konfliktoloji vəziyyət  yaratmışdı. Konfliktin birinci tərəfi artıq 1992-ci ildə Eduard Şevardnadzenin siyasi hakimiyyətə qayıtması ilə tənzimlənsə də, Abxaziya və Cənubi Osetiya problemi bu günədək həll olunmamışdır.

SSRİ dağıldıqdan sonra Gürcüstanda xaos baş qaldırdı. Abxaziyadan başqa, Gürcüstanın tərkibində Sovetlər dövründə respublika statusuna malik olan Cənubi Osetiya da ən gərgin münaqişə ocaqlarından biridir. 1921-ci ildən Gürcüstanın Qırmızı Ordu tərəfindən işğal edilməsi nəticəsində konflikt bolşeviklər tərəfindən süni şəkildə boğuldu, Cənubi Osetiyaya Gürcüstanın tərkibində muxtar vilayət statusu verildi və əhalisinin əksəriyyətini gürcülər təşkil edən Tsixinvali vilayətin paytaxtı elan edildi.

Lakin 1989-cu ilin avqustundan başlanan münaqişə ziddiyyətləri daha da kəskinləşdirdi. Nəticədə osetinlər tələb etdilər ki, muxtar vilayət muxtar respublikaya çevrilsin. l990-cı ilin sentyabrın 20-də Cənubi Osetiya özünü müstəqil Cənubi Osetiya Sovet Demokratik Respublikası elan etdi. 1992-ci ilin yazında gürcü-osetin cəbhəsində hərbi əməliyyatlar gərginləşdi. Eyni zamanda Cənubi Osetiya Abxaziya kimi 1923-cü il konstitusiyasını bərpa etdiyini bildirərək, 1992-ci ilin sentyabrın 25-də Gürcüstandan ayrılmaq haqqında qərar çıxartdı. Bundan  sonra Gürcüstanın hər iki keçmiş muxtar qurumunda separatçılar möhkəmlənib Gürcüstanla birləşmənin əleyhinə siyasətlərini davam  etdirirlər.

Cənubi Osetiya məsələsi üzrə atəşkəs haqqında razılığa əsasən  Birgə Nəzarət Komissiyası yaradıldı. Atəşkəsə nəzarət etmək üçün  Komissiyanın fəaliyyətini uğurlu saymaq olar. 1992-1995-ci illərdə vəziyyət tamamilə donduruldu. Məlumdur ki, Abxaziya konfliktində olduğu kimi, münaqişənin həlli yolları Moskvaya gedirdi. Amma Tiflis-Moskva ziddiyyətləri sülh danışıqlarını əngəlləyirdi. Lakin mühüm addım kimi 1996-cı ilin 16  mayında imzalanan gürcü-osetin tərəfləri arasında əməkdaşlığı və regionda  təhlükəsizliyin təmin olunmasını nəzərdə tutan Moskva memorandumunun  imzalanması oldu, 1996-cı ildə Cənubi Osetiyada keçirilən prezident  seçkilərini Tiflis tanımadı, bu tərəflər arasındakı ziddiyyətləri gərginləşdirdi.  Beynəlxalq vasitəçilər də bu konfliktin həllinə nail ola bilmədilər. Heç bir  dövlət tərəfindən tanınmayan Cənubi Osetiya separatçı rejimi rəsmi Tiflisin  nəzarətindən kənardadır və bu zona Cənubi Qafqazda potensial münaqişə ocağı olaraq qalmaqdadır.

SSRİ-nin süqutu bir tərəfdən regionda üç müstəqil dövlətin yaranması ilə nəticələnsə də, digər tərəfdən bu dövlətlərə hələ də öz həllini tapmamış 3 milli münaqişə ocağını – Abxaziya, Cənubi Osetiya və Dağlıq Qarabağı miras qoydu.

 

A.M.Hacıyeva