FÜYUZAT

Böyük Azərbaycanın mütəfəkkiri Əli bəy Hüseynzadənin baş redaktorluğu və Hacı Zeynalabdin Tağıyevin maddi dəstəyi ilə 1906 – 07-ci illərdə nəşr olunan “Füyuzat” jurnalının mətbuat tariximizdə özünəməxsus yeri vardır. Ətrafında Məhəmməd Hadi, Mirzə Ələkbər Sabir, Hüseyn Cavid, Abdulla Şaiq, Həsən Səbri Eyvazov kimi dövrün tanınmış ziyalılarını toplamış “Füyuzat”ın xalqımızın ictimai fikir tarixindəki önəmli rolu danılmazdır. Lakin “Füyuzat” jurnalının o vaxt yalnız 32 sayı işıq üzü görmüş, mütərəqqi və milli fikirləri təbliğ etdiyindən müstəbid çar hökuməti tərəfindən çapı dayandırılmışdı.

İrsimizin ayrılmaz parçası olan bu jurnalı Fondumuz 2007-ci ildə bərpa etmiş “Füyuzat”ın davamı kimi 33-cü nömrədən nəfis şəkildə çap etdirməyə başlamışdır. Müasir “Füyuzat” milli-mədəni, ictimai-siyasi, tarixi, mənəvi-əxlaqi mövzuları əhatə edir. Bu gün fəaliyyətini uğurla davam etdirən “Füyuzat” jurnalı Fondumuzun milli dəyərlərə, irsimizə, zəngin mədəniyyətimizə, tarixi köklərimizə bağlı qalmaq və bununla dövlətimizə, xalqımıza faydalı olmaq amalına sadiq qalmışdır. “Füyuzat” jurnalının tarix, vətənpərvərlik, Azərbaycanın görkəmli şəxsiyyətləri və milli-mədəni irsi eləcə də mənəvi dəyərləri haqqında məqalələrdən ibarət nömrələri oxuculara təqdim olunur.
Fondumuza və “Füyuzat” jurnalının redaksiyasına gələn təşəkkür məktubları, abunəçilərin günü-gündən artması, eləcə də, jurnalın xarici ölkələrdə yayılması “Füyuzat” jurnalının ictimaiyyət tərəfindən yüksək səviyyədə qarşılandığını deməyə əsas verir.

Füyuzat Müsahibələr