“Həyat” qəzetinin bağlanmasından sonra “Füyuzat” jurnalının işıq üzü görməsindən hasil olan təəssüratım

“Həyat” qəzetinin mətbuat aləminə acı bir şəkildə vida edib müvəqqəti tətilə məcbur olaraq, bir kənara çəkilməsi bütün oxucularını, bəlkə də bütün müsəlman fərdlərini son dərəcə hüznlü və kədərli etdi.

Həyatımızı  canlandıran zavallı “Həyat” qəzeti hələ ilk çağlarında (yaş yarımında) mübarizə və mücadilə meydanından ağlaya-ağlaya çıxdığı zaman bütün müsəlman mətbuatını ümidsizliyə və bütün vicdan sahiblərini də böyük kədər və hüznə bürüdü.

Bəli, mətbuat aləmi çox məyus, milli qəzetlərimiz də çox hüznlü və kədərli oldu. Çünki onlar çox gənc və fəal olan yoldaşlarından birini itirdilər.

Lakin bu hüzn və kədərin ən böyük, ən şiddətlisi və ən acısı “Həyat” qəzeti ilə münasibətdə olanlara, daha doğrusu, “Həyat” qəzeti üzündən qələmini hərəkət etdirənlərə, “Həyat” qəzeti vasitəsilə millət və vətən uğruna qələmini işə salanlara aiddir.

Bunun üçün “Həyat” qəzetinin vida etməsindən ən çox kədərlənən və acı çəkənlərdən biri də bu sətirləri qaralayan acizdir…

“Həyat”ın vidanaməsini oxuduğumda üzüntü və kədərimin çoxluğundan yana-yana ağladım. Axıtdığım göz yaşları nə üçün idi?

Altı-yeddi milyonluq bir müsəlman camaatının iki qəzeti maddi baxımdan idarəetmə və müntəzəm şəkildə davam etdirəcək qədər yardım, qeyrət və mərdlik ortaya qoya bilmədikləri, daha doğrusu əsrlərdən bəri zillət içində qalıb hələ də qəflət yuxusundan oyana bilmədiklərinə görə idi.

Bəli, uşaq kimi hönkür-hönkür ağladım…

Nə üçün?

Çünki kimsəsiz və yetim qaldım. Səsimi, sədamı, fəryad və fəğanımı, ahuzar və iniltimi əks etdirəcək səhnə bağlandı, fikir və təsəvvürləri əks etdirən, ayna olan “Həyat”ın səhifələrini qara buludlar əhatə etdi…

Məhz bunun üçün “Həyat” qəzetinin mətbuata vida etməsindən müvəqqəti də olsa ən çox kədərlənənlərdən biri də mən idim.

Bu şiddətli üzüntülərimə bir az təskinlik verən yenə də “Həyat” oldu.

İl yarıma qədər bir müddətdə inqilab və mübarizənin ən şiddətli yerində, hər cür böhran və hücum dalğalarına qarşı sinə gərərək, xarici həmlələrdən hüquq və namusumuzu müdafiə ilə, ölmüş və uyuşmuş, hərəkət edən bir meyitdən heç fərqi olmayan heyətimizin paslanmış və qırışmış qəlblərinə ruh və həyat saçan “Həyat” qəzeti, son nəfəsində oxucularını yetim qoymamaq, onları ağlatmamaq üçün, öz meydanında qoyduğu “Füyuzat”ın yaxınlarda çıxıb oxucularına feyz qazandıracağını müjdələyərək, “Füyuzat”ın salamını çatdırdı. Bu müjdə və salam mənə təsəlli verdi və “Həyat”ın ölməyəcəyini anlatdı…

