Əli bəy Hüseynzadənin həyatı

Bu günlərdə Azərbaycanın böyük mütəfəkkiri, fikir dünyamızın formalaşmasında naşiri olduğu “Həyat” qəzeti və “Füyuzat” dərgisi ilə özünəməxsus yer tutan Əli bəy Hüseynzadənin doğum günüdür. Türkçülük ideyasının yaradıcılarından biri olan Əli bəy Hüseynzadənin həyatının maraqlı olacağını nəzərə alaraq mərhum, dəyərli araşdırıcımız görkəmli ədəbiyyatşünas Ofelya Bayramlının qələminin məhsulu olan “Əli bəy Hüseynzadənin həyatı” məqaləsini dəyərli oxucularımıza təqdim edirik.

BİZ İNSANIZ:

Məzhəb qövmiyyət insanlığı, insaniyyət hüququnu müdafiə ediniz. Məzlum olan sinifləri zalım siniflərin təcavüzatından azad etməyə çalışınız, müsavatitammə istəyiniz. Yersiz, yurdsuz əkinçilərimizə, kəndlilərimizə yer, torpaq, tələb ediniz, füqərayikasibəmizin şəraititəəyyüşünü təshihə çalışınız.

BİZ QAFQAZLIYIZ:

Qafqaz əhlinin öz ümuri-idarəsinə özü baxa bilmək üçün lazım gələn muxtariyyət tələb ediniz.

BİZ MÜSƏLMANIZ:

Binaənəleyh öz əqayidi-diniyyəmizə, hürriyyəti-vicdanımıza hər nə lazımsa, onu istəyiniz, onu tələb ediniz.

BİZ TÜRKÜZ:

Dilimizin, lisanımızın tərəqqisinə mane olan hər növ sədlərin, divarların yıxılmasına, rəf olunmasına qeyrət ediniz.

Ə.Hüseynzadə

(“Həyat”, 2 iyun 1906)

 

Azərbaycan ictimai və ədəbi fikir tarixində müstəsna yer tutan Əli bəy Hüseynzadə belə  böyükməramlı şəxsiyyətlərdən biri idi.

Ə.Hüseynzadənin qəribə taleyi olub. Hələ sağlığında tədqiqatçılar uzaqgörənliklə onu “bütün türk dünyasının müjahidi” adlandırıblar.

Ədu qırar qapını, biz evdə bixəbəriz.

Nə başqa-başqalarız, nə ittihad edəriz!

– sözləri təkcə Vətəni Azərbaycanda deyil, bütün türk dünyasında böyük ümidlə qarşılanıb və həmrəylik doğurubdur.

A.Şaiq hələ 1923-cü ildə “Maarif işçisi” məcmuəsində çap etdirdiyi “Azəri ədəbiyyatı” haqqında tədqiqatında yazırdı: “Ə.Hüseynzadə… o zamankı Azərbaycan ədəbiyyatına bir yenilik gətirmək, ədəbiyyatı məhdud çərçivədən kənara çıxarmaq istəyirdi. Onun ədəbi, içtimai-siyasi fəaliyyəti gəncliyə müəyyən təsir göstərirdi. Şeir və sənətin nə olduğunu gəncliyə anladırdı”.

Ə.Hüseynzadə haqqında 70 ildə bəzi tədqiqatçılarımız da tək-tük müsbət fikirlər söyləyiblər. Çünki belə nəhəng şəxsiyyət haqda danışmamaq olmazdı. Ə.Hüseynzadə elə yazıçı olub ki, onun əzəmətli sənətinin ecazkar təsiri üstündən laqeydliklə ötüb keçmək mümkün olmayıb. Lakin buna baxmayaraq, dövrün hökmü, kommunist rejimi daha güclü idi. Ədibin azərbaycanlı tədqiqatçıları, yəni “özümüzkülər” millətimizin bədxahlarının (rus şovinistlərinin, erməni millətçilərinin), Ə.Hüseynzadəni gözdən salan ədalətsiz hökmlərinin əsiri olaraq ona cürbəcür damğalar vurub, mürtəce ideoloq, millətin düşməni kimi təqdim ediblər. Məhz buna görə də Ə.Hüseynzadənin Azərbaycanda siyasi-ədəbi irsi çap olunmayıb, həyat və yaradıcılığı isə təhrif olunmuş şəkildə işıqlandırılıb.

