Milli Mədəniyyətimizin böyük abidəsi

Beləliklə, türkçülük ideologiyasının banisi olan Ə.Hüseynzadə eyni zamanda həmin ideologiyanın nəzəri təməl prinsiplərinin də yaradıcısı olur və türkçülüyü tez bir zamanda kamil ideologiya səviyyəsinə çatdırır.

Milli, islami, ümumbəşəri dəyərlərə söykənən, əsrin mühüm şüarına çevrilən bu “üçlü qayə” o zaman təkcə azəri türklərinin deyil, bütün türk xalqlarının milli şüurunun inkişafında böyük rol oynayır.

Görkəmli türkçü alim Ə.Cəfəroğlunun dediyi kimi: “Bu ixtiyar və imanlı türkçü, bu üçlü məramla milli istiqlalın fikri mücadiləsinin “Ana Yasası”nı meydana qoymuşdur.

Türkləşmək məramı özünü ilk növbədə milliözünüdərk sahəsində irəliləyişdə göstərir. Bu məram türk xalqlarının kimliyə olan ehtiyacından, milli özünüqoruma instinktindən yaranmışdır.

O zaman türk xalqlarına “türk” olduğunu sübut etmədən, onları bir yerə toplamaq, milli əsarətə qarşı mübarizəyə qaldırmaq qeyri-mümkün idi. “Tatar”, “müsəlman”, “osmanlı”, “azərbaycanlı” adlarının şüurlara hakim kəsildiyi, “türk” adının dilə gətirilmədiyi bir dövrdə Ə.Hüseynzadə tarixi cavabdehliyi öhdəsinə çəkərək əsrin “Biz kimik”-həyəcan səsinə “…əvvəl əmrdə özümüzü tanımalıyıq” deyə cavab verərək yazırdı ki: “O tayfa, o millət təriqi-fəlah və nicatda olur ki, özünü tanıya. Yəni hər qövm və millət öz qövmiyyətinə, lisanına, dininə, tarixinə, adət və əxlaqına vəlhasil özünün bütün əhvali-maziyyə və hazirəsinə, hətta əhvali-atiyyəsinə kəsbi-vüquf eyləməlidir”– sözlərilə türk xalqlarının fikir tarixinə ilk dəfə milliözünüdərk problemini gətirir. Türkün kimliyini bərpa etməyi və onu qorumağı türk xalqlarının təxirəsalınmaz vəzifəsinə çevirərək yazırdı ki: “Bu məsələ qayət mühümdür. Bu məsələ ilə bu gün deyil, bir neçə əsr əvvəldən bəri iştiğal etmək lazım idi. Keçmişdə əhəmiyyət verilməmiş məsələni gələcəyə, uzaq gələcəyə tərk etməyib heç olmazsa indi ələ almalıyıq. Türklüklə iftixar etdikləri halda türkün kim və kimlərdən ibarət bulunduğunu bilməyən nə qədər türk mühərrirlərimiz vardır. Ona görə bütün bu dolaşıqlıqların səbəbi türk millətləri arasında çaşqınlıq, dağınıqlıq yaratmaq, onları öz türk mənşəyindən, türk soyundan azdırmaqdır. Bu xalqları necə çağırmaq lazımdır? –sualına Ə.Hüseynzadə cavab verir ki, birimizə özbək, birimizə qırğız, birimizə tatar deməklə heç bir fayda əldə etmək olmaz.

Amerika alimi Tadeuş Sviyataxovski yazırdı ki: “XX əsrin əvvəllərində türk xalqlarına kimliyini bildirən bir nəfər var idi. O da Ə.Hüseynzadə idi”.

Həqiqətən, ilk dəfə Ə.Hüseynzadə türk xalqlarına milli özünüdərk məramı ilə dil, soy, kültür bağlarını tanıdaraq onları oyatmaq, hərəkətə gətirmək, onlara qüdrətli millət olduğuna inandırmaq üçün şanlı tarixlərini, şərəfli keçmişlərini yada salır.

