Klassik Nəşrdən Müasir Tipoloji Formata

Azərbaycan ictimai, ədəbi, siyasi mühitində baş verən hadisələr sırasında “Füyuzat” jurnalının nəşri xüsusi yer tutur. 1906-cı ilin noyabrından 1907-ci ilin noyabrınadək – bir il işıq üzü görmüş “Füyuzat” jurnalı mətbuat tariximizdə məktəb səviyyəsinə yüksəlmişdir…

Azərbaycanda jurnalistikanın yeni inkişafı bir neçə istiqamətdən fərqlənir. Bunlardan birincisi, sovet jurnalistika sistemindən birdəfəlik və cəsarətli şəkildə imtina edilməsi, ikincisi, hər cür senzura qadağalarının qanunvericilik bazasında aradan qaldırılması, üçüncüsü, bazar iqtisadiyyatı zəminində medianın özəl sektorunun yaranması və bununla da sürətli inkişafa aparan rəqabət şəraitinin formalaşması, dördüncüsü, mətbuatın milli-tarixi dəyərlərinə yenidən baxış və bu ənənələrin yeni şəraitdə uğurlu tətbiqi, beşincisi, uzun müddət uzaqlaşdığımız Qərb peşəkarlığının milli yaradıcılıq mühitinə təsiri… Bu sıranı sadalayarkən haradasa nöqtə qoymaq çox çətindir. Elə ona görə də jurnalist yaradıcılığında hər kəsin fərdi dünyagörüşünə, fərdi yanaşma üslubuna, neçə-neçə başqa amilin ola biləcəyini də nəzərə alaraq üç nöqtə qoymalı oluruq. Çünki yaradıcılıq o qədər fərdi, o qədər hər kəsin özünəməxsus idrak səviyyəsinə, peşəkarlıq qabiliyyətinə bağlıdır ki, bu məqamda 2+2 yəqin ki, heç vaxt 4 eləmir. Lakin yaradıcılığın və yaradıcılıq sahəsinin həm də ümumi qanunauyğunluqları mövcuddur. Bu qanunauyğunluqlar içərisində elə faktlar var ki, onu inkar etmək, ondan yan keçmək mümkün olmur. Onlardan biri və bəlkə də elə birincisi ənənəyə bağlılıq, ənənədən öyrənməkdir. Ənənəyə etinasızlıq heç vaxt uğura yol açmır. Çünki yaradıcılıqda ənənə anlayışı yüz illərin, bəzi məqamlarda min illərin sınağından keçən, böyük sənətin və böyük sənətkarın yaradıcılıq süzgəcində eksperimentlər dövrü yaşayan, cəmiyyətin birmənalı olaraq yüksək qiymətləndirdiyi ustadlıq faktlarını daşıyır özündə. Tarixi təcrübə sübut edir ki, ənənəni bəyənməyən yaradıcılığın özünü tarix bəyənmir və belə yaradıcılıq heç vaxt kütləviləşmədən, cəmiyyətin estetik ideallarına qovuşmadan sakitcə unudulur. Tarix yüzlərcə belə ədəbi cərəyan, unudulmağa məhkum edilmiş “yenilər” tanıyır.

Əslində, yaradıcılıq dünyasında ənənənin heç kimə minnəti yoxdur. Ənənə çoxdan formalaşdığına, ustadların süzgəcindən keçdiyinə görə hər kəsə minnət qoymaq səlahiyyətindədir. Lakin ənənə bu səlahiyyətdən heç vaxt istifadə etmir. Onun sakit, haysız-küysüz bir ömür yolu var və elə onun ömrünü də məhz bu iddiasızlıq, minnətsizlik xarakteri uzatmaqdadır.

