HAQQIMIZDA

Qədim tarixə, yüksək mədəniyyətə malik olan Azərbaycanın tarixini, milli irsini, mənəvi dəyərlərini qoruyub-saxlamaq və inkişaf etdirməyə kömək məqsədilə təsis edilmiş Milli İrsi, Mədəni, Tarixi Araşdırmalar Fondu 2005-ci il yanvar ayının 31-dən fəaliyyət göstərir.

Fondun fəaliyyətinin əsas məqsədi milli irsi, mədəni, tarixi dəyərlərimizi tədqiq edib həm ölkəmizdə, həm də ölkəmizdən kənarda təbliğ etmək, xarici ölkələrdə Azərbaycanın milli irsini, mədəniyyətini, tarixini əks etdirən sərgilər, konfranslar və s. tədbirlər təşkil etmək, istedadlı gənclərə, yaşlı ziyalılara, qaçqın və məcburi köçkünlərə, kimsəsizlərə, əlil və veteranlara maddi və mənəvi kömək göstərmək, təhsil, səhiyyə, mədəniyyət və sosial sahədə xeyriyyə tədbirləri, simpoziumlar, seminarlar, müsabiqələr keçirmək və ayrı-ayrı şəxsləri Azərbaycan tarixi, mədəniyyəti, irsi üçün əhəmiyyətli olan uğurlara görə mükafatlandırmaqdan ibarətdir.

Fondun məqsədlərindən biri də xeyriyyə işləri görməkdən ibarətdir. Bununla bağlı proqramlarını və planlarını həyata keçirən fond xeyriyyə işlərini davam etdirir. Belə ki, fond aztəminatlı ailələrə, imkansız şəxslərə birdəfəlik yardımlar etməklə yanaşı təhsilimizə, ədəbiyyatımıza, mədəniyyətimizə, tarixi-irsimizin öyrənilməsinə faydalı olacaq layihələrə köməklik göstərir.

Fondumuz xeyriyyə işləri ilə yanaşı, gənclərimizdə vətənpərvərlik hisslərinin artırılması məqsədilə xalqımızın tarixində baş vermiş əlamətdar günlərlə əlaqədar, xüsusən də Qarabağımızla bağlı seminarlar, simpoziumlar, dəyirmi masalar keçirir. Bundan əlavə fondumuzda xalqımızın böyük oğlu, ulu öndər Heydər Əliyevin anım mərasimi və həyat yolu mövzüsünda bir sıra seminarlar təşkil edilir. Bütün bu tədbirlər xalqımıza xidmət edən və təkcə ölkəmizdə deyil, bütün dünyada məşhur olan görkəmli şəxslərin həyat fəaliyyətləri və yaradıcılıqlarını öyrənmək və öyrətmək məqsədi daşıyır.