Eyxorniya

Yaradanın cüzəsi olan kiçik canlı orqanizmdən istifadə etməklə bir  çox problemlərimizi həll edə bilərik.

 

XX əsrdə sənayenin və kənd təsərrüfatının sürətli inkişafı öz xeyirli tərəfləri  ilə yanaşı, bəşəriyyət qarşısına ən ağrılı problemlərdən olan ekologiya, o cümlədən ətraf mühitin çirklənməsi problemini çıxarıb. Planetin əhalisinin  dönmədən artmasını nəzərə alaraq, insanlar durmadan istehsal güclərini  çoxaldır, kənd təsərrüfatı üçün yeni-yeni torpaq sahələrini istifadə edirlər. Bu səbəbdən meşələr məhv edilir, torpaqlar sənaye və məişət tullantıları ilə,  kimyəvi maddələrlə çirkləndirilirlər. Məlumdur ki, təbiət də özünəməxsus  şəkildə intiqam alır və ekoloji faciələr bumeranq kimi qayıdaraq yalnız insanların deyil, yer üzərində məskunlaşan bütün canlıların həyatına mənfi  təsir edir.

Əksər hallarda, xüsusən də sənayedə bu problemə qarşı çox da  səmərəli olmayan texnoloji üsullarla mübarizə aparılır. Lakin bu vasitələrin  baha başa gəlməsi səbəbindən (bəzən yüksək texnologiyalı təmizləyici  qurğuların dəyəri istehsal gücünün dəyərindən baha olur) istehsalçılar onları  quraşdırmağa və ekoloji tələblərə riayət etməyə xüsusi həvəs göstərmirlər.  Eyni zamanda, texniki tərəqqinin qarşısını almaq mümkün olmadığı üçün  məsələnin doğru həlli ekoloqlarla istehsalçıların mübarizəsində deyil, onların  səy və imkanlarının vəhdətini təşkil edən proqramların işlənib  hazırlanmasındadır.

Biz elmi biliklərimizi artırdıqca, ətraf mühitdə baş verənləri dərk etdikcə Allahın möcüzələri qarşısında durmadan heyrətlənəcəyik. Lakin Yaradan bu möcüzələri əsasən biz insanların istifadəsi üçün xəlq etdiyindən sadəcə seyrci mövqeyində durub onlardan faydalanmamaq ən azı nadanlıqdır.

Allah insanların zaman keçdikcə ətraf  mühitə vuracağı ziyanları əvvəlcədən bildiyindən təbiəti qorumaq üçün müxtəlif vasitələr yaratmışdır və O, bizi ətraf mühiti qorumağın alternativ,  təbii üsulları ilə təchiz etmişdir. Əfsuslar olsun ki, insanlar həmin vasitələrə  lazımi diqqət yetirmirlər. Ən maraqlısı isə odur ki, külli miqdarda iqtisadi səmərə ilə yanaşı (bu üsullar  texnogen metodlardan dəfələrlə ucuz olub, hətta  gəlir də gətirir(!)), təbii vasitələr bir çox hallarda texnogen vasitələrə nisbətən daha effektiv təsirə malikdir. Bu isə öz növbəsində, xüsusən də son dövrlərdə enerjidaşıyıcılarının qiymətlərinin kəskin artması fonunda Azərbaycan kəndlisi üçün mühüm əhəmiyyət kəsb edir. Ortaya təbii suallar  çıxır: nə üçün xüsusilə kənd əhalisi üçün enerjidaşıyıcılarının qiymətinin  ətraf mühitin təmizlənməsinə nə aidiyyəti var? Tələsməyin, biz yuxarıda qeyd etdiyimiz Allah möcüzələri sayılan təbii vasitələrdən sizə bəhs etdikcə,  bundan daha da artıq suallara cavablar tapılacaqdır.

Botaniki adı Eichorniya  crassipes və ya Eichorniya speciosa olan bu üzən su bitkisinin vətəni tropik və  subtropik ölkələr olsa da, o, daha sərt iqlimli şəraitə də uyğunlaşır. Dinozavrlarla yaşıd olan bu son dərəcə maraqlı bitkinin yer kürəsinin  karbohidrogen qatlarının, başqa sözlə desək, hazırda istifadə etdiyimiz neft və təbii qazın əmələ gəlməsində birbaşa rolu olmuşdur. Çünki elmi təcrübələr sübut etmişdir ki, Eyxorniya bitkiləri milyon illər ərzində su hövzələrinin  dibinə çökərək karbohidrogen qatının yaranışında iştirak etmişdir.