İllər keçdi. Bu gün illərin bəxş etdiyi yeni-yeni hadisələr ölkəmizin ictimai-siyasi həyatında, o cümlədən Ə.Hüseynzadəyə münasibətimizdə böyük dönüş yaratdı. Bizi ədib haqqında tamamilə başqa cür düşünməyə məcbur etdi. Ə.Hüseynzadənin bütün varlığı ilə millətinə bağlı, vətəninin müstəqilliyi, azadlığı uğrunda döyüşən mübariz azərbaycanlı olduğu dəqiqləşdi. Ə.Hüseynzadə əsrin əvvəllərində nəinki Azərbaycanda, nəinki Rusiya müsəlmanları arasında, həm də bütün türk dünyasında, islam aləmində milli azadlıq hərəkatının genişlənməsində, milli şüurun oyanmasında, tərəqqiyə olan hər cür təcavüzlərin aradan götürülməsində xidmətlər göstərən, bu yolda bütün çətinliklərə mətanətlə sinə gərən qeyrətli vətəndaş idi. Əsarətə, xarici təcavüzə boyun əyməyən Ə.Hüseynzadə imperializmin əleyhdarı, amansız və qətiyyətli düşməni idi.

Ə.Hüseynzadə 1864-cü il fevralın 24-də Salyan şəhərində anadan olub. Anası Xədicə xanım Qafqaz şeyxülislamı Şeyx Əhmədin qızı, atası Hüseyn Hüseynzadə isə Kruzma1 bəylərindən Kazımbəy Hüseynzadənin 4 oğlundan kiçiyi idi. Kiçik yaşlarında ikən anasını itirdiyindən atası öz oğlanlarını (Əli bəylə onun kiçik yaşlı qardaşı İsmayılı) götürüb Tiflisə köçür və burada Qafqaz ruhani idarəsinin nəzdində olan molla məktəbində riyaziyyat müəllimi kimi fəaliyyətə başlayır. Əli bəy də ilk təhsilini həmin məktəbdə alır (1872).

Nəvənin zəkalı və qabiliyyətli olduğunu görən baba, Şeyx Əhməd Salyani, onun tərbiyəsi və təhsili ilə özü məşğul olur. Rus və qərb mədəniyyətinə yiyələnsin deyə, nəvəsini rus məktəblərindən birinə vermək  istəyir. Qafqaz valisinin icazəsilə onu Tiflisdə rus gimnaziyasına qoyur. Burada oxuduğu on il müddətində Ə.Hüseynzadə (1875-1885) rus, latın, yunan, ərəb və fars dillərini öyrənir, rus  və qərb ədəbiyyatı ilə yaxından tanış olur, Hötenin əsərlərini dönə-dönə mütaliə edir, yunan dili müəllimlərinin  təkidilə Platonun “Dialoq”, ingilis filosofu Herbert Spenerin “Tərbiyə” (Education) və “Elmlərin təsnifi” (Classification des Schmenes) əsərlərini oxuyub mütaliə edir.

Ə.Hüseynzadə ibtidai və orta təhsil aldığı bu məktəblər barədə təəssüratını sonralar məqalələrinin birində belə şərh edirdi: “Bu təhsiliibtidaim Qurani-kərimin  qiraəti ilə farsi-əlifbaya, tarixi Nadirin və Gülüstani-Sədinin mütaliəsinə münhəsir qaldı. Bir uşağın bu sürətlə öz ana dili ta ibtidaidən ehmal olunub ona zorla əcnəbi dilləri təhsil etdirilirsə nə nəticə hasil olur? Məncə, buradakı çalışmamızın qismi

azami havaya ketdi, çünki türk olduğum halda türkcə bilmədim, müsəlman olduğum halda Quranı anlamadım…2

Babası Əli bəyin təhsilini davam etdirmək məqsədilə 1885-ci ildə onu Peterburqa göndərir. O, fizika-riyaziyyat fakültəsinə daxil olaraq Mendeleyev, Vaqner, Beketov kimi məşhur rus professorlarından təhsil alır. Fakültə dərslərinə davam etməklə bərabər, Əli bəy, bir tərəfdən, Homeri, Danteni, Şekspiri, Bayronu, Şilleri və Höteni mütaliə etmiş, digər tərəfdən, şərq dilləri fakültəsində məşhur şərqşünas Jukovskinin “Ömər Xəyyam haqqında” mühazirələrini böyük maraqla dinləmişdir.