Azərbaycan jurnalistika yaradıcılığının yeni dönəmi nə qədər haylı-küylü, iddialı olsa da, sonda ənənəyə qayıdış prosesindən imtina edə bilmədi. Elitar qəzet və jurnallardan tutmuş əxlaq sərhədlərini aşan üslubu ilə reklam bazarına girmək iddiasında olan mətbuat orqanlarının hamısı sonda tarixə, keçilən yola və deməli, bu sahənin yaradıcılıq ənənələrinə, klassik jurnalistika məktəblərinə etinasızlıqdan uzaqlaşdı. Lakin bu proses elə-belə, spontan şəkildə baş vermədi. Bu prosesin başlanğıcını qoyan, ənənənin qiymətini hiss etdirən, milli jurnalistikamızın millilik dəyərini dəyərləndirməyə yol göstərən müasir jurnalist və naşirlərimiz meydana atıldı. M.Ə.Rəsulzadə, Ö.F.Nemanzadə, Ü.Hacıbəyli, Ə.Hüseynzadə, Ə.Ağaoğlu və başqa klassik ustadların yaradıcılığında yeni və ideologiyadan uzaq bir baxış jurnalistikamızda tamamilə təzə bir ovqatın yaranmasını şərtləndirdi. Xüsusilə erməni xislətini ifşa edən, türkçülüyün amallarını ortaya qoyan, milli-müstəqillik uğrunda mübarizə ilə yoğrulan klassik publisistikamıza yeni baxış həmin problemlərə də tamamilə yeni yanaşmanı ortaya qoydu. Sovet dönəminin ideoloji kanonlarına sığmayan klassik jurnal nəşrlərinin yenidən xatırlanması, belə qəzet və dərgilərin eyniadlı müasir nəşrlərinin meydana gəlməsi jurnalistikamızın millilikdən uzaqlaşma təhlükəsini azalda bildi. Bu işdə rolu və fəaliyyəti danılmaz olan alim-publisist və naşirlərimiz sırasında xeyli qüvvə toplandı və onlar jurnalistikamızın, xüsusilə jurnal nəşrimizin milli zəmində dirçəlməsinə yardımçı oldular. Jurnal nəşrində ənənənin mükəmməl nümunələrindən biri kimi meydana çıxan “Füyuzat” məhz bu missiyanı yerinə yetirməkdədir.

Azərbaycan ictimai, ədəbi, siyasi mühitində baş verən hadisələr sırasında “Füyuzat” jurnalının nəşri xüsusi yer tutur. 1906-cı ilin noyabrından 1907-ci ilin noyabrınadək – bir il işıq üzü görmüş “Füyuzat” jurnalı mətbuat tariximizdə məktəb səviyyəsinə yüksəlmişdir. Üçrəngli milli bayrağımızın simvollarının ideya müəllifi, türk dünyasının birliyi uğrunda mübarizənin önündə getmiş Əli bəy Hüseynzadənin redaktorluğu və Hacı Zeynalabdin Tağıyevin maddi vəsaiti ilə nəşr edilən bu məcmuənin 100 illik yubileyində Milli İrsi, Mədəni, Tarixi Araşdırmalar Fondunun təşəbbüsü və təsisçiliyi, müasir Azərbaycan ziyalılarının öncül sırasında özünəlayiq yeri olan Teymur Əhmədovun baş redaktorluğu ilə məhz elə əsrin əvvəllərindəki məcmuənin davamı kimi yeni “Füyuzat” jurnalı meydana gəldi. Bir-birinin haqlı davamı olan “Füyuzat”ların qəribə oxşar taleləri var. Biri ötən əsrin əvvəllərində, digəri çağdaş əsrimizin əvvəllərində nəşrə başladı. Ötən əsrin əvvəlləri Azərbaycan ictimai-siyasi, ədəbi həyatı yaşadığımız əsrin əvvəllərinin ictimai-siyasi, ədəbi həyatına çox oxşadı. Hər iki əsrin əvvəlləri xüsusi eksseslərlə zəngin oldu. Bir fərqlə, onda Azərbaycan ziyalısı və o cümlədən füyuzatçılar müstəqillik, türkçülük uğrunda mübarizə aparırdılar. Bugünkü füyuzatçılar artıq əldə edilmiş azərbaycançılığı, müstəqilliyi möhkəmlətmək, qorumaq uğrunda mübarizə aparırlar. Bu yerdə “bugünkü füyuzatçılar” ifadəsini nahaqdan işlətmədik. Sözün həqiqi mənasında bugünkü “Füyuzat” öz ədəbi-bədii məsləki, estetik idealı, milli dəyərlərə, türkçülüyə, müasirliyə, bəşəri dəyərlərə münasibətilə 100 il əvvəlin amalını yeni şəraitdə gerçəkləşdirmək niyyəti güdür.

