Baş redaktordan

Bu bir həqiqət dir ki, cəmiyyətin tarixi dönəmlərində yaranan demokratik ab-hava ayrı-ayrı ictimai zümrələrin qəzet və jurnal nəşrinə geniş meydan açır.

XX əsrin əvvəllərində Azərbaycanda da belə bir şərait yaranmışdı: Müxtəlif məsləkli qəzet və jurnalların çoxluğu yay gecələri açıq, buludsuz səmada sayrışan ulduzları xatırladırdı.

Onların arasında ən parlaq ulduz hamının diqqətini çəkdiyi kimi tək-bir qəzet və jurnalda oxucuların qəlbinə yol tapırdı: “Molla Nəsrəddin”, “Füyuzat”, “Tərcüman”, “Həyat”, “Həblülmətin”, “Kəşkül” vəs. Bunların Avropa və Şərq ölkələrində olan oxucularını cəlbedən sadəcə Azərbaycanın ictimai-siyasi vəziyyəti, xalqın həyat tərzi deyil, bu mətbuat səhifələrində olan maarifə, mədəniyyətə, birliyə olan çağırış idi. Oyanan Şərq əsarətdən, zülm və istibdad şəraitindən çıxış yolu, nicat axtarırdı. Bu cəhətdən Əli bəy Hüseynzadənin “Füyuzat” məcmuəsinin ilk saylarından Türkiyə, Orta Asiya, Krım və Rusiya müsəlman aləminin diqqətini cəlb etməsi təsadüfi deyildi.

“Füyuzat” (1906-1907) məcmuəsi XX əsrin başlanğıcında Azərbaycan ədəbi, siyasi və fəlsəfi məfkurəsində özünüdərk və istiqlal düşüncələrini ortaya qoymaqla misilsiz xidmət göstərmişdi. Ona görə ilk nəşrindən yüz il keçsə də, hətta Sovet hakimiyyəti illərində qadağa qoyulsa da “Füyuzat” unudulmadı.

Bu gün “Füyuzat”ın öz nəşrini davam etdirməsi və ilk nömrəsinin rəğbətlə qarşılanması ədəbi hadisədir. Xalq şairi, akademik Bəxtiyar Vahabzadə yeni “Füyuzat”ın oxucularla görüşünü son dərəcə heyrət və sevinclə qarşıladı: gözlərində iki damla yaş gilələndi. Redaksiya əməkdaşlarına uğurlar arzuladı. Əli bəyin müqəddəs yolunu davam etdirməyi, müasir dövrün tələblərinə cavab verməyi, azərbaycançılığa xidmət etməyi məsləhət gördü.

Əli bəy Hüseynzadə azərbaycançılıq ideyasını yüksək qiymətləndirmişdir. Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu azərbaycançılıq ideyası, eləcə də müasir dövrün qarşıya qoyduğu vəzifələr təbliğatımızın tərkib hissəsini təşkiledir.

Yeni “Füyuzat” yüksəliş yolunda olan müstəqil Azərbaycanın aynası olacaqdır. Gənc nəslin tərbiyəsi üçün vacib olan Azərbaycan tarixi, mədəni irs, fəlsəfə, mənəviyyat, təbabət, səhiyyə və s. Onun səhifələrində vaxtaşırı işıqlandırılacaqdır. “Füyuzat”ın bu sayında Xocalı hadisəsinə xüsusi diqqət yetirilməsi təsadüfi deyildir.

Bu bəşəri faciə tariximizin qanlı səhifəsidir. Ümummilli lider Heydər Əliyevin şəxsi təşəbbüsü ilə Xocalı özünün əsl siyasi hüquqi qiymətini aldı. Erməni şovinist millətçilərinin törətdiyi cinayətlər haqqında həqiqətlərin dünya dövlətlərinə və beynəlxalq ictimaiyyətə çatdırılması üçün təsirli tədbirlər görüldü.

Milli Məclisin 24 fevral 1994-cü il tarixli qərarı ilə fevralın 26-sı Xocalı soyqırımı və Milli matəm günü elan olundu.

Xocalı soyqırımı Xatın, Xirosima, Naqasaki, Sonqmi kimi dünyanın ən dəhşətli faciələrindən biri idi. Azğın erməni quldurları 366-cı rus hərbi birləşməsinin köməyi ilə Xocalı şəhərini xarabazara çevirdilər. 613 nəfər dinc əhalini məhv etdilər. Minlərlə adam güllə yarasından şikəst oldu. 106 nəfər qadın, 83 nəfər azyaşlı uşaq, 70 nəfər ahıl qoca qətlə yetirildi. Erməni cəlladları 56 nəfəri xüsusi qəddarlıqla öldürdülər: Günahsız insanlar diri-diri yandırıldı, başlarının dərisi soyuldu, bədən əzaları, başları kəsildi, gözləri çıxarıldı, hamilə qadınların qarnı süngü ilə deşik-deşik edildi. 1275 nəfər dinc sakin girov götürüldü.

Dünyanın bütün sülhsevər xalqları, beynəlxalq təşkilatları erməni millətçilərinin bəşəri cinayətlərinə öz münasibətlərini bildirməli, onları mühakimə etməlidirlər. Hər bir azərbaycanlı harada yaşamasından asılı olmayaraq bu müsibəti unutmamalı, Xocalı soyqırımını bütün dəhşətləri ilə dünya xalqlarına çatdırmalı, erməni faşizmini ifşa etməlidir.

Əks halda, Xocalı soyqırımı günahkarlarını – insanlıq simasını itirmiş erməni millətçilərini və onların havadarlarını mühakimə etmək çətin olacaqdır. Biz hamımız şəhidlərin ruhu qarşısında öz vətəndaşlıq borcumuzu verə bilməyəcəyik, onda ömrümüz boyu əzab çəkəcəyik. Gəlin birləşək, düşmənə cavab verək.

Teymur ƏHMƏDOV