Nicat məhəbbətdədir!..

Ustadekainat ke in karxane saxtMəqsud eşq bud, cahanra bəhane saxtRuzi ke, morğeeşq bealəm qoşud bal,

Cayi nədid, dər delema aşiyane saxt. 

Kainatın Sultanının bu dünyanı yaratmaqda məqsədi eşq idi,Dünyanı bəhanə etdi, Eşq bülbülü bu dünyaya qanad açdıqdan bəri bir yer tapmadı, Öz yuvasını bizim qəlbimizdə qurdu.
Müslimi Şirazi
1906 miladi ili sona çatır, demək Həzrəti Məsih (ə)-ın təvəllüdündən şəmsi ili hesabi ilə min doqquz yüz altı il keçir. İlin bu mövsümündə, bu günlərində Peyğəmbər (s)-in hicrətindən yenə eyni hesabla 622 il əvvəl Fələstin bölgəsində Beyti-ləhəm adlı bir qəsəbədə bir xurma ağacının altında (İncilə görə, bir axur yemliyində) Həzrəti Məryəmdən, Allahın hikmətilə və Cəbrailin bir dəfə üfürməsi ilə dünyaya bir uşaq gəldi ki, o uşaq ənbiyaye zişandan cahanın bütpərəstliyinə, müşrikliyinə ilk dəfə əzəmətli bir zərbə vuran Həzrəti İsa (ə) idi. Adı çəkilən Peyğəmbər 33 ilə qədər davam edən ömründə insanlara nəyi öyrətmək, təlqin etmək istəyirdi?..

İsəviliyin ilk yayıldığı məmləkətlərin birində, yəni Yunanıstanda gəzərkən kəndli, fəqir bir xristianın evində rəsm yerinə müsəlman qaydasında divara asılı bir lövhə gördüm. O lövhədə açıq mavi rəngli bir atlas üzərində zərli bir xətt ilə yunan ifadəsi olaraq bu sözlər yazılmışdı: “İman, ümid, məhəbbət”. Bu üç qüvvət ki, İsa (ə) onunla kainatın nicatıdır”. Zənnimcə, üç kəlmənin üçünü də daha əhatəli “məhəbbət” kəlməsilə ifadə etmək mümkün olduğu kimi, məhəbbət kəlməsini də kəlimətullah ilə, yəni İsa (ə) adıyla ifadə etmək olur: məhəbbət, yəni İsa (ə), İsa, yəni məhəbbət!.. bu o qüvvətdir ki, ona 7 əsr sonra Xatəmul- ənbiya vəl mursəlin təzə bir ruhaniyyət, təzə bir rövnəq, qiyamət gününə qədər sönməyəcək bir rövnəq və nuraniyyət verdi…

Məhəbbət nədir? Məhəbbət insanların haqq yolunda biri-birini və hər birinin də cəmiyyəti sevməsidir. İslamın əzəmətli müctehidindən olan imam Süyuti həzrətləri “İctihad”ın zikr etdiyi vəchlə deyir:

“İnsanlara məhəbbət yeganə və həqiqi” “Hübbullah”dır… (Allah sevgisi)

Bu, islamiyyətdə elə bir həqiqətdir ki, zənn edirəm, onu qraf Tolstoy cənabları Yasnaya Polyanasında eşitsə, indiyə qədər bundan gözəl bir həqiqət kəşf etmədiyindən heyrətlənib, dəli olurdu. Hər halda Tolstoyun və onun kimilərinin bu həqiqəti alqışlayacaqlarına şübhə yoxdur…

Lakin bəşəriyyət özü 13 əsr, yaxud 20 əsrdən bəri təcəlli edən bu həqiqəti alqışlayırmı?.. Heyhat!..

1907-ci miladi ili yenə bir çox əmsalı kimi al qanlar içində sona çatır!..Ah! bu al qanlar, bu qırmızı qaranlıqlar, bu altı cəhətdən gələn “terror” alovları!..Biz heç onlardan bəhs etmək istəməzdik, biz ancaq fikir və xəyalımızı nur, məhəbbət, gözəllik, uyğunluq, nizam aləmlərində gəzdirmək, cahanın hər tərəfində ancaq bunların əlamətlərini görmək istəyərdik. Lakin nə fayda ki, məhəbbət və şəfqətdən bir əsər buraxmayan Stolıpin üsuli-idarəsilə buna müqabil yas və qəmlər içində hökm edən terrorun nəticələri olaraq qurulan dar ağaclarının, zindanların, sürgün yerlərinin, iyrənc mənzərələri, dəhşətlə partlayan barıtın, dinamitin iyrənc sədası bizi bu cür səfalardan məhrum edir.