Təsadüfi deyil ki, “Füyuzat”ın ilk nömrəsi klassik “Füyuzat”ın 100 illik yubileyi ərəfəsində – 2007-ci ilin yanvarında çapdan çıxmışdır. Jurnalın baş redaktoru filologiya elmləri doktoru, professor, “Respublika” qəzetinin baş redaktoru Teymur Əhmədov, təsisçisi isə Milli İrsi, Mədəni, Tarixi Araşdırmalar (MİMTA) Fondudur. İldə 6 nömrənin çapı nəzərdə tutulmuşdur. Qeyd edək ki, yüksək poliqrafik səviyyəsi və dəqiq dövriliyi ilə diqqəti xüsusi cəlb edən bu məcmuə Azərbaycanda jurnal mədəniyyətinin yeni mərhələyə keçdiyinə sübutdur. Nəfis tərtib edilmiş bu jurnal klassik “Füyuzat”ın 32-ci nömrəsinin davamı kimi, yəni müasir nömrə 1, tarixi nömrə – 33
prinsipi ilə nəşr edilir. Jurnalın üz qabığında elə 1906-cı ilin noyabrında ilk nömrəsi çap edilən “Füyuzat”ın şüarı yer almışdır: “Ədəbi, fənni, siyasi, ictimai, müsəvvər, həftəlik türkcə məcmuəyi-islamiyyədir”. Jurnalın hər nömrəsinin üz qabığında tarixi məcmuənin ünlü mütəfəkkir müəllifləri ilə yanaşı, müasir füyuzatçıların fikir və duyğu dünyasından süzülən son dərəcə təsirli və bu gün üçün də son dərəcə aktual olan sitatlar verilir. Bu sitatlar klassik maarifçi ziyalıları – tarixi “Füyuzat”ın amal və ideyasını təmsil edən böyük millət fədailərini günümüzə gətirməklə onları yeni kontekstdə oxucuya təqdim edir. Bu sitatlardan biri: “Vətən (Azərbaycan) sevgisi yurdumun dağlarında, obalarında, meşələrində gəzən hər bir çobanın, əkinçinin, odunçunun, alın təri ilə çörəyini qazanan hər bir kasıbın, hər bir kürəkçinin, kürəkçi oğlunun qəlbində gizlənən atəşdir”. Əli bəy Hüseynzadədən gətirilən bu fikri izah və təhlil etməyə ehtiyac yoxdur. Ehtiyac bircə onadır ki, bu fikrin necə sərrast deyildiyini və bu gün də necə aktual olduğunu anlayasan.

Jurnalın baş redaktoru, Azərbaycanın yeni müstəqillik uğrunda döyüşlərdə faciələrlə dolu mübarizə çağında “Vətən səsi” kimi tarixə düşmüş bir qəzetin rəhbəri olmuş, bu gün isə “Respublika” kimi sanballı bir qəzetə başçılıq edən professor Teymur Əhmədov ilk nömrədəki “Baş redaktordan” rubrikası altında dərc edilən məqaləsində deyir: “Füyuzat” məcmuəsinin 100 illik yubileyində onun davamı kimi 2007-ci ilin yanvar ayında “Füyuzat” jurnalının oxuculara təqdimini iftixar hissi ilə qeyd edir, onun uzunömürlü olmasında əliqələmli, fikri işıqlı, qəlbi milli müstəqilliyimizin möhkəmləndirilməsi, xalqımızın məsud, vətənimizin gündən-günə çiçəklənməsi qəhrini çəkən qeyrətli ziyalılara güvənirik”.