Elm və bilik sahəsində çox böyük xidmətləri olan istedadlı, zəki alim və şairlərin-Uluğbəylərin, Farabilərin, Mollayi-Rumilərin, Ə.Nəvailərin, Füzulilərin, Kamalların, Hamidlərin adlarını qürurla çəkir və yazırdı ki: “Tariximiz və keçmişimizdəki əkabiri-milliyyəmiz haqqında həqiqəti meydana çıxarmaq üçün əvvəl-əmrdə özümüz tanımalıyız. Yəni türklərin kim olduqlarını və kimlərdən ibarət bulunduqlarını, nərədən nəşət etdiklərini, neçə şöbəyə ayrıldıqlarını, bu gün nərədə sakin olduqlarını və nə namlar altında yaşadıqlarını …göstərməliyik, içimizdə özbəklərin, qırğızların, başqırdların türk olduqlarını bilməyənlər də var”.

Bu məqalələr içərisində Ə.Hüseynzadənin təkcə “Türklər kimdir və kimlərdən ibarətdir?” geniş həcmli əsəri türk xalqlarında millət olmaq fikrinin daha qüvvətli və şüurlu şəkildə oyanması baxımdan əlamətdar hadisədir.

Ə.Hüseynzadə tərəqqi proqramına türkləşmək məramı ilə yanaşı, “zihəyat bir millət olmaq istərsək, bizə hər şeydən əqdəm islam bulunmaq, islam qalmaq” kimi islamlaşmaq məramını da daxil etmişdir. İslamlaşmaq onun milli tərəqqi proqramının ideya-nəzəri əsaslarından biridir. Bunu əldə bayraq edən bəzi rəqib millətlər türklərin “islamlaşmaq” şüarını “panislamizm” məramı kimi qələmə verirdilər. Halbuki həmin çağırışlar öz məzmunu və xarakterilə Avropanın və çarizmin hay-küy qopardıqları “panislamizm”dən fərqli idi. Ə.Hüseynzadədə islamlaşmaq türk və müsəlman xalqlarının kimliyini təmin edən faktordur.

O, bu məramında türkçülüyü, yəni millətçiliyi islamçılıqdan ayırmamışdır. Bəzi tədqiqatçılar islamçılığı gözdən salmağa çalışaraq yazırdılar ki, guya türkçülər islamlaşmağın “əsassız konsepsiya olduğunu bilib ondan əl çəkmişdilər”. Lakin türkçülər nəinki islamçılıqdan əl çəkməmişdilər. Əksinə, Ə.Hüseynzadə müsəlman özünüdərkindən ayrılaraq, milliözünüdərkə keçərkən türkçülük məramında “Bizə islamdan kənar nicat yoxdur” – mövqeyindən çıxış edərək yazırdı ki: “Bunu mazidə bütpərəst, ya atəşpərəst olan əcdadımız idrak etdikləri üçün dini islamın qəbul və nəşrilə müşərrəf olmuşlar” – deyə islam dininin türk millətinin təşəkkülü üçün təsirli faktorlardan biri sayırdı. Ə.Hüseynzadəyə görə, cürbəcür məzhəb və dinlər türkləri bir-birindən ayıraraq, onların elm və mədəniyyətini tənəzzülə uğratdığı halda, türklər yalnız “dini islam ilə mütədəyyin, ərəb elmi ilə mütəəllim, ərəb mədəniyyətilə mütəməddin olduqları halda əsla ərəbləşməyib, yenə “türk oğlu türk” qalmalarıdır. Öz türk mədəniyyətini, türk dilini, tarixini və ədəbiyyatını mühafizə edib qorudular, inkişaf etdirdilər. Yalnız islam dini türklər arasında yayıldıqdan sonra bu din onların lisanına, ədəbiyyat və əxlaqi-adətlərinə əzim bir təbəddül vücuda gətirmişdir”.

