Dövrün səciyyəsi

Əqli fiziki güc

Allah-taala tərəfindən insanlara verilən bu iki potensialdan səmərəli istifadə edilsə, həyatda bir çox şeylərə nail olmaq olar.

Maddi varlıqla intellektual varlığın fərqi böyükdür. Maddi varlıq istifadə edildiyindən o, tükənir. İntellektual varlığı istifadə etdikcə isə o, çoxalır.  B.Şou bir sözündə belə deyir: “Əgər sənin və mənim hər birimizdə bir alma varsa, biz onları dəyişsək, yenə hərəmizdə bir alma qalacaq. Əgər hərəmizdə bir ideya varsa, ideyalarımızı dəyişməklə hər birimizdə iki ideya olacaq”.

V.Məmmədəliyevin 70-illik yubileyində bir akademik ona kompüter yox, qılınc bağışladı. Öz-özlüyümdə mən təəssüfləndim, çünki indi dünya problemlərinin çoxu güc yox, ağıl müstəvisi üzərində həll edilir. Çünki qılınc

geriyə, kompüter irəliyə baxma deməkdir. Ziyalılarımızın fəaliyyətində ağılın yox, hissiyyatın təsiri daha çox duyulur. Bədii təfəkkür elmi təfəkkürü zorlayır. Çağdaş şairlərimizin qəlbinə minlərlə qaçqın və məcburi köçkünlərin (kütlənin) acınacaqlı taleyi yox, ayrı-ayrı qız-gəlinin, gözəlin, gülün-çiçəyin gözəllikləri yol tapır. Gündəlik və ya həftəlik çağdaş KİV-ləri izləsək, dediklərimin dövrümüz üçün də həqiqət olduğuna inanarıq. Zaman fiziki potensialı əridir, əqli potensialı gücləndirir.

Düzgün qərar qəbul etmək sənəti

 Sizin istənilən həlliniz səhvdir“.

Eduard Dalberqin

          Fikrimi  söyləməmişdən əvvəl Molla Nəsrəddinin bir məşhur lətifəsini yada salmaq  istəyirəm:

Günlərin birində Molla Nəsrəddin oğlu ilə səfərə çıxır. Molla uşağı  eşşəyə mindirir, özü isə piyada gedir. Qarşıdan gələn bir dəstə adam  gileylənir: “Bu da indiki cavanlar. Heç böyüyə hörmət etmirlər. O boyda  sağlam cavan eşşəyə minib, yazıq qoca isə piyada gedir”.

Bu sözdən utanan  uşaq eşşəkdən düşür, molla isə, əksinə, eşşəyə minir. Qarşıdan gələn başqa bir dəstə deyir: “Bunlara bir baxın! O boyda kişi eşşəyə minib, yazıq uşaq isə piyada gedir”. Bu sözdən sonra hər ikisi eşşəyə minir. Qarşıdan gələn başqa  bir dəstə: “Bura bax ey… İki-iki adam minib eşşəyə, yazıq heyvan nəfəs ala  bilmir”. Camaatın sözün kəsmək üçün molla və uşaq eşşəkdən düşüb piyada gedirlər. Qarşıdan gələn digər dəstə deyir: “Bu axmaqlara baxın. Günün altında piyada gedirlər, atıla-atıla gedən eşşəyə minmirlər” və s.

Mollanın  başına gələn bu hadisələr bir çox cəhətdən diqqəti cəlb edir. Birincisi, mollanın özünün mükəmməl ideyası və iradəsi olmadığından xarici qüvvələrin təsiri altında eşşəyə gah minir, gah da düşür. Molla hadisələrin subyekti yox, obyektinə çevrilibdir. Ən başlıca səbəb isə informasiya  qıtlığıdır. Heç bir dəstə özündən əvvəlki dəstənin rəyindən xəbəri yoxdur. Bu səbəbdən də səhv rəylərlə çıxış edirlər. Başqa sözlə, bir tərəfdən savadsızlıq, digər tərəfdən isə informasiya qıtlığı mollanı gülünc vəziyyətə salıb.