Biz bu cür hadisələri zikr və saymaqdan, oxucularımız isə oxumaqdan yorulduq, bezdik. Bu gurultular, bu vəhşətlər, bu qanlar artıq əsəblərimizə, həvəs və duyğularımıza təsir etmədi. Lakin nə ordu qüvvələri insanları asıb kəsməkdən, həbs etməkdən, nə də inqilab terroristləri bomba atmaqdan, “Brauninq” sıxmaqdan yorulub usanmadılar. Rusiya geniş bir ölüm meydanına çevrildi. İnsanlar məchul, mövhum ilahlara, bütlərə qurban edilirlər. Bu həftə adı çəkilən məhkəmə gündə iyirmi-otuz adam edam edəcək dərəcədə fəaliyyətinə təkan verdi. Lakin buna uyğun terror hadisələri də eyni nisbətdə çoxaldı, şiddətləndi. Hər tərəfdən ancaq bomba səsi gəlir. “Hər gün bomba partlayır” – demək azdır. Bir qəzet yazarının dediyi kimi, hər gün bombalar vəhşicəsinə rəqs edir…

Bu həftə ərzində Rusiyanın müxtəlif bölgələrində dəfələrlə baş verən terror hadisələrinin mühümlərini xatırlatmasaq olmaz.

Bu ayın doqquzunda Tver şəhərində “Quberniya zəmindarlıq məclisinin” müzakirələrində iştirak edən, dövlət şurası üzvündən qraf Aleksey Pavloviç İqnatyev “ictimai inqilab”çılar firqəsinin göndərdiyi bir cavan adam tərəfindən qətl edildi. Adı çəkilən sağ firqələrin ən fəal rəislərindən biri olub muhafizəkarlığı ilə məşhur bir şəxs idi. Ayın 15-də Omsk şəhərində Akmolla qubernatoru Litvinov küçədə gedərkən qətl olundu.

Bu qətllər hələ unudulmamış, ayın 22-də Peterburqda bu şəhərin qradonaçalnik, yəni hakimi olan Fon Derlaunes vurulub qətl edildi. Hadisə bu yolda baş vermişdir: Peterburqda tibb təcrübəsi müəssisəsi dairəsində əmrazi-cildiyyə, yəni dəri xəstəliklərinə məxsus bir şöbə inşa edilmişdi. Bunun rəsmi açılış münasibətilə adı çəkilən dairəyə qatılmış kilsədə dini ayin icra olunurdu. Burada şahzadə Oldenburqski tərəfindən dəvət edilmiş qradonaçalnik də var idi. Mərasimin sonunda kilsədən çıxıb eyvana enərkən onun üzərinə bir cavan adam hücum edərək bir neçə “Brauninq” gülləsilə vurub qətl etdikdən sonra öz-özünü də vurub intihar edib. Burada diqqət çəkən bir məsələ vardır ki, o da hadisənin İsa (ə) məbədi sayılan kilsə ilə Eskulap, yaxud Loğman məbədi olan darüttibb (tibb məntəqəsi) önündə baş verməsidir.

Kilsə məhəbbət, qardaşlıq və ruh saflaşması mənşəyi, tibb ocağı isə şəfqət, insaniyyət və sağlamlıq mənbəyi lazım olduğu halda, hər ikisi də zamanımızda hökmdən düşüb təsirsiz bir hala gəlmişdir. Onsuz da bu anda kilsələrin insanlığın əsas vəzifəsini unutduqları, məktəblərin, xüsusən ali məktəblərin isə həyəcan və qələyan (qaynama,coşma) mənbəyinə döndükləri görülür.

Qardaşlıq və məhəbbətdən sanki bir əsər qalmamışdır. Kilsənin qabağında insanlar bir-birlərini öldürürlər. Məktəb içində insanlar bir-birini vurur. Bu halda hara azaddır? Heç bir yer!

Bomba isə əsla ehtiyat və tədbir bilmir, keyfincə “rəqs edir”, istədiyi kimi atılıb düşür, partlayır. Gah görə-görə, gah kor-koranə partlayır. Xarkov şəhərində vağzalda, yəni dayanacağın ortasında, Kiyev şəhərində otel içində partlayıb günahsız müsafirləri, Varşava şəhərində sobaya gətirilən xəmir içində çıxıb biçarə çörəkçini, bilmirəm harada əkin torpağını qüvvətləndirmək üçün gətirilən gübrədən çıxıb kasıb əkinçini, Tiflis kimi bir çox şəhərlərin küçələrində, meydanlarında, evlərində partlayıb heç bir şeydən xəbəri olmayan gəlib keçənləri, qonşuları tələf edir. Ancaq çox vaxt hədəf olanlar hökumət məmurları olurlar…

Bütün bu halların səbəbi nədir, bilirsinizmi? Səbəbi həzrəti İsa (ə) ilə həzrəti Muhəmməd (s)-in yüzlərcə əsrlərdən bəri bəşəriyyətə anlatdıqları qarşılıqlı məhəbbətin bu gün insanlar arasında mövcud olmamasıdır!..