Baş redaktorun ziyalılara müraciəti özünü çox gözlətmədi. Jurnalın nəşrinə mənəvi dayağını ilk göstərən mərhum alimimiz, klassik publisistikamızın təmənnasız və istedadlı tədqiqatçılarından biri kimi tanınan Ofelya xanım Bayramlı oldu. Onun “Milli mənəviyyatımızın böyük abidəsi” fundamental məqaləsi jurnalın ilk nömrəsindən başlayaraq bir neçə sayında dərc edildi. Bu məqalə tarixi “Füyuzat” və onun yaradıcısı Əli bəy Hüseynzadənin milli mücadiləsinin müasir interpretasiyası kimi çox qiymətli bir əsərdir.

Azərbaycanın ünlü ziyalıları – alimləri, ədib­ləri öz yazıları, tədqiqatları, azərbaycançılıqla, milli-mənəvi dəyərlərlə, aktual problemlərlə bağlı məqalələrlə jurnalın geniş oxucu kütləsi qazanmasına dəstək verdilər. Akademik Cəmil Quliyev, xalq şairi Bəxtiyar Vahabzadə, akademik Fuad Qasımzadə, filologiya elmləri doktoru Məhərrəm Qasımlı, yazıçı Sabir Azəri kimi elmi-ədəbi-bədii sahədə ictimaiyyətə yaxın olan insanlar jurnalın nəşrində iştirak etmişlər.

Azərbaycan media məkanında, xüsusilə də print jurnalistikasında çox böyük inkişaf prosesi gedir. Bu sırada ölkəmizdə jurnal nəşrinin inkişaf tempi ayrıca maraq doğurur. Hətta bugünkü jurnal təsərrüfatının say və sanbalca artımını jurnal bumu kimi də izah etmək olar. Son 15 ildə Azərbaycanda jurnal nəşrinin geniş tipoloji sis­temi yaranmışdır. Yeni ədəbi-bədii jurnallardan tutmuş avtomobil reklamına, ayrı-ayrı sahə nəşr­lərindən tutmuş populyar və ümummilli tipoloji xarakter daşıyan jurnallaradək çoxspektrli dərgi sistemi yaxşı mənada heyrət doğurmaqdadır. Ölkədə artıq xüsusi jurnal-nəşriyyat evləri, jurnal-nəşriyyat mərkəzləri formalaşmaqdadır. Əlbəttə, bu jurnalların əksəriyyəti reklam xarakterində olub daha çox biznes məqsədi güdür. Özlüyündə çox yaxşı hadisədir, çünki biznes maraqları, bazarın rəqabət tələbləri, reklam bazarı uğrunda mübarizə jurnal təsərrüfatının geniş tipoloji faktlarını yaratmaqla bərabər, həm də onların keyfiyyətli dizayna, mövzu zənginliyinə, auditoriyanın tələblərinə cavab vermək sənətkarlığına malik olmasına stimul yaradır. Lakin müasir Azərbaycan jurnal məkanında təkcə biznes maraqlarına deyil, həm də (və daha çox) milli maraqlara, mədəni dəyərlərə istiqamətlənən nəşrlərimiz də yox deyil. Bu tip jurnallar sırasında Milli İrsi, Mədəni, Tarixi Araşdırmalar Fondunun təsisçiliyi ilə artıq beş ildən bəri nəşr edilən “Füyuzat” dərgisi ayrıca maraq doğurur. Hələ 2006-cı ildə – “Füyuzat” jurnalının 100 illik yubileyi ərəfəsində məhz bu tarixi dərgiyə böyük hörmət və məhəbbətin ifadəsi olaraq nəşrə başladığı eyniadlı jurnalın proqram məqaləsində baş redaktor Teymur Əhmədov ideyanın məqsədini, məramnaməsini göstərmişdi.