Düzgün qərar qəbul etmənin texnologiyası haqqında fikirlərimi dəfələrlə söyləmişəm:  istənilən hadisə ilə bağlı qəbul ediləcək qərarın xətası həmin hadisə ilə bağlı toplanan informasiyanın həcmindən asılıdır. Məlumat çox olarsa, xəta da az olar. Məlumat az olarsa, xəta çox olar. Məlumatın həcmi həm də düşünmə zamanından asılıdır. Çox düşünərkən çox məlumat toplanar və düzgün qərar  qəbul edilər, bu zaman səhv də az olar və əksinə. Bu dediklərimizi riyazi  olaraq belə ifadə etmək olar:

Qərarın xətasının (Qx) məlumatın xətasına (Mx)  olan nisbəti sabit bir kəmiyyətdir.

                                       Qx/Mx = const  

 

Qərarın xətası dedikdə düzgün həll ilə səhv həll arasında fərq, məlumatın xətası dedikdə isə düzgün həll üçün lazım olan məlumatla əldə olan məlumat arasında fərq başa düşülür.

Deməli, hadisə ilə bağlı düşünmə müddəti nə qədər böyük olarsa,  toplanan məlumat da bir o qədər çox, qərarın səhvi isə az olar. Bir hikmətli misalda deyilir: “Bir ağıl yaxşıdır, ikisi ondan da yaxşıdır”. Çünki iki nəfərin  əldə etdiyi informasiya və ya problemlə bağlı düşünmə müddəti bir  nəfərinkindən iki dəfə çoxdur. Deməli, səhv az olacaqdır. Bu səbəbdən də idarəetmə sistemində adətən nazirə müavin, müdirə müavin, rektora prorektor

və bunun kimi vəzifələr nəzərdə tutulur ki, qərarın xətası da az olsun. Bu yerlər gərək heç zaman boş qalmasın.

Mütləq düzgün qərar qəbul etmək  Allaha məxsusdur. Peyğəmbərlər də min illərin sınağından çıxmış qərarlar  qəbul etmişlər. Fövqəlinsanlar da uzun zaman intervalı üçün doğru olan qərarlar qəbul edə biliblər. Müdrik insanların qərarlarının xətası az, cahil insanların qəbul etdikləri qərarların xətası isə çox olur. Bu səbəbdən də Eduard Dalberqin deyir: “Sizin istənilən həlliniz səhvdir”.

İki qütb arasında insan fəaliyyəti

Ziyalıların əksəriyyətinin fəaliyyəti iki qütb arasında baş verir. Özünə məhəbbət və millətə məhəbbət. Bu nisbət 50-nin 50-yə deyil.  Hesab edirəm ki, millətə məftun ziyalıların sayı əvvala çox deyil, ikincisi də, müxtəlif millətlər üçün bu nisbət müxtəlifdir və onların düşüncə tərzindən asılıdır. Bu say böhran bir qiymətdən az olanda (tək-tək olanda) millətə məhəbbəti böyük olan ziyalının həyatı çox zaman faciə ilə qurtarır.

Millətini  sevən Xəlil Rza Ulutürkə Allah rəhmət eləsin! “Gözün aydın, Firəngiz, oğlun Vətən yolunda şəhid oldu”. Bu sözləri hər ziyalı söyləyə bilməz. Özünün  xəstə yatmasına baxmayaraq, Heydər Əliyevin Azərbaycana tez qayıtmasını  istəyən “91-lərin” ən parlaqlarından biri idi.

İnsan toplumu inkişaf etdikcə, təhsilləndikcə, dünyagörüşü artdıqca ictimai məhəbbətin zəruriliyi dərk edildi  və güclənməyə başladı. Dövlət bir qurum olaraq 10 min il bundan qabaq  formalaşmış və ictimai məhəbbətin, arzunun təzahür formasıdır. İnsan  cəmiyyətinin inkişafı özünəməhəbbətdən ictimai məhəbbətə tərəf yerdəyişmə ilə müşahidə olunur. İnkişaf etmiş ölkələrdə cəmiyyət üzvlərinin millətə məhəbbəti özünəməhəbbətli vəhdətdədir.