Rusiyada mühafizəkarlar ilə inqilabpərvərlərin, camaatla bürokratiyanın, zəngin siniflərlə, kasıb fəqirlərin arasında məhəbbət qalmamışdır. Sadə Rusiyada və xristian aləmində deyil, müsəlman aləminin bir çox yerlərində hal və keyfiyyət bu mərkəzdədir: Fas (Mərakeş) ölkəsində Rəsuli firqəsilə Molla Əbdüləziz tərəfdarlarının və Molla Əbdüləzizə müavinət bəhanəsilə Fasa yerləşmək istəyən avropalıların arasında qətiyyən məhəbbət yoxdur. Məhəbbət olmadığı üçün bu günlərdə gələn teleqrafa görə Arsilada qoşunlar arasında toqquşma gözlənilir. Sinat (Serğat?) qəsəbəsi isə top atəşinə tutulub yanır. Topun və bombaların səsi Təncə şəhərindən eşidilirmiş…

Uzaq qərbdə bu mübahisənin, bu məhəbbətsiz oyuncaqı hələ layiqincə anlaşılmadığı halda, Afrikanın bəri başında, yəni Misir ölkəsində ingilislərlə müsəlmanların arasında başlayan düşmənçiliyin məhəbbətsizlik səbəbi bir dərəcəyə qədər aşkardır. Bu da Misir əhalisi arasında vətənpərvərlik hissi və hürriyyətpərvərliyin oyanmasından ibarətdir. Misir bölgəsində “Əl-Misir lil-Misriyin” (Misir Misirlilərindin) səviyyə getdikcə avam insanlar arasında tərəqqi etməkdədir. İngilislər əleyhinə olan bu hərəkatın rəyasətində “Əl-Liva” qəzetinin sahibi Mustafa Kamil Paşa durur… “Əl-came-ətül-misriyyə” adı ilə milli bir universitet inşa edib, bu bina üçün 7435 lirə toplamaları misirlilərin oyanmasına dəlalət edər…

Misirdən Hindistana keçsək, burada vəziyyətin bir az başqa cür olduğunu görürük. Burada müsəlmanlar bir dərəcəyə qədər bitərəflik göstərdikləri halda, əksinə, ingilislərlə yerli qeyri-müsəlmanlar arasında məhəbbətsizliyin, düşmənçiliyin gündən-günə şiddətlənməsi görünür. Budda və Brəhmən məzhəbində olan hindular ictimai vəziyyəti, siyasəti və milliyyətlərini islah etmək üçün Kəlküttə şəhərində böyük bir konqres təşkil edib ingilislərin əleyhinə olan fikirlər və hisslərini aşkar bir surətdə bəyan etməkdədirlər. Bu  da tərəqqiləri ilə yapon mədəniyyətinin təsiri nəticəsində əmələ gəlir. Bu hərəkətin Mustafa Kamil Paşası Nabxayi Naurici adlı bir hindu olub konqresdə ingilis əleyhinə son dərəcə atəşli nitqlər söyləmişdir…

Hindin qeyri-müsəlmanları hürriyyət və tərəqqiyə doğru belə addımlar atmaqda ikən hər nədənsə bu vaxtlar Hindin 70 milyon əhalidən ibarət müsəlmanları qonşularının əleyhinə olaraq ingilislərə zidd deyil, bir meyl və məhəbbət göstərmək istəyirlər… Bu niyyətlə benqalalıların Kəlküttədəki konqreslərinə qarşı Hindistanın böyük mərkəzlərindən birində, ehtimal ki, Laknau şəhərində bir müsəlman konqresi tərtib etmək üzrədirlər. Deməli, bu qitədə belə ixtilaf və məhəbbətsizlik hökm sürür. Ancaq bu məhəbbətsizlik ingilislə müsəlman arasında olmayıb, “müsəlmanla məcus” və “məcus ilə ingilis” arasındadır… Dağınıq və pərakəndə olan müsəlmanların halı ötədə-bəridə bu yolda ikən bu xalqın mənəvi rəisi sayılan şəxs, görəsən, nə ilə məşğuldur? Bunu bilmək istəyən “Molla Nəsrəddin” jurnalında Fas səltənətinin halını təsvir edən bir rəsmi müraciət edə bilir…

Lakin orada təbəssümdən başqa bir şey görməzsiniz. Halbuki adı çəkilənin işi çoxdur: tərəqqiyə xidmət edənlərə və ümumiyyətlə əhaliyə nəfəs aldırmır, almanlara tənəffüz üçün bol-bol imtiyaz yerləri göstərir.