Məlumatlı oxucunun bu jurnalın ilk nömrəsindəki proqram məqaləsinin tezisləri yaxşı yadındadır. Baş redaktor Azərbaycan mətbuatı tarixində çox böyük iz qoymuş və böyük vətəndaş-jurnalist-filosof Əli bəy Hüseynzadənin nəşr etdiyi “Füyuzat” jurnalının fəaliyyətini yenidən yaddaşlara gətirmək, onun milli-azadlıq uğrunda, xalq mübarizəsindəki yerini bərpa etmək, milli mədəniyyətimizin, milli dirçəlişimizin inkişafındakı rolunu bir daha xalqa çatdırmaq və ən əsası, tarixi “Füyuzat” irsini çağdaş zamanımızda yeni nəslin tərbiyəsinə yönəltmək məqsədini qarşıya qoyurdu. Filoloq-alim Teymur Əhmədov jurnalın ilk nömrəsindən başlayaraq həm tarixi “Füyuzat”ın, həm də ümumiyyətlə klassik jurnalistikamızın həmişəyaşar nümunələrini yenidən həyata qaytarmaq işində misilsiz fəaliyyət göstərdi və indi də göstərməkdədir. Qeyd edək ki, bu iş həm də mərhum istedadlı filoloq-tədqiqatçı Ofelya Bayramlının “Füyuzat” materiallarının vətəndaşlıq qayəsi ilə transliterasiyasının davamı kimi də qiymətləndirilə bilər. Yeni “Füyuzat” ideyasının gerçək­ləşməsi, hər şeydən öncə, klassik publisistik irsimizə yeni münasibətin ifadəsidir. İndiyəqədərki altmışdan çox nömrəsində yeni “Füyuzat” Əli bəy Hüseynzadə, Əhməd bəy Ağayev, Məhəmməd Hadi, Həsən Səbri Eyvazov, Hüseyn Cavid, Əhməd Cavad, Həsən bəy Zərdabi, Məhəmməd Əmin Rəsulzadə, Üzeyir Hacıbəyli kimi onlarca klassiklərimizin vətəndaşlıq fəaliyyətinin ifadəsi olan publisistikasının, bədii irsinin çağdaş oxucuya çatdırılmasına nail olmuşdur. Ən maraqlısı da budur ki, jurnalın hər nömrəsi onun baş redaktorunun mətbuat tariximizə, çağdaş dünyamıza səriştəli alim baxışını göstərən və “Baş redaktordan” daimi rub­rikası ilə təqdim olunan məqalələrilə ayrıca maraq doğurur.