Xəritəmiz tariximizdir

Xəritəmizin forması hər birimizi düşündürməlidir. Bizim xəritəmizin sərhədləri məntiqdən kənardır. Tut yarpağını qurd yeyən kimi, düşmənlər torpağımızı yeyə-yeyə Bakıya yaxınlaşırlar. Təkcə Xəzər tərəfdən təcavüz yoxdur. Əminəm ki, xəritəmizin bu şəkildə mövcudluğu xalqın potensialına və istəyinə uyğun deyil. Bu uyğunsuzluğu aradan qaldırmaq bizim və gələcək nəsillərin borcudur.

Əsrin əvvəlində Azərbaycan torpağını bir daha parçalayaraq Naxçıvanı Azərbaycandan ayırıblar. Mən Naxçıvan Muxtar Respublikasının  yaranmasının 80, 90, 100-illiklərini yubiley yox, bu torpağın Azərbaycandan ayrı düşməsinin anma tarixi kimi qeyd edilməsinin tərəfdarıyam. Biz  birləşməyə can atmalıyıq və bu, rasional düşüncə tələb edir.

Təbiətin ibrətamiz qanunauyğunluqları vardır. Cisimlərin ümumi xassələrindən biri  formasını qorumaq və saxlamaqdır. Canlı bioloji varlığı (insan bədənini, yaşıl ağacı) yaralayanda, o, həmin yaranı özü sağaltmağa çalışır. Çünki canlı cisimlər öz formasını saxlamağa cəhd edirlər, cansız cisimlərə də  toxunulmazsa, min illərlə öz formasını saxlamağa çalışar.

Azərbaycan və  Naxçıvan XX əsrin əvvəllərində siyasi səbəblərdən bir-birindən ayrı düşmüşlər. Ancaq bu ərazilər cansız cisimlər kimi yox, canlı orqanizm kimi birləşməyə, sağalmağa can atmalıdır. Mən ictimai şüurda, ədəbiyyatda bu cəhdlə bağlı narahatçılıq hissi görmürəm və bunu düşüncə tərzimin qüsuru  hesab edirəm. Bu səbəbdən də ermənilər Naxçıvan ətrafında cəfəngiyatlar danışırlar.

Azərbaycan Prezidenti İlham Əliyev 14 aprel 2004-cü il tarixində Naxçıvan Muxtar Respublikasının 80-illiyinə həsr olunmuş təntənəli  mərasimdə iştirak etmiş və “Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün  ölkədə Heydər Əliyev siyasəti davam etdirilməlidir” adlı məruzə ilə çıxış etmişdir. Bu siyasət gələcəkdə Naxçıvanla Azərbaycanın coğrafi baxımdan  birləşməsini və yaralanmış torpağın sağalmasını təmin edə bilər.

Tariximiz  obyektsubyekt kontekstində

XX əsrdə (son 14 il istisna olmaqla) ölkəmizə rəhbərlik edən şəxslər məmləkətdə gedən genişmiqyaslı ictimai-siyasi proseslərin, hadisələri idarə edən fəal tərəfi yox, zəif tərəfi olmuşlar. Yəni məmləkətdə baş verən siyasi prosesləri idarə edə bilməmiş, əksinə, bu proseslərin burulğanlıqlarında dolaşığa düşmüşlər. Fəlsəfi dillə desək, onlar bu proseslərin subyekti yox, obyektinə çevrilmişlər. Elə bu səbəbdən bizim  tariximizi bizdən soruşmadan yazıblar, coğrafiyamızı bizdən soruşmadan çəkiblər. Bu prosesləri elmi metodlarla tədqiq edə biləcək tarixin fəlsəfəsi  (söhbət fəlsəfənin tarixindən getmir) adlanan ixtisas üzrə mütəxəssislərimizin  olmaması milli tariximizin dərk olunmasını əngəlləyən amillərdəndir. Biz bölgədə gedən proseslərdən baş çıxarmalıyıq. Biz dünyada gedən  proseslərdən hali olmalıyıq. Dünyanın inkişaf yolunu düzgün  müəyyənləşdirməliyik.

Ermənilər həm müsəlmanların (İranın, Dağıstanın), həm də xristianların potensialından istifadə edirlər. Biz də bəşəri  potensiallardan istifadə etməyi bacarmalıyıq. Güman ki, bizi istəməyənlər olduğu kimi, istəyənlər də az deyil.

 

BDUnun professoru,

əməkdar elm xadimi Şahlar Əsgərov