Ağacoyma sənətinin bənzərsiz ustası

Azərbaycan dekorativ tətbiqi sənətinin bir qolu olan bədii ağacoyma sənətinin ənənələrini böyük peşəkarlıq, estetik duyumda yaşadan Seyfəddin Mənsimoğlunun kompozisiya, forma biçimi ölçü baxımdan ən uğurlu sənət əsərləri bu gün Bakı, İstanbul, Berlin muzeylərində, şəxsi kolleksiyalarda saxlanır.

 Ağac var ki, “ömrünü başa vurur”, çürüyür, yanır, kül olur, ağac da var  sənətkar əlində formadan-formaya düşüb köçür evlərə, muzeylərə… Usta Seyfəddin də qurumuş, ömrünü başa vurmuş ağaclara fərqli bir anlam, fərqli  bir məna bəxş edir.

Seyfəddin Mənsimoğlu 42 ildir ki, Azərbaycan Milli  Elmlər Akademiyası M.Füzuli adına Əlyazmalar İnstitutunun  fotolaboratoriyasına rəhbərlik edir. Bu illərdə institutda qədim əlyazma nüsxələrinin fotosurətlərindən və mikrofilmlərindən ibarət zəngin bir fondun  yaradılmasında böyük əməyi olub. Bir vaxtlar ərəb əlifbası ona çətin, lap  möcüzə kimi görünərmiş, lakin 1964-cü ildə Əlyazmalar İnstitutuna gəlişi  Seyfəddin müəllimin taleyində böyük dönüş yaradır. O, ilk dəfə ağacoymanın  xəttatlıqla qovuşan uğurlu bədii həllini tapa bilib, ağac lövhələr üzərində ərəb  əlifbası ilə yazılmış ayrı-ayrı söz və kəlamları orijinal biçimli  kompozisiyalarda əks etdirməyə nail olub. Bu ilk uğur onu daha da  həvəsləndirib və sonralar XVI əsrin görkəmli miniatürçü rəssamı Soltan  Məhəmmədin, Azərbaycan poeziyasının klassikləri Nizami, Xaqani, Nəsimi  və Füzulinin, Nəsirəddin Tusinin, Üzeyir Hacıbəyovun və başqa  şəxsiyyətlərin adları yazılmış ağac lövhələri hazırlayıb. Həmin əsərlərdə  görkəmli şəxsiyyətlərin təkcə adları deyil, eyni zamanda onların əsərlərindəki  elementləri təsvir edən nümunələr də verilib.

Usta Seyfəddin işləyərkən zahiri aləmlə əlaqəsini kəsib, doğulub boya-başa çatdığı Cəbrayılı dolaşır  xəyalən, gah Aşıq Qurbanini dindirir, gah da dahi Füzuliyə xitab edir. Belə  anlarda barmağını da kəssən bilməz, necə ki, dəfələrlə işlədiyi itiuclu alətlə  ovcunu, barmaqlarını yaralayanda heç nə duymayıb, işini yarıda qoymayıb.  Bəlkə də fikirlərini, duyğu və hisslərini ürkütməmək üçün tab gətirib  ağrılara…

“Yolum tez-tez Füzuli meydanından düşür, şairin heykəli önündən  heç vaxt sükutla, sakit ötüb keçə bilmirəm, çox vaxt ucadan, bəzən pıçıltı ilə”  – “Səni yaradana qurban olum, səndən sonra səndən yuxarı çıxan yoxdur!”- deyirəm. Bəlkə də buböyüklüyünə görə Ustad Füzulinin yaradıcılığına 5 dəfə  müraciət edib, kompozisiya baxımından bir-birindən fərqli əsərlər yaradıb.  Haqq aşiqi şair Füzuliyə bağlılığının başqa bir səbəbi isə Seyfəddin  müəllimin özünün də ilahi eşqi axtaran arayan bir insan olmasıdır.

Bəzən  özünə həmdərd axtarmaq üçün təbiətə üz tutur, böyük Füzulinin dərd əlindən dağa çıxdığı kimi, onu da dərd çöllərə, meşələrə salır. Eləcə ağacların, yarpaqların pıçıltı ilə söylədiyi hekayətlərin sehrinə düşüb dərdləşir onlarla.