Milli məclis qapılarına yeni-yeni kilidlər vurur. Və səltənət taxtını da haqqı olmayan, ancaq bürokratlara bir çox haqq verəcək bir cavan üçün hazırlamağa çalışır… Hər halda bu qədər məşğuliyyətlə bərabər bütün məmləkətində camaatla hökuməti bir-birinə bağlayan məhəbbət rabitrəsi mövcud deyil.

Yuxarıdan bəri məqaləmizdə bir məhəbbət, bir məhəbbət rabitəsi kəlməsidir işlənir. Görəsən insanlar arasında istər Rusiyada, istər Avropada, istər İslam məmləkətlərində İsa (ə) və Muhəmməd (s)-in arzu və tələb etdikləri bu məhəbbəti nə ilə və nə vasitə ilə təmin etmək olur?… O vasitəni bəşəriyyət kəşf edə bilibmi? Şübhəsiz, etmişdir. O nədir? Hürriyyət və kamil bir ədalət!..

Bunu Ərdəbil şəhərinin “neməti”ləri ilə “heydəri”ləri hələ anlamayıb bir-birlərinə qarşı mənasız və cahilanə bir ədavət aparmaqda davam edirlərsə də, lakin məmnuniyyətlə bütün İran hökuməti ilə əhalisi anlamışdır. Anladıqları üçün hürriyyət və ədalətin müqəddəs yollarını təmin etmək üçün milli məclisi açdılar. Bu son günlərdə Tehrandan gələn teleqraflar olduqca təsəllivericidir. Həqiqətən şah həzrətlərinin xəstəlikləri davam edir. Bununla belə şah, vəliəhdi Məhəmmədəli Mirzə ilə bərabər əsas qanunu qəti surətdə imzaladılar. Bu münasibətlə Tehranda atəşfəşanlıq oldu. Bundan başqa, vəliəhd həzrətləri milli məclisi iki ilə qədər tətil etməyəcəyini qəti surətdə öhtəçiliyə götürüb, o yolda bir əhdnaməyə imza atmışdır. Ancaq bu müddət keçdikdən sonra məclisin tənzimlədiyi qanun layihəsi senat tərəfindən iki dəfə rədd olunursa, şah milli məclis üzvlərini dəyişmək üçün məclisi dağıda bilər. Doğrusu əvvəlcə haqqında gəzən şayələrə rəğmən İran vəliəhdi əsas qanuni və yeni islahatlara tərəfdar olub bu xüsusdakı fikirlərini milli məclis üzvlərinə söylədiyi bir nitqdə bəyan etdi. İndiyə qədər milli məclis üzvlərinin səyi ilə bir çox faydalı qayda və qanunlar əmələ gəldi. Bu qanunlara görə, milli məclis maliyyə büdcəsinə kontrol haqqına malik olur. Milli məclisin icazəsi olmadan dövlət nə bir tərəfdən pul istiqraz edə bilir, nə də dəmir yol çəkmək üçün kimsəyə bir imtiyaz verə bilir. Nazirlər məsul tutulur, istənilən suallara cavab verməyə məcburdurlar. Məclisin bilavasitə şaha ərizə təqdim etməyə haqqı vardır. Bir də milli məclis üzvlərinin anda sədaqətləri hökumətin konstitusiyasına riayətinə qədərdir.

İran konstitusiyası ümumi heyəti etibarilə, ehtimal ki, konstitusiyasına oxşar olacaq. Milli məclisin üzvləri 162 nəfərdən ibarət olacaq. Milli məclisin razı olmadığı bir məsələ varsa da, o da hökumətin, milli məclisdən başqa, bir də məclisi-əyan adı ilə ikinci məclis təsis etmək istəməsidir. Adı çəkilən bir rəvayətə görə, yarısı seçki, yarısı da şah tərəfindən təyin olunan üzvlərdən ibarət olacaq.

Hər halda isə İranda hürriyyət və ədalətə doğru böyük təşəbbüslər görünür ki, etiqadımızla insanlar arasında ahəng və məhəbbəti təmin edəcək vasitələr başlıca bu iki nemətdən ibarətdir.

Fəxri-kainat (s) əfəndimiz buyurmuşdur ki, küfr zəlalətində olan bir məmləkət ədalət ilə baqi qalacağı kimi, ədalət olmayan bir ölkə islam adını daşısa da baqi olmaz… Ədalət olursa, hürriyyət də olur, hürriyyət olursa, məhəbbət və sevgi də olur. Həzrəti İsa (ə)-ında, həzrəti Muhəmməd (s)-in də şəriət və qanunları bu həqiqətə söykənir. Bəli, yeni ictimai mücahidlərimizin də məqsədi bu həqiqətdir. Hətta bu axır zamanda zühur edən bizim balaca Mehdinin böyük “Təkamülü” də bu həqiqəti öyrətməyə çalışmaqdadır.

İnşallah, müvəffəq olur…

 

Əli bəy HÜSEYNZADƏ

24 Dekabr.1906, №6