O zaman azadfikirli gənclərin çarpərəst müəllimlər tərəfindən sıxışdırılması Əli bəyə dərin təsir göstərir. Çarizmin özbaşınalığı, təzyiq, əsarət, təqiblər, kütləvi həbslər, sürgünlər, katorqalar, xüsusilə Peterburq universitet tələbələrinin coşğun, əsəbi və üsyankar çıxışları, siyasi quruluşa qarşı etirazları gənc Əli bəydə mütləqiyyətə nifrət oyadır. Bu ağır istibdad mühiti onu Peterburqdan uzaqlaşdırır. Peterburqda təhsilini bitirən kimi orada ona təklif edilən yüksəkməvacibli işi qəbul etməyərək, gizlicə Rusiyanı tərk edir (1889) və o günə qədər xəyallarında dolaşdığı Türkiyəyə gedir. Ancaq Peterburqda aldığı diplomla ixtisası üzrə iş tapa bilmir, məcbur olub yenidən bir çox çətinliklərə qatlaşaraq, 1890-cı ildə İstambulda hərbi tibb məktəbinə daxil olur. Peterburq Universitetində olduğu kimi, burada da Ə.Hüseynzadə yaxşı oxuyur, tələbələrin hörmətini qazanır.

Lakin 90-cı illərin Türkiyə həyatı yalnız amansız irtica hadisələrilə səciyyələnmirdi. Bu illər Türkiyədə gənc türklər hərəkatının meydana çıxdığı, osmançılıqla, islamçılıqla yanaşı, türkçülük görüşlərinin yayıldığı, gizli  fəaliyyət göstərən ittihadçılar cəmiyyətinin yarandığı illər idi. Bu cəmiyyətin bünövrəsi 1889-cu il mayın 21-də hərbi tibb məktəbinin bir qrup müdavimi tərəfindən qoyulmuşdu. “İttihadi-osmani” cəmiyyəti kimi tanınan bu təşkilat 1894-cü ildən “gənc türklər” adlanır. Bu cəmiyyət, bir tərəfdən yeni osmanlıların Əbdülhəmid, istibdadına  qarşı konstitusiyalı quruluş uğrunda mübarizə ideyalarını davam etdirir, ikinci tərəfdən, yeni osmanlılardan fərqli olaraq “milli tərəqqi” amalı ətrafında bütün türk xalqlarını hərəkətə gətirmək, onları bu məqsəd ətrafında birləşdirmək istəyirdi.

Bu cəmiyyətin İbrahim Temo, Abdulla Cövdət, İshaq Sukuti, Mehmet Reşid, Bəhaəddin Şakirbəy, Şərafəddin Miqmumi kimi geniş siyasi düşüncəli üzvlərinin, xüsusən həmin cəmiyyətin hərbi tibb məktəbinin tələbələri arasında yaranması və təşkilində mühüm rol oynayan Şeyx Ubeydulla əfəndi ilə tanışlığının Ə.Hüseynzadənin ictimai, siyasi ideoloq kimi yetişməsində böyük təsiri olub.

Ə.Hüseynzadə “İttihad və tərəqqi” cəmiyyətinə daxil olması hadisəsini sonralar xatırlayaraq, məqalələrinin birində yazır ki, gizli cəmiyyət təşkil etmək üçün nənəsinin o zaman ona Şirvandan göndərdiyi pulu ittihadçılara kömək məqsədilə verərək, həmin cəmiyyətə üzv olmuşdur.