Dahi Füzuliyə həsr etdiyi işlərdən ikisi məhəbbət mövzusundadır. İşlərdən  birində ortada “Məhəmməd Füzuli” sözü, onun kənar hissələrində şairin “Yarəb, bəlayi-eşq ilə qıl aşina məni, Bir dəm bəlayi-eşqdən etmə cüda məni” məşhur beytləri həkk olunub. Füzulinin bu qəzəlindən usta digər işində də istifadə edib. Şairin özünə həsr edilmiş işdə onun barelyef portretini  yonmuş, onun fonunda ətrafa yayılan şüaları ştrixlərlə qazaraq Füzulinin özündən  sonrakı insanlara təsirini ifadə etməyə çalışmışdır.

Usta Seyfəddinin Füzuli ilə bağlı iki işi Fransada Füzulinin 500-illik yubileyi ilə əlaqədar YUNESKO-nun təşkil etdiyi tədbirlərdə nümayiş etdirilib. Sonra o, ustada məhəbbətini daha bir əsərdə ifadə edir. Bu dəfə şairin Allahın şəninə dediyi bir qəzəlini əsas götürərək həmin işi məscid formasında oymuş, minarənin üstündə süfrə kimi sərilmiş, üç dəfə təkrarlanan və altı dəfə tamamlanan mübarək bir ad həkk etmişdir: “Məhəmməd Füzuli”.

Onun bu mükəmməl işlərinin hər biri bir sənət əsəridir və bütün qəlbini, hiss və duyğularını hopdurduğu bu nümunələri heç vaxt satmaq fikrində olmayıb, ayrıla bilməyib onlardan, ana övladından ayrıla bilmədiyi kimi. Əslində heç onları qiymətləndirməyə də çətinlik çəkir. Deyir ki, bu gün bizdə pullu, imkanlı adamların zövqü, zövqlü insanların isə pulu, imkanı yoxdur… Elə bunun üçün də əzizləyə-əzizləyə qoruyub saxlayıb bu sənət incilərini emalatxanaya çevirdiyi evinin bir küncündə və bir də 42-illik bir müddətdə mehr saldığı, möhkəm bağlandığı fotolaboratoriyasında… Sifarişlə işləmir, bütün yaradıcı adamlar kimi təbinin gəlməsini, ilham pərisinin oyanmasını gözləyir. Ağac üzərində xətoyma sənətində heç bir müəllimdən dərs almayan sənətkar bu sahədə bir məktəb yaradıb.

Seyfəddin Mənsimoğlu özü ustad, müəllimdir. “O sənətkarlar  böyükdür ki, özlərindən sonra davamçılar qoyub gedirlər” deyən sənətkar  davamçıları oğlanları Səbuhi, Firudin, bacısı oğlu Yadullah, Firudinin dostu Samirin bugünkü yaradıcılıq uğurlarına sevinir, ən cavan tələbəsi Vüqarın  gələcəyinə ümid bəsləyir.

“Əgər bir mismarı üst-üstə çəkiclə 2 dəfə düz vura bilirəmsə, bu, ana tərəfdən gəlir, çünki dayım dəmirçi olub. Sözü də yatımlı, ağılkəsən şəkildə deyə bilirəmsə, bu, ata tərəfdən gəlmədir, atam el ağsaqqalı olub, qan bağlayardı eldə, obada.

İndi hərdən balaca nəvəmi mənimlə bərabər kiçik çəkiclə ağacları döyəcləyən görəndə qəlbimə bir rahatlıq çökür. Deyəsən, təkcə soyadımı yox, həm də sənətimi yaşadanlar olacaq…”

Azərbaycan dekorativ tətbiqi sənətinin bir qolu olan bədii ağacoyma sənətinin ənənələrini böyük peşəkarlıq, estetik duyumda yaşadan Seyfəddin  Mənsimoğlunun kompozisiya, forma biçimi və ölçü baxımdan ən uğurlu  sənət əsərləri bu gün Bakı, İstanbul, Berlin muzeylərində, şəxsi  kolleksiyalarda saxlanır.

Hər bir işi başlayanda onu sona çatdırmaq üçün Rəbbindən möhlət, dözüm istəyən usta Seyfəddin bu dəfə “Dədə Qorqud”a müraciət edib. Artıq eskizlər hazırdır. Özü demişkən, Allah qismət eləsə sənət əsərlərinin sırasına biri də əlavə olunacaq. Və yəqin ki, sonuncu olmayacaq.

Zümrüd QURBANQIZI