Doğrusu, bu müjdəni görməsəm, anlamasam da, “Həyat”ın öləcəyi qənaətində deyildim. Çünki “Həyat”ı “Həyat” edən şəxsin ömrünün axırına qədr olmasa da, uzun bir müddət inzivaya, tənhalığa çəkilib durması ilə vicdanı qarşısında müttəhim və məhcub olacağını çox gözəl bildiyini anlayırdım. Bəli, bir hikmət  sahibi, təbiətin gözəlliklərinə həkimanə nəzərini yönəldərək aldığı ləzzətlər ilə məşğul olub, öz xalqının övladlarına əlindən gəldiyi xidməti etməyib, təkcə öz aləmində vaxt keçirmək üçün dünyaya gəlməyib. Bəlkə də bütün fikri və zehni qüvvəsi ilə gücdən düşüncəyə qədər millətinə, vətəninə xidmət etmək vəzifəsi ilə vəzifələndirilib. Bir insan zaman və məkan şəraitinə görə, elm və bilik əldə edib öz millətinin övladınlarını faydalandırmazsa, yaxud kamil bir alim təşəbbüs etdiyi məsləkdə, arxasıyca getdiyi işdə çətinliyə düşəndə məsləyindən üz çevirərsə, mənəvi cəhətdən məsuliyyət daşıyır.

Demək istəyirəm ki, “Həyat” himayəsiz və köməksiz qaldığı halda yenə də öz məsləyindən üz çevirmədi. Yalnız bir-iki aya qədər cəmiyyətdən ayrılaraq Qafqaz dağlarında gizləndi…

Mübarək Qafqaz bölgəsi heç mücahidsiz qalarmı?

Cahanın ən qaranlıq, bəşəriyyət aləminin ən vəhşi zamanlarında belə Qafqaz dünya ölkələrinə nur saçırdı. Millətimizin bəlkə də bugünkü günündən də yüz dəfə cahil olan bir zamanında Rusiya  müsəlmanları arasında ilk dəfə  müsəlman mətbəəsi Qafqazda açıldı. “Əkinçi”lər, “Kəşkül”çülər Qafqaz övladları, Qafqaz qəhrəmanlarıdır. Ümumi tarixin türklər üçün qaranlıq nöqtələrini işıqlandıran və onların ədəbiyyatına xeyli xidmət göstərən Murad bəy həzrətləri də Qafqaz qəhrəmanlarından deyildirmi?

Buna görə də Qafqaz bölgəsi boş qalmayacaqdır: ora mədəniyyətlərin ictihad meydanı olacaqdır. On beş-iyirmi gün bundan əvvəl vida ilə bağrımızı yandırıb yaxaraq kənara çəkilən “Həyat” bu gün başqa bir libasa bürünərək, ətrafına feyz saça-saça günəş kimi doğur.

“Füyuzat” doğur.

Ah! Bilsəydiniz bu tülu (doğuş) nə qədər ümidlər doğurur, nə qədər sevinclər bəxş edir! Bu doğuşun şövqü bir anda Qafqaz dağlarını, obalarını, dənizlərini keçərək yaxın vətənimiz olan Krım yarımadasını da işıqlandırmağa başladı. Maarif günəşi olan “Füyuzat”ın çıxmasında başqa bir ləzzət, başqa bir ülviyyət var. Zavallı “Həyat” qəzetinin batması nə qədər hüznlüdürsə, “Füyuzat”ın işıq üzü görməsi o qədər sevindiricidir.

“Həyat”ın sönməsi ilə qaranlıqda qalan gözlərim “Füyuzat”ın doğması ilə mənəvi bir nura qərq oldu. “Həyat”ın getməsi ilə hüznlənən qəlbim “Füyuzat”ın dünyaya gəlməsi ilə həzz duyur…

Nə üçün?

Çünki “Füyuzat” ədəbiyyat aləmində yol bilməyənlərə yol göstərəcək, yolunu azanlara rəhbər olacaq, bəhs və elmi mühazirələrdə həddi aşanlara nəzarət edəcəkdir…