1895-ci ildə hərbi tibb məktəbini həkim yüzbaşı rütbəsilə bitirən Ə.Hüseynzadə Heydərpaşa hərbi xəstəxanasının dərizöhrəvi xəstəlikləri kafedrasına assistent təyin olunur (1895- 1897). Bu illərdə o, həkimliklə yanaşı, bədii yaradıcılıqla, tərcüməçiliklə də məşğul olur. Onun ilk qələm təcrübələri də bu illərə təsadüf edir. O, alman şairi Bodenştedtin “Ömər Xəyyam” haqqındakı əsərini türkcəyə tərcümə edib, “Ə.H.” imzası ilə A.Cövdətin “Ramazan bağçası” adlı məcmuəsində, Faustdan tərcümə etdiyi bəzi hissələri və Heynenin bir şerini “Məlumat” məcmuəsində “Salyani” imzası ilə dərc etdirib. Ədib ingilis şairi Con Miltonun “İtirilmiş cənnət” əsərindən tərcümə etdiyi parçaları isə o zaman “İrtika” qəzetində çap etdirib.

1897-ci ildə Türkiyə-Yunanıstan müharibəsi zamanı Ə.Hüseynzadə “Hilali Əhmər” (“Qırmızı ay”) heyətinin tərkibində yaralılara kömək məqsədilə osmanlı qoşunu ilə Tesaliyanın müxtəlif müharibə meydanlarında olur.

Ə.Hüseynzadə Türkiyədə də çox qala bilmir. Bir tərəfindən gənc türklərin təqib və həbsləri, o biri tərəfdən isə Rusiyada birinci rus inqilabı hadisələrinin gündən-günə yüksəlişi Ə.Hüseynzadəni azadlıq ideyalarında qətiləşdirir. O, sözdən işə keçmək gününün yaxınlaşdığını hiss edərək, ittihadçıların məsləhətilə vətənə qayıdır.

1903-cü ilin əvvəllərində Azərbaycana qayıdan Ə.Hüseynzadə artıq siyasi  hazırlıqlı, yüksəkməramlı bir ziyalı idi. Onun əsas məqsədi türkçülük  fəaliyyətini davam etdirmək, azadlıq uğrunda çarizmə qarşı daha müvəffəqiyyətlə mübarizə aparmaq idi. Lakin bu dövrdə Azərbaycanda vəziyyət çox mürəkkəb və gərgin idi.

Rus-yapon müharibəsində Rusiyanın məğlubiyyətinin çarizmin müstəmləkəçilik siyasətinin sarsılması ilə nəticələnməsi ayaqlanan xalqları yeni həyat və demokratiya uğrunda mübarizəyə qaldırır.

1905-ci il Rusiya əsarətində əzilən millətlərin həyatında olduğu kimi, azəri türklərinin həyatında da mühüm bir dövrün başlanğıçı olur.

Müsəlmanların ictimai-siyasi şüurunu oyatmaq, onları milli azadlıq uğrunda səfərbər etmək üçün o zaman Ə.Hüseynzadə, Ə.Ağaoğlu, Ə.Topçubaşov və digər ziyalılar Azərbaycanda başçılıq etdikləri hərəkatı Ümumrusiya müsəlmanlarının milli azadlıq hərəkatı ilə birləşdirmək məqsədilə İ.Qaspiralı, Ə.İbrahimov, Akçuraoğlu, S.K.Alkin və digər türk-tatar ziyalıları ilə əməl birliyi yaradaraq, milli tərəqqi məramı ətrafında geniş fəaliyyət göstərirlər. 1905-ci il iyun ayının 7-dən Bakıda Ə.Hüseynzadənin və Ə.Ağaoğlunun rəhbərliyilə “Həyat” qəzeti nəşrə başlayır və həmin il avqustun 15-də müsəlmanların Nijni Novoqorodda gizli birinci qurultayı çağırılır. Sonrakı qurultaylar isə ölkədə ixtilalın güclənməsindən qorxuya düşən çarın vəd etdiyi manifestin (1905, 15 oktyabr) elanından sonra keçirilir. Rusiya Müsəlmanlar İttifaqının II qurultayı 1906-cı il yanvarın 13-də Peterburqda, üçüncü qurultayı isə avqustun 16-21-də Novqorodda çağırılır.

1906-cı il iyunun 8-də I Dövlət Duması dağıldıqdan sonra Ə.Topçubaşov bir çox duma deputatları ilə birlikdə Finlandiyaya  gedib, orada rus imperiyası xalqlarını mütləqiyyətə qarşı mübarizəyə səsləyən məşhur “Vıborq müraciətnaməsi”ni imza etdiyinə görə həbsə alınır və qəzetçilik hüquqlarından məhrum edilir. Onun yerini Bakıda rus dilində çıxan “Kaspi” qəzetinin baş redaktoru vəzifəsini Ə.Hüseynzadə qəbul edir.