Ə.Hüseynzadə islama ehkam kimi də yanaşmayırdı; milli intibahla yanaşı, dini intibahı da əsas götürürdü. Əgər türkləşmək məramı ilə türk dilini, türk tarixini, türk ədəbiyyatını öyrənməyi tələb edirdisə, islamlaşmaq məramı ilə də xristrianlıq (ortodoks) dini doktrinanın dirçəldilməsini deyil, əksinə, islam dininin ümumbəşəri, ali, mənəvi-əxlaqi dəyərlərinin öyrənilməsini istəyirdi. Bu baxımdan islamlaşmaq onun milli tərəqqi proqramının əsas məramlarından idi.

Ə.Hüseynzadə dində islahat dedikdə islamı dəyişmək yox, daha qüvvətlə irəliyə getmək üçün, geriyə – islama qayıtmağı tələb edirdi. Əks təqdirdə əsl dini həqiqətləri və hikmətləri ortaya çıxarmaq, bərpa etmək və islamı müasir elm və tərəqqiyə xidmət edən vasitəyə çevirmək mümkün olmayacaqdır. Ona görə, yalnız bu cür islahat həm islamın əsl mahiyyətini örtən üst qatlardan təmizləyəcək, təhriflərdən, müxtəlif yersiz şərhlərdən xilas edəcək, həm də “bizim hər şeydən əqdəm hikməti islamiyyəni öyrənməyimizə və bu hikmətdən feyziyab olmamıza, onun nuru ilə işıqlanmağımıza çəpər olan maneələri rəf etməyimizə kömək edəcəkdir”.

Avropalaşmaq – Ə.Hüseynzadənin milli tərəqqi proqramının əsas məramlarından biridir.

Avropalaşmaqla Avropa elm və texnikasının yeni nailiyyətlərini öyrənməklə milli mədəniyyəti, yəni türk-islam mədəniyyətini yaşatmaq istəyirdi. “O, avropalaşmağı öz millətinə xor baxmaqda, kafirləşməkdə deyil, Avropa elm və texnikasının nailiyyətlərini öyrənib, öz elm və mədəniyyətlərini inkişaf etdirməkdə görürdü”. Onun bu mövqeyi Qərb və Şərq mədəniyyətlərinin sintezinin yeni mərhələsi idi. Yəni o, türk-islam mənəviyyatını ilk dəfə olaraq Şərq-Qərb kontekstində birləşdirir”.