Beləliklə, Eyxorniya nədir? Birinci növbədə – bioloji filtr. Çiçəyi və yaşıl hissəsi suyun üzərində olan bu “qarınqulu” suyun altında özünün kirpiktək açılmış sapvari kökləri ilə həmin suda olan bütün zərərli orqanizmləri böyük bir acgözlüklə “yeyir”. Eyxorniya öz kök sistemindən stimullaşdırıcılar və karbooksidləşdirici bakteriyaların artım inhibitorlarını ifraz etməklə neft  məhsullarının bakterial parçalanması və üzvi zəhərlərin (fenolların, xitonların və b.) detoksikasiya (zərərsizləşdirmə) prosesini sürətləndirir. Eyxorniya qurğuşun, civə, mis, kadmium, nikel, kobalt, qalay, dəmir, sink, xrom kimi ağır metalları, radionukleidləri özündə cəmləmək qabiliyyətinə malik olmaqla yanaşı, həm də neft məhsullarını, texniki yağları, peyini, sulfatları, fosfatları, fenolu, sintetik səthi-aktiv maddələri, mineral duzları, patogen mikroorqanizmləri oksidləşdirmək, parçalamaq iqtidarındadır. Bununla yanaşı, o, sanitar-epidemioloji xidmətlər tərəfindən qeydə alınan bütün  mikrobları məhv edir. Eyni zamanda, Eyxorniya fantastik artım tempinə malik olmaqla, həm də heyvandarlıq üçün qiymətli yem mənbəyidir. Belə ki, isti iqlim şəraitində özü-özünü ağlasığmaz dərəcədə çoxalda bilən bu bitkinin məhsuldarlığı hər bir hektar su hövzəsindən 300 – 1500 ton 2.7 – 2.8%  proteinə və 30% zülala malik yaşıl kütlə təşkil edir. Hələ üstəlik ondan bioqumus istehsal etmək və təbii ki, bioqaz da almaq mümkündür.

Rusiyanın Kirzaç şəhərində yerləşən iri quşçuluq kompleksində Eyxorniya vasitəsilə 1997- ci ildə aparılmış eksperimentin nəticələri isə ekoloqlarla yanaşı, müxtəlif yönümlü mütəxəssisləri də heyrətə gətirmişdir. Həmin müəssisənin sutka ərzində 180-200 m3 peyin və digər zərərli maddələri axıtdığı çirkab  gölləri yaşayış məntəqəsinin cəmi 100-metrliyində yerləşdiyindən burada mövcud olan üfunəti və antisanitariyanı təsəvvür etmək çətin deyil. Hətta çirkab sularının torpağın dərin qatlarına nüfuz edərək quyuları zəhərləməsi kənd əhalisini içməli sudan belə məhrum etmişdi. Mövcud olan təmizləyici  qurğular isə çatdırmayıb çirkabı tam təmizləyə bilmədiyindən müəssisə hər il 60 milyon rubl cərimə ödəmək məcburiyyətində qalırdı. Budur, eksperiment başlayır və heyrətamiz nəticələr bir-birinin ardınca sıralanmağa başlayır: bir sutkadan sonra üfunətli qoxu  çəkilir, qısa müddət ərzində isə su durulmağa başlayır. Nəhayət, üç ay bitməmiş təcrübənin sonunda əldə olunan nəticələr bütün mütəxəssisləri, o cümlədən emosiyalardan uzaq olan sanitar-epidemioloji xidmət işçilərini şoka salır: Eyxorniyanın sıxlığı 80% təşkil  etdiyi ərazidə su hövzəsi kimyəvi və bioloji tullantılardan təmizlənmiş, duzun ümumi miqdarı əhəmiyyətli dərəcədə azalmış, sanitar-epidemioloji xidmətlər tərəfindən qeydə alınan bütün mikroblar məhv edilmiş (stafilakok  da daxil olmaqla), ümumi mikrob miqdarı və koli-indeks (bağırsaq çöplərinin miqdarı) normaya endirilmişdir. Həmin vaxt ərzində kənd əhalisi son illərdə həsrətində olduğu digər sevindirici hadisələri də müşahidə etməyə başlamışdır: su quyuları təmizlənmiş, hövzənin özündə isə müxtəlif su  bitkiləri yetişmiş, cürbəcür quşlar və heyvanlar burada məskunlaşmağa başlamışdır. İndi isə eksperimentin iqtisadi tərəfi: çəkilən 105 milyon rubl  xərcə qarşı əldə olunan xalis gəlir 500 milyon rubl təşkil etmişdir (qiymətlər 1997-ci ilə nəzərən qeyd edilmişdir).

İndi baxaq: insanlar tərəfindən yaradılan, hətta ən müasir və mükəmməl texnoloji qurğular həddən ziyadə baha olmaqla, həm də tam istənilən səmərəni vermədiyi halda, Allahın  yaratdığı kiçik bir canlı orqanizm bizlərin törətdiyi fəsadları 100% aradan qaldırmaqla yanaşı, hələ iqtisadi səmərə də gətirir.

Bizlərə isə bu Rəbbani möcüzələrdən bəşəriyyətin, o cümlədən Vətənimizin rifahı üçün effektiv  yararlanmaq qalır.

 Babək Tatlıyev

  müstəqil ekspert