Milli tərəqqi uğrunda mübarizə məramını izləyən bu hərəkatın məqsədi tənəzzülə doğru gedən türk-müsəlman, xalqları arasında elm, maarif və mədəniyyəti inkişaf etdirmək və bu yol ilə həmin xalqlar arasında milli birlik yaratmaq idi. Bu məram, Ümumrusiya Müsəlmanlar İttifaqının nizamnaməsində də öz əksini tapmışdır. Ə. Topçubaşov və Musa Bigiyev tərəfindən tərtib olunmuş bu nizamnamədə əsas vəzifə: “…söz, mətbuat və din azadlığı, tədris ocaqlarının yenidən təşkili, ibtidai və orta məktəblərdə təhsilin ana dilində aparılması, dini və dünyəvi elmlərin tədrisi” və s. idi.

H.Z.Tağıyevin maddi vəsaitilə 1906-cı ildə “Füyuzat” jurnalı Ə.Hüseynzadənin redaktorluğu  ilə nəşrə başlayır.

Beləliklə, əsrin əvvəllərində xalqın milli şüurunun hansı istiqamətdə inkişafı məsələsi ətrafında  gedən ideoloji mübarizə şəraitində yeni yetişən mübariz qüvvələr içərisində Ə.Hüseynzadə öz yerini tapır. Onun rəhbərlik etdiyi “Həyat”, “Füyuzat” mətbu orqanları xalqın milli azadlıq hərəkatında yeni səhifələr açır.

Ə.Hüseynzadənin “Füyuzat” səhifələrində “İslamlaşmaq, türkləşmək, avropalaşmaq” məramına əsasən vücuda gətirdiyi “türk hissiyyatı ilə mütəxəssis,  islam dini ilə mütədəyyin və Avropa mədəniyyəti hazirəsilə  mütəməddin” ədəbiyyat isə füyuzatçılıq ədəbi məktəbinin zəminini qoyur. Ə.Hüseynzadənin  təmsil etdiyi “Həyat” qəzeti, xüsusilə “Füzuyat” məcmuəsi türkçülüyün ictimai, siyasi, ədəbi- fəlsəfi hadisəsi kimi yüksəlir.

1908-ci il 31 mart gənc türklər hərəkatının qələbəsindən sonra Baha Şakirin və başqa ittihadçı dostlarının dəvəti ilə Ə.Hüseynzadə Türkiyəyə gedir. O, İstanbulda Heydərpaşa hərbi xəstəxananın tibb fakültəsində dəri-zöhrəvi xəstəliklər üzrə (1910-1926-cı ilə qədər) müəllim işləmişdir. 24 sentyabr 1931-ci ildə təqaüdə çıxsa da, yenə bir müddət (1933-cü ilə qədər) həmin fakültədə dərs verir. Bütün bunlarla yanaşı, Ə.Hüseynzadə həmişə “Hilali Əhmər”in xidmətlərilə əlaqədar müxtəlif xəstəxanalarda xəstələrin, yaralıların müalicəsilə məşğul olmuşdur.

O, 1911-ci ildə  ittihadçılar partiyasının konqresində Talat Paşanın təklifilə yenidən “İttihad və tərəqqi”nin mərkəzi təşkilatına üzv seçilir. Bir müddət Edip Səbri, Nihat Şükri, Naci Adil, Ziya Köy Alp ilə birlikdə çalışaraq türkçülük görüşlərini təbliğ etmişdir.

Ə.Hüseynzadənin Türkiyədəki fəaliyyətinin doğurduğu ən görkəmli fikir ocaqlarından biri “Türk yurdu”dur.

Jurnalın əsas məqsəd və məramı haqqında məcmuənin bütün nömrələrinin ilk səhifəsində başlıqda qeyd edilmişdir: “Türklüyə xidmət etmək, türklərə fayda vermək”. Məcmuədə türkçülük ideyaları ilə aşılanmış yazılara  geniş yer verilirdi. 20 il fəaliyyət  göstərən bu məcmuə türkçülüyün inkişafında yeni  mərhələ idi.

