Milli ruh

Varlığını ən sağlam təməllər üzərində quran millət bu gününü, həm də  sabahını zəmanət altına alır. Tarixi keçmişini, kimliyini unudaraq, dünənini yaddan çıxaran bir millətin isə ruhu kökündən qopar, yabancılaşar və  nəhayət, hər hadisənin qarşısında əzilər. Odur ki, istiqbalın əmanətçiləri olan  gənclərə pozitiv elmləri təlim etdirdiyimiz kimi, keçmişimizin zirvələrdə dolaşdığını dastanlaşdıraraq onlara təlim etməliyik. Milli ruhla gündəlik qidalanma yeni-yeni qəhrəmanlar yetişdirmək imkanını obyektivləşdirər.

Həyat məktəbi orta və ali məktəblərdən çox fərqlidir. Həyat məktəbi dünyaya aid hər bir məsələnin praktiki icra yeridir. O, kitablar arasında olanlardan son  dərəcə fərqlidir. Bu düsturu əsas tutaraq orta və ali təhsil ocaqlarında yetişdirilən nəsli milli ruhumuzun prespektivlərinə tamamilə  uyğunlaşdırmalıyıq. Günümüzün idrakı, modern elmlərlə təmas, müasir  texnologiyaya dərindən yiyələnmək və dini mədəniyyətimiz qütbündə inanc  kimi strateji sahələri milli ruhun yanında görməliyik.

Qərbin məfkurə hegemoniyası bütün potensialı ilə dünyanı mənən istila edir. Dünya evində məfkurə mücadiləsi ən müasir döyüş silahıdır. Torpaqlar, ölkələr işğalından öncə masa ətrafında istilaya məruz qalır. Hadisələrin nəbzini tuta bilməyən  millətlər, xalqlar, dövlətlər şahmat üstündə fiqurlara çevrilir. Və kimlərinsə əlilə oyunların qaranlıq dəhlizlərinə atılır. Fikrimcə, bu atılmalar milli ruhun ölməsindən sonra başlayır. Amma millət ideologiyasında, bu səhnədə varlığını isbat etməyə çalışan xalq, əvvəlcə milli kimliyini, milli  mədəniyyətinin fonunda təmsil edərək proseslərə yaxınlaşmalıdır. Yoxsa  canlılar aləmində aparılan süni mutasiyalar son nəticədə ölümlə nəticələndiyi  kimi, millətlərin də bu taleyi, yaşama ehtimalı hər keçən gün daha da  artacaqdır.

Ölkənin siyasi, iqtisadi, hərbi qazancı fövqəladə tərəqqiyə  qovuşacağına inanaraq cani-könüldən çalışmalıyıq. Bu yüksəliş milli ruha tərs düşməməlidir.

Ədəbiyyatımız, milli ruhu və milli düşüncəni amal etməlidir. Millətə aid məsələləri hətta kiçik olsa da, insanlıq səmasında bir göy qurşağı halına gətirməlidir. Yeni nəsillərə ərz edilən dəyərlər, romanlar,  pyeslər xalqımızın könül dünyasının tərcümanına çevrilməlidir.

Yediyimiz qidalar, aldığımız hava, verdiyimiz can, qoxuladığımız hər çiçək bu vətənə aid olmalıdır. Mənəviyyatımızı dəyişən heç bir proses cəmiyyətimizə sirayət  etməməlidir.

Alimlərimiz elmi tədqiqat mərkəzlərində, natiqlərimiz seminar və konfranslarda, siyasətçilərimiz həm ölkə, həm də beynalxalq tribunalarda,  məscidlərdə nəsihət verən vaizlərimiz minbərlərdə Azərbaycan xalqı kimi  düşünməli və onun kimi danışmalıdırlar. Onların sevincləri, kədərləri,  həyəcanları milli ruhumuzun meyarları çərçivəsində rəvac tapmalıdır. Özümüz kimi fikirləşib, özümüz kimi yeriməli, öz əllərimizlə tutmalı və öz  ayaqlarımızla yeriməliyik.

Bu yol milli şüurda dərinləşənləri bir yumruq halına gətirər. Bütün intellektual səviyyələri milli ruhun səviyyəsinə yönəldər. Beləliklə, ölkəmiz tarixən yaşadığı bir çox dramları təkrarən  yaşamayacaqdır. Hər cür insani və bəşəri hisslərdən məhrum xeyli düşmənlərimiz var. Onlar milli ideologiyaya qarşı cəbhə açmışlar. Nifrət və kinlərini fərqli təşkilatlar, qurumların vasitəsilə bayraqlaşdırmışlar. Tarixin çox ağır sınaqlarından məsuliyyətini idrak edərək çıxan xalqımız bu  bayraqları və süni bayraqlaşmaları qətiyyəti ilə rədd edir.

Dövlətini və millətini sevənlər bir an olsun bu şüurdan ayrılmamalıdır. Çünki millətin ruhu dövlətin qüdrətinin ifadəsidir. Milli ruhlu qüvvətli dövlətlər güclənirlər. Milli ruhu sarsılmış millətlər isə əsrlərin və zamanların super güclərinin müstəmləkəsinə çevrilir.

Azərbaycan böyük bir xalqdır. Böyüməsində tarixən böyük qurbanlar veribdir. Nəhəng mədəniyyətlər qurub, məşhur alimlər yetişdirib və dünya mədəniyyətinə misilsiz töhfələr veribdir. Bütün bunlar  dünyaya yenidən təqdim olunmalıdır. Bu, bizim həyati vəzifəmizdir. Vəzifə haqdan öncə gəlir. Onu da xatırlamalıyıq ki, xalqımız bir orqanizm kimidir. Bir orqanizmdə bir ruh olar. Ona da milli ruh deyirik.

 

 

Ağa Hacıbəyli