Yeni “Füyuzat” təkcə klassikanı deyil, çağdaş dünyamızın da marağında olan problemlərin ustalıqla təqdimini əsas məram sayır. Təkcə ötən ilin nömrələrinə nəzər salsaq, jurnalın həm də nə qədər müasir olduğunu görə bilərik. Dərginin hər nömrəsində aforizm xarakteri daşıyan şüar-fikir onun nə qədər müasir ruhlu olduğunu ifadə edir. “Dünəni bu günə, bu günü sabaha bağlayan jurnal…”. Bu cümlə yeni “Füyuzat”ın xarakterini dəqiq müəyyənləşdirməyə imkan verir. Yaxud “Böyüklərin əkdiyi ağacın meyvəsi “Füyuzat” olar”. Bu da ciddi postulat səviyəsindədir. Jurnalın hər nömrəsinin əsas mahiyyəti onun üz qabığındakı möhtəşəm sözlərdə ifadə olunur; məsələn, “Bir yanda… Əsrləri naxış yaddaşına köçürmüş milli varlığımızın qədim nişanəsi – dünən. Bir yanda… əlini hünər, şücaət və qeyrət təri ilə yoğrulmuş, bərkimiş, dərindən kök atmış tariximizə uzatmış – bu gün. Bu gün! Dünənə dön, səni ona aparacaq, özünə, kökünə qaytaracaq maneələri dəf et! İftixarlı keçmişini yaxşı tanı, yaxşı öyrən… – sonra bu günə gətir. Gətir ki, sabahımız köklü, özüllü olsun. Dünənimiz – milli iftixarımız, bu günümüz – şərəf lövhəmiz, sabahımız – möhtəşəm tariximiz!” (2010, №1). Yaxud da “Bu günün gül ətirli körpəsi. Sabahın ər oğlu, ər övladı. Bax!.. Bura Vətəndir! Bu möhtəşəm diyar can içində canımız, candan əziz canımız AZƏRBAYCANDIR!” (2010, №3).

Ayrıca qeyd etmək lazımdır ki, yeni “Füyuzat” Azərbaycanın istiqlal tarixinin salnaməsi təsirini bağışlayır. Bundan başqa, jurnal Ermənistanın xain niyyətləri, mətbuat tariximiz, müasir mədəniyyət, ədəbi hadisələr, dilçilik problemləri, əxlaq məsələləri, milli mentalitet mühiti və s. barədə müntəzəm yazılar dərc edir.

Jurnalın 2010-cu il tarixli birinci nömrəsində Teymur Əhmədov “Baş redaktordan” rubrikası altında 20 Yanvar hadisəsi fonunda 1990-cı illərin lap əvvəllərində ermənilərin azərbaycanlılara qarşı total terror faktlarının genezisini qələmə almış, Xocalı faciəsinin xronikasını vermiş, ozamankı nüfuzlu dünya mətbuatının bu hadisələrə obyektiv qiymətinin ifadəsi olan faktları tədqiq etmişdir. Bu faktların dünya mətbuatından yığılması, toplanması və təhlili xüsusi tədqiqat təsiri bağışlayır.

Jurnal Azərbaycanın həm vətənpərvər, həm də istedadlı alimlərinin, fəal mövqe tutan, tariximizə sevgi ilə yanaşan jurnalistlərimizin dərgidə müəlliflik etmələrinə geniş imkan verir.

Oxucu çox gözəl hiss edir ki, jurnalın tematikası olduqca zəngin və müasirdir. Bu da jurnalın geniş müəllif kontingentindən irəli gəlir. Digər tərəfdən “Füyuzat” çox səliqəli nəşr mədəniyyəti ilə çap olunur. Onun yaraşıqlı dizaynı, çoxşaxəli illüstrativ materialları, əslində, yeni jurnal mədəniyyətindən xəbər verir. Bu mənada tarixi “Füyuzat” özünün müasir bərpası ilə yeni jurnalistikanın tələblərinə tamamilə uyğun bir şəkildə oxuculara təqdim edilməkdədir.

Xalqın taleyüklü məsələləri jurnalın hər nömrəsinin diqqətində olur. Azərbaycan dövlətçilik tarixində müstəqilliyin qiymətini, dəyərini əks etdirən belə məqalələrdən birində 1918-ci ilin 28 may faktı geniş təhlil olunur və müəllif xalqın, dövlətin, millətin müstəqillik faktını belə qiymətləndirir: “Müqəddəs üçrəngli bayrağımız bu gün, demək olar, dünyanın bütün ölkələrində – beynəlxalq təşkilatların iqamətgahları önündə, ictimai, siyasi, iqtisadi, elmi konfrans və simpoziumların binaları önündə, səfirliklərin üzərində əzəmətlə dalğalanır, müstəqil Azərbaycan Respublikasını təmsil edir. Bu bir həqiqətdir ki, ölkəmizdə demokratik, hüquqi, dünyavi dövlət quruculuğu, iqtisadi islahatlar, sosial-iqtisadi yüksəliş müstəqilliyin bəhrəsidir…” (№3, 2008).

