Bəxtiyardır

Vətənçin yaşayan, vətənçin ölən Səmimi bir insan nə bəxtiyardır!

M.Müşfiq

Millət, Vətən! deyib, keçmişindən təlim alıb, parlaq gələcəyə üz tutan…
Milli, mənəvi dəyərlərinə sahib çıxıb, keçmişini bu gününə gətirib, sabahına təhvil verən…
Tarix yaşasın, həqiqətlər bilinsin deyə gecəsini-gündüzünə qatan bir millət, bir xalq nə bəxtiyardır…
Bəzən parlaq bir gələcəyə çata bilmək üçün illər, əsrlər, bəlkə də min illər geriyə qayıtmaq, geriyə dönmək lazım gəlir. Yalnız və yalnız həqiqət yolu ilə geri – keçmişə gedib, yenidən bu günə, sabaha azmadan, yanılmadan qayıtmaq mümkündür.

Tarixin həqiqət xəzinəsinə baş vurub dəyərli inciləri – həqiqətləri, gerçəklikləri, sirləri əmanət olaraq bu günümüzə çatdıran vətən övladları nə bəxtiyardır!

Keçmişimizin qorunması, yaşaması, gələcəyimizin qurulması, yaşanılması üçün fədakar olanlar nə bəxtiyardır…

“Füyuzat” yüz il bundan əvvəl,
“Füyuzat” yüz il əvvəlkindən sonra…
Bir bağ var arada…
Bu bağları görüb də ikisini bir araya gətirən nə bəxtiyardır.
Yolu sevgi yoludur.

Vətən sevgisi, Millət sevgisi, həyat sevgisi…
Bu sevgi bağlarında keçmişlə gələcək arasında qaçan nə bəxtiyardır.
“Füyuzat”, yüz il tamam oldu.

Keçmişdə cəmi otuz iki nömrə… amma çoxlarına dərd oldu.
“Füyuzat” artıq yenidən nəşr olundu. O gün istəməyənlərə bu gün əzəmətli bir ibrət oldu.
Bax elə bu tarixi yaşadanlar nə bəxtiyardır!
“Füyuzat” – ana dilimiz!
“Füyuzat” – milli birliyimiz!
“Füyuzat” – ümumi sevgimiz!” şüarı ilə səslənən nə bəxtiyardır.
Uzun bir zaman – yüz il, yaxın bir anlam – bu gün.
Həqiqətini dəyişməyən, özü olan, üslubu olan “Füyuzat”ı bu gün yaşadan nə bəxtiyardır.
Yolu bəlli, düşüncəsi aydın, fikri düzgün, yalnız həqiqət arxasınca qaçan nə bəxtiyardır.

“Füyuzat” – tarix.
“Füyuzat” – elm.
“Füyuzat” – mədəniyyət.
“Füyuzat” – keçmiş, bu gün, gələcək.
“Füyuzat” – Azərbaycan!

Milli, mənəvi dəyərlərlə üslubunu kökləyən, sevgi, səmimiyyətlə bəstələnən bir vətən sevgisi əsərinin müəllifi nə bəxtiyardır.

“Füyuzat”!.. Danışdın bizlərlə… Qələm dili ilə, hal dili ilə, sükut dili ilə, rəsm dili ilə.
Öyrətdin bizə… danışanın təkcə dil olmadığını. Sən demə, həyatda hər şey danışırmış.
Bir məsum uşaq rəsmi…
Gözlərində bir damla yaş. Uşaqlara toxunmayın, toxunmayın. Dünya ətirsiz qalar, dünya qaralar, gələcəyimiz məhv olar!

Gözlərdəki damla-damla yaşları oxumağı öyrədənlər nə bəxtiyardır.
Başımız sevinclərə qarışarkən dərdin olduğunu anlatdın bizə…
Həsrət baxışlı bir ana rəsmi…

Vətən dərdi, yurd dərdi, övlad dərdi, torpaq dərdi, əsir düşmüş qız-gəlin dərdi.
Dərdin içində də dərd olarmış. Dərd varkən dərdlənməyənlərə dərdlənməyi öyrədən nə bəxtiyardır…

Qara buludlar alarkən üzərimizi qorxduq zülmətdə qalmaqdan… yenə bir rəsm dili ilə anlatdın bizə qorxmamağı… “Bir işıq da sən yandır” deyə danışdın bizə, elə könlümüzdə bu işıqları yandırmağa bizi səsləyən gör nə bəxtiyardır.

Həsrət qaldığımız, düşmən tapdağı altında olan yurdumuzu Yaqub həsrəti ilə özlədiyimiz an yağı düşmən əlində olan elimizə, obamıza… – sağı çəmənli, solu çəmənli bir cığırla çata bilməyimiz üçün o cığıra belə yalvarmağın lazım olduğunu öyrətdin bizə…
Bu yolu bizə öyrədən nə bəxtiyardır…

Hər bir rəsmində xatırlatdın bizə doğma yurdumuzu, elimizi-obamızı; “gözəlliklər yurdu, sevgi yurdu, qardaşlıq yurdu” deyə anlatdın bizə Azərbaycanımızı.
“Vətənimdir, vətənimdir, vətənim” kəlmələrini hopdurdun içimizə, toxundun qəlbimizdəki o incə tellərimizə.

Sevdirdin bizə daşımızı, torpağımızı, gülümüzü – hər nə varsa…
Sevdirdin bizə…

Qardaş olmağa səslədin bizi.
Talışı, ləzgini, tatı, avarı, ingiloyu, Qərbi Azərbaycanlını, Cənubi Azərbaycanlını bir bayraq altında
cəm olmağa, həm də qardaş olmağa səslədin…
Bütöv Azərbaycan olmağa səslədin…
Sevib-sevilməyə səslədin…

Keçmişimizin dərinliyini, gələcəyimizin zirvəsini görüb inamla, ümidlə hayqırdın var gücünlə:
– Azərbaycan, Azərbaycan!

Bax elə bu hayqırışla Millətini sevib-sevdirən “Füyuzat” nə bəxtiyardır.
Özümüzü özümüzə sevdirən “Füyuzat” nə bəxtiyardır!

M.MİRBƏŞİROĞLU