Fitrətin ən böyük bəxşişi olan və insanlığın var olması ancaq onunla qüvvətlənən “dil”ə başqa bir şirinlik, başqa bir nəzakət verəcəkdir. Bunu meydana gətirən, yəni dilimizin islah edilməsinə, zənginləşməsinə çalışan “ədəbiyyatdır”. Dilimizi ədəbi bir dil edəcək olan da mübarək “Füyuzat” jurnalıdır. İnsaf ilə düşünün “Dil” nə qədər böyük bir nemət, “Söz” də nə qədər təsirli bir qüvvədir. İnsan təbiəti dünyanın hər cür ağrı-acı və kədərlərinə, həyatın min cür hücümlarına, zamanın atəş saçan top-tüfənglərinə sinə gərərək müqavimət göstərdiyi və özünü müdafiə etdiyi halda, “söz” təsirinə, nüfuzuna qarşı dözməyib itaət etməyə məcbur olur. İnsaniyyətin anası sözdür. Söz bir çox şeylər doğurmuş və doğuracaqdır. Fikirlərin davamı üçün yeganə köməkçi nitq və dildirsə, sözün gözəl təsirinin daş ürəklilərə nüfuzu da “ədəbiyyat” sahəsində meydana gələcəkdir. Çünki insanın dilinin bəyaz və parlaq səhifəsi ədəbiyyatdır. Mərhum Kamal “Ədəbiyyatsız millət dilsiz insan kimidir”, deyib.

Sözün nə qədər təsirli bir fitri gözəllik və nə qədər təsirli bir qüvvət və qüdrət olduğu, cəmiyyətin ən böyük əllamə və alimlərini belə məğlub etdi. Necə ki İslam dininin zühurunda şəriət qılıncına qarşı müqavimət edən (cahiliyyə dövrünün) ərəb təəssübkeşləri bəlağətli hökmlərin qarşısında dayana bilməyib məğlub və itaətə məcbur oldular…

Bu gün aramızda sözlə qarşısındakını məğlub edə biləcək neçə adam ola bilər? Bəli, rus və ya fransız dillərində bülbül kimi danışan müəllimlərimiz çox olsa da, ana dilimiz olan türk dilində “ədəbiyyat” qayda-qanunları dairəsində söz söyləyə bilən və qələm yürüdən insan çox azdır. Bu halda dilimizi ədəbi bir dilə çevirə bilən ədəbiyyat olduğuna görə ona çox böyük ehtiyacımız vardır.

Ədəbiyyatın lüzümunu inkar edənlər, bu vəziyyətin həyati davranışlara olan təsirlərini inkar etsələr də mümkün deyildir… Ola bilməz də. Hər hansı mühüm məsələni həll edəcək, millətimizi ədəbiyyatla tanıtdıracaq “Füyuzat” jurnalı olacaqdır.

Bu halda bütün ədəbiyyat müntəsibləri ondan istifadə edəcək bu ədəbi “Füyuzatın” çöhrəsinin təbəssüm etməsinə sevinməmək mümkündürmü? Belə ədəbi, fənni, ictimai bir jurnalın doğulduğunu insan görüb necə razı və təsirli olmaz. Maddi və mənəvi olan filosoflarımızın, ədiblərimizin maarifpərvər qələmlərindən töküləcək həqiqətlərin yayılma vasitəsi olacaq “Füyuzatı” oxuyub necə feyz əldə etməzlər?..

Doğrusu, bu gün qəlbimdə doğan mənəvi hissləri, fərəh və sevinci söyləməkdə acizəm.

Zavallı “Həyat”ın bir kənara çəkilməsindən necə təsirlənib ağladımsa, “Füyuzatın” şölə saçaraq ortaya çıxmasından da eləcə təsirlənib ağlayıram. Bəli, şiddətli təəsüratlarımı tuta bilməyib həyat tərcümanım olan gözlərimdən qətrə-qətrə yaşlar axıtdım. Lakin sevinclə axıtdığım göz yaşları ilə hüznlə tökülən qətrələr arasında çox böyük bir fərq vardır. Bugünkü yaşlar çox sevincli idi.

Məhz yuxarıdan bəri dilimin döndüyü qədər anlatmağa çalışdığım, lakin bir hissəsini belə ifadə edə bilmədiyim şövqün bu nöqtəsi məni özümdən keçirir.

Həsən Səbri Eyvazov1906, №2