Mənəvi tərbiyəyə ehtiyacımız var!

Mənəvi tərbiyəsini düzgün quran millət həqiqi mənliyinə sahib olacaqdır.

Tarixi baxımdan olduqca qısa bir müddət ərzində xalqımızın əvəzsiz milli sərvəti olan müstəqillik yolunda atılmış hər bir uğurlu addım, əldə edilmiş hər bir nailiyyət xalqımızı azad, müstəqil Azərbaycanın xoşbəxt gələcəyinə  dərin nikbinliklə baxmağa ruhlandırır, ona yeni güc, qüvvət verir. Təbiidir ki, müstəqilliyimizin qorunub saxlanması üçün xalqımızın milli-mənəvi dəyərlərə sahib çıxması və onu var gücü ilə müdafiə etməsi əsas amillərdən biri  olmalıdır.

Xalqımızın özünəməxsus adət-ənənələri, öz milli-mənəvi və dini  dəyərləri vardır. Biz öz milli-mənəvi və dini dəyərlərimizlə fəxr edirik. Onun  üçün sahib olduğumuz, əcdadlarımızdan irsən keçən bu dəyərləri qorumaq bizim ən ümdə vəzifəmiz olmalıdır.

Mənəvi tərbiyə insanın bioloji təhlükəsizliyi və sosial təşəkkülünün əsasında psixoloji tərbiyyənin dayandığını bildirir. Bu müqəddəs mesaj mənəvi tərbiyə metoduna  əsaslanaraq insanları iki dünya səadətinə çatdırır. Bu baxımdan insanın həqiqi şəxsiyyət kimliyi ən bariz bir şəkildə ailə həyatında meydana çıxar. O ülvi  mərtəbənin, insanlıq məfhumunun qorunub saxlanılması və cəmiyyətin  əsasını təşkil edən insan nəslinin təmiz bir şəkildə davamı üçün ailə  həyatındakı tərbiyə böyük əhəmiyyət kəsb edir.

Bu gün dünyaya baxsaq, gənclərin pis təlqin və təsirlərə məruz qalan hisslərin, hərəkətlərin və  şəhvətlərin qurbanı olduğunu görərik. Acınacaqlı haldır ki, yenicə  müstəqilliyini əldə etmiş Vətənimizin bir qisim gəncləri öz milli-mənəvi, əxlaqi və tərbiyəvi dəyərlərindən uzaq düşərək milli mentalitetimizə uyğun olmayan dünya görüşlərinə meyl edərək, fitnə və təhlükələrin qurbanı olurlar. Bunun üçün də gənclərimiz daha diqqətli olaraq sahib olduqları milli-mənəvi dəyərlərə hörmət etməli, bu mənəvi hisslərlə yaşamalı, gələcəyə də məhz bu prizmadan baxmalıdırlar. Əks halda bunlar keçmişimizə laqeyd münasibətin, milli-mənəvi irsimizdən məhrum olmanın, düşmənlərimizə də “bu millət keçmişi olmayan bir millətdir” söylətməyə əsas verməklə nəticələnər.

Cəmiyyətin mənəvi-əxlaqi həyat tərzi müxtəlif dövrlərin və nəsillərin mənəvi  həyatının qarşılıqlı təsiri və asılılığı prinsipi üzərində qurulmuşdur. Bütün bunlar əsas verir ki, ölkəmizdə gənclərin mənəvi təlim və tərbiyəyə cəlb edilməsi mühüm vasitələrdən biri olsun. Mənəvi tərbiyənin müasir təbliği  baxımından əsl dini həqiqətlər izah və təbliğ edilməli, din daxilində baş verən qeyri-qanuni cərəyan və ünsürlər tənqid və ifşa edilməlidir. İnanıram ki,  azərbaycanlı olaraq bizim hər birimizin hiss və düşüncəmizdə mənəvi keçmişimizi mümkün qədər tam və dolğun şəkildə bərpa etmək istəyi vardır. Bu sahədə ən uğurlu addımlar atmalı, Azərbaycan gəncliyinin  çiçəklənməsində əcdadlarımızın qoyub getdiyi irsi bu günün tələbləri  səviyyəsində gənclərə doğru-düzgün təlqin etməli, unudulmuş irsimizin bərpasında ən uğurlu addımlar atmalıyıq.

 

Qürbət Gümüşov