Belə yazıların daha bir xarakterik xüsusiyyəti ondadır ki, həmin məqalələr bütövlükdə klassik “Füyuzat”ın tematikasına çox uyğun olur, tarixi jurnalın ideya-estetik amalları ilə üst-üstə düşür. Baş redaktorun bu məqaləsinin ardınca Əhməd Cavadın “Azərbaycan bayrağına” şerinin, Əli bəy Hüseynzadənin “Həyat” qəzetinin 1905-ci il tarixli 94-cü nömrəsində dərc olunan “Hürriyyət” publisistik məqaləsinin dərc edilməsi qətiyyən təsadüfi deyil. Müasir “Füyuzat”ın əməkdaşları bu axtarışlar, formatlar vasitəsilə tarixi “Füyuzat” əməkdaşlarının ideallarını xatırlatmaq məqsədi güdürlər.

Daha bir misal: jurnalın baş redaktoru Azərbaycan milli mətbuatının bünövrəsini qoyan H.Zərdabi və onun “Əkinçi” qəzetinin ildönümünü xüsusi məqalə ilə qeyd edir. Yeni “Füyuzat” bunun ardınca S.Ə.Şirvaninin bu böyük millət mücahidinə ithaf etdiyi şerini, ardınca A.Qurbanovun “Millət fədaisi Həsən bəy Zərdabi” məqaləsini (№4, 2008) dərc edir. Beləcə, jurnalın bütün nömrələri Azərbaycan və azərbaycançılığın mahiyyəti ilə yoğrulan publisistika ilə zənginləşir və oxucunu həm klassik ədəbi-bədii publisistik irsimizə, həm də dünyaya müasir baxışları ifadə edən yeni yaradıcılıq faktları ilə tanış olmağa səsləyir. Jurnalda hadisələrə operativ və təhlili yanaşma üsulu xüsusi maraq doğurur. Respublikamızda vaxtaşırı keçirilən beynəlxalq tədbirlər və bu tədbirlərdə milli inkişafımızla bağlı səslənən fikirlər həm baş redaktorun, həm də jurnalın digər müəlliflərinin publisistikasında maraqlı predmetə çevrilir; məsələn, dünya azərbaycanlılarının qurultayları, milli mətbuatımızın qürur verən tarixi faktları, Qarabağ gerçəkliyi, Naxçıvan abidələri, Zəngəzurla bağlı tarixi yaddaş faktları, klassik və müasir ədəbi qüvvələr, 31 Dekabr Həmrəylik günü və s. ictimai maraq doğuran yüzlərcə prob­lem jurnalın diqqət mərkəzində olur.

“Füyuzat”ın yenidən nəşrinin uğurları Milli, İrsi, Mədəni, Tarixi Araşdırmalar Fondunu daha da ruhlandırdı və onları mətbuat tariximizin daha bir iftixar faktı olan “İşıq” qəzetinin adı altında yeni bir dərginin – “İşıq-qadın” jurnalının nəşrini ortaya qoydu. Bu işdə də “Füyuzat”ın baş redaktoru Teymur müəllim böyük zəhmət qeyrəti göstərmişdir. Fondun icraçı direktoru Pərviz Əmirovun ilk nömrədəki “Təsisçidən” adlı giriş sözündə dediyi kimi: “Artıq 7 ildir fəaliyyət göstərən fondumuz bu il böyük bir layihəyə imza atır. 2007-ci ildə “Füyuzat” jurnalı bərpa olunarkən fondumuz dövlətə, millətə faydalı olmaq amalına sadiq qalmış və bu gün də həmin məqsədlər uğrunda ma­arifçilik fəaliyyətini davam etdirir.