O, avropalaşmaq məramına qərb mədəniyyətinin, texnikasının nailiyyətlərini, üstünlüklərini öyrənmək, tərəqqi etmək mövqeyindən yanaşırdı və yazırdı: “Tərəqqi və təməddün həvəsində olan hər bir millət öz milli üdəba və üləmasının əsərlərilə kifayətləndikcə çox da iləri gedə bilməz, mütləq sair millətlərdən geri qalar. Geri qalmamaq üçün və meydani tərəqqidə həqqilə rəqabətə qadir olmaq üçün hər bir millət sair miləl və əqvam arasında yetişən ümumbəşəriyyətə xidmət edən cəmi üləmanın asarından hissəməndifüyuzat ola bilməlidir. Zatən bəşəriyyət qüvayi-müttəfiqə ilə çalışıb irəli getməkdədir. Bir ingilis, bir fransız, bir alman, bir italyan İbn Rüşdün, Əbu Əli Sinanın, Farabinin, Firdovsinin, Sədinin, Mollayi-Ruminin, İmam Qəzalinin əsərindən feyziyab olmağa, bu kibi üləmayi– tərcümə, şərh və təfsirlər vasitəsilə öz millətlərinə mal edinməyə çalışdıqları halda, bizə də lazımdır ki, anların Laplasları, Lavuaziyeləri, Russoları, Pastorları, Nyutonları, Spenserləri, Edissonları, Rentgenləri, Marksları, Höteləri vasitəsilə öz maarifimizi, öz ana dilimizdə olan kitabxanamızı təzyidə çalışalım. Cəhalətin, təəssübün kökünü ancaq bu vasitə ilə qurutmaq, söküb atmaq olar. Başqa yol yoxdur. Lakin Ə.Hüseynzadə avropalaşmaq dedikdə müasirlərinin ehtiyatlı olmağa çağıraraq, Avropadan əsən bütün yelləri, hətta zəhərli yelləri şəfabəxş adlandıran materializmi, sosializmi, ateizmin mahiyyətlərinə agah olmadan bu fəlsəfi təriqətləri yaymağa çalışan özümüzünküləri də ciddi tənqid edirdi. Qərb dövlətlərinin türk xalqlarına qarşı apardıqları qəsbkarlıq və iqtisadi-siyasi təzyiqinə işğalçılıq siyasətinə qarşı o avropalaşmağı… Avropaya müqavimətin üsulu, forması sayırdı. Ə.Hüseynzadə onu “avropalaşalım” şüarında günahlandıranlara cavab verərək yazırdı ki: “İndi bizə derlər ki, madam ingilislər, firənglər, filanlar böylə imişlər nə üçün siz də… “Füyuzat”ınızda ingilislərə, firənglərə müraciət ediyorsunuz. Ortaya gah Getenin “Faust”unu, gah Şekspirin “Yuli Sezar”ını, gah nə bilim hanki avropalının hankı əsərini çıxarıyorsunuz? “Avropalışalım, firəngləşəlim” – diyorsunuz? Lakin ey qare! Müraciətdən müraciətə fərq vardır. Biz avropalıların ədəbiyyatlarına, sənayelərinə, ülum və maariflərinə kəşfiyyat və ixtiraatlarına müraciət etmək istiyoruz, özlərinə deyil. Biz istəyoruz ki, islam ölkəsinə onların beyinləri, dimağları girsin, boğazları, mədələri girməsin. Biz istiyoruz ki, ölkəmiz onların beyinlərini həzm etsin. Yoxsa, mədələrində həzm olunmasın. Bu gün onların mədələrində həzm olunmamaq üçün bir çarə varsa, o da onların dimağlarının məhsulati-dəmağiyyələrini alıb həzm etməkdən başqa bir şey deyildir”.

Türkün tərəqqisinin, onun azadlığının, milli istiqlalının təməlini bu “üç qayəli” nicat yolunda görən Ə.Hüseynzadə məhz bu məramın aparıcı olduğunu iddia edərək, “Həyat” qəzetindən sonra, bu düsturu həm nəzəri, həm də tətbiqi baxımdan işləyib hazırlayır. “Fədai lazımdır, fədai!” – deyə XX əsrin fədaisini “türk hissiyatı ilə mütəhəssis, islam dini ilə mütədəyyin və Avropa mədəniyyəti-hazirəsilə mütəməddin” kimi görmək üçün bu məramı tez bir zamanda “Füyuzat” (1906-1907) məcmuəsinin “tutduğu yolunun” əsas şüarına çevirərək, onu qısaca “Türkləşmək, islamlaşmaq və avropalaşmaq” şəkildə formalaşdırır.

Tərəqqi proqramında “ittihad” məramı. Ə.Hüseynzadəyə görə, “tərəqqidə təkcə təkamül yolu ilə məsələ həll olunmuyor”, əsas məsələ “ittihada doğru tərəqqi”dir.

Ə.Hüseynzadə türk xalqlarını rus inqilabının silahlı mübarizə yolundan təkamül yoluna çəkdiyi kimi, eyni zamanda bu inqilabın sinfi mübarizə məramından da uzaqlaşdırmağa çalışmışdır. Lakin bu o demək deyildir ki, Ə.Hüseynzadəni sinfi mübarizə problemi maraqlandırmırdı. Əksinə, sinfi ziddiyyətlərə qarşı mübarizə onun milli istiqlal bəyannaməsinin ilk bəndidir. “Məzlum olan sinifləri zalım siniflərin təcavüzatından azad etməyə çalışınız, müsavati-tammə istəyiniz. Yersiz, yurdsuz əkinçilərimizə yer, torpaq tələb ediniz! Füqərayi-kasibəmizin şəraiti-təəyyüşünü təshihə çalışınız!”