Jurnal vaxtilə yasaq edilmiş mövzuları üzə çıxarır, türkün mənşəyini, mədəniyyətini, əzəmətini tanıdan türk tarixinin yazılması fikrini müdafiə edir. Milli qayğılar ilə sosial mühit arasındakı münasibətləri türkçülük çərçivəsində həll edir. Türkçülüyün müxtəlif cərəyanlara-islamçılığa, avropalaşmağa münasibəti araşdırılır…

“Türk yurdu” məcmuəsi Türkiyədə rusiyalı mühacirlərin (Ə.Ağaoğlu, Y.Akçuraoğlu, Ə.Hüseynzadə) rəhbərliyi altında nəşr olunmuşdur. Jurnalın əsas rolu Türkiyədəki oxucularına bütün türk aləmini tanıtmasında idi.

Birinci dünya müharibəsinin sonunda Rusiyanın dağılması gözləndiyindən, Türkiyədə Rusiya müsəlmanlarının gələcək taleyini müəyyənləşdirmək məqsədilə onların hüquqlarını müdafiə cəmiyyəti yaradılmışdır. 1915-1916-cı illərin əvvəllərində “İttihad” təşkilatının tapşırığı ilə Ə.Hüseynzadə buxaralı Müqimiddin, Y.Akçuraoğlu və başqa ittihadçı yoldaşları ilə “Turan” adlanan kiçik nümayəndə heyətinin tərkibində Qərbi Avropanın bir neçə ölkəsinə gedir.

Həmin təşkilatın göstərişi ilə onun tərtib etdiyi “Rusiya musəlmanlarının tələbləri” adlı kitabça Budapeştdə alman dilində nəşr olunmuşdur. Bu kitabçada

Rusiyanın tabeliyində olan altı müsəlman dövlətinin müstəqilliyi tələb olunurdu. Həmin heyət 1916-cı ilin yanvar ayında Berlində toplanan “Türk qövmləri konqresi”nə göndərilmişdir. Burada alman sosialistlərindən F.Ebertin, P.Şeydemanın vasitəçiliyindən istifadə edərək, Ə.Hüseynzadə Rusiya türklərinin hüquqlarının qorunmasını tələb edən raport irəli sürmuşdür.

1918-ci ildə Ə.Hüseynzadə Ə.Ağaoğlu ilə birlikdə  Azərbaycanda milli bir dövlət qurmaq məsələsini ziyalılarla, qabaqcıl fikirli adamlar ilə müzakirə etmək üçün vətənə yollanır.Bu məqsədlə onlar əvvəlcə Qafqaz  cümhuriyyətləri ittifaqının xarici işlər naziri Xalikbəylə Batumda görüşürlər. Sonra oradan Azərbaycanın ilk paytaxtı Gəncəyə  Nuri Paşanın yanına gedir.

1925-ci ildə Ə.Hüseynzadə Bakıda keçirilən I Türkoloji qurultayda Fuad Köprülüzadə ilə birlikdə iştirak etmişdir.

Türkiyəyə qayıdan zaman Ə. Hüseynzadə Mustafa Atatürkə sui-qəsd etmək təşəbbüsündə olan ittihadçılarla birlikdə yenidən 1926-cı ilin 14 iyununda hökumət  tərəfindən həbs olunur.

Məhkəmə Ə.Hüseynzadənin türkçülüyə dair çalışmalarının təqdirəlayiq və onun özünun günahsız olduğunu elan edərkən salonda böyük bir alqış tufanı qopur. O, avqustun 26-da bəraət qazanır.

Ə.Hüseynzadə tibb fakültəsində müəllimliklə yanaşı, elmi fəaliyyətini də davam etdirmiş və dosentlikdən professor dərəcəsinə qədər yüksəlmişdir. Onun 1900-cu ildə  Mehmət Rəfi ilə birlikdə Nenterdən tərçümə etdiyi “Vəba və mikrobu” kitabı İstanbulda çap olunmuşdur.

Lakin professor dr. Kəmal Cənab Berksoy ilə hazırladıqları “Ensiklopedik tibb lüğəti” kitabı işıq üzü görməmişdir.

Ə.Hüseynzadə 1940-cı il martın 17-də Türkiyədə vəfat etmişdir.