“Füyuzat” kimi tarixi bir keçmişə malik jurnalın ikinci dəfə ərsəyə gəlməsində fondumuzun həmtəsisçisi professor Teymur Əhmədovun əvəzsiz xidməti olmuşdur. Milli kökünə bağlı olan fondumuzun idarə heyəti tərəfindən təklif edilən “İşıq” qəzetinin 100 il sonra yenidən bərpa olunmasını alqışlayan Teymur müəllimin dəyərli məsləhətləri, xeyir-duası və rəhbərliyi sayəsində bu jurnal ərsəyə gəldi.

Milliliyimizin, irsimizin, mədəniyyətimizin, tariximizin qorunmasına, yaşamasına, inkişafına çəkilən zəhmətlərin bir hissəsi də qadınlarımızın üzərinə düşür. Onlar Azərbaycanımızın tarixinə şərəfli səhifələr yazmış, maddi-mənəvi dəyərlərimizin qorunub saxlanmasında misilsiz rol oynamışlar. Dövlətimizin, dövlətçiliyimizin, müstəqilliyimizin və gələcəyimizin dayağı olan Azərbaycan qadınları xalqımızın adət-ənənələrini, milli irsini, mədəniyyətini, elmini yüksək səviyyədə təmsil etmiş və bu gün də etməkdədirlər. Bütün bunları nəzərə alaraq Milli İrsi, Mədəni, Tarixi Araşdırmalar Fondu tərəfindən hələ bir əsr əvvəl – 1911-ci ildə çap olunmağa başlamış “İşıq” qəzeti 100 ildən sonra bərpa edildi və jurnal olaraq oxuculara təqdim edilir. Çar Rusiyası dövründə nəşr olunmağa başlayan “İşıq” o dövrün görkəmli publisistlərini, jurnalistlərini öz ətrafında birləşdirərək milli şüurun, mənəviyyatın və mədəniyyətin formalaşmasına çalışmışdır. “İşıq” qəzeti xalqımızın mədəni-mənəvi təkamülündə, Azərbaycanda ictimai fıkrin inkişafında mühüm rol oynamışdır”.

Bunun ardınca T.Əhmədovun (nəşrin qurucusunun) “Zülmətin bağrını yaran “İşıq” müstəqilliyə qovuşdu” adlı məqaləsi dərc olunmuşdur. Bu məqalədə deyildiyi kimi: “Yüz il əvvəl – 1911-ci il yanvarın 22-də “İşıq” qəzeti milli mətbuat üfüqlərində göründü. Amma təəssüflər olsun ki, o, ruzigarın sərt ab-havasında Azərbaycan qadınlarının taleyi kimi sıxıntılı dövrün sədəmələrinə dözmədi, şimşək kimi parlayıb söndü. 1912-ci ilin axırlarında qapansa da, “İşıq” qəzetinin iki ildə nəşr edilən 68 sayı milli mətbuatda unudulmaz iz buraxdı, Azərbaycan qadınlarının həyat tərzi, məişəti, arzu-istəyi və mənəvi dünyası barədə müəyyən təsəvvür yaratdı”.

İndi bu təşəbbüsü oxucunun böyük ümid bəslədiyi “İşıq-qadın” jurnalı davam etdirir. Elə ilk nömrənin tematika və müəllif zənginliyi jurnalın sabahkı uğurlarından xəbər verir. Belə nəşrlər bir tərəfdən bizi müasir publisistikamızın maraq dünyası ilə tanış edirsə, digər tərəfdən klassik mətbuatımızın iftixar səhifələrini yenidən xatırladır, ənənə və müasirliyin vəhdətindən doğan yaradıcılığın mükəmməl bəhrəsini ortaya qoyur.

                     Könul Niftəliyeva,
filologiya üzrə fəlsəfə doktoru

                     Cahangir Məmmədli,
filologiya elmləri doktoru, professor