Göründüyü kimi, sinfi ziddiyyətlər məsələsində də ədibin mövqeyi aydın idi. O, ictimai həyatdakı bu ziddiyyətləri görür, onların əleyhinə çıxır, onları məhv etməyə çağırırdı. Lakin Əli bəy çarizmlə mübarizədə milli məsələyə daha çox əhəmiyyət verirdi. O, türk xalqlarının diqqətini ətrafda baş verən “erməni-müsəlman müqatiləsi, yəhudi-rus qitalı, gürcü-əsgər qırğını, inquş-kazak faciəsi” və ilax. hadisələr bütün bunlar mütləqiyyət hökumətinin azadlıq uğrunda döyüşən xalqlara qarşı mübarizə meydanında işlətdikləri vəsaiti mübarizələrdən biridir… bunları bilməliyik, aldanmamalıyıq” – deyə onları milli ittihad uğrunda mübarizə yoluna çəkərək yazırdı: “Zatən inqilabdan məqsəd nədir? Nicat yolu aramaq deyilmidir? Nicat yollarından biri də ittihadda olduğuna şübhəmi var?”

Deməli, Ə.Hüseynzadədə “tərəqqi” məramı ittihad səciyyəlidir.

Ə.Hüseynzadə əsl məsələ “İttihad, yaxud tovhid məsələsi deyil” – deyə özünün türkçülük siyasətinin mahiyyətini şərh edərək yazır: “Türklügün nədən ibarət olduğunu tamamilə bilməyirsiniz… Türkçülük millətini sevmək, yüksəltmək deməkdir”. Bir millətin qüvvəti müxtəlif türk tayfaları arasında mənəvi bağlılığın artmasındadır. Bu məsələdə isə “əsas işimiz dil, din birliyini qorumağın vacibliyini bilməkdir. Çünki yalnız bu yolla türklər harada yaşayırsa yaşasın bir-birini tanıyacaq, sevəcəkdir. Mədəniləşmə və tərəqqi yolunda bir-birinə kömək edəcəkdir”.

“Ə.Hüseynzadə müsəlman türkləri arasında ilk turanlıdır, yəni panturanistdir” – Y.Akçuraoğlu onun turançılığının mahiyyətini şərh edərkən yazırdı: “Onun turançılığı “şairanə turançılıq” idi”. Bu doğrudur, lakin bu o demək deyildir ki, Ə.Hüseynzadənin turançılıq ideologiyası siyasi məramlardan uzaq idi. Onun ideologiyasının siyasi mahiyyətindən danışan M.Ə.Rəsulzadə yazırdı ki: “Turançılıq türk xalqlarının öz müstəqilliyi uğrunda, milli müqəddəratının təyini və təsdiqi uğrunda mütərəqqi ideologiyadır. Bu ideologiya Rusiya imperializminə “Vahid bölünməz Rusiyaya” qarşı qoyulmuşdur”.

Ə.Hüseynzadənin turançılığında ilk vəzifə millətini əsarətdən xilas etmək, ölkəsinin milli müstəqilliyini təmin etmək idi. Sonrakı mərhələdə isə türk dövlətlərinin kültür birliyini, daha uzaq strateji baxış etibarilə iqtisadi və siyasi qarşılıqlı əlaqələrinin yaradılması və inkişaf etdirilməsidir. Bu məram Ə.Hüseynzadənin turançılıq ideologiyasının məğzi idi. Ə.Hüseynzadə bu yolu “səadət yolu” adlandıraraq, yazırdı ki: “Bizim zəmanəmizdə hər bir millət yalnız fiziki deyil, həm də mənəvi mənada qüvvətli olmağa can atır. Çünki xoşbəxtliyin, səadətin yeganə əsası qüvvətdir (yəni “ittihad”dır). Bu isə biliksiz, vəsaitsiz (yəni dilsiz), yüksək əxlaqi səviyyəsiz (dinsiz) və bir-birinə məhəbbətsiz mümkün deyildir.”

Odur ki, ittihadda əsas məqsəd dil, din birliyini qorumaqdır. Onun qənaətincə, dil, din birliyi olmadan milli ayrılıqlar, dini çəkişmələr üzündən türk ittihadına, bu böyük işə başlamaq olmaz.

Tərəqqi proqramında hürriyyət məramı. Hürriyyət məramı Ə.Hüseynzadənin “İttihada doğru Tərəqqi” proqramında “Maarif” və “İttihad” məramlarından sonra üçüncü yerdə dayanır. Çünki maarif, ittihad məramları hürriyyətin qələbəsinə hazırlıq məramlarıdır.

Ə.Hüseynzadənin hürriyyət mövzusu həm milli, həm də ümumbəşəri səciyyə daşıyırdı.

O yazırdı: “Biz Qafqaz müsəlmanlarına da yersiz, yurdsuz qalan, əsarət bəlasına düçar olan biz müsəlmanlara da “yer və azadlıq” lazımdır. Yer, yəni əkin və ziraət yeri lazımdır. Azadlıq, yəni müsəlman və türk cəmaətinin külliyyat etibarilə öz tərəqqi və səadəti üçün hər növ vasitə hürr və sərbəst müraciət edə bilmək üçün azadlıq lazımdır”.

“Yer və azadlıq” fəlsəfəsi Ə.Hüseynzadənin ictimai, siyasi görüşlərinin əsas mahiyyətidir. Hər iki amal (maddi və mənəvi) onun yaradıcılığında vəhdətdə verilmişdir.

Ümumiyyətlə, Ə.Hüseynzadə iqtisadi məsələni siyasi məsələdən ayırmırdı. İqtisadi azadlıq və siyasi azadlıq uğrunda mübarizə eyni mübarizənin iki cəhətidir. O, iqtisadiyyatı tərəqqinin ən mühüm amili hesab etdiyindən, iqtisadi problem milli-istiqlal bəyannaməsində ön planda verilmişdir. Ona görə iqtisadi inkişafsız nə millət tərəqqi edə bilər, nə dövlət yarana bilər. Onun fikrincə, siyasi istiqlaliyyət yalnız hər bir millətin iqtisadi cəhətdən də müstəqil olması şəraitdə mümkündür. Xalqın məhrumiyyət və əsarətinin başlıca səbəbinin iqtisadi məsələdə görürdü. Çünki müsəlman ölkələrində iqtisadiyyatın zəifliyi ölkələrinin rus və Avropa müstəmləkəçiləri tərəfindən işğalına şərait yaratmışdır. Onun qənaətinə görə, hər bir millətin siyasi cəhətdən istiqlaliyyət qazanması heç də o demək deyildir ki, həmin millət habelə iqtisadi istiqlaliyyət əldə edər. Onun fikrincə: “İqtisadi məsələ hətta beynəlxalq münasibətlərdə elə böyük həlledici bir qüvvədir ki, hətta siyasi cəhətdən tamamilə müstəqil olan dövlətləri özünə tabe edə bilər. İnsanları bir-birinə qovğa və müharibələrə sövq edən qüvvət nə millət, nə milliyyət qeyrəti, din və məzhəb təəssübü, hökumət və səltənətə sahib olmaq arzusu deyildir… Bütün bunların hamısı bəhanədir. Bəhanə diyoruz, çünki həqiqət halda yeganə səbəb iqtisadi mənafe, sadə sözlə desək, əkmək (çörək) davasıdır… Əkmək bir həqdir ki, insanlara səy və əməkləri nisbətində qismət olmalıdır. Bu gün Rusiya əhalisinin inqilabi “yer və hürriyyət” ilə müzəyyəndir. Yer, yəni əkmək, hürriyyət, yəni o əkməyi qazanmağa müsaid şəraiti-ictimaiyyə və siyasiyyə!”.

“Para, əkmək olmasaydı, bütün bəşəriyyətin nifrətinə səbəb olan o qan sellər axmazdı, quruyardı”.

Ə.Hüseynzadənin hürriyyətə çağırışında siyasi amallar mühüm yer tuturdu.

 

Ardı gələn sayımızda

 

 

`                                               f.e.n. O.BAYRAMLI